Modern.az

“Kredo”- sözün ruhu

“Kredo”- sözün ruhu

Ədəbi̇yyat

30 Aprel 2019, 14:49

Xeybər Göyyallı

XX əsr Azərbaycana  gətirdiyi  bütün  ağrı-acıları  ilə yanaşı,  tariximizdə əlahiddə  bir yerə  məxsusdur. XX əsri Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün  intibah dövrü  də  adlandıra bilərik.Azərbaycan  XX əsrin birinci və sonuncu  rübündə  milli-mədəni intibah dövrünü  yaşamış və iki dəfə öz müstəqilliyinə nail olmuşdur.  Azərbaycanın hər iki müstəqilliyinin qazanılmasında, milli-mənəvi  düşüncənin  oyanış və formalaşmasında  mətbuatın  xüsusi rolu olmuşdur. Azərbaycanda  XX əsrin  birinci  və sonuncu rübündə (nominal cəhətdən bir neçə il sonra) neft bumu ilə  bərabər güclü bir mətbuat  bumu  da  yaşanılmışdır.

    
XX əsrin  90-cı illərində  milli oyanışın  güclü təkan verdiyi  “samizdat” nəşrlərdən sonra  ciddi və leqal  mətbuatın erası başlandı. Ancaq etiraf edək ki,  müstəqilliyin,  siyasi ab-havanın  verdiyi imkanlardan diletantlar da öz şəxsi  məqsədlərini həyata keçirmək  üçün geninə-boluna “yararlandılar”. Bu axına çoxları qoşuldu.Statistikanı unutmuşam, həmin vaxt ölkədə 600-dən çox adda   mətbu  orqan  qeydiyyata  alınmışdır. Ancaq  həmin mətbuat nümunələrinin eləsi oldu ki, çap edilmiş nömrələri  heç  bir əlin barmaqlarının sayı qədər olmadı. Ona görə yox ki, pul-paraları çatmadı. Yox...Həmin vaxt “Azərbaycan”  nəşriyyatında ( redaksiyaların əksəri orada  qərar tutmuşdur) yerləşən  rəsmi qəzetdə  çalışdığımdan  tam  məsuliyyətlə   deyirəm ki,  qəzet-jurnal təsisçisi və özünü yazar kimi cəmiyyətə sırımaq istəyənlərin  “baqajları” boş idi, onların  çoxu kabab iyinə gəlmişdilər.Gördülər ki, onların yeri deyil,  üzündə az-çox abır-həyası  olanlar üzüsulu getdilər.  Bu qısa tarixi ekskursu təsasdüfən  etmədim. “Kredo” qəzeti də həmin illərdə, lap dəqiq desək, 1999-cu ildə  təsis olunub. İndiki kimi yadımdadır, “Kredo”nun  naşiri və   bu gün də əsas yazarı olaraq  qalan  Əli Rza Xələfli  sonradan mənə dedi ki, qəzetin rəsmi dövlət qeydiyyataalınma prosesində hansısa  prosedurda  güvəndiyi bir adam kimi mənim də adımı rəsmi sənədlərdə qeyd  etdirib. Bu səbəbdən  “Kredo”nun ilk saylarının gün işığına çıxdığını  yaxşı xatırlayıram. 

"Kredo” qəzet axınında təsis olunsa da, axına qoşulmadı, axına qarışıb rəng-ruhunu  itirmədi.Əksinə, yarandığı gündən öz rəng-ruhu, öz mündəricəsi, adı kimi dəyişilməz amalı oldu. Amalına sadiq olduğundan uzaq getdi, uzaqdan göründü, ucada qaldı. O,  ədəbiyyat, sənət, düşüncə və mənəviyyat qəzeti oldu.O, insanı və insanlığı təbliğ edən bir qəzet oldu. Elə bu səbəbdəndir ki,  düz  iyirmi ildir yol gəlir. Bu iyirmi ildə “Kredo”nun   mənəvi  siqləti əskilmədi,  oxunaqlığı azalmadı ,əksinə , nömrədən –nömrəyə  bu dəyərlər  artdı. “Kredo”sevərlər mənimlə sidq ürəkdən razılaşarlar ki, bu, mənəvi siqlət qəzetin yaradıcısı  Əli Rza  Xələfli ilə birbaşa bağlıdır. Huşyar oxucular təsdiqləyərlər ki,  qəzet yarandığı gündən bu günə kimi bir nəfərin- Əli Rza Xələflinin tribunası olaraq qalır. Düzdür, “Kredo”    Azərbaycanın  bütün  ədəbiyyat və sənət adamlarının üzünə açıqdır. Ancaq etirafda  bulunaq ki, “Kredo” nun  bütün  yükü  Əli Rza Xələflinin çiynindədir.Təkcə bu gün yox, yarandığı gündən  belədir. Ə.Xələflini  lap uzaqdan tanıyanlar  əminliklə təsdiqləyərlər ki, onun özünə  sözünü demək üçün  bir qəzet lazımdır. Bu belədir,ona özünü dolğun formada özünüifadə və özünütəsdiq  üçün ayrıca  bır  tribuna gərək idi. Ə.Xələflini   ədəbi-bədii tədbir və  yığıncaqlardan tanıyanlar mənimlə   bir məsələdə də şərik olarlar ki,o,   odlu-alovlu, emosional ,  sərbəst və sərrast ,  həm də səhvsiz və xətasız  bir nitqə malikdir. O, elə  danışdığı  kimi  də yazır. Deyəsən, bir qədər yanlışlığa yol verdim. Bilənlər bilir ki, Ə.Xələfli masa arxasında əyləşib, əlinə qələm alıb, kağız üzərində yazmır. Kompüter adlı  çoxfunksiyalı bir texnika icad olunandan  birbaşa diktə edir.Yenə yanlışlığa yol verdim. Kompüter Azərbaycana  gələnə  qədər də  birbaşa yazı makinasına  diktə edərdi. Olsa- olsa əlində faktlar qeyd olunmuş  bir vərəq  görmək olardı. Bunu  kimdənsə  eşitməmişəm, öz gözlərimlə görmüşəm.Onun  yazı  manerası  belə asan (kənardakılara belə asan görünə bilər) göründüyü qədər də  Tanrı vergisidir.  O, özünü dərk etdiyi gündən ömür-gününü səssiz-səmirsiz  müqəddəs sözə həsr edib. Tanrı ona elə bir istedad  bəxş edib ki, nəinki azalır, tükənir, əksinə işləndikcə və zaman axarında  getdikcə  cilalanır.  Ə.Xələfli  ədəbiyyata  publisistika ilə gəlib.Bu məqamda  onu da deyim ki, onun publisistikası adi , gündəlik məişət publisistikası deyil.Tam cəsarətlə demək olar ki, Ə.Xələflinin publisistikası Azərbaycan publisistikasının qızıl fonduna daxil olmuş  bir publisistikadır. Dedim ki, Ə.Xələflinin istedadı nəinki tükənir, əksinə gündən günə cilalanır.Bu belədir,  ədəbiyyata publisistika ilə gələn  Ə.Xələfli bu gün geniş ictimai mündəricəli poeziya nümunələrini özündə əks etdirən onlarla kitabın müəllifidir.  

Yadıma “Kredo” nun tərcümeyi-halı ilə bağlı bir olay da düşdü. Bu  məqamda yazmasaq olmaz. Həmin olay  bu gün də  yada düşəndə adamın qanı qaralır, əsəbiləşir. İli dəqiq xatırlamıram, qəzet cəmiyyət tərəfindən qəbul edildiyi,  geniş ictimai  nüfuz və populyarlıq qazandığı bir dönəmdə  xainlər, xəbislər, onun nüfuzundan eymənənlər “Kredo”ya çamur atdılar. Xainlər, xəbislər güman etdilər ki, atdıqları çamurun yeri qalacaq, mənfur niyyətlərinə çatacaqlar, qəzeti ictimaiyyət içərisində nüfuzdan salacaqlar. Kimin və yaxud  kimlərinsə diktəsi ilə “Kredo” kimi  mənəviyyat qəzetinə qızıl-qırmızı şər-böhtan  söylədilər, qəzeti adını  “boz” mətbuatın ( mətbuat deməyə adamın dili gəlmir) sırasına yazmaq istədilər. Güman edirəm ki, bu mənfur niyyətə düşənlər  “Kredo” nun  ictimaiyyət arasında qazandığı hörmət-izzətdən xoflanmışlar. Xain xoflu olar axı. Xain və xəbislərin düşüncəsi  çox təhlükəlidir, onlar  düşünürlər ki, qabaqdakı olmazsa, o , irəli düşəcəkdir, o,  birinci olacaqdır.Unudurlar ki, bu dünyada hər kəs və hər şey  öz yerini tutur.

O da yadımdadır ki, “Kredo” ya atılmış  bu çamura  qarşı könüllü olaraq  geniş bir etiraz  dalğası başladı. Azərbaycan ictimaiyyəti  arasında  böyük  nüfuz sahibi olan  ziyalılar, ədəbiyyat və sənət adamları   düşüncə  daşıyıcısı və mənəviyyat carçısı olan qəzetin müdafiəsinə qalxdılar. Ölkənin onlarla tanınmış ziyalısı, yazarı və alimi öz vicdanlarının diktəsi ilə qəzetə atılmış şər-böhtanı ifşa edən məqalələrlə çıxış etdilər. Xainlər unutmuşdular ki, “Kredo”çu və “Kredo”sevərlər  bu dünyanı  başqa (maddi)  dəyərlərlə  yox, sözün ruhuyla dərk edirlər. “Kredo”çular ın  ən böyük  mənəvi üstünlüyü elə bu idi. Elə buna görə  də sarsılmadılar, sarsıtdılar.

“Kredo”çular  demişkən,  bu məqamda bir məsələyə də münasibət bildirmək  vacibdir.Yenə bilənlər bilir ki,  “Kredo”  qəzetinin   texniki işçiləri ilə birlikdə  vur-tut 3-4 əməkdaşı olub. ( Hazırda  heç bu da yoxdur). Qəzetin əməkdaşı (müxbiri) var idimi ki, obyektə getsin.Bundan  da önəmlisi odur ki,  “Kredo”  axı məişət-təsərrüfat mündəricəli qəzet olmayıb. Müdrikcəsinə deyilib: "Yel qayadan  nə aparar?”. Qara yellər qosqoca qayalardan bir çınqı qopara bilməyib,  barmaq sürtüləcək  qədər  belə  toz    aparmayıb, çünki gücü çatmır.  Bu haqsızlıqdan sonra  da  “Kredo”  öz düşüncə və  amalına sadiq  qalaraq  yoluna  davam etdi və bir daha özünü təsdiqlədi. Bu gün də “Kredo”  öz  amalındadır- müqəddəs sözə xidmət edir.  Eşitdim ki,  bu günlərdə “Kredo” nun 950-ci sayı işıq üzü görəcəkdir.  Tam ciddiyyətlə deyə bilərik ki, zəmanənin gətirdiyi iqtisadi çətinliklər olmasaydı sevimli qəzetimizin boyu bir az  da uca olardı. Amma  o da yaxşı buyurulub ki, əsas say deyil, sanbaldır. Çoxları kimi mən də inanıram ki, “Kredo”  hələ uzun illər oxucuların təşnəliklə gözlədiyi bir çap mediası olaraq qalacaqdır. Mənə elə gəlir ki, “Kredo”  mənən və fikrən Əli Rza  Xələfliyə məxsus olduğundan o, bir yazar kimi son dərəcə məhsuldardır. Uğurlar olsun sənə, Əli Rza  Xələfli! 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir