Arxiv
29 Aprel 2019, 11:56 | HADİSƏ
Qafqaz Müsəlmanları İdarəsi fətva verdi - Ramazan ayı bu tarixdə başlayır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Modern.az xəbər verir ki, fətvada Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamaları əsasında Ramazan ayının başlanma tarixi qeyd edilib.

Fətvaya görə, bu il Ramazan ayının başlanma tarixi miladi təqvimlə mayın 6-na təsadüf edəcək.

Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir.

Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır:
 

Fətvada tam olaraq deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura ilahi rəhmət və bərəkət qapılarının açıldığı müqəddəs Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edir, Allah-Təaladan dua və ibadətlərimizin qəbul olunmasını diləyir. Bununla əlaqədar olaraq Qazılar Şurası və Elmi-Dini Şura aşağıdakıları bəyan edir:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olmuşdur. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!”

Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurmuşdur: “Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. Rəsulullahın (s) “kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin” tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir. Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda Qurani-Kərimi oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur.

QMİ bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, dindarlarımız başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə öz köməyini əsirgəməyəcək, məhz QMİ tərəfindən tərtib edilən Ramazan təqviminin kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada təbliğinə və yayılmasına nəzarət edəcəklər.

Qazılar Şurası və Elmi-Dini Şura mübarək Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrdə iştirak etməyin böyük günahlardan hesab olunduğunu diqqətə çatdıraraq bildirir ki, belə məclislərdə iştirak edən din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir.

Qazılar Şurası tövsiyə edir ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin.

İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcəkdir. Azərbaycan xalqı və dövləti bu böyük və əziz bayramı hər il yüksək səviyyədə qeyd edir. Dövlətimizin dini dəyərlərə, dindarlara və din xadimlərinə diqqət və qayğısı respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Dövlət başçısı tərəfindən əhalinin rifahının daha da yüksəlməsi naminə həyata keçirilən sosial-iqtisadi islahatları və dinimizin təbliğ etdiyi humanizm prinsiplərinə uyğun olaraq azadlıqdan məhrum edilmiş yüzlərlə şəxsin əfv olunması haqqında imzalanan Sərəncamı ölkə dindarları böyük minnətdarlıq və rəğbətlə qarşılayırlar.

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan duaların qəbul olunduğu bir aydır. Bu ayda müstəqil Azərbaycanımızın banisi mərhum Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı, xalqımızın tərəqqisi naminə əzmlə çalışan dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Təaladan xeyir-dualar diləyirik. Uca Rəbbimizdən arzumuz budur ki, ölkəmizdə və dünyada sülhü, əmin-amanlığı bərqərar eləsin, xalqımıza işıqlı və firavan gələcəyi, gələn Ramazan ayında iftarlarımızı doğma Qarabağımızda qeyd etməyi nəsib eləsin! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayı ilə əlaqədar verilən fətvanın ölkənin bütün məscidlərində və ibadət yerlərində din xadimləri tərəfindən oxunmasını məqsədəuyğun hesab edir.

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Yaqub Mahmudov: “Şirməmməd Hüseynov mərd kişi idi” 25 İyun 2019, 21:40 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24