Modern.az

“Cıdır düzündən durub Topxana meşəsinə baxıram...” - Şuşalıların acı XATİRƏLƏRİ

“Cıdır düzündən durub Topxana meşəsinə baxıram...” - Şuşalıların acı XATİRƏLƏRİ

Qarabağ

9 May 2019, 09:39

Yenə bir bahar gəldi, yenə növbəti bir 8 may günü amansızcasına qapımızı döydü. Həm də elə bərk döydü ki, o ahəngsiz taqqıltı səsi əvvəl qulaqlarımızı, sonra beynimizi, daha sonra isə ürəyimizin başını deşdi. O ahəngsiz taqqıltı səsi: Şuşa işğaldadır, Şuşa yağıdadır, Şuşa sizi haraylayır. Şuşa can üstədir”...deyib, hirsini-hikkəsini töküb gedir. Düz 27 ildir belədir. Düz 27 ildir, həsrətlə nəyisə gözləyirik... Taqqıltınımı, taqqıltının verdiyi acınımı? Bəlkə gözümüzdə xatirələrə dönmüş Şuşanın gercək özünü görmək həsrətimi?

Bu bahar oxuma, bülbül, sən Allah!

Zülmətdir,

Yoluna şam tutanın yox.

 Şuşan ağlar qaldı, köçdü el-oba,

Şirin cəh-cəhinə dəm tutanın yox.

Deyilənə görə Səməd bəy Ağaoğlu xatirələrində yazırmış ki, Əhməd bəy Ağaoğludan (Sankt-Peterburqda və Fransada Sorbona Universitetlərində oxumuş, Azərbaycan və Türkiyə Parlamentinin üzvü olmuş, “İrşad” qəzetini açmış, “Difai” təşkilatını yaradıb ermənilərin törətdikləri soyqırımın qarşısını almış, Atatürkün həm də silahdaşı olmuş qorxmaz və cəsur şuşalı Ə. Ağaoğlu) soruşduq ki, ata, nə üçün Şuşa haqqında xatirələrini yazmırsan? İstanbulda ömrünün son illərini yaşayan Əhməd bəy oğluna belə cavab vermişdi: “O xatirələrə toxuna bilmirəm, mənim üçün çox ağır olur”.


İndi düşünürəm... Bəlkə şuşalılar da bu həzin, eyni zamanda sarsıdıcı ayrılıq dərdindən qorxurlar? Bəlkə onlara da ağır gəlir, Şuşanı anmaq, şuşalı günlərə, xatirələrə toxuna bilməmək? Bəlkə elə bunun izahını şuşalıların özündən soruşaq?


Sualımı  Meydan məhləsində doğulmuş, nəinki o aralıqları, o kücələri, lap elə yerə döşənmiş o caylaq daşlarını da unutmayan, onların qoxusunu hər zaman burnunda tutan Faiq İsgəndərova ünvanlayıram. Əvvəlcə, susur, gözləri yol cəkir. Elə görünür ki, ya danışmaq istəmir, ya da danışa bilmir... hardan, nədən başlayacağını düşünür. Hə, nəhayət söhbətə başlamağa bir ip ucu tapdı. Şuşanın gözəlliklərindən, bütün fəsillərdə Şuşaya gələn turistlərdən, İsa bulağının lətif suyundan, pioner düşərgəsindən, Cıdır düzünün əsrarəngizliyindən, qarın dənəvər-dənəvər, sakit-sakit yağmasından, o ağğappaq qarın üstündə sürüşmək ücün “dava-şava” salan uşaqlardan...


Faiq vurğun kimi, aşiq kimi elə hey Şuşadan söz açır. Səbrlə gözləməyimə baxmayaraq söhbəti işğala gətirib çıxarmır.. Elə bil o hissəyə gəlməyə qorxur. Elə bil işğal sözünü söyləsə, bayaqkı danışdıqları hamısı xatirə olaraq qalacaq. Çünki danışdıqlarının hamısını sanki yaşaya-yaşaya danışırdı. Danışdıqca üzünə təbəssüm qonur, yaxud təəssüflənir...Hiss etdim ki, Faiqində canında bir qorxu var. Şuşanın 27 ildir yağılarda qalması etirafından qorxur:

 
-Faiq, Şuşa işğal olunanda neçə yaşın vardı?

- Mən 1974-cü ildə anadan olmuşam. Orta məktəbi bitirən kimi ordu sıralarında xidmətə başlamışam. Döyüşlərdə iştirak etmişəm. Həmin gün  Şuşa üzərinə 11 min erməni əsgəri hücuma keçmişdi. Ordumuzun sayı onların sayından xeyli az idi. Müqavimət göstərən batalyonlar  nə qədər kömək gözləsə də kömək gəlib çıxmırdı. Nə qədər igidlərimiz bu gözəl yurd uğrunda şəhid oldu...Amma təssüf ki aradan 27 il keçməsinə baxmayaraq Şuşamız hələ də erməni tapdağında inləyir...


- Səfərbətlik olsa, gedərsiniz?

- O günü Allahdan arzu edirəm... Ən böyük arzumdur ki,  bizim əsgərlər ermənilərə həddini bildirsin, Şuşaya qələbə bayrağını sancsınlar. Bax o qələbənin bir damcısında mənim də əməyim olsun! Hər yerdə sinəmə döyüm ki, biz qalib bir ölkənin vətəndaşıyıq...Amma hələ də Şuşanı yuxularımda görmək məcburiyyətindəyəm. Mən döyüş istəyirəm, müharibə olsun! Çünki o quldurlar yurdumuzu  sakitcə tərk etməyəcəklər. Onları düz Mesopotomiyaya qədər qovmaq lazımdı. Nəinki mən, elə bir şuşalı olmaz ki, Şuşanı arzulamasın, Şuşa uğrunda ölmək istəməsin.



Növbəti həmsöhbətim Mayis Əliyevdir. O 1980-ci ildə anadan olub. Şuşanı tərk edəndə 12 yaşındaymış. Buna görə də, çox şeylər hafizəsinə dünən baş vermiş kimi açıq-aydın həkk olunub: “Ağadədəli məhləsində  hamı bir-birini yaxından tanıyırdı. Çoxu qohum deyildi, amma bir-birinə qohumdan da yaxın idilər, əziz  idilər. Hər səhər-axşam kim  kimin qarşısına neçə dəfə çıxmasından asılı olmayaraq, mütləq salamlaşardılar, hal-əhval tutardılar. Bir evdə yas düşdüsə, Ağadədəli məhləsində elə  bir adam tapılmazdı ki,  ora başsağlığına   getməsin, yas sahiblərinə dəstək  olmasınlar. Bir də yamyaşıl Cıdır düzünü unuda bilmirəm. Yayda da gözəl olurdu, qışdada. Balacaykən tay-tuşlarımızla oyunlar oynamaqdan yorulmazdıq. Hələ  qışda ağzımızı göyə tutardıq, görək , qar dənəcikləri kimin ağzına çox düşür... Birincilik üstündə “dava-dalaş” düşürdü. Anamız bizi hədələyib evə yığana qədər xizəklə sürüşürdük, qartopu oynardıq.  Mən söhbətcil deyəm, bəlağətli cümlələr qurmağı bacarmıram. Amma Şuşa sözün həqiqi mənasında cənnət idi, 12 il o cənnət yurdda qayğısızlıq, dərdsizlik içində xoşbəxt yaşamışam. İndi isə artıq 39 yaşımın astanasındayam və təəssüf ki, aradan keçən  27 il müddətində bir dəfə də olsa özümü Şuşadakı kimi qayğısız, xoşbəxt hiss edə bilmədim. Çünki uşağlığımı  şəhərə mərmilər düşəndə, doğma evimiz darmadağın olanda dəfn elədim, didərgin kimi keçdiyimiz yollarda, kəndlərdə  itirdim. İndi də gəncliyim keçir. Göz dolusu yaşaya bilmirəm gəncliyimi...
Sosial şəbəkələrdə ermənilər tərəfindən paylaşılan şəhərimin məzlum şəkilləri məni qisasa haraylayır. Mən müharibə istəyirəm. Mən Ali Baş Komandanımdan “Vur ” əmri gözləyirəm! Mən həmişə hazıram!”



Hədiyyə Bağırovanın
valideynləri əslən Ağdam rayonundan olsa da, o doğulmamışdan çox əvvəllər Şuşaya köçüblər. Bu səbəbdəndə o, özünü şuşalı kimi hiss edir. Şuşalı günləri kədərlə xatırlayır. Həyat yoldaşı Nemətlə yenicə  ailə qurmuş, ailə şirinliyini, ana duyğularını Şuşada yaşamışdı. 4 övladı da o gözəl məkanda dünyaya göz açıb. Amma harda, necə bir cənnətdə  dünyaya gəldiklərinin fərqinı anlamaq məqamında yurdlarından perik düşüblər. Şuşadan gənc ana, təzə gəlin kimi ayrılan Hədiyyə xanım indi nənədir. 60 yaşı var. Deyir, yaş üstə yaş gəldikcə yurdum ücün daha çox darışıram, necə deyərlər, lap burnumun ucu göynəyir:

“Şuşadan, xatirələrdən danışmaqla qurtaran deyil. Daşından, torpağından doymadığım Şuşamın hansı möcüzəsindən yazsam sakitləşərəm? Bilmirəm! İlk addımımı atdığım, havasından suyundan içib böyüdüyüm Şuşanın Ağadədəli məhəlləsidənmi, ayaqyalın oynadığım sulama daşlıqdanmı? İlk dəfə əlimə çanta alıb 4 saylı məktəbə getdiyimdənmi? Acılı- şirinli uşaqlıq illərimdənmi? Yoxsa həsrət qaldığımız Cıdır düzünün o füsünkar gözəlliyindənmi? Qayaların arasından bitən kəklikotundanmı deyim?Yoxsa Üçmıx dağının xarıbülbülündənmi danışm? Həsrət qaldığımız İsa bulağındanmı, Soyuq bulağındanmı danışım, bacım? Qış olanda narın-narın yağan, yeridikcə ayaq altında xışıldayan qarın gözəlliyindənmi? Bəzən yuxularımda Cıdır düzündən durub Topxana meşəsinə baxıram. Yuxunun içində dilim söz tutmur, nəsə deyə bilmirəm. Yuxudan ayılandan sonra dönə-dönə təkrarlayıram: “Kaş ölüb orda qalaydım. Ruhum o dağlarda, meşələrdə, Ağadədəlidə  gəzəydi. Kaş ki..” Kövrəltdin məni!


Bir dəfə təsadüfən evimizin yeni çəkilmiş şəklini sosial şəbəkədə gördüm. Ermənilər çəkib paylaşmışdı. Bir həftə özümə gələ bilmədim. Şəkli böyütdürüb, çərçivəyə salıb, divardan asmışam.  Ağlar qalan Şuşamın ağlar sakinləriyik. Şəkillərdə yaşadırıq, xatirələri qoruyub saxlayırıq. Amma bir ümid var qəlbimdə. Allah son ümidimizi əlimizdən almasın.İnanıram bir gün qara bulud Şuşamın səmasından çəkiləcək. Doğacaq günəşi görmək üçün Allah ömür versin bizlərə”.



Teymur Hacıyev
əvvəlki müsahiblərim kimi söhbətinə kədərlə başlamadı. Təbəssümlə, gülümsəyərək ötən çağları, qayğısız günləri xatırladı. Amma söhbəti davam etdirdikcə qəlbindəki kədəri duymamaq olmur: “Kənd Təsərrüfatı Texnikumunun yataqxanası ilə üzbəüz idi evimiz. Hamamqabağı məhləsi, Vahidin dükanının yanı... Həyatımın vur-tut 5-6 ili Şuşada keçib. Yadımda qalan son 2-3 ildə baş verənlərdir. Yayda gödək idman geyimidə olan qonaqların səhər-səhər azad və asudə şəkildə şəhərin küçələri ilə qaçdıqlarına tamaşa etmək maraqlı idi. Məhlənin uşaqları da bunu görüb həvəsə düşürdü, tökülüşürdülər onların dalınca. Sonra onları yamsılayaraq bu dəfə də topa hücum edirdilər.Guya futbol oynayırlar. Bizim evin qarşısında topla oynamaq riskli idi, küçə dağın yamacı boyu aşağı doğru enirdi deyə, top əldən çıxdı, onu tapıb gətirmək müşgül məsələ idi, diyirlənib gedirdi - getdikcə də sürəti artırdı.  Mütləq hər gün bir topu ”itirirdik”. Yaşım 30-u keçib, amma elə bil illərdi içimdə bir nisgil qalıb. İnşallah ayağımı Şuşa torpağına basan an bir top alıb məhləmizin uşaqları ilə doyunca ”futbol” oynayacam. Sonrada topu buraxacam sürətlə üzü enişə sarı. Arxasınca da tamaşa edəcəyəm”.


Şuşalıların, ümumən bütün qarabağlıların bir amalı var;  ana qucağı kimi isti, əziz olan doğma yurdlarına dönmək amalı. Bəli, artıq bu arzu deyil, amaldır! Şuşalı Şuşaya, cəbrayıllı Cəbrayıla, laçınlı Laçına, bir sözlə hər kəs yenidən öz yuvasına qovuşmalıdır!


Bütün şüşalılara, laçınlılara, ağdamlılara, xocalılılara, xocavəndlilərə , bir sözlə, qarabağlılara o günə qovuşmağı arzu edirik!

 
Əntiqə Rəşid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır