Modern.az

Xoca Əhməd Yəsəvinin həyatı - II YAZI

Xoca Əhməd Yəsəvinin həyatı - II YAZI

Ədəbi̇yyat

6 May 2019, 10:59

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

 

Əhməd Yəsəvi ənənəyə görə, Həzrəti - Peyğəmbərin yoluna sədaqət və bağlılıq əlaməti olaraq 63 yaşında müridlərinə pilləkənlə enilə bilən quyu qazdırıb, quyunun dibində bir adamın girə biləcəyi hücrə tikdiribdir. Onun bu hücrədə nə qədər qaldığı məlum olmasa da, ancaq ölənə qədər (1166-cı ilə qədər) buradan çıxmadığı və hücrədə vəfat etdiyi təxmin olunur. Rəvayətə görə, Əhməd Yəsəvi yüz iyirmi, yüz iyirmi beş, yüz otuz üç il yaşamışdır.


Əhməd Yəsəvinin 63 yaşında tikdirdiyi  hücrəyə girməsi Məhəməd Peyğəmbərin 63 yaşında vəfat etməsi ilə bağlıdır və Məhəmməd Peyğəmbərə olan sədaqətin göstəricisidir. 63 yaşında tikdirdiyi hücrədə yalnız ibadətlə məşğul olması və hücrəni məzar hesab etməsi Məhəmməd Peyğəmbərə və onun dininə olan sədaqətdən başqa bir şey deyildir. Əhməd Yəsəvi hikmətlərində yazılır:

 

Altmış üçde nida kildi kul yirge kir

Hem canıng min cananıng min canıngnı bir

Hu şemşirin kolğa alıp nefsingni kır

Bir ü barım dıdarıngnı körer min

 

Türkiyə türkcəsinə tərcüməsi:

Altmış üçte nida gedi: Kul yere gir;

Hem canınım, cananınım, canını ver;

Hu kılıcını ele alıp nefsini kır!

Bir ve varım, didarını görür müyüm?

 

 

Kul Hace Ahmed nefsni tiftim nefsini tiftim

Andın kiyin cananımnı izlep taptım

Ölmes burun can birmekni derdin tarttım

Bir ü barım dıdarıngnı körer min

 

Türkiyə türkcəsinə tərcüməsi:

Kul Hace Ahmed, nefsi teptim, nefsi teptim;

Ondan sonra cananımı arayıp buldum:

Ölmeden önce can vermenin derdini çektim;

Bir ve varım, didarını görür müyüm?

 

Əhməd Yəsəvi Türküstanda öz türbəsində məzar olub qalacağını hikmətlərinin birində belə söyləmişdir:

 

Kul Hace Ahmed sözlegeni Haknı yadı

İşitmegen dostlağa kalsun pendi

Ğurbetlenip öz şehriğa kaytıp yandı

Türkistanda mezar bolup kaldım muna

 

Türkiyə türkcəsinə tərcüməsi:

Kul Hace Ahmed, söylediği Hakkın yadı;

İşitmeyen dostlana kalsın ögü;

Gürbet çekip öz şehrine dönüp gedi;

Türkistanda mezar olup kaldım işte.
 


Əhməd Yəsəvi Yəsədə irşada başladığı vaxt Türküstanda güclü bir İslamlaşma cərəyanı və İslam ölkələrinin hər birində geniş yayılmış təsəvvüf cərəyanı mövcud olmuşdur. Bu dövrdə Xarəzmşahlar qüvvətli bir İslam dövləti səviyyəsinə gəlib çatmışdır. Əhməd Yəsəvi Daşkənd və Sırdərya ərazisində, Seyhunun  qarşısındakı  çöllərdə  yaşayan  köçəri  türklər arasında güclü nüfuz sahibi olmuşdur. Onun ətrafında toplaşanlar İslam dininin əsaslarını, şəriəti, təriqəti, ədəb və ərkanı öyrənirdilər. Ərəb və fars dillərini bilən Əhməd  Yəsəvi  öz  təriqətini  öyrətmək  üçün  sadə  bil  dillə heca vəznində mənzumələr—şeirlər söyləmişdir. Görünür ki, həmin dövrdə mənzumələr - şeirlər söyləyənlər olmuşdur. Ona görə də Əhməd Yəsəvi öz mənzumələrini - şeirlərini digərlərindən fərqləndirmək üçün onlara “hikmət” adını vermişdir.

 

Bismillah dip beyan eyley hikmet aytıp

Taliblerge dürr ü güher saçtım muna

Riyazetni katığ tartıp kanlar yutup

Min defter-i sani sözin açtım muna

 

Türkiyə türkcəsinə tərcüməsi:

Bismillahla başlayarak hikmet deyip

Taliplere inci, cevher saçtım işte.

Riyazeti katı çekip, kanlar yutup

Ben defter-i sanı sözünü açtım işte.

 


Əhməd Yəsəvi öz hikmətlərini sözü gözəllik bilənlər üçün, Allahın üzünü, çöhrəsini görmək istəyənlər üçün, qəriblərin, fağırların, yetimlərin könlünü ovlamaq üçün yazdığını bəyan etmişdir:

 

Sözni aydım her kim bolsa dıdar-taleb

Cannı canğa peyvend kılıp regni ulap

Ğarıb fakır yetimlerni könglin avlap

Köngli bütün halayıkdın kaçtım muna

 

Türkiyə türkcəsinə tərcüməsi:

Sözü didar isteyen herkes için söyleyip,

Canı cana bağlayarak damarları ekleyip,

Garip, fakir, yetimlərin gönlünü avlayıp

Gönlü bütün kimselerden kaçtım işte.

 


Əhməd Yəsəvi könlü sınıqların dərdinə dərman qılmağı, yolda qalmış məzlumlara həmdəm olmağı tövsiyə etmişdir:


Kayda
körseng köngli sınuk merhem bolğıl

Andağ mazlum yolda kalsa hemden bolğıl

Ruzi-ı mahşer dergahığa mahrem bolğıl

Ma menlik halayıkdın kiçtim muna

 

Türkiyə türkcəsinə tərcüməsi:

Nerde görsen gönlü kırık, merhem ol sen;

Öyle mazlum yolda kalsa, hemdem ol sen;

Mahşer günü dergahına mahrem ol sen;

Ben-sen diyen kimselerden geçtim işte.

 

Onun mənzumələri - şeirləri dərvişləri vasitəsilə türklərin yaşadığı ən uzaq yerlərə qədər çatdırılmışdır. Əlbəttə, onun hikmətləri türklər arasında düşüncə birliyinin təşəkkül tapmasına xeyli dərəcədə xidmət göstərmişdir. Onu da qeyd edək ki, Əhməd Yəsəvinin şöhrəti bütün türk ölkələrinə yayıldıqca Yəsəvilik də bir təriqət halına gəlmişdir.


Əhməd Yəsəvinin hikmətləri onun vəfatından sonra da dillər əzbəri olmuşdur. Rəvayətə görə, onun Türküstanın hər tərəfinə yayılan doxsan doqquz min müridi, on iki min kamil təsəvvüf əhli (sufi), özünün sağ olarkən təyin etdiyi bir çox xəlifələri olmuşdur. Əhməd Yəsəvinin ilk xəlifəsi Arslan Babanın oğlu Mansur Ata olmuş, Mansur Ata vəfat etdikdən sonra (1197-ci ildə) onun yerinə oğlu Abdulməlik Ata keçmişdir. Xəlifəlik bu ardıcıllıqla davam etmiş, Abdulməlik Atanın vəfatından sonra onun yerinə oğlu Tac Xoca, Tac Xocanın yerinə onun oğlu Zəngi Ata xəlifəlik etmişdir. Əhməd Yəsəvinin ikinci xəlifəsi Xarəzmdən olan Səid Atadır. O, 1218-1219-cu illərdə vəfat etmişdir.


Əhməd Yəsəvinin üçüncü xəlifəsi Yəsəvi təriqətli hikmətləri ilə türklər arasında böyük nüfuz və şöhrət qazanmış Süleyman Həkim Ata olmuşdur.


Əhməd Yəsəvinin qəbri üzərində türbəni Teymur (1336-1405) tikdirmişdir. Bu da təsadüfi olmamışdır. Belə ki, Əhməd Yəsəvi Teymurun yuxusuna girmiş və onun döyüşlərdə zəfər qazanacağını bildirmişdir. Teymur zəfərə yetişdikdən sonra (1396-1397) Əhməd Yəsəvinin qəbrini ziyarət etmək üçün Yəsəyə gəlmiş və ziyarətdən sonra qəbrin üstündə türbə tikilməsini qərarlaşdırmışdır. Dövrünün memarlığı baxımından fərqlənən türbə iki il ərzində tikilib sona yetirilmişdir. Bəzi rəvayətə görə, bu türbə sonralar özbək xanı Abdulla Xan tərəfindən, bəzi ehtimallara görə, Şeybani Xan tərəfindən əsaslı şəkildə təmir olunmuşdur.


Əhməd Yəsəvinin türbəsi türkmənlərin, özbəklərin, qazaxların, qırğızların ən müqəddəs ziyarətgahı olmuşdur. İndi də bu türbədə ibadətlə məşğul olurlar. Orta Asiyanın çöllərində yaşayan türklərin öldükdən sonra Əhməd Yəsəvinin türbəsi yanında, ətrafında  dəfn  olunması  xüsusi  önəm  daşımışdır.  Hələ  sağ olarkən bu türbənin ətrafında özünə qəbir yeri alanlar az olmamışdır. Belə bir ənənə də vardır ki, qışda vəfat edənlər keçənin içində ağaca asılır və bahara qədər dəfn olunmur. Bahar gəldikdə isə Əhməd Yəsəvinin türbəsi ətrafında dəfn olunur.


Əhməd Yəsəvinin İbrahim adlı bir oğlu olmuş, hələ özü sağ olarkən oğlu vəfat etmişdir. Bundan başqa, onun Gövhər Şahnaz və Gövhər Xoşnaz adında iki qızı olmuşdur.  Türküstanın,  Orta  Asiyanın  müxtəlif  bölgələrində, həm də Anadoluda özlərini Əhməd Yəsəvinin nəslindən sayanlar indi də az deyildir.


Hikmət xəzinələrində yaş həddi.
Yaş dövrlərinin təsnifatı elmi ədəbiyyatlarda geniş verilmiş  və  əsaslı  şəkildə  qruplaşdırılmışdır.  Elmi  ədəbiyyatlarda yaş dövrünün təsnifatı belə verilmişdir:

  1. Yeni doğulma dövrü 1-10 gün
  2. Südəmər yaş dövrü 10 gün - 1 yaş
  3. Erkən uşaqlıq dövrü 1-3 yaş
  4. Birinci uşaqlıq dövrü 4-6-7 yaş
  5. İkinci uşaqlıq dövrü         7-8-12 yaş oğlanlar 7-8-11 yaş qızlar
  6. Yeniyetmə yaş dövrü 13-16 yaş oğlanlar 12-15 yaş qızlar
  7. Gənclik dövrü 17-21 yaş oğlanlar 16-20 yaş qızlar
  8. Yetkinlik dövrü - I mərhələ 21-35 yaş qadınlar

22-35 yaş kişilər II mərhələ 36-60 yaş kişilər

36-55 yaş qadınlar

  1. Yaşlılar             61-74 yaş kişilər 50-74 yaş qadınlar
  2. Qocalıq dövrü 75-90 yaş hər iki cins üçün
  3. Uzunömür sürənlər 90 yaş və artıq

 

(bax: T.Ə.Feyzullayeva. Pediatriyanın və məktəbəqədər yaşlı uşaqların gigiyenasının əsasları. Bakı, APİ-nin nəşri, 1988, s.10).


Yaş dövrünün elmi ədəbiyyatlardakı bu təsnifatına qədər ayrı-ayrı aqillər, müdriklər, hikmət sahibləri yaşların xarakterik məqamları barəsində öz fikir və mülahizələrini söyləmişlər. Bu mənada türkün hikmət xəzinəsində hər yaşın qədrini bilməklə yanaşı, həmin yaşın insana nə verdiyi barədə fikirlər də mövcuddur. Onu da qeyd edək ki, türkün hikmət xəzinələrində bütün yaşlara deyil, onların bir qisminə idrak sahibləri münasibətlərini bildirmişlər. Bu münasibət, təbii ki, dərin müşahidə, yaşam tərzi, təcrübə əsasında baş vermişdir. Məsələn, Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində gəncliyə və qocalığa  münasibətlə  yanaşı,  həm  də  otuz,  qırx,  əlli, altmış yaşlara, belə demək olarsa, qiymət verilmişdir. Gənclik barəsində belə söylənilmiş, öyüd, nəsihət verilmişdir:

Ey sevinclə ömür sürən gözəl gənc,

Sözümü qəribliyə salma, könüldən dinlə.

Qeyrət et, doğruluq yolunu azma,

Gəncliyi hədər etmə, xeyrini bil.

Gəncliyə qiymət ver, tez keçər,

Necə bərk tutsan, bir gün qaçar.

 

Səndə hələ varkən igidlik gücü,

Hədər etmə, taət ibadətlə məşğul ol.

Sonra peşman olar, gəncliyin həstini çəkərsən,

Son peşmançılıq fayda verməz, başqa sözüm yoxdur.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 41).


Yusif Balasaqunlu qırx yaşı gəncliyin insana “xudahafiz” dediyi yaş kimi təqdim edir. O yazır:

 

Kimin ki, yaşı qırxı keçdi,

Gənclik insana: “Xudahafizdeyər.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 41).

 

Ardı var

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub