Arxiv
8 May 2019, 11:31 | ƏDƏBİYYAT
Heydər Əliyevin Hüseyn Cavid sevgisi

Gülbəniz Babaxanlı

Filologiya üzrə elmlər doktoru,
Əməkdar incəsənət işçisi,
Hüseyn Cavidin ev muzeyinin direktoru

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur 

 

Bəşəriyyətin ilk peyğəmbərlərindən və xilaskarlarından olan Nuhu öz qoynunda əziz və müqəddəs bir əmanət kimi saxlayan, məkrli düşmən qarşısında alınmaz bir qala kimi ucalan qədim Naxçıvan torpağı həmişə şeirə-sənətə, müdrik, tərbiyəedici sözə, gözəl və ürəkaçan kəlama, eləcə də müdrik ağsaqqallar qədər nüfuzlu el-oba başçılarına yüksək qiymət verən insanların məskəni olmuşdur. Bu diyarın təkcə ziyalıları deyil, sıradan insanları, şəhər əsnafı, sadə kəndlilər də ta qədimlərdən söz xiridarı olmuş, tükü tükdən seçmiş, gizli mənanı, incə eyhamı adi bir işarədən anlamışlar. Buna görədir ki, maddi cəhətdən, var-dövlət baxımından o qədər də seçilməyən bu yerin insanları mənən çox zəngin olmuş, məntiqi və bədii təfəkkürləri ilə çox zaman seçilmişlər.

Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Hüseyn Cavidin məqbərəsinin Naxçıvanda təntənəli açılışı mərasimində söylədiyi tarixi nitqdə Naxçıvanı ən yüksək sözlərlə xarakterizə edərək demişdi: «Naxçıvan Azərbaycanın gözəl bir guşəsidir. Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.» (Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, 1996, s. 365.) Ulu Öndərin bu dərin mənalı sözləri Naxçıvanı səciyyələndirmək və tanıtmaq, onun malik olduğu və malik olacağı mədəni-mənəvi sərvətləri səciyyələndirmək baxımından bütöv bir ensiklopediyadan daha zəngin material, dərin bilgi verir desək, o qədər də böyük mübaliğə olmaz.

Sözə və sənətə diqqət və qayğı mühitində dünyaya göz açmış və nəşvü nüma tapmış Heydər Əliyevin də müdrik bir söz xiridarı kimi böyüməsi çox təbii idi.

Hüseyn Cavid yaradıcılığı və cavidlər ailəsi ilə tanışlığı 1981-ci ildə böyük şairin 100 illiyi münasibətilə qəbul edilmiş qərardan çox-çox əvvəllər, hələ Ulu Öndərin uşaqlığı və ilk gəncliyi dövründə baş vermişdir. Ümummilli liderimizin heyrətamiz fenomenal yaddaşı sayəsində sonralar xatırladığına görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur. Sonralar Hüseyn Cavidin qızı Turan Cavidlə söhbətində Heydər Əliyev öz müəllimini xatırlayaraq deyəcəkdi: «Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəllim idi. Amma çox tələbkardı, hətta demək olar ki, əzazil idi.

Turan Cavid: Amma deyim Sizə ki, Siz həmişə müəllimlərinizi xoş sözlərlə xatırlayırsınız. Tələbkar müəllim çox yaxşıdır.

Heydər Əliyev: Bəs nə, müəllim tələbkar olmalıdır. Özü də o vaxtlar. Mənim kimi tələbəyə bir o qədər tələbkarlıq lazım deyildi, amma 25-30 nəfər tələbənin hamısı müxtəlif səviyyədə idilər. Ona görə də çox tələbkar idi.

Mənə 5-ci sinifə qədər o dərs deyib. Azərbaycan dilindən. Amma mən sənə deyim ki, o vaxtlar maddi cəhətdən çətinlik çəkirdi. Elə mən özüm də kasıb bir evdən idim. O vaxtlar, ümumiyyətlə, orda sən deyən dövlətli adamlar yox idi. Amma bəzi müəllimlər var idi ki, keçmişdən onlara nə isə qalmışdı. Geyimləri yüksək idi. Amma bu isə sadə geyinirdi.

Turan Cavid: Ailə də çox böyük idi. Birinci qadından 3 uşağı var idi, o birisindən isə 5. Ona görə çətin idi.

Heydər Əliyev: Çətinliyi olmağını hiss edirdim, amma çox intizamlı və tələbkar müəllim idi.”

1943-cü ildə ordudan tərxis edilərək Naxçıvana gəlmiş Ərtoğrol Cavidi, sonralar isə Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımı gördüyünü yaxşı xatırlayan Heydər Əliyevin ürəyində Cavid sevgisinin daha da qüvvətlənməsində, şübhəsiz ki, bu ünsiyyətlərin də böyük rolu olmuşdur. Hələ bundan xeyli əvvəl, Naxçıvan Pedaqoji Məktəbində təhsil alarkən sənətin bütün növlərinə, o sıradan da teatra böyük maraq göstərən Ulu Öndər məktəbin dram dərməyinin aparıcı üzvlərindən biri olarkən, o dövrdə tələbə gənclər arasında populyar olan başqa tamaşalarla yanaşı, Hüseyn Cavidin «Şeyx Sənan» faciəsində də baş rolu böyük uğurla ifa etmişdi.

1981-ci ildə Cavid irsinin öyrənilməsinin, təbliğinin daha da yaxşılaşdırılması və Azərbaycanın bu böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi haqqında Heydər Əliyevin təşəbbüsü ilə və Hüseyn Cavid şəxsiyyətinə, yaradıcılığına böyük məhəbbəti sayəsində qəbul edilmiş tarixi qərarın əsas bəndlərinin həyata keçirilməsinin, Sovet İttifaqında və dünyada gedən mürəkkəb qlobal ictimaisiyasi proseslərin təsiri altında tam 15 il gecikəcəyi heç kimin ağlına gəlməzdi. Burada simvolik məna axtarmaqdan uzaq olsaq da, belə bir həqiqəti də etiraf etməliyik ki, sanki tarixin, heç nəyə baxmayan zamanın özü də bu işlə bağlı gedişini dayandıraraq, həmin təşəbbüs müəllifinin özünün qayıtmasını və yarımçıq qalmış işlərin özünün tamamlamasını gözləyirdi. Ancaq təkcə Azərbaycana, vətənin ən qədim dilbər guşəsi doğma Naxçıvana qayıtmaqla iş bitmirdi. Heydər Əliyev o zaman həm də hər kəsdən artıq layiq və gərəkli olduğu hakimiyyətə qayıtmalı idi ki, qarşıya qoyduğu ülvi məqsədləri gerçəkləşdirə bilsin. Hələ 1992-ci ildə Naxçıvan Muxtar Rezpublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən Hüseyn Cavidin 110 illik yubileyi münasibətilə keçirilən yığıncaqdakı nitqində Ulu Öndər təəssüflə deyirdi:

«1981-ci ildə Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı üzərində məqbərənin yaranması, Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş yayılması, dərc olunması, rus dili və başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində həyata keçirilməyibdir. Bu gün qeyd olunur ki, bu işlərdə mənim, Heydər Əliyevin təşəbbüskarlığı olubdur. Bəli, olubdur, ancaq mən bunu özüm böyük bir nailiyyət hesab etmirəm. Bu mənim sadəcə vətəndaşlıq borcum olubdur. Mən vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə şübhəsiz ki,təsəlli tapıram.»

Əlbəttə, bu da Heydər Əliyevin böyük təvazökarlığının bir sübutudur ki, gördüyü möhtəşəm işləri sadəcə özünün vətəndaşlıq borcu kimi qələmə verə bilsin! Ancaq eyni zamanda, bunun özü də Heydər Əliyevin azərbaycançılıq məktəbinin başqaları üçün bir ibrət və örnək dərsidir ki, o zaman hakimiyyətdə olanlar da heç olmasa, vətəndaşlıq borclarını anlayıb, heç olmasa, Heydər Əliyevin yarısı qədər yerinə yetirə bilsinlər... Heydər Əliyevin verdiyi müdrik dərslərdən biri də budur ki, təkcə əlində hakimiyyət olan dövlət xadimləri, vəzifəli şəxslər deyil, hər bir azərbaycanlı milli-mənəvi dəyərlərə münasibətdə öz mövqeyini ortaya qoymağa borcludur. Bu baxımdan o, özünü sadə azərbaycanlılardan ayırmayaraq deyirdi:

«Fəqət o tədbirlərin indiyə qədər həyata keçirilməməsi yəqin ki, hər bir millətini, dövlətini, xalqını, mədəniyyətini, ədəbiyyatını sevən azərbaycanlı üçün eyni zamanda çox böyük narazılıq törədir. O cümlədən məndə də.»

Müdrik Ulu Öndər, Azərbaycanın tarix boyu baş bəlasına çevrilmiş xırda yerliçilik hisslərinə, regionçuluq duyğularına da özünün kəskin münasibətini bildirir, bu sözləri ilə də, bütün zamanların ən böyük azərbaycançılarından, bütöv, güclü Azərbaycanı hər şeydən uca tutanlardan biri olduğunu bir daha elan edirdi:

«Bəziləri düşünə bilər ki, Hüseyn Cavid naxçıvanlı olduğuna görə bəlkə Heydər Əliyev belə bir təşəbbüskarlıq edir. Yox, Azərbaycanda hamı bilir ki, Azərbaycanın milli irsinə, mədəni irsinə, ədəbiyyatına, mədəniyyətinə imkanım qədər kömək etməyə və onları qaldırıb indiki nəsillərə göstərməyə həmişə çalışmışam.»


Heydər Əliyevin dilimizin imkanlarından maksimum yararlanmaqla söylədiyi bu tarixi nitqində diqqətçəkən bir cəhət də budur ki, o, Cavidin 110 illiyinə sadəcə bir anım, bir yubiley, böyük sənətkarın yad edilməsi kimi yanaşmır, onu böyük bir bayram olaraq təqdim edirdi. Əlbəttə, mədəni irsə yanaşmanın yolunu göstərən bu münasibət də birbaşa Heydər Əliyevin vətənsevərlik məktəbinin ibrətamiz dərslərindən sayılmalıdır. Nitqinin lap başlanğıcında Ümummilli Lider üzünü ağır blokada və müharibə şəraitində mərdliklə yaşayan, doğma torpaq, sevgili yurd uğrunda bütün çətinliklərə sinə gərən həmvətənlərinə tutaraq deyirdi:

«Bu gün bayram günüdür, bu gün bütün Azərbaycan xalqı üçün, o cümlədən naxçıvanlılar üçün böyük bir bayramdır. Biz Azərbaycanın böyük yazıçısı, şairi, dramaturqu, mütəfəkkiri, filosofu Hüseyn Cavidin anadan olmasının 110 illiyini qeyd edirik.» Nitqini fəlsəfi mühakimələrlə davam etdirən Ümummilli Lider, özünün də müdrik bir ağsaqqal, dünyagörmüş filosof, qlobal xeyir-şər qarşıdurmasını dişinə vurmuş mütəfəkkir olduğunu təsdiq edirdi:

«Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. Hüseyn Cavid öz həyatı dövründə yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdiribdir. Ona görə də bugünkü toplantı, bu mərasim, bu yubiley gecəsi deyil, bayram gecəsidir. Biz Hüseyn Cavidin əsərlərinin uzun illərdən sonra qalibiyyətini qeyd edirik və bayram edirik. Bu bayram xüsusi bir şəraitdə keçirilir. Azərbaycan öz milli azadlığına, dövlət müstəqilliyinə nail olub və bu bayramı biz müstəqil Azərbaycanın mövcud olduğu bir şəraitdə keçiririk. Eyni zamanda bu bayramı Azərbaycanda, o cümlədən də Naxçıvanda mövcud olan gərgin sosial-iqtisadi, ictimai-siyasi vəziyyət şəraitində keçiririk.»

Ancaq təbii ki, Ulu Öndəri Azərbaycanın və Naxçıvanın düşdüyü ağır müharibə vəziyyəti qorxutmur, o, vəziyyəti bir diplomat, bir təcrübəli dövlət xadimi, nəhayət, bacarıqlı və istedadlı bir sərkərdə kimi analiz edərək, gələcəyə tam bir nikbinliklə baxır:

«Bu vəziyyətin səbəbləri məlumdur. Beş ildir ki, Azərbaycan müharibə şəraitindədir, torpaqlarının bir qismi əlindən gedib, çox qurbanlar gedib. Fəqət Azərbaycan hələ də bu müharibədən çıxa bilməyibdir və öz ərazi bütövlüyünü, suverenliyini təmin edə bilməyibdir. İkinci tərəfdən bu gərginliyin səbəbi iqtisadi, ictimai-sosial böhrandır. Bu böhran artıq keçmiş Sovetlər İttifaqının hər yerindədir. Azərbaycan burada müstəsnalıq təşkil etmir. Fəqət Azərbaycanın uzun müddət müharibə şəraitində olması bu böhranı daha da dərinləşdirir və bizim vəziyyətimizi ağırlaşdırır.

Ancaq bunların hamısına baxmayaraq, biz bu gün bayram edirik. Çünki həyat nə qədər maddi cəhətdən ağır olsa da, insan mənəviyyatı insanı yaşatmağa, mübarizəyə və bu çətinliklərin öhdəsindən gəlməyə yardım edir. Bu mənəviyyat mənbəyi də bizim mədəniyyətimizdədir, bizim xatirimizdədir, bizim ali köklərimizdədir, bizim əbədiyyətimizdədir, bizim mənəviyyat, mədəniyyət xəzinəmizdədir. Bu xəzinəni bizə bəxş edənlərdən biri də və demək olar ki, ən görkəmlisi də Hüseyn Caviddir.»

Hələ 1992-ci ildə, yəni gələcəyin dumanlı, qeyri-müəyyən olduğu, Cavid məqbərəsinin başa-bəhəmə gələcəyi günə tam dörd il qalarkən bu barədə Heydər Əliyevin xəyal kimi görünən proqnozları, onun ülvi məqsədləri, Hüseyn Cavidin xatirəsi qarşısında bütün azərbaycanlıların daşımalı olduğu borc hissinə münasibəti, peyğəmbərcəsinə uzaqgörənliyi sözün ən yaxşı mənasında heyrət doğurmaya və bu söz sahibinin iradəsi qarşısında baş əydirməyə bilmir:

“Hüseyn Cavidin cənazəsini Sibirdən gətirəndən sonra onun dəfni ilə əlaqədar Azərbaycanda fikir müxtəlifliyi oldu. Bəziləri onun Bakıda Fəxri Xiyabanda dəfn olunması, bəziləri isə Naxçıvan torpağında, şəhərin mərkəzində dəfn olunması fikrini irəli sürdülər. Bu məsələni biz həm alimlərlə, həm yazıçılarla geniş müzakirə etdik və ümumi fikir belə oldu ki, cənazə Naxçıvana gəlsin. Bir ona görə yox ki, o burada, Naxçıvanda doğulub, ona görə ki, burada onun məzarının üzərində böyük bir məqbərə, mavzoley ucalsın. Bu bir ziyarətgah olsun. Qədim Naxçıvan diyarında böyük memarımız Əcəmi Naxçıvaninin yaratdığı mavzoleylə yan-yana, yeni bir mavzoley də 800 il bundan sonra bugünkü təsirlər yaratsın. Hüseyn Cavid belə bir mavzoleyə, belə bir məqbərəyə layiq bir adamdır.”

Demək, Azərbaycan xalqının dahi oğlu 1992-ci ildə işıqsız, yanacaqsız, ərzaqsız, od-ocaqsız soyuq Naxçıvanda böyük romantik Hüseyn Cavidin xəyallarının gücü ilə 2792-ci ili görürmüş! Məgər bu, peyğəmbər uzaqgörənliyi deyilmi? Bu baxımdan Hüseyn Cavid romantik ədəbiyyatımızın nə qədər dahi sənətkarıdırsa, Heydər Əliyev də dövlətçiliyimizdəki romantik vüsətin o qədər böyük memarı və qurucusudur. Axı hər bir əsər müxtəlif materiallar üzərində gerçəkləşənə qədər ilk növbədə öz yaradıcısının beynində və ürəyində gerçəkləşir. Buna görə də, heç şübhə olmasın ki, 2792-ci ilin xoşbəxt azərbaycanlıları Möminə xatun türbəsi ilə yanaşı, Hüseyn Cavid türbəsini də böyük ehtiramla ziyarət edəcək və onun yaradıcısı dahi Heydər Əliyevin ruhuna da ixlasla rəhmətlər oxuyacaqlar.

Çünki Tarixin səbri böyükdür və tarixi ədalət gec-tez öz yerini tutur, elə Hüseyn Cavidin sevimli qızı mərhum Turan Cavidlə birlikdə tarix növbəti dəfə Heydər Əliyevin əlləri ilə ədaləti bərpa etmədimi?

110 illik yubileydəki nitqinin sonunda Ümummilli Lider Heydər Əliyevin xoşfal dilindən səslənən nikbin arzuların, tarixi ədalətin bərpasına da o qədər çox qalmayıb. Buna bütün Azərbaycan xalqı, bütün Türk dünyası dərin və sarsılmaz inam bəsləməkdədir:

«Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi təmin etmək üçün şübhəsiz ki, böyük çətinliklər və problemlər vardır. Amma Azərbaycan xalqı Hüseyn Cavid kimi böyük şəxsiyyətlər yaratmışdır. Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq, müharibə də qurtaracaq, torpaqlarımız da hamısı özümüzə qayıdacaq, Azərbaycan xalqı yeni mərhələdə onun daxilində olan böyük imkanları, böyük mənəviyyat potensialını bütün dünyaya nümayiş etdirəcəkdir. Mən bu fikirlərlə öz çıxışımı bitirərək sizin hamınızıbu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm, sizin hamınıza Cavid paklığı, təmizliyi, mənəviyyatıarzulayıram.» Hüseyn Cavidlə, onun ölməz yaradıcılığı ilə həmişə maraqlanan, fürsət tapan kimi onun əsərlərinin tamaşalarına baxan Heydər Əliyev 1993-cü ildə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra, şübhəsiz ki, ilk vəzifə kimi Azərbaycanı düçar olduğu ölçüyəgəlməz fəlakətdən qurtarmağı qarşıya məqsəd qoydu və qısa bir müddət ərzində bunun öhdəsindən uğurla gəldi. Yalnız ölkədə əmin amanlığı bərpa etdikdən, vətəndaş qarşıdurmasını aradan qaldırdıqdan sonra ümummilli liderimiz mədəni-mənəvi quruculuq işlərini böyük entuziazmla davam etdirməyə başladı. 1996-cı ilin oktyabrında, Hüseyn Cavidin məqbərəsinin açılışında söylədiyi nitqdə Heydər Əliyev bu yolda sərf etdiyi titanik səyləri təvazökarcasına belə ümumiləşdirirdi: «Üç il yarımdır ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, respublikamızı Ermənistanın təcavüzündən qurtarmaq üçün əlimdən gələni əsirgəmirəm və bu yolda gecə-gündüz çalışıram».

1995-ci ilin iyununda Hüseyn Cavidin hələ 1982-ci ildə yaradılmalı olan məqbərəsinin və ev-muzeyinin ərsəyə gətirilməsinə həsr edilmiş müşavirədəki dərin məzmunlu, həm də narahatlıq dolu giriş sözündə Cavidin irsinin, xatirəsinin xalqın yaddaşında əbədiləşdirilməsi ilə bağlı prosesi incədən incəyə təhlil edən Heydər Əliyev, doğrudan da, mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal, əvəzedilməz bir dahi şəxsiyyət olduğunu çox sadə sözlərin köməyi ilə diqqətə çatdırmışdı: «Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib. O dövrdən isə artıq on beş il keçir».

1990-cı ildə dünyada gedən qlobal ictimai-siyasi hadisələrin nəticəsində doğma yurdu Naxçıvana qayıdan ümummilli liderimiz ilk növbədə Cavidin məzarı üstə getmiş və gördüklərindən heyrətə gəlmişdi. Müşavirədəki nitqində Heydər Əliyevin özü həmin hadisəni səmimi bir həyəcanla belə xatırlayırdı: «Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum».

Müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran ümummilli liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyəti olduğunu qeyd etmiş, Cavidin məqbərəsinin, ev muzeyinin və abidəsinin acılışını əlaqədar təşkilatların qarşısına bir nömrəli vəzifə kimi qoymuşdur. Yalnız bundan sonra qısa bir müddət ərzində, Heydər Əliyevin şəxsi nəzarəti və qayğısı altında nəhəng işlər görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə – 1996-cı ilin oktyabrında Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bütün gözəlliyi və əzəməti ilə xalqın gözü qarşısında ucalmışdır. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev bütün bu işləri bir çoxları kimi gözdən pərdə asmaq, yalnız faktı təsdiq etmək xatirinə həyata keçirməmiş, doğrudan da, ictimai-siyasi istedadının bütün potensialını sərf etməklə, sevə-sevə görmüş və nəticədə həm özünə, həm də Cavidə layiq gözəl abidələr qoyub getmişdir.

Bu abidələrdən biri də uzun illərdən bəri üzərində iş gedən, ancaq Cavid məqbərəsindən yalnız 6 il sonra, yenə də dahi şairin anadan olmasının ildönümündə, daha doğrusu, 120 illik yubileyində ümummilli liderimiz Heydər Əliyev tərəfindən açılan Hüseyn Cavidin ev muzeyidir.

Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır. Heydər Əliyev isə bu əbədiliyi tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir. Dahi sənətkarlar çox vaxt dahi rəhbərlərin qayğısı nəticəsində öz layiqli qiymətini alır. Hüseyn Cavid irsinə, xüsusən də ev muzeyinin açılışına göstərdiyi müstəsna qayğı və diqqəti Ulu Öndərin cismani yoxluğundan sonra riqqətlə xatırlayan Turan xanım Cavid 2003-cü ildə yazırdı:

«Hüseyn Cavidin uzaq Sibirdən doğma Naxçıvana gətirilməsi o dövrdəki Sovetlər İttifaqında yeganə hal idi. Onun da səbəbkarı daim xalqına, millətinə bağlı olan, ziyalılarına xüsusi məhəbbətlə yanaşan Heydər Əliyev oldu. Təbii ki, belə məsuliyyətli vəzifəni yerinə yetirmək biz fikirləşdiyimiz qədər də asan deyil. Buna mütləq ən yüksək səviyyəli rəhbərlərin razılığı lazım idi. Görünür, Heydər Əliyev belə bir çətin işin öhdəsindən gələcəyinə inanırdı. Ona görə də işini planlı şəkildə həyata keçirmişdi. Hələ o vaxt Cavidsevərlər dahi şairin gec də olsa vətənə gətirilməsi kimi böyük cəsarət tələb edən işin öhdəsindən gəldiyinə görə ona minnətdarlıq etdilər. Bu, həqiqətən, müqayisəsi, bənzəri olmayan, xalq qarşısında misilsiz bir xidmət kimi həmişə yüksək qiymətləndiriləcək.»

Doğrudan da, Heydər Əliyevin təkcə Hüseyn Cavidi cismən Vətənə qaytarması onun cavidşünaslıq qarşısında müstəsna xidmətlərindən biri kimi qiymətləndirilə bilər. Ancaq Ulu Öndər fraqmentarlığı, yarımçıqlığı sevmirdi və başladığı bir işi kompleks şəkildə yüksək səviyyədə həyata keçirməyincə, necə deyərlər, rahatlıq tapmır, ürəyi soyumurdu. Ona görə də, 1981-ci ildə əsasını qoyduğu möhtəşəm işləri Ümummilli Lider ikinci dəfə Respublika hakimiyyətinə gəldikdən sonra qətiyyətlə davam etdirdi və Hüseyn Cavidə layiq bir şəkildə sona yetirdi. Turan xanım minnətdarlığına davam edərək yazırdı:

«Onu da xatırlayırıq ki, bunu eşidən digər millətlər də repressiya qurbanları olan böyük şəxsiyyətlərinin, yaxınlarının cənazəsini öz diyarlarına gətirmək istədilər.

Lakin qürbətdən doğma elinə qayıdan, doğma torpağa qovuşan təkcə Hüseyn Cavid oldu.»

Əlbəttə, bu, hər oğulun işi deyildi və bu əzəmətli planı həyata keçirmək üçün Heydər Əliyev dühası, Heydər Əliyev müdrikliyi, Heydər Əliyev nüfuzu və qətiyyəti, imperiyanın ən yüksək dairələrində layiq olduğu böyük hörməti lazım idi. Bu baxımdan Heydər Əliyev o zamankı müttəfiq respublika rəhbərlərindən qat-qat yüksəkdə dururdu. Turan xanım da məhz bunu nəzərdə tutaraq deyirdi:

«Bu işin çətinliyini göstərmək üçün bir məsələni də qeyd etmək istəyirəm. Əgər bu köçürülmə indi olsaydı, bir o qədər təəccüblənməzdik. Çünki artıq müstəqil respublikayıq, istədiyimizi edə bilərik. Amma o dövrün şəraitini, kimlərin təsiri və rəhbərliyi altında yaşadığımızı bir daha yada salsaq, onda görərik ki, belə mümkünsüz görünən işi reallaşdırmaq üçün hətta razılıq almağın özü bir məharət tələb edirdi. Görünür, qarşısındakının dili ilə danışmağın özü bir siyasət imiş. Onda bir daha hiss etdik ki, Heydər Əliyev dediyi sözün üstündə axıra qədər dayanan qətiyyətli bir şəxsiyyətdir.»

Ulu Öndərin cavidşünaslıq sahəsində on dörd il sonra gördüyü möhtəşəm işlərə də yüksək qiymət verən Turan Cavid istər məqbərənin, istərsə də ev muzeyinin Heydər Əliyev və Hüseyn Cavid dühalarının qovuşuğunda təqdim etməklə öz səmimi duyğularını ifadə etmiş olur:

«1996-cı ildə Cavidin məzarı üzərində ucaldılmış məqbərənin açılışında dediyi sözlər bu gün də qulaqlarımda səslənir. Hamıdan çox o, sevinirdi. Dedi ki, mən bu gün arzuma çatmışam. Dahi rəhbərin Cavid irsinə məhəbbəti bununla bitmədi. Sonra Hüseyn Cavidin Ev Muzeyinin onun adına layiq təşkil edilməsində misilsiz xidmətləri oldu.

Ev Muzeyi də əslində hələ o vaxt, yəni 1982-ci ildə açılmalı idi. Lakin ondan sonra bu məsələ ilə maraqlanan olmadı. Hər yerə müraciət etdim, lazımi təşkilatlara məktub yazıb, teleqramlar vurdum, heç bir nəticə vermədi.

Hüseyn Cavidin Ev Muzeyi yalnız o (Heydər Əliyev – G.B.) yenidən Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra reallaşdı. 1995-ci ildə müşavirə çağırdı. Məqbərənin layıhəsinin nümunələrinə baxıldı. Daha sonra muzeyin təşkili ilə maraqlanaraq dedi ki, adətən dahilərin muzeyləri onların yaşadıqları evlərdə, mənzillərdə olur. Nə üçün indiyə qədər bu işi həll etməmisiniz. Beləcə, düz 14 ildən sonra əvvəl binanın birinci mərtəbəsində olan muzey, məhz onun diqqət və qayğısı sayəsində, əsl ünvanında yerləşdirildi. Onun daimi nəzarəti altında çox böyük bərpa və tərtibat işləri aparıldı.»

Yazısında atası Hüseyn Cavid kimi, özünə mənəvi qardaş saydığı Heydər Əliyevin də cismani yoxluğuna inanmadığı açıq-aşkar hiss olunan Turan xanımın dilindən bəzən nisgilli ifadələr də süzülür:

«Hüseyn Cavidin anadan olmasının 120 illiyi ərəfəsində muzeyin açılışında şəxsən iştirak etdi. Heç kəsin ağlına gələ bilməzdi ki, bu böyük şəxsiyyətin lentini kəsdiyi son muzey elə Cavidin ev muzeyi, onun yadigarlarını qoruyan bu otaqlar olacaq. Həmin gün muzeydə xeyli oturdu. Bizimlə çox səmimi söhbətlər etdi. Vaxtın necə keçdiyini heç kəs hiss etmədi. «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsini (Drezden nüsxəsinin nəfis surəti nəzərdə tutulur – G.B.) Elmlər Akademiyasına (Əlyazmalar İnstitituna – G.B.) təqdim etdi. Həmin gün bizim üçün həmişə xatırlayacağımız son dərəcə mənalı tarix idi.»

Doğrudan da, bəzən əziz bir insanı itirəndən sonra ona hər an ehtiyac duyulduğu daha kəskin şəkildə meydana çıxır. Bu zaman onun hər bir sözü, işi yada düşür və yeni kontekstdə, yeni şəraitdə nəzərdən keçirilərək qiymətləndirilir. Turan xanımın Heydər Əliyevi təzəcə itirdiyimiz bir vaxt qələmə aldığı bu yazı da bənzər duyğularla çulğalanmışdır. Xüsusən, Ümummilli Liderin möhtəşəm işlərindən sonra cavidşünaslığın yeni mərhələyə qədəm qoyması Turan Cavid tərəfindən sadə sözlərin köməyi ilə dilə gətirilir:

«Heydər Əliyevin atama münasibəti elə bil insanlara cəsarət verdi. Onun haqqında məqalələr, namizədlik dissertasiyaları yazıldı.»

Çox doğru fikirdir: çox vaxt bir işi başlamaq çətin olur, təşəbbüs göstərən böyük zəhmət sərf etməli olur. Ancaq onun göstərdiyi örnək bir çoxlarının qarşısında duran psixoloji maneələri keçmək üçün yardım edir. Məhz buna görədir ki, hər hansı bir möhtəşəm işdə orijinal ideyanın müəllifinə böyük önəm verilir. Heydər Əliyevi də Cavidşünaslıqda orijinal ideya müəllifi saymaq olar. Bu ideyanın əsasında isə Ulu Öndərin böyük Cavid sevgisinin durduğu heç bir şübhə doğurmur. Turan Cavid Heydər Əliyevin bu sevgisindən qürur və minnətdarlıq hissi ilə bəhs edərək yazırdı:

«O, (Heydər Əliyev – G.B.) Cavidi çox sevirdi. Demək olar ki, bütün külliyyatı ilə tanış idi. Bilirdi ki, Cavid söz xatirinə misra yazan şair olmayıb. Hər biri bir xəzinə olan külliyyat yaradıb, irs qoyub gedib. Zəngin sərvət bəxş edib bu xəzinədən yararlananlara. Heydər Əliyev də belə qədirbilən, sənətə, hər kəsə layiq olduğu qiyməti verən söz sərrafı idi.”

Maraqlıdır ki, Turan xanım Hüseyn Cavidlə Heydər Əliyevin yaradıcı intellekti arasında ortaq nöqrtələr, kəsişən cizgilər, ümumi cəhətlər axtarır və tapmağa da nail olur. Heydər Əliyevin təkcə baza təhsilinə görə deyil, həm də şəxsi keyfiyyətlərinə görə tarixçi olması ilə Hüseyn Cavidin tarixi mövzuda qələmə aldığı ölməz əsərləri arasında intuitiv bir yaxınlıq görən Turan xanım yazırdı:

“O, (Heydər Əliyev – G.B.) həm də tarixçi olub. Cavidin əsərlərinin əksəriyyəti isə demək olar ki, tarixi hadisələrdən qaynaqlanırdı. Bəlkə də bu idi ona Cavid yaradıcılığını sevdirən, onu ölməz sənətkara bağlayan ortaq meyar mənbə. Realist şair Hüseyn Cavidin əsərlərində həyatdan qaynaqlanan həqiqət var idi. Heydər Əliyev isə həyatın, düzlüyün, saflığın vurğunu idi. Təsəvvür edin, 1990-cı ildə Naxçıvana qayıdanda ilk getdiyi yer Hüseyn Cavidin məzarı olub. Onu bu işə vadar edən sənətə, sənətkara məhəbbəti, hörməti idi.”

Turan xanımın yazısında müəllifinə hörmət doğuran cəhətlərdən biri də odur ki, o, təkcə Hüseyn Cavidin qızı kimi yox, qeyrətli, vətənpərvər bir azərbaycanlı xanım ziyalı kimi Heydər Əliyev irsinə münasibət göstərir, bu baxımdan onu öz doğma atasından ayırmır. Onun bir növ Azərbaycan xalqına müraciət kimi səslənən son sözləri də bu duyğulardan və narahatlıqdan qaynaqlanır:

“Heydər Əliyev həm də ensiklopedik biliyə malik fenomen insan kimi xatırlanacaq. Onun dərindən bilmədiyi elə bir sahə yox idi. Hansı peşədən, ixtisasdan danışsaydı, elə bilərdin o işin mütəxəssisidir. Ədəbiyyatı da incəliklərinə qədər bildiyi üçün sevirdi. Gərək bir işi sevəsən ki, onu öyrənməyə həvəsin ola, haqqında danışmağa bacarığın, qabiliyyətin çata. Heydər Əliyev həqiqətən fitri istedada malik, hafizəsinə hamının qibtə etdiyi insan idi. Həmişə bir iş görməzdən əvvəl ətrafına topladığı insanların təkliflərinə qulaq asıb, məsləhətlərini eşidən ümummilli liderimiz deyərdi: «Gəlin görək, indi nə etməliyik?» Ən əsası isə, bu müdrik insanda başqalarında hiss edilməyən Azərbaycana bağlılıq təsəvvür edilməyəcək dərəcədə yüksək və ülvi idi. Elə buna görə də otuz dörd illik tariximizdə nəyə üz tuturuqsa, orada Heydər Əliyevin izini, dəst-xəttini görürük. Buna görədir ki, ona ümumxalq məhəbbətini bildirmək istəyən milyonlar gecədən xeyli keçənə qədər mərhumun məzarını ziyarət edir.

İndi bu sualı hər birimiz özümüzə verməliyik. Biz nə etməliyik ki, onun ruhu şad olsun?! Yalnız ona layiq işlər görməliyik. Gurultulu sözləri sevməyən Heydər Əliyevi sevir, ona hörmət ediriksə, özümüzü də, xalqı da boş sözlərlə aldatmamalıyıq. Yalnız bu millətə xeyir verən işlər görməklə Heydər Əliyev əməllərinə sadiq qaldığımızı, ona ehtiramımızı bildirmiş olarıq. Bununla da onun memarı olduğu, qurub-yaratdığı dövlətçiliyimizin mənafeyini qoruya bilərik. Heydər Əliyevin ruhu Hüseyn Cavid demişkən nuri-həqq kimi daim yanacaq, sönməyəcək.”

Turan xanımın vətəndaş qeyrəti və qüruru ilə yazdığı bu sözlərdən 10 ildən də artıq bir zaman keçir. Nə yaxşı ki, bu ziyalı xanımın tövsiyəsi və vəsiyyəti bu gün müstəqil Azərbaycan Respublikasında ən yüksək səviyyədə gerçəkləşməkdədir. Ulu Öndərin layiqli varisi, onun monumental vətənsevər işlərinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ürəyində də Heydər Əliyevin ürəyində olan Hüseyn Cavid sevgisi, Azərbaycan sevgisi alovlanmaqdadır. Hüseyn Cavidin 130 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi, ölməz sənətkarın irsinə, onun ev muzeylərinə (Naxçıvanda və Bakıda) göstərilən yüksək qayğı və diqqət bunun əyani sübutu kimi səslənə bilər. Ancaq yenə də mövzumuza qayıdaq və tarixin səhifələrini bir daha varaqlayaq.

Dahi öndər Heydər Əliyev Naxçıvanda Hüseyn Cavid məqbərəsinin təntənəli açılışı mərasimində söylədiyi dərin mənalı nitqində bir daha Hüseyn Cavidi, onun yaradıcılığının Azərbayacan xalqı və dövlətçiliyi üçün əhəmiyyətini belə qiymətləndirmişdir: «Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur».

Yalnız klassikin həyat və yaradıcılığını, eləcə də onu araya-ərsəyə gətirən mədəni-mənəvi, sosial-siyasi mühiti dərindən dərinə bilən və elmi araşdırmaya, sistemləşdirməyə qabil bir təfəkkür sahibi olan, eyni zamanda, dogma ədəbiyyatını, mədəniyyətini sonsuz bir məhəbbətlə sevən bir şəxsiyyət bu cür qiymət verə bilərdi. Heydər Əliyev bütün həyatı və fəaliyyəti boyu Hüseyn Cavid yaradıcılığına və şəxsiyyətinə münasibətdə məhz vurğuladığımız mövqeyi tutduğunu və bu mövqedən bir an belə geri durmadığını parlaq şəkildə sübuta yetirmişdir. Bir şey də maraq doğurur ki, Heydər Əliyevin Hüseyn Cavid haqqında dediyi yüksək sözlər, əslində, dahi bir azərbaycanlı kimi elə onun özünə də tamamilə aiddir; əgər həmin sözləri iqtibas edərək desək ki: «Heydər Əliyevin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur» - bu sözlərdə zərrə qədər də yanlışlıq tapmaq mümkün olmaz.

Ən əlamətdarı isə odur ki, Ümummilli Lider bu cür münasibəti təkcə Hüseyn Cavidə qarşı deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xidmətləri olan hər bir klassik sənətkarımıza qarşı göstərmişdir. Bu münasibətin bu gün də davam etməsi, yəni Ümummilli Lider Heydər Əliyevin birbaşa gələcəyə yönəlmiş müdrik mədəniyyət siyasətinin davam və inkişaf etdirilməsi Azərbaycan dövlətçiliyinin, xalqın mədəni səviyyəsinin dönmədən inkişafı və gücləndirilməsinin möhkəm qarantı kimi nəzərə çarpır.

Son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqımızın böyük şəxsiyyətlərinin, şair və yazıçıların yubileylərinin yüksək səviyyədə keçirilməsi haqqında verilən sərəncamlar Heydər Əliyevin mesenatlıq fəaliyyətinin və bununla da Azərbaycan xalqına xidmətinin dinamik inkişafının göstəricisidir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pilotlar tətili dayandırdı 19 Sentyabr 2019, 00:49 Bakıda "preparator"  gəncin kürəyini deşdi 19 Sentyabr 2019, 00:28 Azərbaycanda xanım müğənni qəzada öldü 19 Sentyabr 2019, 00:14 Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04