Modern.az

Təcili yardımın baş həkimi: “Çağırışa gedən həkimlərimizi döyür, söyürlər” - MÜSAHİBƏ

Təcili yardımın baş həkimi: “Çağırışa gedən həkimlərimizi döyür, söyürlər” - MÜSAHİBƏ

Müsahibə

30 Aprel 2019, 08:43

Rauf Nağıyev: “İnsanlar başa düşmürlər ki, həkim Allah deyil”


Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev stansiyanın fəaliyyətinə dair cəmiyyətdəki narazılıqlardan doğan məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

- Rauf doktor, gəlin ilk sualı belə qoyaq: niyə bu gün təcili tibbi yardım xidmətindən şikayətlər çoxdur?..

- Bilirsiniz, vətəndaşlarımız əvvəlcə təcili tibbi yardımı çağırır, sonra əməkdaşları günahkar çıxarır. Xəstəlik bir günə, bir saata baş vermir. Xəstəlik yaranır, yavaş-yavaş inkişaf edir, son məqamda ağırlaşma baş verir ki, onda da təcili tibbi yardım çağırılır. Bəziləri dərk etmir ki, xəstəliyin ilkin əlamətlərində həkimə müraciət etmək lazımdır. Bizdə lazım oldu-olmadı təcili yardıma çağırış edilir.

- Dediyinizdən belə anlaşılır ki, qeydə alınan müraciətlərin əksəriyyəti əsassızdır...

- Həddindən çox. Hətta olur ki, poliklinikanın işini də bizdən tələb edirlər. Təcili yardımın funksiyalarını izah edəndə hücuma keçirlər ki, “həkimsən, işini gör!”. Axı hər kəsin öz funksiyası var. Təcili yardım adından da göründüyü kimi, təcili, ağır hallarda çağırılır. Bizim bəzi vətəndaşlar bunu qəbul etmirlər. Adi baş ağrısında belə təcili yardımı çağırırlar. Deyir “gəlmisənsə, mütləq iynəmi vur, təzyiqimi ölç, başımın ağırısını kəs”. Hər baş ağrısına görə təcili yardım çağırmazlar axı... Dünya təcrübəsində var ki, hər kəs öz evində içərisində yodu, spirti, tənzifi, yüngül spazmalitikləri, ağrıkəsiciləri olan aptekça saxlamalıdır. Hər şeyə görə təcili yardımı çağırıb vaxtını almaq olmaz. Təsəvvür edin, bir ünvanda adi baş ağrısı üçün təcili yardım çağırılır, digər ünvanda isə həqiqətən təcili yardıma ehtiyacı olan xəstə gözləyir.

- Ehtiyacı olan xəstə təcili yardımı gözləyirsə, deməli ünvana çatmaqda problemləriniz var. Bu mənada təcili yardım briqadalarının işini ləngidən səbəblər hansılardır?

- Ən çox problem yaradan qeydiyyatsız məskunlaşmalardır. Vətəndaşlar qeydiyyata düşsə, əhali sayına uyğun olaraq tibb müəssisələri tərəfindən ştat ayrılar. Vətəndaşlar qeydiyyatda olduğu rayonunu, kəndini qoyub paytaxtda işləməyə gəlir. Və Bakıda qeydiyyatsız yaşayır. Burada da ona tibbi xidmət göstərilməsini istəyir. Axı tibbi xidmət əhalinin rəsmi qeydiyyatına uyğun ayrılır. Ona görə də insanlarımız müvəqqəti də olsa, yaşadığı yerdə qeydiyyata düşməlidir.

- Yəqin ki, icbari tibbi sığorta ölkə üzrə tam tətbiq edilməyə başlayanda qeydiyyat məsələsi də öz həllini tapar...

- Ümid edirik. Növbəti ildən icbari tibbi sığorta tətbiq edilməyə başlayacaq. Amma ona qədər üzərimizə düşən yükü qaldırmalıyıq. Rəsmi şəkildə Bakıda əhalinin sayı 2 milyon 200 mindir. Amma faktiki olaraq, şəhərdə 5 milyona yaxın insan yaşayır. Təcili yardım briqadalarının sayı isə rəsmi əhali sayına uyğun ayrılıb.

Gün ərzində 2400 çağırış gəlir. Təsəvvür edin, həkimin çantaya dərman qoymağa vaxtı olmur. Həkim 12 saatdan bir növbə dəyişir. Briqada 12 saat ərzində 16-17 çağırışa gedir. Rəsmi əhali sayı faktiki sayla uyğun olmadığı üçün biz ştatı artıra bilmirik. Qeydiyyatsız yaşayan əhali də təcili yardıma müraciət edir. Nəticədə gün ərzində 2400 çağırışı 138 briqdanın arasında böləndə istəsən də, istəməsən də briqadanın sayı uyğun gəlmir. Bu da işə təsir edir. Hər bir vətəndaş bilməlidir ki, təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edir. Adi məsələdən ötrü həkim briqadası çağırılmamalıdır.

 

- Doktor, normativə görə təcili tibbi yardım hansı müddətdə çağırış ünvanında olmalıdır?

- Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti əhalinin 7 gün 24 saat xidmətindədir. "103” çağırış xidmətinin fasiləsiz fəalliyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətin bir-birini əvəz edə  biləcək kabel stansiyası var. Təcili yardım 15 dəqiqə ərzində icra olunan çağırışlardır ki, bu, bizim çağırışların 95 faizini təşkil edir. Biz çalışırıq ki, çağırış ünvanına tez çataq. Ancaq yerdə qalan 5 faiz təxirəsalınmaz tədbirlər kimi 1 saat ərzində icra olunur. Narazılıq da burada yaşanır. Vətəndaş deyir “mənim başım ağırıyır, sən niyə gec gəlmisən?”. Çağırışların statistikasını araşdırsaq, onların 50 faizi təcili yardıma aid olmayan çağırışlardır. Hansı ki, vətəndaş təyinatı üzrə poliklinikaya getməlidir, amma ərinir getməyə. Məsələ burasındadır ki, əksər əhali polklinikalara getməkdən imtina edir. Bu gün poliklinikaların hamısında hər cür şərait, yüksək standartlara cavab verən avadanlıq təchizatı var.  Vətəndaş vaxt sərf edib ailə həkimini, sahə həkimini görmək istəmir. İstəmir ki, gedib xəstəliyini yerində müayniə və müalicə etdirsin. Əksinə, istəyir ki, həkimlər bunun qapısına gəlsin, qısa müddətdə onu tam sağaltsın. Əksi olanda da başlayırlar şikayət etməyə.

- Şikayətlər nəylə bağlı olur əsasən?

- 4 il ərzində Bakı təcili yardım xidmətindən bircə dənə də olsun neqativ şikayət olmayıb. Son illər ərzində təcili yardımın heyəti intizamını, peşəkarığını artırıb. Əməkdaşlarımız daim peşəkarlıqlarının artırılması istiqamətində təlimlərə qatılırlar, təchizatımız yüksək səviyyədədir. Çağırışlar zamanı bəzən vətəndaş “mənə filan iynəni vur”,- deyə tələb irəli sürür. Onun tələb etdiyi preparat bizim arsenalda yoxdursa, ora çağırılan tibbi personalın, lap elə mənim nə günahım var? Sonra da başlayırlar ki, “təcili yardım gəlib, dərmanı yoxdur”.

- Ümumiyyətlə dövlət hesabına təcili yardım üçün istifadə edilən neçə adda dərman preparatı verilir?

- Siyahıda 140 adda dərman verilir. Siyahıdankənar hər hansı dərman preparatı tətbiq etmirik. Niyə də tətbiq etməliyik? Dövlətin müəyyən etdiyi standartlar var. Biz sifarişlə işləmirik axı...

- Rauf doktor, daha çox Bakının hansı məntəqələrinə edilən çağırışlara vaxtında çatmaqda çətinlik çəkirsiniz?

- Əsasən Bakıətrafı qəsəbələrin çoxundakı evlərin qeydiyyatsız olması, şəxsi evlərin tikintisindən sonra küçələrə ad verilməməsi bizi gecikdirən səbəblərdəndir. Digər tərəfdən, Bakının mərkəzində nəqliyyat həddindən artıq sıxdır. Bir çox hallarda təcili yardım maşınına yol vermirlər. İnandırım sizi ki, bəzən polisin özü yol istəyəndə belə, ona da yol verilmədiyi hallar olur. Bu baxımdan bir çox sürücülərimiz anlayışlı davranmırlar. Bəzən elə çağırışlar olur ki, vətəndaş məskunlaşdığı ünvanı deyə bilmir. Həkim o ünvanı dəqiqləşdirməyə vaxt itirir. Vaxt itəndə isə briqada sonrakı çağırışlara ləngiyir. Hər şey bir-birinə zəncir kimi bağlıdır və işin ahənginə təsir edir. Təcili yardım qısa müddətdə diaqnoz qoyub, xəstənin vəziyyəti yüngülləşirsə, evdə saxlayıb pliklinikaya məlumat  verir. Vəziyyət bərpa olunmursa, xəstə ağır haldadırsa, onu xəstəxanaya yerləşdirir. Bunlar təcili yardımın funksiyasıdır. Bir xəstəyə təxminən 40 dəqiqə, hospitalizasiya olunduğu halda isə ən azı 1,5 saat vaxt sərf olunur. Bunların hamısı vaxt tələb edir. Hər dəfə də deyirər ki, “briqadanın sayını artırın”. Biz əhali sayına görə müəyyən olunmuş normativləri aşa bilmirik.

 

- Bu narazılıqlar bəzən təcili tibbi yardım briqadasının fiziki təzyiqə, təhqirə məruz qalmasına gətirib çıxarır. Bir çox hallarda bu barədə mətbuatda da məlumatlar dərc olunur. İndiyədək təxminən neçə həkim xəstə yaxınları tərəfindən fiziki təzyiqlərə məruz qalıb?

- Briqadalarımızın üzvləri təhqirlərə çox məruz qalır. Demək olar ki, hər gün xəstə yaxınları, hətta xəstələrin özü belə nalayiq ifadələrlə əməkdaşlarımıza qarşı kobudluq edirlər. Bəzən olur, xəstə təcili yardımı çağırır, təhqir edir və evdən qovur. Bizim millətin xüsusiyyətində belə kobudluq yoxdur axı. Belə əməllərə yol vermək olmaz. Əgər bu həkimi özün çağırırsansa, daha niyə təhqir edib qovursan? Əgər özünü xəstə hiss edən biri təcili yardım əməkdaşına fiziki təzyiq göstərməyə qadirdirsə, deməli o xəstə deyil, təcili yardımla məzələnir. Təcili yardıma həqiqətən ehtiyacı olan adam onun əməkdaşlarına hörmətlə yanaşır, ondan imdad istəyir, işini yerinə yetirməsi üçün şərait yaradır. Bizdə əksinədir, kefindən çağırır, sonra da evindən qovur. Deməli sənin təcili yardımlıq halın yoxdur. Bunu edənlər düşünmürlər ki, həkim briqadası ondan fərqli olaraq, həqiqətən təcili yardıma ehtiyacı olan vətəndaşın ünvanına gecikir. İş ahəngimizi pozurlar. Ağır hallarla bağlı 50-dən çox hadisə ilə rastlaşmışıq. Xırda şeyləri, təhqirləri, kobud münasibəti və s.-ni saymıram. Təsəvvür edin ki, dövlət işçisi çağırılmış ünvana göndərilir və ona zor tətbiq edirlər. Bu cinayətdir.

- Heç olubmu ki, bu kimi hallarda fiziki təzyiqə məruz qalan əmədaşlarınıza görə məhkəməyə müraciət edəsiniz?

- Olub, əlbəttə. Çox vaxt hadisə yerinə polis əməkdaşları çağırılır. Əsasən də məhkəməyə müraciət edildiyini görəndə, fiziki təzyiq göstərənlər əməllərindən peşman olduqlarını bildirirlər. Hətta həmin an əsəbi olduğu üçün belə hərəkətə yol verdiyini deyib üzr istəyənlər olur. Bəzən də olur ki, məhkəməyə verəcəyimizi bildirəndə, bunu qoxutmaq kimi anlayırlar. Məhkəməyə qədər gedib çıxanda işin ciddiyyətini başa düşürlər. Bəzi anlarda cinayət işi açılıb. Bilirsiniz, biz həkimdən əvvəl, insanıq. Hər şeyə insani tərəfdən yanaşırıq və istəyirik ki, vətəndaş da bizə o cür münasibət sərgiləsin.

 

- Doktor bildirdiniz ki, Bakıdakı təcili yardım briqadalarının sayı faktiki  əhali sayına adekvat deyil. Qeydiyyatda olmayan əhalinin də nəzərə alınaraq, əlavə briqadaların təşkili üçün maliyyə vəsaiti ayrılması təklifini irəli sürmək mümkün deyilmi?

- Baxın evdə bir kitabxananız var və kitabları saymamsınızsa, orada dəqiq neçə kitabınızın olduğunu bilə bilməzsiniz. Vətəndaşlar hərəsi bir yerdə, kimisi sənədsiz evlərdə, kimisi qeydiyyatsız, kimisi adı olmayan küçələrdə yaşayırsa, onları necə dəqiqləşdirə bilərik ki, buna uyğun ştat da ayıraq? Vətəndaşlar qeydiyyata düşməlidir. Bu o demək deyil ki, vətəndaş qeydiyyata düşən kimi saya uyğun təcili yardım ayrılacaq. Xeyr! Nəzərə alın ki, hər bir təcili yardım briqadasının arxasında maliyyə vəsaiti dayanır. Xidməti saxlamaq üçün vəsait ayrılır. İstədiyimiz vaxt briqadanın sayını artırıb-azalda bilmərik. Bu zaman mütləq hüquqi sənədlərə istinad olunmalıdır. 2 milyon 300 min nəfərlik Bakı əhalisi üçün ayrılmış briqada tam olaraq işinin öhdəsindən gələrdi. Amma nəzərə alın ki, hazırda paytaxtdakı əhali sayı qeyri-rəsmi olaraq 5 milyona yaxındır. Bütün rayonlar Bakıdadır, hamı gəlib Bakıda işləyir. Bakıdakı 5 milyonun 2 milyon yarımı üçün dövlət rayonlarda ştat ayırıb. Ora maliyyə vəsaiti yönəldilib. Onda belə çıxır ki, rayon əhalisi kimi qeydiyyatdadırsa, ora da vəsait ayrılsın, Bakıda qeydiyyatsız yaşadığı üçün də əlavə vəsait ayrılsın? Bu dövlətin büdcəsini dağıtmaq deməkdir. Müvəqqəti qeydiyyata düşmək olmazmı? Bu o deməkdir ki, vətəndaş harada qeydiyyata düşürsə, ora üçün ayrılan ştat kəsilərək Bakıya verilir. Bu prosedur aparılmır, vətəndaş rayonda qeydiyyatdan çıxmadan paytaxtda müvəqqəti məskunlaşır və özü üçün bir obyekt açıb işlədir. Beləcə Bakının yükü artır.

- Azərbaycanda həkimlərə qarşı münasibət birmənalı deyil. Neqativlərin tam olaraq aradan qaldırılması üçün hansı addımların atılmasına ehtiyac görürsünüz?

- Çox maraqlı və hamımızı düşündürən məsələyə toxundunuz. Bu sualın cavabı barədə saatlarla danışmaq olar. Biri var fərdi savadlılıq, biri də var ictimai savadlılıq, biri var vətənpərvərlik, biri də var öz mənafeyini güdmə. Mən də bu millətin övladıyam. Mənə görə hamımız ilk növbədə vətənpərvər olmalıyıq. Vətənin hər bir daşını-kəsəyini, hər bir qəpiyini, hər bir ziyanını düşünərək fikir bildirməliyik. İmkan verməməliyik ki, bizim addımımız dövlətimizə zərər versin. Nəyə gör bunu deyirəm... Əgər mən əsassız müraciət edirəmsə, düşünməliyəm ki, çağırış dövlətin vəsaiti hesabına həyata keçirilir. Briqadanı saxlamaq, dava-dərman, yanacaq almaq, işçilərin əməkhaqqını təmin etmək üçün maliyyə vəsaiti ayrılır. İnsan bunu düşünməlidir. Mənə hər şeyə icazə verilib deyə. vəziyyətdən sui-istifadə etmək özü doğru deyil. İnsan ən azından xeyir verə bilmirsə, ziyan verməməyə çalışmalıdır. Mən illərdir bu sistemin içindəyəm. Vaxt var idi, insanlar təcili yardıma çağırışı düşünərək verirdilər. Son bir neçə il ərzində çağırışlar həddini aşır. İnsanlar qiymətləndirmirlər. Ölkədə hər bir vətəndaşın hüquqi qorunur, amma bəzən demokratiya anlayışını əndazədən çıxarırlar. Ondan lazımi məqamda istifadə etmək lazımdır. Hərəmiz bir tərəfən ziyan vurub, dövlətdən mədət ummamalıyıq, hər şeyi səmərəli istifadə edib, qiymətləndirməliyik. Azərbaycanın bugünkü inkişafı göz qabağındadır, gələcəyimiz üçün təməl daşıdır.

- Həkimlərimizin hamısına şamil edib yaxşıların zəhmətini yerə vurmaq istəmirəm, bəzilərinə itirilmiş inamı necə bərpa etməliyik? Bunu cavablandırmağınızı istərdim... Təbii ki, Azərbaycanda kifayət qədər savadlı, işinin peşəkarı olan həkimlər var. Amma heç kimə sirr deyil ki, bu gün insanlar müalicə üçün xarici ölkələrə üz tutur. Hətta onların içərisində kifayət qədər tanınmış dövlət rəsmiləri, məmular, sənət adamları da var.

- Bir şeyi deyim. Xaricə üz tutmuş insan gecikmiş müalicəsini etdirib nəticə əldə edimi? Yox! Həkimlə dost olmaq lazımdır. Həkim də, müəllim də körpəlikdən insanın yolgöstərəni olub. Biz belə öyrənmişik. Müəllim savad verib, həkim də sağlamlığını qoruyub. Biz həkimi də, müəllimi də yaddan çıxarırıq. Vaxt var idi, cəmiyyətin səviyyəsini, ziyalılarla-həkimlə, müəllimlə ölçürdülər. İndi həkimlər, müəllimlər qalıb kənarda, başqa kateqoriyadan olan insanlar cəmiyyətin səviyyəsini təyin edirlər. Həkimlə erkən, sağlam dövrdən dost olmaq lazımdır. Həkimə vaxtında müraciət etmək lazımdır. Xəstəlik, vaxtında aşkarlananda, gizli gedən prosesləri müəyyən edəndə müalicə prosesi də rahat və asan olur. Bizim xəstələr bəzən elə vaxt gəlir ki, ya ağırlaşmış olur, ya da ölümcül. Sonra da günahkar olur həkim. Niyə günahkar həkim olmalıdır? İnsanlar başa düşmür ki, həkim Allah deyil. Həkimlik də digərləri kimi bir sənətdir, missiyası sağlamlığı qorumaqdır. Həkim ölmüş adamı həyata geri qaytara bilməz. Sonra da deyirlər “bizim həkimlərə inam yoxdur, Azərbaycanda həkim yoxdur”. Həmin müalicəni burada da aparırılar, xaricdə də. Effekti də 3-5 gün fərqilə eyni olur. Bizim hansı həkimimizin qoyduğu diaqnozu xaricdə təsdiq etməyiblər?

- Sualınıza cavab olaraq bildirim ki, bu günlərdə deputat Fazil Mustafa sosial şəbəkədəki profilində qohumu olan bir xanıma 15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyulduğunu və hər il bədəninə “kimyəvi dərman” yeridildiyini yazıb. Qərb ölkələrindən birində aparılan müayinə zamanı həmin xanımda onkologiyaya aid heç bir problem təsdiqlənməyib. Bunu da deyən adi vətəndaş deyil ki, deyəsinizz ağlına gələni danışır, qərəzlidir, o, parlamentin üzvüdür...

- Mənim böyük hörmətim var Azərbaycanın deputatına. Amma mən həkim kimi öz şəxsi fikrimi bildirirəm, kimisə də incitmək niyyətin yoxdur. Mən o məsələyə şübhə ilə yanaşıram. Bilirsiniz, xərçəngin vahid diaqnoz üsulü var. Xərçəngi müəyyən edən vasitə mikroskopik müayinədir, hansı ki, xərçəng hüceyrələrini vizual olaraq aşkarlayır. Onu necə çaşdırmaq, səhv salmaq olar, bu, mənə çatmır! Mən şəxsən həkim kimi deyirəm ki, dünyada elə bir müayinə üsulu yoxdur ki, onkoloji xəstəliyin təyinatını müəyyənləşdirə bilməsin. Mikroskopik üsul hüceyrənin rənglənib öyrənilməsidir. Bütün həkimlər ikinci kursda kistologiyadan təhsil alırlar. Kisotlogiyada da patoloji hüceyrələrlə fizioloji hüceyrələrin hamsını insanlara öyrədirlər. O elə bir laborator müayinə üsuludur ki, orada çaşmaq mümkün deyil. İndi o xəstədə hansı müayinə üsulu aparılıb, hansı effet verib, şüanı necə veriblər, mən bunu deyə bilmərəm. Bəlkə elə şüanın effekti olub hüceyrləri tələf edib, sonrakı müayinədə xəstəlik aşkarlanmayıb? Mən bu barədə nəsə deyə bilmərəm. Mən görmədiyim bir şey barədə mülahizə yürüdə bilərəm, amma bu həqiqət demək deyil. Qaldı ki, mən kiməsə şübhə ilə yanaşım. Nə o tərəf, nə bu tərəf üçün nə isə deyə bilmərəm. Amma özlüyümdə deyə bilərəm ki, müayinə üsulu birdir və diaqnozu səhv qoymaq mümkün deyil. Siz jurnalistsiniz, yazını oxuyandan sonra fikir yürüdürsünüz, biz də həkimik, müayinə aparandan sonra diaqnoz qoyuruq. Müayinədə xəstəlik aşkarlanıbsa, xəstəliyi necə danmaq olar, yaxud əksinə, hansısa diaqnozu səhv salmaq. Mən buna şübhə ilə yanaşıram.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi