Modern.az

İl boyu içki içənlər oruc tuta bilər?

İl boyu içki içənlər oruc tuta bilər?

3 May 2019, 14:56

 

2019-cu il Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

 

Bu ay boyunca orucu batil edən səbəblərin əksəriyyəti insanlara məlum olsa da bəzi məqamlar sual doğurur. Bu məqamlardan biri də  “İçki içən şəxsin oruc tutması düzgündür?”  sualı ətrafındadır.

 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, Ramazan ayı boyunca bir insanın spirtli içki qəbul etməsi orucun qəbul edilməsinə əngəl yaradır.

 

“Ramazan ayının orucu bütün müsəlmanlara vacib olan bir ibadətdir. Yəni digər aylarda dini ayinləri icra etməyən insanlar da sağlamlıqları imkan verdiyi təqdirdə  oruc tutmalıdır. Lakin iftar sonrası spirtli içkinin qəbul edilməsi düzgün deyil ”.

 

İlahiyyatçı Elvüsal Məmmədov isə bildirib ki, İslam dininə görə, edilən günahlar görülən hər hansı bir yaxşı əməlin həyata keçirilməsinə maneə deyil.

 

“Yəni bunlar bir-birini şərtləndirmir. Ramazandan kənarda edilən günahlar Ramazanda edilən savab əməllərə maneə deyil. Ümummiyyətlə İslamda içki haramdır. Ola bilər ki, bir insan səhərdən axşamadək səmimi qəlbdən oruc tutur, lakin içki aludəçisidir.  Məlum məsələdir ki, spirtli içkilərin tərkibində aslılıq yaradan maddə var. Belə aludəçi insanların oruc tutmağında bir problem yoxdur”.

 

E.Məmmədov qeyd edib ki, az miqdarda spirtli içki qəbul edib, bundan asanlıqla imtina edə bilən insanların Ramazan ayı boyunca içki qəbul etməkləri düzgün deyil. 

 

“Amma yaxşı olar ki, bu  ay ərzində insan Allaha səmimi qəlbdən tövbə eləsin. Çünki Ramazan sadəcə ac və susuz qalmaq ayı deyil, dəyişilmə ayıdır. Bu aya daxil olarkən insan əgər günahkardırsa, tərbiyə baxımından korluq çəkən biridirsə, davranışlarında problem varsa, Ramazan müddətində dəyişilməlidir.

 

Çünki ac və susuz qalmaqla insan heç vaxt tərbiyələnə bilməz. Bioloji cəhətdən ac və susuz qalırıq, həm də müəyyən orqanlarımızla hər istədiyimizi etmirik. Bu da mənəvi aclıqdır. Yəni əlimizlə, gözümüzlə, qulaqımızla, ayağımızla hətta düşüncələrimizlə belə səhv etməməyə çalışırıq. Bu baxımdan yaxşı olardı ki, insanlar Ramazanın həqiqi məzmununu başa düşərək, tövbə etməklə dəyişilməyə çalışsınlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?