Modern.az

AzərTAc-ın Amerika müxbiri Şəfəq Akifqızı: “Təhlükəsizlik xidməti əşyalarımı yoxlayanda, gördüm ki, diktofonum oğurlanıb” - FOTOLAR

AzərTAc-ın Amerika müxbiri Şəfəq Akifqızı: “Təhlükəsizlik xidməti əşyalarımı yoxlayanda, gördüm ki, diktofonum oğurlanıb” - FOTOLAR

5 Yanvar 2012, 10:22

”Həmin an Heydər Əliyev mənim media mənsubu deyil, adi bir vətəndaş olduğumu düşünmüşdü”

”Dövlət Departamentinin əməkdaşı dedi ki, Ermənistan prezidentinin sözləri bir gədənin özündən böyüyünə qaytardığı cavab kimi səsləndi”

Modern.az saytı AzərTAc-ın Amerika müxbiri Şəfəq Akifqızı ilə müsahibəni təqdim edir.

- Sizi həm AzərTAc-dan, həm də telekanallardan tanıyırıq. Amma istərdik özünüz barədə bir qədər ətraflı məlumat verəsiniz. Şəfəq Akifqızı kimdir?

- AzərTAc Dövlət Teleqraf Agentliyinin ABŞ üzrə xüsusi müxbiriyəm. Artıq 15 ildən çoxdur ki, media sahəsində çalışıram. Bu vaxt ərzində özümü televiziya, radio, qəzet və xəbər agentliyi jurnalistikasında sınamışam. Medianı ən maraqlı, məsuliyyətli və tələbedici sahələrdən biri hesab edirəm. Jurnalist olmasaydım belə, günümü son xəbərlərsiz təsəvvür edə bilməzdim. Atalar demişkən, qulaq hər gün bir söz eşitməsə, kar olar.

- Professional jurnalistikaya necə gəlmisiniz, indiki işinizə qədər haralarda çalışmısınız?

- Bunun maraqlı tarixçəsi var. Mən, jurnalist olmaq haqda heç vaxt düşünməmişdim. Uşaqlıqdan valideynlərimin arzusu məni həkim görmək idi. Lakin xarici dillərə də böyük həvəsim var idi. Ona görə, orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra sənədlərimi yeni təsis olunan və bütün fakültələr üzrə ingilis dilində dərslər keçən “Xəzər” Universitetində verdim. İmtahanlardan yüksək nəticə qazanıb “Xəzər” Universitetinin tibb fakültəsinə daxil oldum. Tibb sahəsində oxuyanlar, yəqin ki, razılaşarlar ki, ilk illərin baza fənnləri - anatomiya, biokimya, biofizika və digər fənnləri mənimsəmək asan deyil. “Xəzər”də isə bunu üstəlik ana dili olmayan ingilis dilində etmək lazim idi. Amma, təcrübə fərqli, universitetdə yaradılan şəffaf və demokratik ab-hava və, ən əsası, yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsi burada təhsili mənim üçün unudulmaz, tamamilə yeni və maraqlı bir təcrübəyə çevirmişdi. Tələbə olmaqla yanaşı, həm də 2-ci kursdan biliklərimi tədbiq etmək üçün Caparidze adına 3 nömrəli klinik xəstəxanada təcrübə toplayırdım. Gündüzləri dərsdə, gecələri isə xəstəxanada keçiridim. Bu minvalla, təhsilimi bitirib bacarıqlı həkim olmaq istəyirdim.
Lakin, bir gün universitetə gələndə, divarda “215KL” studiyasının üç dildə sərbəst danışan, efirə yararlı səsi və görünüşü olan gənclər axtardığı barədə müsabiqə elanını görüb, ora yazıldım. 60 nəfərdən çox tələbənin qatıldığı müsabiqənin qaliblərindən biri oldum. Müsabiqədə münsiflər heyətinin sədri olan tanınmış aparıcı Nərgiz xanım Cəlilova səsimi və diksiyamı bəyənmişdi. Qaliblər Nərgiz xanımla təlim mərhələsi keçdilər. O, bizə Azərbaycan Televiziyasının yüksək peşəkar məktəbinin təmiz tələffüzü, qüsursuz oxu tərzi, mətndə məntiqi vurğuların qoyulması sirlərini öyrətdi. Bu mənada, Nərgiz xanımın məktəbini keçmək nadir bir imkan və böyük şərəf idi.
“Space” telekanalı açılanda, yayım şirkətinin prodüsseri olan Nərgiz xanım məni ora dəvət etdi. 1997-ci ilin oktyabrın 12-də “Space” canlı yayıma başladı. Axşam saat 20.00-da  “Hər gün” adlı xəbər proqramını təqdim etməyi mənə həvalə etdilər. Bu, mənim canlı yayımda ilk çıxışım idi. Üstəlik, yeni kanalın ilk dəqiqələrinin təqdimatı idi. Nə qədər böyük məsuliyyət və həyəcan hiss keçirdiyimi heç unutmaram. İnformasiya buraxılışı bitəndən sonra, studiyadan çıxıb həmkarlarımın və Nərgiz xanımın təbəssümünü görəndə, pis alınmadığını başa düşdüm. Televiziyaya cəlb olunandan sonra tibb sahəsinə həvəsim yavaş-yavaş azalmağa başladı. Ona görə mən də, yarımçıq papaqçılıq etmək istəmədim. İxtisasımı dəyişərək “Xəzər” Universitetinin humanitar elmlər fakültəsinə keçib ingilis dili və şərqşunaslığı öyrənməyə davam etdim. Bakalavar dərəcəmi də fərqlənmə ilə məhz bu sahədə qazandım.

- Bəs necə oldu ki, AzərTAc-ın Amerika müxbiri kimi fəaliyyətə başladınız...? Yəni Amerikaya necə getdiniz?

- “Space” kanalında işlədiyim dövrdə Amerikaya gəlmişdim. İlk dəfə 1999-cu ildə CNN-in  dəvəti ilə xəbər kanalının Atlanta şəhərindəki baş qərargahında “Beynəlxalq Peşəkarlar Proqramı” çərçivəsində bir ay işləmişdim. O zaman, CNN İnternational kanalında “CNN World Report”, indi isə “CNN World View” adlı populyar proqram var idi. 1987-ci ildə təsis olunan bu proqramın məqsədi dünya jurnalistlərinə qlobal forum vermək, müxtəlif ölkələrdən gələn xəbərləri yerli media nümayəndələrinin gözü ilə işıqlandırmaq idi. Mən də, 1998-ci ildə bu proqramla əməkdaşlıq etməyə başlamışdım. Azərbaycanın bu verilişə qoşulması təşəbbüsü hazırda ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məxsus idi. Məhz bu yolla biz, ilk dəfə olaraq Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqisində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi, “Qara Yanvar”, Xocalı faciəsi, məcburi köçkün və qaçqın düşən insanların taleyi barədə reportajları dünyaya öz səsimizlə yaydıq.   

Qeyd etməliyəm ki, CNN-ə göndərilən bütün reportajlar qəbul olunmurdu. Mən, bu haqda Atlantada olarkən öyrəndim. Orada bizə, həm də, CNN-in xəbər standartları haqda təkmilləşdirmə kursları keçərək hansı videomaterialların qəbul olunduğunu izah edirdilər. Mənim Azərbaycandan göndərdiyim sujetlərin hər biri yayımlanmışdı. Hətta bəziləri bir neçə dəfə efirə verilmişdi. Məsələn, Azərbaycanın Sovet dövründən miras qalan Xəzər dənizində çirkab tullantıları üzrə həyata keçirdiyi səylər iki dəfə efirə verildikdən sonra Portuqaliyada ətraf mühitin qorunması üzrə beynəlxlaq konfransda da nümayiş etdirilmişdi. Qara Yanvar, Xocalı faciəsi barədə video materiallarımız da CNN-də bir neçə dəfə efirə verilmişdi. Aparıcı efirdə onları təqdim edərkən, əvvəlcədən tamaşaçılara xəbərdarlıq edirdi ki, süjetlərdə əks edilən kadrlar bəzi tamaşaçılara pis təsir edə bilər. Lakin, reportajlar heç bir senzura olmadan efirə buraxılırdı. CNN-ın tanınmış aparıcılarından biri Ralf Venc mənimlə müsahibə etmək istəyirdi. Dağlıq Qarabağ məsələsinin yaranması, Ermənistana və Azərbaycana təsiri, tərəflərin mövqeləri, bölgədəki fövqəldövlətlərin burada maraqları və s kimi məsələlərə toxunacaqdıq. İlk dəfə məni gördükdə bir qədər tərəddüd etdi, çünki yaşımın az olması ona qeyri-ciddi təsir bağışlamışdı. Məndən işlədiyim kanalda nə ilə məşğul olduğumu soruşanda, “Space” TV-də ana xəbərlərin aparıcısı olduğumu demişdim. İndiki kimi yadımdadır, o, gülümsəyərək cavab verdi: “Sizin kimi gənc bir adam ana xəbərləri təqdim edəndə tamşaçı ona necə inanır?”. Amma müsahibəyə hazırlıq kimi biz geniş söhbət etdik və o, mənim bütün cavablarımdan razı qaldı.  1999-cu il martın 24-də canlı yayımlanmalı idi. Lakin, həmin gün NATO Yuqoslaviyaya üç ay davam edən hərbi kampaniyasını başladı - Rambuye danışıqlarında əldə olunan razılıqdan serblər geri çəkildiyinə görə, ABŞ NATO müttəfiqləri ilə birlikdə Kosovonu müdafiə etmək üçün hava hücumlarına keçdi. Ona görə də, CNN də daxil olmaqla Amerikanın bütün xəbər kanalları yalnız bu mövzunu işıqlandırdılar.

İkinci dəfə Amerikaya bu ölkədə yaşayan etnik azlıqlar barədə sənədli film çəkmək üçün qayıtdım. Yaradıcı heyətimiz Nyu-York, Vaşinqton, Los-Anceles və San-Fransiskoda olduqca maraqlı iki həftə keçirdi və müxtəlif etnik mənşəli icmaların güzaranı, onların ABŞ-ın ictimai-siyasi həyatında rolu, Amerika həyatına adaptasiyası, həyat tərzinin özəllikləri ilə tanış oldu. Birləşmiş Ştatlarda yəhudi, italyan, erməni, yapon icmalarının mütəşəkiliyinin şahidi olduq. O zaman böyük fərəh hissi ilə Nyu-Cersidə fəaliyyət göstərən Amerikadakı ilk və ən qədim diaspor təşkilatımız - Amerikanın Azərbaycan Cəmiyyətinin nümayəndələri və onun prezidenti Tomris xanım Azəri ilə tanış olub, müsahibə almışdıq. 1999-cu ildə icmamız hələ də azsaylı və pərakəndə idi. Nyu-Yorkun “Kiçik İtaliya” məhəlləsində keçirilən ənənəvi San-Cennaro festivalında çəkilişlər aparanda düşünürdüm ki, görəsən Azərbaycan və Türk mədəniyyəti də Amerikada belə geniş şəkildə təmsil olunacaqmı?
Şadam ki, bu gün Amerikanın müxtəlif şəhərlərində Türk festivalları da artıq ənənə şəklini alıb və Azərbaycan icması da burada mütəmadi olaraq öz guşələri ilə təmsil olunurlar.

Amerikadakı layihələrimdən sonra Azərbaycana dönəndə “Space” kanalında “Space news” ingilis dilində həftəlik xəbər icmalı proqramını yaratdım. Az bir zamanda, bu proqram Azərbaycanda ingilis dilində xəbərlər boşluğunu aradan qaldırdı və ölkədə yaşayan əcnəbilərə Azərbaycanda baş verənlərdən xəbər tutmaq imkanı verdi.

AzərTAc Dövlət Teleqraf Agentliyi ABŞ-da müxbir postunu açanda mən Vaşinqtona ezam olunmaq təklifi aldım. Məmnuniyyətlə qəbul etdim. Ölkənin ən qədim, böyük və nüfuzlu xəbər agentliyinin əməkdaşı olmaq nadir bir imkan idi. Əlbəttə, “Space” kanalında işləyəndən sonra AzərTAc-ın iş və yazı üslubuna alışmaq, fəaliyyətimi onun strateji xəttinə uyğun qurmağı öyrənməliydim. Aslan Aslanov, Vaqif Musayev, Dağbəyi İsmaylov kimi peşəkarlar illər ərzində səbrlə AzərTAc-ın yeni nəslinə Dövlət Teleqraf Agentliyinin fəaliyyətinin özəllikləri, informasiya yazılışı, seçimi, redaktə xüsusiyyətlərini öyrətdilər. Buna görə, mən, onlara minnətdarlığımı bildirirəm. İşimin nə qədər məsuliyyətli olmasını Vaşinqtona gəldiyimin ilk günlərdən anladım - məqalələrdən biri  Florida ştatında 2-ci dünya müharibə iştirakçılarının xatirəsini anan abidənin açılışı haqqında idi. Abidənin memarı azərbaycanlı idi. İlk baxışdan siyasi maraq kəsb etməyən bir xəbər idi. Lakin xəbər AzərTAc-da dərc ediləndən cəmi bir neçə gün sonra memar mənimlə əlaqə saxlayıb bildirdi ki, bu materialı oxuyandan sonra Florida ştatının erməni icması şəhər rəsmiləri ilə əlaqə saxlayaraq, layihənin niyə, necə, nəyə görə məhz Azərbaycan mənşəli memara tapşırıldığının izahatını tələb ediblər. Xatırladım ki, bu, hələ AzərTAc-ın 24 saatda altı əsas beynəlxalq dildə xəbər yaydığı zamanlar deyildi.

- Bildiyimiz qədər ABŞ-da da oxumusunuz. Orada jurnalist təhsili almısınız, yoxsa başqa ixtisasa yiyələnmisiniz?

- Elədir. Amerikada ali təhsilimi davam etdirmişəm. 2000-ci ilin sentyabrında Amerikada işıqlandırmalı olduğum ilk böyük toplantı BMT-nin “Minillik Zirvə toplantısı” idi. Bu, o zamana qədər dünya liderlərinin ən böyük  və geniş miqyaslı toplantısı idi. 189 dövlət və hökumət başçıları Nyu-Yorka gələrək başlayan yeni minillikdə BMT-nin rolu, üzv dövlətlərin daha sabit, rifahlı  və əminamanlı beynəlxalq icma quruluşuna verə biləcək töhfələri müzakirə edirdilər. Birdən-birə qloballaşma gündəlik həyatın reallığına çevrildi. Və mən, məhz Zirvə toplantısı zamanı müxtəlif nümayəndə heyətlərinin üzvləri ilə söhbətlər əsasında başa düşdüm ki, siyasətə mühafizəkar baxışların mərhələsi geridə qaldı. 21-ci əsr qloballaşma dövrü, səddlərin aradan qalxdığı, münaiqşələrin həlli, təhlükəsizlik, enerji təminatı, yoxsulluq, QİÇS və digər yoluxucu xəstəliklər, ətraf mühitin qorunması kimi məsuliyyətlərin birgə paylaşması dövrü olacaq. Hər bir dövlətin qəbul etdiyi qərar tək ona yox, bölgədəki qonşularına, bütün beynəlxalq icmaya təsir edəcək. Ona görə, Nyu-Yorkdan qayıdandan sonra sənədlərimi tanınmış Corc Vaşinqton Universitetinə verib qəbul olundum. Beynəxlaq Siyasət və Tədbiq sahəsi üzrə magistr dərəcəsi aldım. 

- Səhv etmiriksə, mərhum prezident Heydər Əliyev və hazırki dövlət başçısı İlham Əliyevdən olan azsaylı müsahibələrdən birini Siz almısınız. Bunların tarixəsi necə olub?

- Doğrudur. Mərhum prezident, ümumilli lider Heydər Əliyevlə müsahibə mənim jurnalistlik fəaliyyətimdə ən yadda qalan məqamlardan biri olub. 2000-ci ildə Prezident Heydər Əliyev ABŞ-a işguzar səfərini bitirəndən sonra müayinədən keçmək üçün Klivlend xəstəxanasına getmişdi. Onun burada qalması bir qədər uzanmışdı. Rusiyanın bəzi KİV-ləri isə bundan istifadə edərək dövlət başçısının vəfatı barədə təxribat xarakterli məlumat yaymışdılar. Mən, dərhal Klivlendə ezam olunaraq Heydər Əliyevdən müsahibə götürməli idim. Otağa daxil olanda və onu gumrah görəndə, sevinərək “Cənab Prezident, Sizi belə xoş əhval-ruhiyyədə görməyimə şadam” demişdim. O, mənim həmin an media mənsubu deyil, adi bir vətəndaş sevincimi başa düşüb gülümsəmişdi. Doğrusu, bizim məqsədimiz, dövlət başçısından Azərbaycan icmasına bir mesaj çatdrmaqdan ibarət olsa da, Heydər Əliyev AzərTAc-a həmin vaxt geniş müsahibə verdi. Mənim bütün suallarımı diqqətlə dinləyərək onun Amerikaya bu dəfəki səfəri, ABŞ-Azərbaycan münasibətləri, Ermənistan prezidenti ilə danışıqları, GÜÖAM təşkilatı barədə suallarımızı ətraflı cavablandırdı. Hətta söhbətimizin ortasında onu müalicə edən həkim içəri daxil olaraq prezindentlə danışmalı idi. Biz, müsahibəyə ara verdik və mən otaqdan çıxdım. Lakin, Heydər Əliyev həkim gedəndən sonra məni bir daha içəri çağırdı və müsahibəni sona çatdırdı. Hətta həkimin ona dediklərini də bölüşdü. Heydər Əliyev ölkədə medianın roluna böyük önəm verirdi. Yəqin, hamı xatırlayır ki, onun hər bir səfəri, keçirdiyi hər görüş, hər müşavirə media tərəfindən ətraflı işıqlandırılırdı. O, jurnalistlərin bütün suallarına səbrlə və ətraflı şəkildə cavab verirdi. O, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən bir lider kimi media vasitəsi ilə ictimayyətlə davamlı ünsiyyətdə idi. Mən, əminəm ki, onunla hər bir təmas tək mən deyil, digər həmkarlarım üçün də olduqca yadda qalan və önəmli idi.

Prezident İlham Əliyevlə müsahibə isə onun Vaşinqtona Milli Məclis üzvü və ARDNŞ-nin birinci vitse-prezidenti qismində səfəri zamanı olub. 2002-ci ildə olan bu səfər ABŞ paytaxtının siyasi dairələrinə ilk dəfə olaraq cənab Əliyevi yaxından tanımaq imkanı vermişdi. O, ABŞ-ın viste-prezidenti Riçard Çeyni, bir sıra Konqres üzvləri, təhlil mərkəzlərində görüşlər keçirdi, Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda məruzə ilə çıxış etdi. Məhz bu səfər zamanı, İlham Əliyevin Azərbaycanın gələcək dəyərli lideri olacağına  Amerikada inam yarandı. Xatırlayıram ki, ABŞ enerji naziri Spenser Abraham görüş başlamamışdan əvvəl qeyri-rəsmi söhbətdə ona dedi: “Cənab Əliyev, xəbərləriniz özünüzdən qabaq gəlir. Şəhərdə hamı sizinlə görüşlərdən çox təəssüratlanıb”. Mən, səfəri AzərTAc-la yanaşı, o zaman əməkdaşlıq etdiyim “Lider” telekanalı üçün də işıqlandırırdım. Biz, Vaşinqtondan canlı yayıma çıxaraq İlham Əliyevdən səfər təssüratları barədə “Lider” telekanalı üçün müsahibə götürmüşdük.  

- Fəaliyyətiniz dövründə başqa hansı məşhur insanlardan, o cümlədən yüksək çinli dövlət rəsmilərindən müsahibələr almısınız? Ən maraqlı müsahibiniz kim olub? Və niyə?

- Mənim izlədiyim və işıqlandırdığım xəbərlərin əksəriyyəti ABŞ-ın xarici siyasəti, xüsusilə də Azərbaycan, Cənubi Qafqaz, Xəzər hövzəsi, Avrasiya bölgəsi və İslam dünyası ilə bağlıdır. Ona görə də, respondetlərimin əsas hissəsi məhz bu sahənin nümayəndələridir. Bu illər ərzində yadda qalan hadisələr çox olub.

Məsələn, 2001-ci ilin aprelində Ki-Vest adasında Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarını izləmək məni özümə tarix səhifələrinin yazılmasının canlı iştirakçısı kimi hiss etdirirdi. Biz, dörd gün ərzində kiçik bir adada- ərazisi heç 14 kvadrat km-yə çatmayan bir yerdə erməni nümayəndə heyəti ilə birlikdə idik. Floridada turzim mərkəzlərindən biri kimi tanınan Ki-Vestdə prezidentləri müşaiyət edən nümayəndə heyətləri, təhlükəsizlik xidmətinin ciddi geyimləri və davranışı istirahət ab-havasına alışan Ki-Vestlilərin böyük marağına səbəb olmuşdu. Danışıqlar o zaman Dövlət Katibi olan Kolin Pauelin təşəbbüsü ilə keçirilirdi. Danışıqlar bağlı qapılar arxasında keçirilsə də, ilk gün hər iki prezident jurnalistlər qarşısında brifinqlə çıxış etdilər. Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin kökləri, bu bölgənin tarixi, eləcə də münaqişədə Azərbaycanın mövqeyi, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə danışdı və münaqişənin sülh yolu ilə həllinə ümidini bildirdi. Daha sonra, Robert Köçəryan söz alaraq iki cümlə ilə bildirdi ki, bu boyda yolu buradakılara tarix dərsi verməyə gəlməyib. Bu sözlərdən sonra otaqda narahat bir ab-hava yarandı. Xatırlayıram, danışıqlar bitəndən sonra Vaşinqtona qayıdanda, Dövlət Departamentinin yayım şöbəsindən səfəri izləyən əməkdaşlardan biri yaxınlaşıb mənə dedi ki, Azərbaycan prezidentinin məlumatlı çıxışı və orada olan jurnalistlərə ehtiramla yanaşması fonunda Ermənistan prezidentinin sözləri çox qeyri-etik, bir gədənin özündən böyüyünə qaytardığı cavab kimi səsləndi. Sonda dözməyib əlavə etdi: “Adam həmin an istəyirdi lap, əlindəkini onun başına çırpsın”. 

Ümumiyyətlə, bu illər ərzində Amerikada ermənilərlə bağlı yadda qalan çox epizodlar olub.

Harvard Universitetində Qara Dəniz Təhlükəsizliyi Proqramının növbəti toplantısını işıqlandırmaq üçün Bostondaydım. Burada Qara Dəniz hövzəsi ölkələrinin nümayəndələri iştirak edirdi. Ermənistanın da hüquq-mühafizə strukturlarının yüksək səviyyəli rəsmiləri gəlmişdilər. Gün ərzində davam edən müzakirələr zamanı mən, müxtəlif nümayəndə heyətlərinin üzvlərindən müsahibələr götürürdüm. Bunların arasında Ermənistan nümayəndələri də var idi- Xarici İşlər Nazirliyi, Müdafizə Nazirliyinin təmsilçiləri ilə söhbət edirdim. Müdafiə nazirinin müavini mənim Bakıdan olduğumu bilib sevindi. O, da Bakıda böyümüşdü, nostalji hissləri ilə məndən şəhəri, dəyişib-dəyişmədiyini soruşdu. Hətta həsrətlə gənc olanda məhəllədə yaşayan bir azərbaycanlı qıza vurulduğunu da yada saldı. Ermənistan nümayəndə heyətinin başçısı isə təhlükəsizlik nazirinin müavini idi. Mənimlə bir söz kəsməyən yeganə şəxs o idi. Həmkarlarının AzərTAc-a müsahibə verməsini görəndə, əsəbi halda gəzişirdi. Toplantı bitəndə mən, Vaşinqtona qayıtmaq üçün hava limanına yollanmalı idim. Zalda qoyulan masadan tələsik bir qəhvə almaq üçün ehtiyatsız şəkildə çantamı stulun üstünə qoyub iki dəqiqəlik ayrıldım. Daha sonra qayıdıb çantamı götürüb, yola düşdüm. Hava limanında təhlükəsizlik xidməti əşyalarımı yoxlayanda, gördüm ki, diktofonum yoxa çıxıb.

Maraqlı həmsöhbətləri soruşursunuzsa, Amerikanın sabiq milli təhlükəsizlik müşaviri Zbiqnev Brzejinski ilə söhbət həmişə yadda qalandır. Çünki onun ən mürəkkəb siyasi cərəyanları, ən qeniş miqyaslı hadisələri sadə şəkildə ifadə etmə və qiymətləndirməsi əvazsizdir. Xarici işlər nazirinin müavini, Azərbaycanın Vaşinqtondakı sabiq səfiri Hafiz Paşayevlə söhbətlərim həmişə maraqlı idi. Cənab Paşayev Amerikanın siyasi sistemini dərin və mükəmməl şəkildə bilən bir diplomatdır. Onunla söhbətlərdən mən çox şey öyrənirdim. Amerikanın Dövlət Katibi, Vitse-prezidenti, enerji naziri, Pentaqonun yüksək rütbəli rəsmiləri ilə müsahibələrim olub.

Amma, doğrusu, ən yadda qalan, siyasi mövzu deyil, insani mövzular idi. Məsələn, Azərbaycandan uşaq övladlığa götürən ailələrlə söhbət edəndə, bu uşaqlara ayrılan diqqət, verilən sonsuz məhəbbətin və qayğının şahidi olmaq yaddan çıxmır. Sizə belə bir hadisə də danışım. Bir gün gözəllik salonunda saçlarımı kəsdirirdim. Yanımdakı kresloda əyləşən şəxsin yarım saata yaxın hərdən bir mənə çönüb baxmasını gördüm. Bu marağın nədən yarandığını başa düşə bilmirdim. Sonda mənə yaxınlaşıb, heç ağlıma gətirə bilməyəcim bir cümlə dedi: “Sizin gözləriniz mənim qızımın gözlərinə oxşayır”. Çox təəcübləndim. Söhbət edəndə, aydın oldu ki, o balaca qızı Natavanı Azərbaycandan övladlığa götürüb.

Ümumiyyətlə, jurnalist yazdığı xəbərə peşəkarcasına yanaşmalı, öz rəyini və ya hisslərini işindən kənar saxlamalıdır. Xəbər biznesi emosiya deyil, faktlar üzərndə qurulmalıdır. Amma hərdən, bundan qaça bilmirsən. 2005-ci ildə Amerikada yaşayan həmvətənimiz Murad Rəhimov ABŞ dəniz piyada qoşunlarının kiçik kapralı kimi xidmət edərkən İraq müharibəsində vertolyot qəzasında həlak olmuşdu. Onun cəmi 20 yaşı var idi. Bu barədə məqalə yazmaq üçün mən, Muradın Kaliforniyadakı ailəsi ilə telefonla danışmışdım. O zaman mənim oğlumun heç bir yaşı yox idi. Məqalə yazmağa başlayanda bir anlıq özümü onların yerində hiss etdim. Muradın valideynlərinin ona bağladığı bütün istək və arzuları barədə düşündüm, onu 20 il ərzində hər gün sevgi və qayğı ilə böyütdüklərini, onun gələcəyinə necə ümidlə baxdıqları barədə düşündüm. Özümü saxlaya bilmədim, gözümdən yaş axırdı. Kiçik bir məqaləni böyük çətinliklə başa vurdum.

- Azərbaycanda fəaliyyət göstərən hansı mətbuat orqanlarını izləyirsiniz?

- Vaşinqtonla Bakı arasında 9 saat vaxt fərqi olduğuna görə, burada mənim iş günüm başlayanda, Azərbaycanda qızğın xəbər günü demək olar ki, yekunlaşır. Əlbəttə,  hər səhəri  AzərTAc-ın xəbər lenti ilə açıram. Bundan başqa, çalışıram, müxtəlif mövqeləri təmsil edən rəylərlə tanış olum. 1news.az, ingilis dilli news.az xəbər portalları, yeni yaradılan on-line Yurd TV-ni izləyirəm. Əlbəttə, mənim işim üçün əhəmiyyət kəsb edən tək Azərbaycan xəbərləri deyil, həm də Amerikada baş verən hadisələrdir. “Vaşinqton Post”, “Vaşinqton Times” qəzetləri, CNN-nin xəbər başlıqlarını izləyirəm, NBC kanalının səhər proqramı - “Today” isə tək siyasət deyil, Amerikada ictimai rəyi formalaşdıran digər cərəyanlarla da tanış olmağa imkan verir. 
Gün ərzində Dövlət Departamenti, Ağ Ev və Konqresdə bölgəmizə aid olan şərhləri və rəyləri izləyirəm, Vaşinqtonun təhlil mərkəzlərinin Azərbaycan, Cənubi Qafqaz və Xəzərlə bağlı bütün konfrans, müzakirə, dinləmə və seminarlarını yaxından izləyirəm, Amerikada yaşayan azərbaycanlı icmasının fəaliyyətini işıqlandırıram. Amma, işimin başqa tərəfi də var. Azərbaycanda baş verənlər barədə Vaşinqtonun müxtəlif dairələrinin nümayəndələri ilə söhbət etmək, onların suallarına cavab vermək, ölkəmizin xarici siyasətində atdığı addımları izah etmək, və sadəcə, Azərbaycanı və azərbaycanlıları tanımaq istəyən adamlarla ünsiyyətdə olmaq. Maraq böyükdür və ildən-ilə artmaqdadır. Bunu nəzərə alaraq, mən ABŞ-ın “Qarabağ” Fondunun Vaşinqtondan yayımlanan “New World Radio” dalğasında həftəlik “Azərbaycan Radio Saatı” verilişinin təsisinə kömək etdim. Hər bazar günü saat 12-dən 1-ə qədər apardığım verilişlərdə Azərbaycanla maraqlananlar yeni bir mövzuda- xalçalar, muğam, etno- caz, mətbəx kimi mövzularda proqramlarla tanış olurlar. Radio dalğa Vaşinqtonun 5 milyon dinləyici auditoriyası olan ərazini əhatə edir. Bundan başqa, proqramlar radio stansiyanın internet səhifəsində də yayımlanır. İlk aylar ərzində “Azərbaycan Radio Saatı”nı tək internet vasitəsi ilə on iki min dinləyici izləyib.

- Amerikadakı Azərbaycan diasporunun erməni diasporu kimi güclü olmasına hələ çoxmu var?

- Doğrusu, mən, Amerikada yaşayan azərbaycan icmasının erməni icması ilə müqayisə olunmasının tərəfdarı deyiləm. Zənnimcə, erməni diasporu bizim üçün “standart” deyil. Birləşmiş Ştatlarda yaşayan erməni icmasının yeganə öyrəniləsi cəhəti onun mütəşəkkil və əlaqələndirilmiş formada fəaliyyətidir. Lakin vətəndaş baxımından erməni icmasının fəaliyyəti Amerika ictimayyətinə heç bir töhfə vermir. Bu diaspor yalnız öz dar çərçivəli maraqları, Amerika xalqına faydası olmayan məqsədlər uğrunda çarpışır. Onun bütün səyləri tarixi faktların təhrif edilməsi, Ermənistanın yerləşdiyi bölgədə hadisələrin həqiqətdən uzaq öz yozumunda təqdim edilməsi,  iqtisadi böhran yaşayan Amerika iqtisadiyyatında vergiödəyicisinin min bir əziyyətlə topladığı büdcədən mümkün qədər çox para qoparıb ABŞ-la heç bir strateji əməkdaşlıq etməyən Ermənistana göndərilməsinə yönəlib. Ona görə, təəccüblü deyil ki, erməni diasporu fəaliyyətini dayanmadan intensiv şəkildə aparmalıdır. Çünki onların yalanlarının “ayaq tutması” üçün həmişə işləmək lazımdır. Bundan əlavə olaraq, Amerikadakı erməni icmasının üzvləri mütəmadi olaraq kriminal qalmaqalların mərkəzində olurlar. Amerikanın Erməni Milli Komitəsinin sabiq sədri, terroçu Murad Topalyandan tutmuş  Armen Kazaryanın başçılığı ilə erməni mühacirlərindən ibarət böyük qrupun “Medicare” federal tibbi sığorta proqramı üzrə saxta sənədlər təqdim edib yüz milyon dollar mənimsəmək cəhdinin üzə çıxarılması və s. Mən, öz həmvətənlərimin belə icma ilə müqayisə edilməsini istəməzdim.

Azərbaycan icması gənc olsa da, son illər mütəşəkkiliyinin və təşkilat çevikliyinin artırılması istiqamətində əhəmiyyətli addımlar atıb. Bu gün ABŞ-ın Kaliforniya ştatından tutmuş Nyu-Yorka qədər, Texasdan tutmuş, Floridaya qədər əksər bölgələrdə Azərbaycan icma təşkilatları fəaliyyət göstərir. Amerikanın Azərbaycan Cəmiyyətin (AAC) burada ən qədim diaspor təşkilatımız kimi yarım əsrdən çox təcrübəyə malikdir. Hyuston- Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası (HBSCA) Texas ştatında Azərbaycan icma üzvlərini birləşdirən və yerli səviyyədə yaxşı tanınan qurumlardan biridir. Cəmi üç yaşı olan ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Amerikada yaşayan azərbaycan mənşəli seçiciləri birləşdirərək onlara ölkənin ictimai-siyasi həyatında daha fəal olmaq yollarını göstərir. Şəbəkə üzvlərinin son illər ərzində Konqres, Ağ Ev, Dövlət Departamenti, yerli icra və qanunverici orqanları, KİV-lərlə yaratdıqları yaxın təmaslar USAN-ı ABŞ siyasi dairələrində səmərəli səsə malik təşkilat kimi möhkəmlətmişdir. Bu gün USAN-ın rəyi ilə “Vaşinqton Post”, “CNN”, “Politico” kimi nüfuzlu mənbələr hesablaşır, istinad edir. Bir sözlə, Amerikada yaşayan Azərbaycan diasporu yetkinləşərək yalnız mədəni və sosial toplantıları keçirən icma deyil, yaşadığı ştatlarda baş verən siyasi hadisələrin iştirakçısı, siyasi aksiyalar keçirən, hakimiyyət və ictimayyətin bütün səviyyələrində  tanınan dolğun icmaya çevrilir. Diaspor üzvləri arasında müxtəlif sahələrdə söz sahibləri olan mütəxəssilərin sayı artıqca, icmanın özünə güvəni də artır. Həmvətənlərimiz yaşadıqları bölgələrdə yüksək inellektual qabiliyyətlərini, çalışqanlıqlarını, cəmiyyətin faydalı bir hissəsinə çevrilmək istəyini nümayilş etdirdikcə, amerikalılar da onların tarixi Vətənləri barədə müvafiq rəy yaradırlar.

Digər tərəfdən, Azərbaycan diasporunun inkişafına təkan verən vacib amil doğma Azərbaycanımızın uğurlarıdır.  

-  Elə bununla bağlı növbəti sual, Amerikadan baxanda Azərbaycan necə görünür?

-Amerikalıların təbirincə desək, “uğur hekayəsi” kimi. Mən burada işlədiyim illər ərzində Azərbaycana olan maraq birə on dəfə artıb. Əvvələr Azərbaycan barədə yerli mətbuat vasitələrində tək-tük xəbərlərə rast gələrdin. Ancaq bu il, ölkəmiz, CNN, “Times”, “Business Week”, “Huffington Post” və  digər nüfuzlu məlumat mənbələrinin silsilə materiallarının başlıqlarına çevrilib. Bunların böyük hissəsi Azərbaycanın bölgədə aparıcı iqtisadi qüvvəyə çevrilməsi, qlobal enerji təhlükəsizliyində artan rolu, “Eurovision-2011” mahnı müsabiqəsində qələbəmiz, BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü kimi beynəlxalq səhnədə dəyişən statusu, bu amilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsir edib-etməyəcəyi və nəhayət  demokratiyanın inkişafında vəziyyətlə bağlı mövzuları əhatə edib. Avropa və Asiya qitələrinin qovşağında, geosiyasi cəhətdən olduqca çevik bir bölgədə yerləşən Azərbaycan müsəlman əhalili dünyəvi dövlət, minilliklərdən bəri müxtəlif etiqadlı icmaların Vətəni kimi ekzotik və maraqlı görsənir. Praktiki cəhətdən isə, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq, ölkəmizin beynəlxlaq təhlükəsizlik əməliyyatlarında bilavasitə iştirakı və töhfələri, iki dövlətlərin milli maraqlarının, demək olar ki, hər bənd üzrə kəsişməsi Vaşinqtonun xarici siyasət çevrəsində Azərbaycanın vacibliyini müəyyənləşdirir. Ötən il sabiq Sovet respublikalarının müstəqilliyinin 20 illiyi Vaşinqtonda çoxsaylı müzakirələrin, konfransların, dinləmələrin mövzusu idi. Burada çıxış edən mütəxəssilərin də rəyindən bəlli olurdu ki, bu gün Azərbaycan dövlət quruculuğu, iqtisadi sıçrayış, təbii sərvətlərini insan sərvətlərinə çevirməsi baxımından keyfiyyətcə tam başqa bir ölkədir.

- Bir azərbaycanlı xanım olaraq uzun illərdir xaricdə yaşayırsınız. Amerikalı qadınlarla azərbaycanlı qadınları necə müqayisə edərdiniz?

- Dünyada yaşayan bütün qadınlar milliyətindən və dinindən asılı olmayaraq eyni arzularla yaşayır: sevib-sevilmək, həyatını etibarlı bir insanla paylaşmaq, uşaqlarını firavan şəraitdə böyüdüb xoşbəxt gələcəyini təmin etmək. Nəinki amerikalı və ya azərbaycanlı qadınlar, bütün ölkələrdə işləyən qadınlar bu gün ailə ilə  karyeranı uyğunlaşdırmaq, həyatını mənalı bir peşəyə sərf etməklə yanaşı, evdəki öhdəlikləri də çatdırmaq kimi problemlərlə qarşılaşır. Bu, mənada biz, oxşarıq.
Azərbaycanlı və amerikalı qadınlar təxminən eyni vaxtda səsvermə hüququ qazansalar da, əlbəttə, azərbaycanlı qadınlara nisbətən, amerikalı qadınlar ölkələrinin ictimai-siyasi həyatının daha böyük hissəsinə çevriliblər. Bu gün ABŞ-da qadınlar öz tarixlərinə Konqres spikeri, nazir, senator, qubernator, şəhər meri, böyük korporasiyaların başçıları, irimiqyaslı biznes şəbəkələrinin sahibləri və s kimi adları əlavə ediblər.
Azərbaycan qadınlarının isə, bu mənada nailiyyətləri hələ irəlidədir. Digər tərəfdən, Azərbaycan cəmiyyətində qadına xüsusi hörmət və məhəbbət var. Bizim mədəniyyətdə qadın ilk növbədə anadır, sevilməli, qayğısına qalmalı, ehtiramla yanaşılmalı bir sımadır. Bu cəhətə amerikalılar bəlkə də həsəd apara bilərlər.

- Sizcə, Amerika və Azərbaycan mentalitetindəki əsas fərqlər nədən ibarətdir?

- Azərbaycandan bura gələn qonaqların nəzərini çəkən ilk fərq amerikalıların gülərüz və mehriban olmasıdır. Onlar səmimi insanlardır. “Könüllülük”  və “xeyriyyəçilik” bu mədəniyyətin köklərində durur. Statistik göstəricilərə görə, Amerika bu mənada dünyada birinci yerdədir. Burada çox adam həftədə 2-3 saat könüllü işləyib yaşadığı icmaya, məhəlləyə, dua etdiyi kilsəyə  müəyyən şəkildə fayda vermək istəyir. Xeyriyyəçilik də geniş tədbiq olunan bir ənənədir. Xüsusilə də, bayramlar zamanı, imkansızlara, xəstələrə, yaşlılara, kimsəsizlərə yardım etməyi çoxları özünə borc bilir.  Maliyyə durumundan və ya məşğulluğundan asılı olmayaraq konüllülük və xeyriyyəçilik, məncə,  amerikalıları fərqləndirən əsas cəhətlərdən biridir. Azərbaycandan qayıdan amerikalıların isə ilk haqqında danışqığı bizim xalqımızın qonaqpərvərliliyi, müsafirlərə göstərilən yüksək diqqətdir.
Məncə, maraqlı fərqlərdən biri də, hər iki mədəniyyətin özünü müxtəlif şəkildə ifadə etmə tərzidir. Amerikalılar sözü üzə deyir, qısa və lakonik danışırlar. Onlar lüzumsuz ifadələrə vaxt itirməkdə məna görmürlər. Azərbaycanlılar isə daha diplomatik xalqdır. Biz, həmsöhbətimizin sözlərimizlə incitmək istəmirik, ona görə də, danıçanda çox uzaqdan başlayırıq. 

- Mətbəxdə vaxt keçirməyə imkanınız olurmu? Evdə Azərbaycan xörəkləri bişirirsizinmi?

- Təəssüf ki, istədiyim qədər, mətbəxə vaxt tapa bilmirəm. Azərbaycan xörəkləri ləzzətli olduğu qədər də, hazırlanmasına vaxt tələb edir. Ona görə, hərdən klassik reseptlərimizi “təkmilləşdirməli” oluram, onların hazırlanmasında buradakı yarım-fabrikatlardan istifadə edirəm. Amma, evimizdə bişirilən xörəklərin əksəriyyəti Azərbaycan mətbəxindəndir.

- Özünüzü daha hansı sahələrdə sınamaq istəyərdiniz?

- Yaxşı sualdır. Jurnalist peşəsi elədir ki, işimizin əsnasında mövzunu daha yaxından öyrənmək üçün hər sahəyə “baş vurmalı” oluruq. Həmkarlarımdan biri həmişə zarafat edirdi ki, hər şeydən xəbərimiz olsa da, mükəmməl şəkildə heç bir şeyi öyrənə bilmirik. Mən, özümü nə vaxtsa film ssenaristi kimi sınamaq istəyərdim. Arzum budur ki, Nizaminin irsinə ekranda da sahib çıxıb, kinostudiyamızda “Xəmsə”nin poemalarını çəkək. Vaqif Mustafazadə barədə gözəl film yaradıb, etno-cazımızı dünyaya daha geniş tanıdaq, Qarabağın Azərbaycan mədəniyyətində və tarixində yeri və əhəmiyyətini kino vasitəsi ilə göstərək. İnşAllah...









Əfqan Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir