Modern.az

2011-ci ilin intihar statistikası

2011-ci ilin intihar statistikası

Ölkə

5 Yanvar 2012, 09:53

Ötən il Azərbaycanda 414 nəfər həyatına qəsd edib, onların 33 nəfəri məktəbli və yeniyetmədir

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatlarında hər min nəfərə düşən intiharların sayına görə Azərbaycandakı göstəricilər yüksək həddə deyil. Ay ərzində orta hesabla 25- 40 nəfərin özünə qəsd etdiyini nəzərə alsaq, problemin o qədər də fəalkətli həddə çatdığını iddia etmək olmaz. Amma bu heç də o demək deyil ki, Azərbaycan vətəndaşlarının müxtəlif səbəblərdən öz həyatına müxtəlif vasitələrlə son qoymasının qarşısının alınması üçün tədbirlər görülməməlidir. Araşdırmalar göstərir ki, ölkədə hələ də məktəbli və yeniyetmələrin intihar etməmələri üçün təhsil müəssisələrində çalışan psixoloqların üzərinə ciddi iş düşür. Əlbəttə, bu mübarizənin müsbət nəticələr verməsi ilk növbədə orta məktəblərdə psixoloqların olub-olmamasından asılıdır.

2011-ci ildə Azərbaycanda həyatına qəsd edən məktəbli və yeniyetmələrin sayı müxtəlif mənbələrdən əldə etdiyimiz rəsmi məlumatlara görə, 33 nəfər (bunun dördü intihara cəhddir) olub. Ən müəammalı özünəqəsdlər də məhz bu yaş qrupuna daxil olan oğlan və qızlar tərəfindən törədilir.

Yetkinlik yaşında olan soydaşlarımızın intihara meylliliyi ilə bağlı təkcə təhsil müəssisələrində deyil, eləcə də digər müvafiq dövlət strukturları və qeyri-hökumət təşkilatları səviyyəsində araşdırmalar aparılmır. Bəlkə də bunun başlıca səbəbi Azərbaycanda hüquq-mühafizə orqanlarında özünəqəsdlərlin statistikasının aparılmaması, elə bu səbəbdən heç bir rəsmi məlumatın açıqlanmaması ilə bağlıdır.

Yeri gəlmişkən, qeyd edək ki, məktəbli və yeniyetmələrin intiharına, yaxud cəhdinə bəzən ailədaxili münaqişələr və digər problemlər səbəb olur. Məsələn, Lənkəran şəhər sakini, 17 yaşlı Fariz atası, 45 yaşlı İlham Bayramov özünü asdıqdan sonra həyatına qəsdə cəhd göstərib. O, atasının yaşadıqları mənzildə özünü asması xəbərini eşidəndə ülgüclə damarlarını doğrayıb. Yaxınlarının vaxtında müdaxiləsi eyni vaxtda bir ailədə ikinci böyük faciənin qarşısının alınması ilə nəticələnib.   

Suraxanı rayonunda 15 yaşlı Ləman Ələsgərova özünü 7-ci mərtəbədən atıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən məktəblinin sonrakı taleyi ilə bağlı məlumat verilməyib.

Samux rayon sakini, 17 yaşlı Təranə Mamedova özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Lakin qızın atası və qardaşı ağaca bağlanmış kəndiri kəsərək onun həyatını xilas edə biliblər.

Bununla belə, özünəqəsd yolunu seçənləri çox vaxt xilas etmək mümkün olmur. Məsələn, 15 yaşlı Biləsuvar şəhər sakini Mirzəbaba Quliyev kimi. Onun özünü asmasının səbəbləri açıqlanmayıb.

Nəvənin intiharına səbəbkar nənə olub

Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində yaşayan 11 yaşlı Əskinaz Məmmədovanın özünü asmasına qızın öz atasının məzarını ziyarət etmək istəməsi, lakin nənəsinin ona icazə verməməsinin səbəb olduğu bildirilib.

Mingəçevir şəhərində Çinarə Yusifova (11-ci sinif şagirdi) yaşadığı evin pəncərəsindən özünü atıb.

Altıncı sinifdə oxuyan (12 yaş) Avşar Mehdiyev həyatına özünü asmaqla qəsd edib. Bu hadisə Xaçmaz rayonunun Qımılqışlaq kəndində baş verib.

Xaçmaz şəhər sakini, 15 yaşlı Eldar Heydərovun intihar etməsi valideynləri üçün sirr olaraq qalıb.

Zərdab rayonunun Bəyimli qəsəbəsində Ucar rayonunun Qaradağlı kənd sakini (9-cu sinifdə oxuyurdu) özünü asıb. Bu özünəqəsdin səbəbləri də açıqlanmayıb.

Zərdabda daha bir məktəbli intiharı Çallı kəndində baş verib. 10-cu sinif şagirdi (16 yaş) Kamil Muradlı həyatına özünü asmaqla qəsd edib.

Ağsu rayonunun Rəhimli kənd sakini, 17 yaşlı (11-ci sinif) Teymur Məmmədovun intiharından sonra valideynləri onun əsəb xəstəsi olduğunu bildiriblər.

15 yaşlı Gəncə şəhər sakini İlahə Bədirli də müəmmalı şəkildə özünü asıb.

Daha bir müəmmalı özünəqəsd Şabran rayonunda baş verib. 14 yaşlı Baş Əmirxanlı kənd sakini Güləsər Abışova özünü həyətdə asıb.

Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan 16 yaşlı Rəsul Cəfərovun da özünəqəsdinin səbəbləri açıqlanmayıb.

Yasamal rayonundakı “Məhsul” stadionunda isə Samir adlı 17 yaşlı yeniyetmə asılmış vəziyyətdə aşkarlanıb.

Lənkəran rayonunun Boladi kəndində 17 yaşlı nişanlı qız Sədaqət İsmayılova özünə qəsd edib.

Valideynlərini itirən qızın faciəvi sonluğu

Balakən rayonunun Kortala kəndində 14 yaşlı Mədinə Məmmədovanın intiharını ailə faciəsi adlandırmaq olar. Özünü asan qız bir müddət əvvəl ata və anasını faciəvi şəkildə itirib. Bundan sonra babasının himayəsində yaşayan Mədinə bu addımı ilə doğmalarına daha bir faciəni yaşadıb.

11 yaşlı Ömər Nuriyevin yaxınları özünü asandan sonra kəndiri kəsib onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını qurtara bilməyiblər. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Tərtər rayonunun Bəyim Sarov kəndində isə 14 yaşlı Aytən İsmayılova (7-ci sinif şagirdi) yaşadıqları evdə özünü asıb.

İntihar edən məktəbli və yeniyetmələrin 19-u oğlan, 14-ü qız olub

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da həyatına qəsd edənlərin əksəriyyəti kişilərdir. Bu statistika məktəbli və yeniyetmələr arasında qeydə alınan intihar faktlarında da dəyişməz qalır.

Sentyabr ayında özünə qəsd edənlərin üçü oğlan olub. Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan 17 yaşlı Rəşid İmamverdiyev (orta məktəbi 9-cu sinifədək oxuyub) özünü asıb.

Səkkizinci sinif şagirdi Məzahir Xəlilov da (Kürdəmir rayonu, Şilyan kənd sakini) özünü asmaqla həyatına son qoyub. Saatlı şəhər sakini, 13 yaşlı Zülfüqar Əzizov da eyni yolla intihar edib. 

17 yaşlı Ayşən Bağırova isə Ağcabədi rayonu, Təzəkənd kəndi yaxınlığında özünü Qarabağ kanalına atıb. O, bir qrup qadınla ərazidə pambıq yığırmış. Sahədən qayıdanda qız qəflətən uzaqlaşıb və özünü kanala atıb. Heç kim üzə bilmədiyindən Ağcabədi şəhər sakinini xilas etmək mümkün olmayıb. Səbəbləri açıqlanmayıb.

Şabran rayon sakini, 17 yaşlı Ceyran Məmmədovanın özünəqəsdinin səbəbi ali məktəb tələbəsi ola bilməməsi ilə izah olunub.

Gədəbəy rayonu, Emir kəndində yaşayan Azər Haqverdiyev (13 yaş) evin yaxınlığındakı meşə zolağında asılmış vəziyyətdə aşkarlanıb.

Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 7 yaşlı Şübhan Səfərovun, Goranboy rayonu, Zeyvə kəndində yaşayan Nərgiz Quliyevanın (17 yaş) özlərini asmalarının, eləcə də Suraxanı rayonu, Hövsan qəsəbəsində 14 yaşlı Kəsirə Əliyevanın  9 mərtəbəli binanın damından özünü atmasının səbəbləri açıqlanmayıb.

Masallı rayonu, Təzəkənd kəndində 13 yaşlı Elvin Qasımovun özünü asmasının səbəbi əsəb xəstəsi olması ilə əlaqələndirilib.

Xəzər dənizi-intihar yeri

2011-ci ildə özünəqəsd edənlərin çoxu bu addımlarını özlərini asmaqla həyata keçiriblər. Dünyada da belədir. Bununla yanaşı, Azərbaycan vətəndaşları da intihar etmək üçün digər üsullardan istifadə edirlər. Ötən il odlu silahdan özünə atəş açmaqla, müxtəlif kimyəvi maddə, dərman preparatı, sirkə turşusu qəbul etməklə, boğazını və damarlarını kəsməklə, özlərini binaların damlarından, eyvanlarından atmaqla, üzərinə neft tökərək yandırmaqla intiharlar törədilib. Bundan əlavə, soydaşlarımızın bir hissəsi özünəqəsdi özlərini su anbarlarına, çaylara atmaqla reallaşdırıb. Bakıda intihar edən, yaxud buna cəhd göstərənlərin bir çoxu niyyətlərini gerçəkləşdirmək üçün Xəzər dənizini seçiblər. Qeyd edək ki, son vaxtlar bu cür faktların sayı artmaqdadır.

17 yaşlı Göygöl rayon sakini Sənan Abbasov Səbail rayonu ərazisində dostlarının yanında gecə saatlarında özünü dənizə ataraq intihar edib. Sənan hadisədən əvvəl Facebook səhifəsindəki son statusunda özünü öldürəcəyini xəbər verib. O, statusunda “ölümə gedirəm, gələn var?” yazıb. Son sözləri belə olub:”Sağ olun, mən getdim”. Hadisə dekabr ayında baş verib. Həmin ayın sonlarında dənizkənarı Milli Park ərazisində buna bənzər daha bir olay qeydə alınıb. Paytaxt sakini, 14 yaşlı Kənan Adilov özünü dənizə ataraq inthara cəhd edib və oradakı vətəndaşlar tərəfindən xilas edilib.

Tovuz rayonu, İbrahimhacılı kəndində 13 yaşlı Şahmar Zülfiyevin (7-ci sinif şagirdi) özünü asmasının səbəbi ailədaxili problemlə izah olunub. Bildirildiyinə görə, atası Şakir uzun müddətdir ailəsindən uzaqlaşaraq başqa qadınla qeyri-rəsmi yaşayırmış. Atasını həddindən artıq istədiyindən onun evə gəlməməsindən psixoloji sarsıntı keçiribmiş.

Cəlilabad rayonu, Günəşli kəndində ərdə olan 15 yaşlı Rədimə Həsənovanın özünü asması nə qədər müəmmalıdırsa, bir o qədər də dəhşətlidir. 2011-ci ilin iyun ayında toyu olan qızın meyitini dekabrın 25-də 21 yaşlı həyat yoldaşı aşkarlayıb. Özünə qəsdin səbəbləri açıqlanmayıb. Bəs, 15 yaşlı qız necə ərə verilib?

Yeri gəlmişkən, ötən il rəsmən qeydə alınan intihar faktlarının 30-a qədərinin baş verməsinə ailədaxili mübahisə və münaqişələrin səbəb olduğu müəyyənləşdirilib. Bunların içərisində hətta çox dəhşətli olaylar da var.

Dəhşətli ailə faciələri

Nəsimi rayonunda 37 hyaşlı Rövşən Mehrəliyev mətbəx bıçağı ilə nənə Elmira Mehrəliyevanı, evin gəlini Lalə Mehrəliyevanı, azyaşlı uşaqları İlhamı və Səidəni xüsusi amansızlıqla qətlə yetirib, sonra qarnına bir neçə zərbə vuraraq özünü də öldürməyə cəhd edib. Bu əməlinə görə həbs olunan R.Mehrəliyev sonradan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında özünü asmaqla intihar edib. 

Astara rayon sakini, 37 yaşlı Rövşən Əsədullayev də ƏN Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində özünü öldürüb. O, 2010-cu ilin sonunda həyat yoldaşı Kəmalə Zərbəliyevanı bıçaqla qətlə yetirib, qaynanası Zərxanım Zərbəliyevanı yaraladığına görə, Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əsədullayev ağır cinayəti törətdiyi zaman özünü də öldürməyə cəhd etmişdi.

Xatırladaq ki, 2011-ci il boyu müxtəlif cəzaçəkmə müəssisələrində, polis şöbələrindəki müvəqqəti saxlanma təcridxanalarında 11 intihar və özünəqəsd cəhdi qeydə alınıb.

Nurlan Şabanov ƏN-yi Penitensiar Xidmətin Binəqədi rayonunda yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində özünü asıb. 31 yaşı olmasına baxmayaraq beşinci dəfə məhkumluq həyatı yaşayan N.Şabanov sonuncu dəfə Suraxanı Rayon Məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İyul ayının 28-də müəssisəyə gətirilən məhkum sentyabrın 9-da intihar edib.

Xudat şəhər sakini, 31 yaşlı Rəhman Rəhmanov Xaçmaz Rayon Polis Şöbəsinin saxlanma təcridxanasında əvvəlcə siqaret kötüyü ilə özünü yandırıb, sonra yanan yeri dəmir parçası ilə kəsib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dekabrın 8-də 23 yaşlı Fərid Dadaşov ƏN-yi Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Müəssisəsində cəza çəkən və müəssisənin daxili rejim qaydalarını pozduğuna görə cərimə otağında saxlanılan 28 yaşlı Faiq Fərəcovla birgə insident yaradıblar. Müəssisə əməkdaşlarına xəsarət yetirdikdən sonra F.Fərəcov qaçıb, F.Dadaşov isə cərimə otağının pənəcərəsindən özünü asıb. O, CM-nin 180.2.1 və 180.2.2-ci  (soyğunçuluq) maddələri ilə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan cəzasının müəyyən hissəsini çəkdiyi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.

Şimal bölgəsində 34 nəfər həyatına qəsd edib

Ötən il ən çox intihar hadisəsi şimal və cənub bölgələrində qeydə alınıb. Şimal bölgəsində canına qəsd edənlərin sayı 34 olub. Burada ən çox intihar hadisəsi Xaçmaz rayonunda baş verib, onlardan üçü məktəbli olub. İlboyu Cənub bölgəsində 32 nəfər özünə qəsd edib. Lənkəranda intihar edənlərin sayı isə rekord həddə -15 nəfər olub.

Yeri gəlmişkən, Azərbaycan vətəndaşları təkcə hansısa ciddi sosial, yaxud yaşamalarına əngəl olandigər problemlər üzündən həyatlarına qəsd etmirlər. Ötən il intiharı yeganə çıxış yolu seçənlərin bəziləri uğursuz sevgi ilə üzləşdiklərindən, yaxud uzun müddət birgə yaşadıqları yaxınlarını itirdiklərinə görə özlərini həyatdan məhrum edib, yaxud buna cəhd göstəriblər.

Sevgi intiharları - yaşın nə fərqi var ki?..

Xaçmaz rayonu, Əbilyataq kənd sakini Sədaqət İbrahimovanın intiharının səbəbləri araşdırılarkən məlum olub ki, 73 yaşlı qadın 3 ay əvvəl xəstəlikdən dünyasını dəyişən 52 illik həyat yoldaşının yoxluğuna dözə bilməməsi səbəbindən bu yolu seçib. O, arvadının ölümündən sonra tez-tez şikayət edərək, onsuz qala bilmədiyini deyirmiş.

Nərimanov rayonu ərazisində Bakı Biznes Kooperasiya Kollecinin tələbəsi Əvəz Əsgərovun özünəqəsd cəhdinin səbəbinin sevdiyi qızdan rədd cavabı alması olub. 

Xətai rayonu, Balaxanı qəsəbə sakini, 70 yaşlı Asim Əliyev  üstünə benzin tökərək özünü yandırıb, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Mərhumun özünəqəsdinin səbəbi həyat yoldaşının ağır xəstə olması və onu müalicə etdirmək üçün pul tapmaması ilə əsaslandırılıb.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 24 yaşlı Ləman Sadıqova özünü asıb. Məlum olub ki, qız 4 il əvvəl nişanlanıb. Lakin nişanlısı aprelin 9-da başqa bir xanımla ailə qurub. Bundan xəbər tutan L.Sadıqova özünə qəsd edib.

31 yaşlı Xəyalə Nuhzadə Göyçay rayonu, Bığır kəndində intihar məqsədilə sirkə turşusu içib. Aprelin 18-də onun 42 yaşlı həyat yoldaşı Rauf Nuhzadə qətlə yetirilib. Xanımı bu itkiyə dözmədiyindən özünə qəsdə cəhd göstərib.

Ərlə-arvadın, nişanlıların dəhşətli intiharı           

İmişli rayonunda həmyaşıd (37 yaş) olan ər-arvad Səbinə və Teymur Qurbanovlar mart ayında heyvanlar üçün istifadə olunan “krialin” məhlulu içərək özlərini zəhərləyiblər. Eyni vaxtda baş verən bu özünəqəsdin səbəbləri açıqlanmayıb.

Sentyabr ayında Siyəzən rayonu, Kəndahar kəndində 27 yaşlı Feyruz Quliyev və 23 yaşlı nişanlısı Vüsalə Əmiraslanova özlərini eyni gündə eyni vaxtda asıblar. Gənclərin yaxın vaxtlarda toyları olacağı bildirilsə də, bu dəhşətli intiharın səbəbləri açıqlanmayıb.

Oktyabr ayında iki həftə əvvəl toyu olan Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 31 yaşlı Nazim Həsənov əvvəlcə həyat yoldaşı, 20 yaşlı Rübabə Həsənovanın şah damarını kəsərək amansızlıqla qətlə yetirib, sonra özünü asıb. Bu dəhşətli olayın da hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Hərbçilər niyə intihar edir?

2011-ci ildə rəsmən qeydə alınan intiharların  10-dan çoxu hərbçilər tərəfindən törədilib. 

Müdafiə Nazirliyinin Şəmkirdəki “N” saylı hərbi hissəsində 18 yaşlı əsgər Bəxtiyar İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb. Şəki Rayon Hərbi Komissarlığından xidmətə çağırılan əsgərin özünəqəsdinin səbəbləri açıqlanmayıb.

İsmayıllı Rayon Hərbi Komissarlığından xidmətə çağırılan 18 yaşlı İxtiyar Mürsəliyev Naxçıvan MR-dakı “N” saylı hərbi hissədə xidməti silahı ilə özünü vurub.

Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin tibb xidməti rəisi, kapitan Ceyhun Zahidov isə intihar etmək məqsədilə əvvəlcə qollarını doğrayıb. Bir müddət Naxçıvanda müalicə alan C.Zahidov yenidən intihar etmək məqsədilə yaralı qollarını qaynanmış suya salıb. Onun vəziyyəti yenidən pisləşib və zabit ağır vəziyyətdə Bakıdakı hərbi hospitala gətirilib.      

Azər HÜSEYNBALA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok