Modern.az

Formula 1-in favoritləri final öncəsi müsahibə verdi

Formula 1-in favoritləri final öncəsi müsahibə verdi

28 Aprel 2019, 13:31

Formula 1 pilotları – Valteri BOTTAS (Mercedes) 2 – Luis HAMİLTON (Mercedes) 3 – Sebastian FETTEL (Ferrari) aparıcı – Pol di Resta-in suallarını cavablandırıblar.

 

Modern.az həmin açıqlamaları təqdim edir.

 

S: Valteri, hər halda burada indi ən xoşbəxt adam sizsiniz. Sessiyanın dayandırılmasına baxmayaraq, sakitliyinizi qorumaqla son dövrədə olduqca güclü performans göstərən Ferrarini geridə qoyaraq poul mövqeyini qazana bildiz.

Valteri BOTTAS: Bəli, buna görə çox xoşbəxtəm. Son dövrədə işi bitirmək yaxşı hissdir. Dediyiniz kimi, Ferrari güclü perfrmans göstərirdi. Şarl isə səhvə yol verərək sessiyanı tamamlaya bilmədi. Biz isə çox çətin keçən sərbəst yürüşdən sonra bir komanda kimi indiki mövqeyimizi qazana bildik. 

S: Soyuq hava şəraitində təkərlərin isti saxlanılması nə qədər çətin oldu?

VB: Yarışa bu qədər gec başlamağımız nəzərdə tutulmamışdı və əlbəttə ki, təkərlərin temperaturunu lazım olan səviyyədə saxlamaq çox çətin oldu. Ancaq öhdəsindən gələ bildim deyə düşünürəm.

S: Luis, yenə də Mercedes komandasını qridin ön sırasında görürük. Sizin həmişə poul mövqeyini qazanmağa çalışdığınızı bilirəm. Buna baxmayaraq, Ferrari ilə mübarizədə komanda işi görürük.

Luis HAMİLTON: Tamamilə razıyam. Ferrari inanılmaz dərəcədə sürətli idi. Valteri isə sıralanma turunda möhtəşəm performans göstərdi. Bizim üçün böyük bir nəticədir, çünki biz bu yarış üçün boliddə xüsusi dəyişiklik etməmişik. Ferrari komandası, eləcə də, Maksın xüsusilə sürətli olduğunu deyə bilərəm. Buna görə də, qridin ilk iki yerini qazanmaq sabahkı yarışda mövqeyimizi gücləndirir.

S: Sebastian, qriddə 3-cü mövqeyi qazandınız. Yarış həftəsonunun sizin komanda üçün yaxşı keçəcəyi düşünülürdü. Sessiya isə dayandırılmalı oldu, Mercedes sonda poul mövqeyini əlinizdən aldı, bu haqda nə demək istərdiz?

Sebastian FETTEL: Əlimizdən aldı demək istəməzdim. Məncə, bu gün onlar bizdən daha sürətli idi. Mən isə tura yavaş başladım, sona doğru gedişat çətin olsa da, daha yaxşı idi. Sessiya çox uzun çəkdi, gün batımında artıq trek soyudu. Buna görə də, düzgün mövqeyi tapmaq qəlizləşdi. Dövrənin pis keçdiyini deyə bilmərəm. Komanda işi baxımından deyə bilərəm ki, sessiyanı Şarl ilə mənim qridin ön hissəsində bitirməyimizi gözləyirdik.

 

MƏTBUAT KONFRANSI

S: Valteri, mövsümün ikinci poul mövqeyini qazandınız. Bu səfər birincidən daha gözlənilməz oldu deyə bilərikmi?

VB: Bəli, dünənki və bugünkü sərbəst yürüşdən sonra Ferrari, eləcə də, Red Bull komandasının çox sürətli olduğunu gördük. Sıralanma turunun əvvəlində belə onlara çatmaq mümkün görünmürdü. Ancaq heç vaxt nə baş verəcəyini demək olmur. Son dövrədə Şarl sessiyadan çıxmalı oldu. Təbii ki, komandamız adına sevinirəm.

S: Sonda vurduğunuz dövrə haqqında nə deyə bilərsiniz? Luisin sizi izlədiyi və qarşıda ötməli olduğunuz rəqibi nəzərə alsaq, son dövrəni başa vurmaq nə dərəcədə çətin oldu?

VB: Əsas məsələ o idi ki, sessiya gecikdiyinə görə, daha soyuq hava şəraitində təkərlərin işə salınmasını təmin etmək idi. Belə bir trekdə bir dövrə belə işi həll edən halda, qarşıdakı bolidlə məsafəni idarə etmək xüsusilə önəmlidir.

Q: Sizi poul mövqeyinə görə təbrik edib Luisə keçmək istərdim. Luis, Valteri ilə aranızda çox az məsafə var idi. Bundan əlavə, birinci sektorda kiçik bir səhvə də yol verdiniz. Sizcə, bunlar poul mövqeyini itirməyə səbəb oldumu?

LH: İlk növbədə,Valteri möhtəşəm performans göstərdi. Komanda üçün əla nəticədir. Yarış həftəsonuna başlayarkən sıralanma turunda Ferrari pilotlarına istədiyimiz qədər yaxınlaşa biləcəyimizi düşünmürdük. Ancaq bu gün bolid üzərində işlədik. Bəli, təəssüf ki, mənim üçün ilk iki döngə yaxşı keçmədi. Buna görə də, artıq 4-cü döngədə geridəydim. Buna baxmayaraq, növbəti iki sektorda poul qazanacaq qədər olmasa da, mövqeyimi bərpa edə bildim.

S: Sıralanma turunun son mərhələsində hər iki Mercedes pilotunun yarışa bilməsinin komandaya qazandırdığı üstünlük nə qədər əhəmiyyətlidir?

LH: Bunun elə böyük bir fərq yaratdığını düşünmürəm. Təbii ki, hər iki pilotun son mərhələdə iştirak edə bilməsi komanda üçün əladır. Bu üstünlükdən istifadə etməliyik.

S: Sebastian, sizə də oxşar bir sualım var. Son mərhələdə yalnız bir Ferrari pilotunun yarışa bilməsi sizin nəticənizə təsir göstərdimi?

SF: Əlbəttə ki, hər iki Ferrari pilotunun son mərhələdə iştirak etməsini istəyərdik, ancaq bunun nəticədə fərq yaradacağını düşünmürəm. Əvvəldə də deyildiyi kimi qarşıdakı bolidlə məsafəni idarə etmək, sessiyanın uzun çəkməsi nəticəsində hava şəraitinin dəyişərək əlverişli olmaması kimi məsələlərə görə çətinliklər oldu. Ancaq, yenə də, komandanın bir və ya iki pilotunun yarışması elə bir fərq yaratmır.

S: Əvvəldə də qeyd etdiyiniz kimi, mövcud şəraitdə vurduğunuz dövrə sizi qane edir, ancaq son sərbəst yürüşdən sonra Mercedes komandasının aradakı fərqi yox edəcəyini gözləyirdinizmi?

SF: Məncə, sərbəst yürüşlərdə bizim Mercedes komandasından daha sürətli olmağımız artıq trendə çevrilib. Sıralanma turu mənim üçün çətin başladı. Sıralanma turunun son mərhələsində son iki, xüsusilə də sonuncu dövrədə vəziyyət daha aydınlaşdı. Bundan əvvəl isə əsas məsələ sessiyanın dayandırılması, trekdə gedən təmizlik işləri fonunda səhvə yol verməmək idi. Komanda üçün çətin vəziyyətdir, çünki sürət baxımından yaxşı mövqedə idik. Sabah uzun və davamlı dövrələrin olacağı yarış keçəcəyinə inanıram.

S: Valteri, sizə qayıdaq. Ötən il Bakıda baş verən vəziyyətdən sonra sizə elə gəlirmi ki, sabahkı işiniz hələ bitməyib?

VB: Bəli, mən də belə düşünürəm. Yarışa pouldan başlamaq bəzi yarışlarda işin 50 faizinin görülməsi demək olsa da, Bakı trekində bu belə deyil. Burada hər şey baş verə bilər. Elə olub ki, bir dövrə geridə olsam da, yarışı ikinci yerdə bitirmişəm, eləcə də, əksinə. Sevinirəm ki, komandanın hər iki üzvü yarışa öndən başlayacaq.

AUDİTORİYADAN SUALLAR

S: (Kristian Nimmervoll – motorsport-total.com) Sebastian, Şarl qəza etməzdən bir qədər əvvəl siz də həmin döngədə qəza etmək üzrə idiniz. Bolidin içərisindən keçirdiyiniz hisslər haqqında nə deyə bilərsiniz?

SF: Burada divara nə qədər yaxın getsəz, o qədər sürətlidir. Buna görə də, bir  və ya iki santimetri hesablamaq mümkün deyil. Sonda, qəza edən pilotların başına gələnlər hamımız üçün realdır.  Burada hər şeyi itirə biləcəyimiz birdən çox döngə var.

S: (Luis Vaskoncelos – Formula Press) Sualım hər üç pilotadır. Sebastianın da qeyd etdiyi kimi olduqca uzun və çətin sıralanma turunun şahidi olduq. Sıralanma turunun özünəməxsus ritmi olur və siz hamınız buna öyrəşmisiniz. Sessiyanın iki dəfə uzun müddət dayandırılması şəraitində fikrinizi cəmləmək nə qədər çətin oldu?

VB: Aydındır ki, bəzən bu cür uzun müddət gözləmək çətin ola bilər. Ancaq mənim üçün elə bir fərqi olmadı. Sadəcə dövrəyə fokuslanaraq maksimum nəticə göstərməyə çalışırdım. Belə olan halda, 15, yoxsa 2 dəqiqə fasilə olmasının əhəmiyyəti olmur.

S: Luis, tez-tez ara verilən bir sıralanma turunda ritmi qoruyub sağlamağa dair sənin düşüncələrini alaq.

LH: Ritmi qoruyub saxlamaqla bağlı hər hansı bir problem yaşamadım.

Sebastian, nəsə əlavə etmək istəyirsənmi?

SF: Bəli. Ritmi qoruyub saxlayan bu iki pilota alqış düşür. Xüsusən də sıralanma turunun 3-cü mərhələsinə başlayarkən etdikləri əslində ritmi pozan bir hərəkət idi.

LH: Ha?

SF: Sizin sıralanma turunun 3-cü mərhələsində etdiyiniz yalançı başlanğıcdan danışıram. Siz başladınızmı, yoxsa sadəcə dayandınızmı?

LH: Biz sadəcə sizi çaşdırdıq!

SF: Yaxşı, deyin görək siz başladınız, yoxsa dayandınız?

VB: Muftanı kalibrləyirdik...

LH: Həqiqətən muftanı kalibrləyirdik.

S: (Jastina Qolopolosova – Youth Information Agency) Sualım Valteri Bottasadır. Bu gün sıralanma turunda özünüzü inamlı görünürdüz. Kubitsa və Leklerin səhvə yol verdiyi 8-ci döngə haqqında nə deyə bilərsiniz?

VB: Əvvəl də dediyimiz kimi, burada yarışlar gözlənilməz olur. Əlbəttə ki, komanda kimi yarışa başlama mövqeyimiz möhtəşəmdir. Ancaq burada hər şey baş verə bilər. Kimin təkərlərinin uzun müddət davam gətirəcəyini, kimin ən sürətli olacağını, eləcə də, təhlükəsizlik maşınının trekə çıxmasını tələb edəcək vəziyyətlərin nə vaxt yaranacağını bilmək olmur. Bəxtiniz gətirə də bilər, gətirməyə də. Komanda kimi fikrimizi cəmləməli və yarışı ən yaxşı şəkildə bitirməyə çalışmalıyıq. Sıralanma turunda qəzaların baş verdiyi döngə təqvimin ən çətin hissələrindən biridir. Kiçik bir səhv səbəbindən divarla toqquşma ehtimalı qaçınılmazdır. Xüsusilə də, havanın soyuması nəticəsində təkərlərə nəzarət etmək daha da çətin idi.

S: (Zolt Qodina – F1vilag.hu) Sebastian, sən bundan əvvəl bir neçə dəfə demişdin ki, bolidin qış testlərində yaxşı işləyirdi. Nə düşünürsən, nəsə çatışmırmı və əgər belədirsə, sizcə problem nədədir?

SF: Onu deyə bilərəm ki, biz nəyə görə Mercedesdən zəif olduğumuzu getdikcə daha yaxşı başa düşürük. Bu aydın idi ki, ilk iki yarış bizim üçün çətin oldu. Treklər fərqliydi, şərtlər də müxtəlif idi. Lakin hesab edirəm ki, hər iki halda müəyyən oxşarlıq ortaya çıxır. Zənnimcə burada biz daha yaxşı mövqedəyik. Ona görə ki, burada döngələrdə sürət olduqca aşağıdır. Rəqabətdə güclü olduğumuzu düşünürəm, ancaq istədiyimiz yerdə deyilik, olsaydıq indi bugünkü mənzərə fərqli olacaqdı.

S: (Skot Mitçel – Autosport) Sebastian, sessiyalar davam edərkən trek səthinin istiliyinin düşməsinin problem yaratdığını qeyd etdiniz. Dünən, biz həqiqətən də layiq olduğu şəkildə sadəcə ikinci sərbəst yürüş keçirə bildik, sən trekin orta hissəsində xüsusilə güclü idin. Lakin bu gün həmin gücünü sanki itirdin. Necə düşünürsən, bu, trek səthinin istiliyinin düşməsindənmi qaynaqlandı? Bu gün bolidinin performansının düşdüyü yer bu hissədirmi? İstiliyin düşməsi xaricində başqa hansı məqamlar da təsir göstərmiş ola bilər?

SF: Bilmirəm. Başqalarının bu barədə nə düşündüyünü də bilmirəm. Trek səthinin istiliyinin düşməsi bizim üçün aldadıcı oldu. Bu aydındır ki, trekin ikinci hissəsində çox döngə var və burada problemin yaranması olduqca adi haldır. Bu hissədə özünə çox əmin ola bilmirsən və təbii olaraq da ən çox burada itirirsən. Bundan başqa, bolid bu gün olduqca yaxşı vəziyətdə idi. Lakin bunu düzgün səviyyədə saxlamaq hər zaman çətindir.  

S: (Maykl Şmit – Auto Motor und Sport): Sualım Sebastianadır. Sən sıralanma turunun 2-ci mərhələsinə Şarl kimi “medium” təkərlərdə başlamışdın. Və sonra bu təkərlərlə davam etdin. Bu, böyük risk almaq deyilmi? Sən həmin təkərləri 3-cü mərhələyə də keçirmək üçün özünü məcbur etməklə böyük risk aldığını düşünmürsənmi?

SF: Xeyr, elə hesab etmirəm. Onu demək istəyirəm ki, biz sadəcə bunu sınadıq. Sonra trek səthinin istiliyi düşdü və vəziyyəti çətinləşdirdi. Bundan sonrakı ilk dövrə olduqca çaşdırıcı idi, lakin olduqca əmin idim ki, ikincisi daha yaxşı olacaq. Mən bu düşüncə ilə start verdim və Şarlın arxasına düşdüm. Boldilərimizdən birinin sıradan çıxması bizimçün böyük xəcalətdir, xüsusən də Şarlın çox sürətli olduğu bir yarış həftəsonunda. İndi artıq biz diqqətimizi yarışa vermişik və əminəm ki, əksiklərimizi bərpa edə biləcəyik.

S: (Beatris Zamuner – Motorlat.com) Sualım hər üç pilotadır. Şarl Lekler qəza etdikdək sonra öz-özünü kəskin tənqid etdi. Sonra sosial mediada paylaşım etdi ki, “bu gün mən heç bir işə yaramadım”. Nə düşünürsüz, o özünü belə peşman hiss edəcək qədər böyük səhvmi etdi?

LH: Mən də eyni cür davranardım. Bu, bizim necə də güclü mübarizə aparmağa çalışan bir pilot olduğumuzu göstərir. Əgər səhv özümüzünsə, biz onda özümüzə qarşı o şəkildə sərt oluruq. Bu məsələdə gənclə daha yaşlı pilot arasında yeganə fərq həmin emosianallığın ikincilərdə daha az olmasıdır. Ancaq bu çox üzücü məqamdır. Onun kimi gənc pilot belə treklərdə çiyinlərində olduqca böyük təzyiq hiss edir. Təbii ki, bu çox normaldır. İllər öncə belə hadisələr yaşadığımda mən günlərcə otağımdan çıxmırdım. Mən onu çox yaxşı başa düşürəm. Onun belə açıq davranması onun alicənablığını göstərir. O, bu hadisənin təsirindən tez çıxıb sabahkı yarışa daha böyük qətiyyətlə çıxacaq.

S: Valteri, özünütənqidlə bağlı sənin düşüncələrin nələrdir?

VB: Uzaq qala biləcəyin xətanı işləmək insana çox pis təsir edir. Bu çox narahatedici bir məqamdır və onu yaxşı başa düşürəm. Biz finlandiyalılar bəlkə emosiyalarımızı belə açıq şəkildə nümayiş etdirmirik, lakin biz də eyni narahatlığı yaşayırıq.

S: Sebastian, bundan əvvəlki komanda yoldaşın finlandiyalı idi. Komanda yoldaşın Şarlda bir komanda yoldaşı olaraq hansı fərqlilikləri müşahidə edirsən?

SF: Hesab edirəm ki, bu çox normal bir haldır. Əgər səhvə yol verirsənsə, sevincli ola bilməzsən. Özünütənqid olmasaydı o da, biz də buralarda olmazdıq. Biz yarış həyatımızın hər bir məqamından zövq alırıq. Hələ yarış həftəsonu başa çatmayıb. Güclü bolidə sahibik və sabah öz gücümüzü tam bərpa edəcəyimizə inanıram.

 

 

S: (Kristian Nimmervol – Motorsport-Total.com) Valteri və Luis, ön sırada olmağın sizə hansı mənfi təsiri ola bilər? Və Sebastian, birinci dövrədə irəliyə keçmək üçün şans yarana biləcəyini düşünürsənmi?

VB: Hesab etmirəm ki, mənfi hansısa bir təsiri olsun. Trekin orta qismində çox sayda döngələr var və bu döngələrdə bir-birini çox yaxından izləmək olduqca çətindir. Ümid edirəm ki, ön sırada olan pilotlar arasında çox yaxın mübarizə olacaq. Mən bu gün oturduğum yeri qorumağa çalışacağam. Bunu sabah görəcəyik.

S: Luis bəs sən nə düşünürsən?

L: Valteri ilə razıyam.

S: Bəs Sebastian sən?

SF: Nə deyə bilərəm ki? Mən poul mövqeyində deyiləm və ona görə də sabah indiki mövqeyimin verdiyi imkanlardan yararlanmağa çalışacağam. Uzun yarışdır, hər şey baş verə bilər. Əgər yarışa yaxşı başlanğıc edə bilsək, nəyəsə ümid edə bilərik. Bir dövrə vurduqdan sonra sürətlənmə düzlüyünün sonunda yarışın necə davam edəcəyi barədə müəyyən təsəvvürümüz yaranacaq. Qarşıda uzun bir yarış bizi gözləyir. Bu trekdə ötmələr etmək mümkündür.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir