Modern.az

Gözlər yoldan yığılarmı... - XVI YAZI

Gözlər yoldan yığılarmı... - XVI YAZI

28 Aprel 2019, 08:50

Əvvəli burada

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...


Kaş yaranmış ümidlərimiz ilğıma dönməsin!..

“Həyat insanın yaşadığı yox, yaddaşında qaldığı kimidir”.
 Qabriel Qarsia Markes. “Epiqraf” memuarları

Dünya şöhrətli yazıçının ömrünün son illərində qələmə aldığı, Allahdan ona əta olunan ömür payının düzəni boyunca düşünüb-daşındığı sonuncu qənaətlərindəndir bu. Bu sözlər uca SÖZ, düşüncə adamına məxsus olduğundan, Markesin “yaddaşında qalanlar” çox güman ki, təkcə onun həyatından fraqmentlər deyil, həmçinin, keçmişlə gələcəyin qovuşuğunda arzuladıqlarıdır.Tarixi şəxsiyyətlər, ələlxüsus SÖZ-ün keşiyində duran yazarlar sakini olduqları dünyanı heç zaman təkcə öz yaşam tərzləri prizmasından dəyərləndirmirlər. Onların baxış bucaqları dünənin, bu günün, sabahın fövqündə bəşəri dəyərlərin daha dərinlərə rişələnməsi və qorunması, eləcə də müasirlərinin çoxsaylı qayğılardan qurtulması yolunda əbədi çabalar göstərir. Cismən yaşadıqları və əbədiyyətə qovuşduqları bütün zamanlarda...Bu xüsusda ədəbiyyatşünas-alim Firudin bəy Köçərlinin Azərbaycanın böyük klassik şairi Məhəmməd Füzuli haqqında qeydlərini xatırlayıram: “Füzuli... aləmi-insaniyyətdə tamam qəmzadələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur”.

Biz isə Xəqani taleyindən bəhs edən yazıların sonucuna doğru istiqamətləndikcə, qəhrəmanımızı canlandıran xatirələri daha çox yazıya gətirir, “yaddaşlarda qalanları” silkələyib üzə çıxarır, keçdiyimiz bu yol boyu cücərən ümidlərimizi dəfn etməyə tələsmir, əksinə, onları arzularımızın yeni-yeni qanadlarında gələcəyə doğru ünvanlayırıq. Kaş arzularımız doğrulsun, tükənməsin!.. Kaş yaranmış ümidlərimiz ilğıma dönməsin!.. Yorğun yolçular kimi ilğımı su bilib aldanmayaq...



Xəqani: “Mən başıma yaylıq-şal bağlayıb evdə otura bilmərəm”


Söhbətimizi doğmalardan biri - Xəqaninin qardaşı, indi Bakıdakı orta məktəblərdən birində müəllim işləyən Gündüz Əkbərovla davam etdirirəm. Arabir söhbətimizə yazılarımızdan yaxşı tanıdığınız, Xəqaninin digər qardaşı Elçin də müdaxilə edir. Gündüz hazırda Bakının Sabunçu qəsəbəsində məskən salıb. Bu köç də Xəqani nisgili ilə əlaqəli baş verib. Səbəbini aramağa tələsməyin... Yazını oxuduqca mabədini biləcəksiniz. Artıq hamınıza bəllidir ki, Xəqaninin bütün doğmaları ilə təmaslarım zamanı onlara daha çox imkan yaradıram ki, 25 illik bir zaman kəsiyində ürəkləri nisgilli bu insanlar ürəklərini tam boşalda bilsinlər. Amma hərdən müdaxilələrimlə onların yaddaşlarını vərəqləyir, həqiqətləri daha çox, daha dərindən üzə çıxarmaq niyyətimi ortaya qoyuram. Bunlar mənim düşündüklərimdir, həmsöhbətlərim bundan xəbərsizdirlər. Düşünürəm ki, bu həm mənim zəngin məlumatlar toplamağım üçün bir vasitədir, həm də onların daxilən bir qədər yüngülləşməsi yolunda misilsiz addımdır. Hər iki istəyimə nə qədər nail ola bilirəmsə, bu mənim özümü də bir o qədər rahatlandırır. Qəhrəmanımın xarakterinin açılması, bəzi məqamlarda artıq şahidi olduğunuz kimi, onun sağlığına belə ümidlənməyim və xatirələrdən dolayı sizləri Xəqaninin gerçək kimliyi ilə tanış edə bilməyim naminə. Gündüz qardaşı ilə bağlı xatirələrinə nisbətən uzaq tarixdən başlamağa məcbur oldu. Amma bu məcburiyyət Xəqaninin onun həyatında əbədi iz qoyan bir nümunəni xatırlamaq istəyindən doğmuşdu. Dinləyin:

- Sizin də gedib-gördüyünüz Gəraybəyli kənd məktəbində mən on il direktor müavini işləmişəm. 1988-89-cu illərdə məktəbin xeyli vəsaiti var idi. Çünki məktəblilər sovxozun üzüm tədarükündə iştirak edirdilər, ona görə də əldə olunan vəsaitdən məktəbin hesabına pul köçürülmüşdü. SSRİ dövründə hardasa 18-20 min rubl pulumuz vardı. Onun bir hissəsini gətirib artezian quyusunun qazılmasına xərclədilər, bir hissəsi hesabda qaldı. Məcbur elədilər məktəbi ki, bəs o puldan xərcləmək lazımdır. Hara xərclənsin? Məlum oldu ki, Belarusun paytaxtı Minsk şəhərinə putyovka var. 18 nəfərlik putyovka idi. İçərisində başqa kəndin müəllim-şagirdləri olmaqla, dörd nəfər də biz - müəllimlər getdik Minskə. Həmin ərəfədə də əmim oğlunun toyu olacaqdı. Əmim məktəbdə müəllim işləyirdi. Baxdım onun üzünə. Dedi zərər yoxdur, get Minski gəz, gəzmək həmişə ələ düşmür, toydu da, o birilər kimi yola verəcəyik, bir gün çalınacaq, bitəcək. Nə isə, biz getdik. Gedib-gəlməyimiz 10 gün vaxt apardı. Bu vaxt toya mənim indiki həyat yoldaşım, atamın dayısı qızı Rəna da gəlibmiş. Onda da evimizdə məsləhətləşmə gedirdi ki, bu qohum qızını Gündüzə alsaq yaxşıdır. Yoldaşım deyir ki, Xəqani gəlib toyda mənə çox ciddi şəkildə fikir verdi. Sən demə, toydan qayıdanda gəlib anama deyir ki, nə durmusunuz, gedin bu qızı Gündüzə nişanlayın. Beləcə, bizim evlənməyimizdə də onun rolu böyük olmuşdu. Sonralarsa mən kənddə yaşadığımdan, həyat yoldaşım onunla gəlin-qayın yox, bacı-qardaş münasibətində idilər. Nə fikri, nə dərdi olurdu, gəlib ona deyirdi (abır-həyanın daha çox gözlənildiyi kənd mühitində o zamanlar belə məqamlar çox yaşanırdı, yəqin elə indi də cüzi fərqlərlə qorunar – N.Z.). Yoldaşım da bu münasibətlərinə görə ona çox ərk edirdi. Müharibəyə gedəndə də Rəna deyir ki, ay Xəqani, niyə gedirsən, getmə, sən evin sonbeşiyisən-filan. Amma Xəqani təkidlə deyib yox, getməliyəm. Bəs kim getsin? O qaçır, bu gizlənir, torpağımız da gedir əldən, namus-qeyrətimiz də. Mən başıma yaylıq-şal bağlayıb evdə otura bilmərəm, mən gedəcəm.



Gündüz müəllim söylədi ki, Xəqani həm də yaxşı şeirlər yazırmış. Amma tərslikdən onun biri də əllərində qalmayıb. Yoldaşı Rəna bir kupleti yadında saxlayıbmış, o da pərakəndə halda olduğundan, yaddan çıxıb, it-bata düşüb. Elə Xəqaninin öz taleyi kimi…


“Xəqani çox güclü şahmat oynayırdı”


Söhbətimizsə çözələnən xatirələrin axarında davam edir. Müsahibim deyir Xəqani güclü şahmat oynamağı bacarırmış. Yəqin elə Vətəni müdafiə gərək olanda müdafiəni, torpaqları qorumaq gərək olanda hücumu seçməyində də öz rolunu oynayıb onun bu bacarıq və qeyrəti:


- Hətta idman müəllimi olmağıma baxmayaraq, məni də məğlub edirdi. Çox güclü “xodlar” edirdi. Birinci “xoddan” sonra artıq bilirdi ki, bu oyun hansı istiqamətdə davam edəcək. Üstəlik, nərdtaxtada da. Ümumiyyətlə, stolüstü oyunları yaxşı bacarırdı. Elə ona görə də mənə ondan iki yadigar qalıb. Bir dominosu, bir də nərdi. Bu iki şey hələ də məndədir. Kənddəki evimdə suvenir kimi saxlayıram. Hərdən gedəndə götürüb oynayıram, sonra yenə yığışdırıb qoyuram yerinə. Ancaq özündə bir şahmatı vardı, yığılma düzəltmişdi, onu tapa bilmədim.


- Bəs bir kiçik qardaş kimi necə qalıb yaddaşınızda Xəqani?


- Əvvəla çox mehriban, hər şeyin yerini bilən, gülərüz bir qardaş kimi xatırlayıram onu. Üstəlik, evimizin kiçiyi, kiçik qardaş kimi çox üzüyola idi. Sözəbaxan, son dərəcə diqqətcil və bacarıqlı olduğundan, ardınca getdiyi işin doxsan faizini mütləq yarıdırdı, 10 faizinin öhdəsindən gələ bilməsə də, bu onun sadəliyi, səmimiliyi qarşısında gözəgörünməz olurdu. Bu nüansların qarşılığında hamı çox istəyirdi onu.


Xəqani stressinin izləri…


Gündüzlə sonrakı söhbətimiz Xəqani itkisinin törətdiyi bir sıra mənəvi, fiziki fəsadlara da aydınlıq gətirdi:


- Hamı etiraf eləyər bunu. Xəqaninin itkisinin stressini ən çox mən və mənim həyat yoldaşım yaşamışıq. Anam, Lələm (rəhmətlik atası Eyvaz kişini nəzərdə tutur - N.Z.), mən və həyat yoldaşım. Bilirsiniz, niyə?! Tutalım, Elçin qardaşım Bakıda yaşayırdı öz ailəsi-uşaqları ilə. O biri qardaşım Qinyaz bir kəndin içində yaşasaq da, yenə də ayrılıb gedirdi ev-eşiyinə, ailəsinin, övladlarının yanına, bir qədər başı qarışırdı. Bacım Sünbül də eləcə. Amma mən atam-anamla bir yerdə yaşayırdıq. Özünüz təsəvvür edin ki, anam ah-nalə çəkməyə başlayanda onun naləsi azan səsindən betər təlatüm yaradırdı. Elə çığırırdı ki, kəndin o başından eşidilirdi. Camaat deyirdi ki, bu ağlayan ancaq Tellidir. Əvvəllər bu səsi eşidəndə təşvişə düşsələr də, zamanla artıq kənd camaatı da alışmışdı bu səsə. Amma özgələrçün yenə nə qədər olsa, bir soyuq yanaşma müşahidə olunurdu. İndi gör, evin içində bizlər nə çəkmişik!.. Allah heç kimə göstərməsin!.. Bu stressi biz keçirmişik. Nə qardaşlarım, nə bacım bizim qədər o günləri, o anları yaşamayıblar. Lap dəhşətli günlərimizi biz evin içində, 1993-cü ilin dekabrından 1994-cü ilin may-iyun aylarına qədər yaşamışıq. Əslində, burda “yaşamışıq” ifadəsini işlətmək bəlkə də heç yerinə düşmür. Ona bəyəm yaşamaq demək olardı?!.. Böyük oğlum hələ balaca idi. Xəqani Bakıdan gələndə ona bir köynək alıb gətirmişdi. Xırda kletkalı köynək idi. O uşaq həmişə paltar geyinəndə gedib o köynəyi götürürdü. Köynəyin də ömrü nə olacaq, iki il, üç il. Körpənin də paltarı çox bulaşıb-yuyulduğundan tez solub gedir. Mən bilsəydim həyatımız belə olacaq, o köynəyi yadigar kimi saxlayardım, qoymazdım geyindirsinlər. Amma nə biləsən ki, başımıza nələr gələcək?!..

Anam ki, ağlamağa başlayırdı, hamı deyirdi, ay Telli, bir az səbr elə, səbr elə, bəlkə elə gələcək, tapılacaq, dünyanın işini nə bilmək olar. Təsəvvür edin ki, kənd camaatı – burda yaşayan, şəhərdə yaşayan, qohum-əqrəba, demək olar ki, hər gün bizim evə ən azı 10 nəfər gəlirdi. Evə də kimsə gəldisə, azərbaycanlı adət-ənənəmizə uyğun olaraq, onların qabağına çay qoyurduq, yemək verirdik. Bunların hamısını Rəna eləyirdi. Hər dəfə də deyirdi ki, bütün əziyyətlərim Xəqaniyə halal olsun. Elə indi də deyir bunu. Ancaq yenə deyirəm ki, gərginliyi biz keçirdik daha çox. Yoldaşım da, üzr istəyirəm, hamilə idi bu ərəfədə. Həmin hamiləlikdən doğulan uşaqda o stressin təsiri indi də qalır. Keçirdiyimiz gərginliklərin, yaşantılarımızın izləri indi də o uşağın üzərində bizimlə yaşayır. Çünki uşaq ananın bətnində olanda ana stress keçirə bilməz. O ana ağlamamalıdır, vahiməli sözlər danışmamalı, eşitməməlidir mümkün qədər. Bioloji cəhətdən izah olunur ki, düzgün deyil bunlar. Amma, təəssüf ki, bunlar baş verdi bizdə və indi də onun ağrı-acısını çəkirik. Sonra hadisələr qarışdı bir-birinə. Qardaşım Elçinin həyat yoldaşı da rəhmətə getdi. Ağırlıq təzədən düşdü bizim üstümüzə. Yenə get-gəl, filan. Anam da kənddə duruş gətirə bilmədi, çıxdı gəldi Bakıya, Elçingilə. Dərdimizin üstünə bir dərd də bununla gəldi. Atam da bizimlə yaşadı bir il yarım. Özümə ev tikmişdim kənddə. Gördüm daha ata evimizdə qalmağa tabım yoxdur. Dedim köçəcəyəm. Köçdük. Atamı da götürüb apardıq özümüzlə. Kişi yemək-içməyi bizdə yeyirdi, axşam gəlib öz evində yatırdı ki, birdən evə girərlər, oğurluq edərlər. Bir sözlə, atam evi yiyəsiz qoymaq istəmirdi. Düz bir il sərasər bu formada yaşadıq. Bilirsiniz, atanın da, ananın da, bacının, qardaşın da, qonşunun da öz yeri var, ancaq evin içində olan adam bilir ki, bunlar nə çəkir?!.. O gərginlikləri keçirmək çox çətin idi. Hər gün yalnız ağlaşma səsi eşidən adam başqa necə ola bilərdi ki… Nə qədər deyirdik ki, ay bacı, ağlama bəsdir, sənin başqa balaların var, nəvələrin var, xeyri olmurdu. Özü də indikindən qat-qat cavan idi, heç kimi eşitmirdi, o qədər ağladı, ağladı, ağlamaqdan gözləri də tutulmağa başladı. Bax, qulaqlarımız necə alışıbsa ağlaşma səsinə, indi də qonşuda-filanda bir ağı deyən səs eşidəndə diksinirik, Rəna deyir deyəsən xalamın səsi gəlir elə bil. Deyirəm ay qız, biz Sabunçuda, xalan Bakının başqa səmtində, çox uzaqdadır, onun səsi bura gəlib çatmaz. Nə deyim vallah! Allah-təala bizə belə bir ağrı-acı qismət elədi.


Gündüz: Xəqani gələcək, gələcək...


Bu illər ərzində qardaşlarının Xəqaninin qəfil gəlişini gözləmələri, bu istəklə yatıb-oyanmaları, tez-tez ümidlənib-ümidsizləşmələri anlarının yaşantılarını yazıya gətirmək məndən ötrü çox dərin notlara toxunmaq olsa da, oxucular və gələcək nəsillərə doğmalıq ahəngini özündə bilavasitə əks etdirən bu dəyərlərin çatdırılması naminə onları soruşub bilməyə məcbur idim. Gündüz müəllimin bu xüsusda keçirdiyi həyəcanlı yaşam tərzini elə onun öz dilindən eşitməyiniz məsləhətdir:


- İnanın ki, uzun illər ata evimizdə yaşayanda həyət qapısını bağlamırdım. Atam deyirdi, bala, qapı açıq qalar, mal-qoyunumuzu apararlar, qurd-quş yeyər. Deyirdim, heç nə olmaz, Xaqan çöldədir, hardansa birdən gecə gələr, hasarın üstündən aşmasın, qapıdan rahat girsin… Sonra mən köçüb getdim öz evimə, orda, təzə evdə gördüm yuxuda mənə deyir ki, Gündüz, qapının dalını niyə vurmusan?! Qalxdım ayağa, getdim qapının dalını açdım. Ona görə orda da mən qapının arxasın açıq saxlamağa başladım. Neçə dəfə qonşularım deyirdi ki, gecə qapın açıq qalıb, niyə bağlamırsan? Deyirdim özüm açıq qoyuram, gələn olacaq. İnanın, həmişə səksəkəli yatmışam o illəri ki, Xəqani gələcək, gələcək…


“Xəqaninin nişanlısı məktəbdə işlədiyinə görə direktorluqdan imtina etdim”


Qardaşı Elçin bu yerdə qoşulur söhbətimizə:


- Təsəvvür edin ki, Sabunçu Maşınqayırma Zavodunda mən direktor müavini idim, o da burdakı sexlərdən birində çilingər işləyirdi. Xəqanidən sonra orda fəaliyyətim on üç il davam elədi. Amma nə zülmlər çəkdim, onu bir Allah bilir. Nəhayət, dözmədim, sonuncu haqq-hesabımı alıb işdən ayrılası oldum. Hər gün ora girəndə elə bilirdim məni qarşılayır, çıxanda yola salır. Çox çətin idi bu anları yaşamaq…


Gündüz:


- Mənə nə çətin gəlirdi... Onun nişanlısı kənddə mənim direktor müavini işlədiyim məktəbimizdə fizika dərsi deyirdi. O gəlib salamlaşıb gedirdi dərsini deməyə. Mən isə məktəbin dərs hissə müdiri kimi gündəlikləri yoxlayıb qol çəkməli, dərsin gedişatın və s. yoxlamalı, dərs dinləmələri keçirməli idim. Bunlar bilavasitə mənim işlərim idi. Təsəvvür edin ki, görürdüm o qız ordadır, mən yolumu dəyişib başqa otağa girirdim ki, təki onu görməyim. Niyə görməyim? O mənada yox ki, düşmənimdir, ya kimdir. O mənada ki, onu hər görəndə Xəqani mənim gözümdə yenidən ölüb-dirilirdi. Deyirdim, müəllimə, elə həftədə bir dəfə gündəliyini verərsən qol çəkərəm. Gətirirdi, açırdım baxmadan qol çəkib qaytarırdım özünə.Yalnız bir dəfə ürəyimi basıb onun dərs dinləməsinə getmişdim. Qalan vaxtlar iştirak etməmişdim onun dinləmələrində. Hər gün saat 8-dən saat 3-ə kimi mən məktəbdə qalmalıydım. İşimin xarakteri beləydi. Qız isə bir neçə saat dərsini deyib gedirdi. O bir neçə saatı mən Xəqanini xatırlayıb nələr çəkirdim, onu bir Allah bilirdi. İnanın ki, bu mənzərəni görməməyin ucbatından 1997-1998-ci illərdə Bakıda ev alası oldum. Qardaşım Qinyaz rayon təhsil şöbəsi ilə danışmışdı ki, məktəb direktorluğuna mənim namizədliyimi dəstəkləsinlər. Məktəbin direktoru artıq rəhbərliyi yerinə yetirə bilmədiyindən məni onun yerinə namizəd kimi göstərmişdilər. Mənə eşitdirdi qardaşım ki, belə bir addım atıla bilər. Mən iyul ayında məzuniyyətə çıxdım. Bu biri qardaşım bilirsiniz ki, Bakıda zavod direktorunun müavini idi, ona zəng elədim, mənə bir maşın göndər, Bakıya aparılası əşyalarım var. Heç kənddəkilərin də xəbəri olmadı. Maşını yükləyəndə xəbər tutdular ki, hara gedirsən? Dedim daha mən getdim. Bunun ancaq bir səbəbi vardı. Xəqaninin nişanlısının o məktəbdə işləməsi. Direktorluqdan da imtina etdim, kənddəki ev-eşiyimi də qoyub çıxdım gəldim Bakıya (bu, psixoloji cəhətdən yorulmağının nəticəsidir Gündüz müəllimin. Başadüşülən durumdur – N.Z.). Sonradan elə oldu, razılığını verdilər, qız köçüb ailə qurdu, neyləmək olardı ki…



(ardı var)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır