Modern.az

Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda

Azərbaycanlı tələbə ABŞ-da hakerlər marafonunda

29 Aprel 2019, 20:01

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin IV kurs tələbəsi Züleyxa İbad Boston Universitetində keçirilən qadınlar üçün “TechTogether Boston” hakatonunda iştirak edib.

Modern.az xəbər verir ki, səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin köməkliyi ilə təşkil olunub.

 

“TechTogether Boston” dünyada qadınlar üçün təşkil olunan ən böyük hakatonlardan biridir. Forum iştirakçılarına öz ideyalarını 36 saat ərzində həyata keçirmələri üçün imkan verilir.

 

Layihənin təşkilatçıları deyirlər ki, qadınların öz arzularını reallığa çevirmələri üçün onlara lazım olan resurslarla 36 saat ərzində təmin edilirlər: “Bunun üçün heç bir təcrübə tələb olunmur, təkcə texnologiyaların həyəcanlandırıcı dünyasını öyrənmək həvəsi kifayət edir. Lazımi qədər hazırlığı olmayan bir çox insanda texnologiyalar dünyası ilə tanış olmağa həvəs oyandırmaq üçün inklüziv mühit yaratmağa, eləcə də özümüzün layihə və yenilikçi məhsullarımızın hazırlanması üçün biliklərimizdən istifadə etməyə çalışırıq.

 

Hakaton (hackathon) ingilis dilindəki “hack” (haker) və “marathon” (marafon) sözlərinin birləşməsindən əmələ gəlib. Amma bunun problemli haker hücumları ilə heç bir əlaqəsi yoxdur. Bu, işləmçilər üçün texnoloji müsabiqədir. İnformasiya texnologiyaları üzrə mütəxəssislər müsabiqə zamanı hər hansı bir tapşırığın həlli üzərində birgə işləyirlər. Burada yaradıcı insanlar toplaşırlar, onlar üçün təqdim edilən mövzu maraqlıdır, qarşıya qoyulan problemi həll etmək istəyirlər və edə də bilərlər. Hakaton işləmçilərin forumudur. Proqram təminatının hazırlanması üzrə müxtəlif sahələrin mütəxəssisləri (proqramçılar, dizaynerlər, menecerlər) forum zamanı hər hansı bir problemin həlli üzərində birlikdə işləyirlər. Adətən hakatonlar bir gündən bir həftəyədək davam edir. Bəzi hakatonlar maarifləndirmə və ya sosial məqsədlər üçün nəzərdə tutulub, lakin əksər hallarda hakatonların vəzifəsi dolğun proqram təminatının hazırlanmasıdır. Hər bir hakaton müəyyən sahəyə, məsələn, proqramlaşdırma dilinə, əməliyyat sisteminə, tətbiqə, proqram interfeysinə cəmləşib.

 

Termin 1999-cu ildə əmələ gəlib, 2000-ci illərin ortalarında isə hakatonlar Silisium vadisində geniş şəkildə yayılıb. ABŞ-da sənayenin praktiki olaraq bütün liderləri miqyaslı hakatonlar keçirirlər. Onları “Facebook”, “Google” və “TechCrunch” təşkil edirlər. Məsələn, 2010-cu ildə “TechCrunch” hakatonlarından biri çərçivəsində yaradılmış “GroupMe” tətbiqi sonradan “Skype”a 85 milyon dollara satılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu