Modern.az

Qarabağ söhbəti - Pol Qobl: “Müharibə başlasa, Rusiya ilə Ermənisanın əlaqələri daha da möhkəmlənəcək” - MÜSAHİBƏ

Qarabağ söhbəti - Pol Qobl: “Müharibə başlasa, Rusiya ilə Ermənisanın əlaqələri daha da möhkəmlənəcək” - MÜSAHİBƏ

10 May 2019, 13:50

Amerikalı analitik: “Moskva danışıqlar masasında yeni ideyalar gətirir”

 

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Budəfəki müsahibimiz məşhur amerikalı analitikdir. ABŞ dövlət katibinin postsovet məkanı üzrə xüsusi müşaviri olmuş, professor, tanınmış politoloq Pol Qoblla müsahibəni təqdim edirik.

 

- Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilmiş görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra mövqelər səsləndirilir. İndi çoxunu bu sual maraqlandırır: hazırda danışıqlar masasında nələr müzakirə olunur?

- Hesab edirəm ki, tərəflərin mövqelərində hər hansı bir dəyişiklik baş verməyib. Buna görə də ciddi irəliləyişlər gözləmirəm. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn iki prinsipi – öz müqəddəratını təyin etmə və sərhədlərin toxunulmazlığı arasında ziddiyyət təşkil edir.

İkincisi, dünya dövlətlərinin bəlli bir üstünlüyü var, lakin bu da universal deyil. Azərbaycan öz ərazilərində beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində nəzarəti bərpa etməyə çalışır.

Ermənistan isə etnik ermənilərin öz milli müqəddəratını təyin etmək hüququnun tanınmasının tərəfdarıdır. Tərəflər arasındakı bu fikir ayrılığı 25 ildir ki, dəyişməyib.

Xarici qüvvələrin Azərbaycan dövləti içərisində erməni muxtariyyətinin yaradılmasına cəhd etməsi həm Bakı, həm də Yerevan üçün problemlər yaradır.

Yerevan üçün ona görə problem yaradır ki, bu yanaşma öz müqəddəratını təyin etmək prinsipini pozur. Eyni zamanda Bakı qarşısında belə tələblərin qoyulması Azərbaycan üçün özünəhörmət hissinə qarşı çıxmaq deməkdir.  

Hər iki tərəf – Azərbaycanla Ermənistan – və xarici oyunçular əsrin dörddə bir müddəti ərzində bu məsələləri müzakirə edirlər.

Yeni variantlara gəlincə, onlar sadəcə təklif kimi səsləndirilir, lakin fundamental, əsas istiqamətlər dəyişmir.

 

Azərbaycan hər il özünün müdafiə və təhlükəsizlik xərclərini, hərbi gücünü artırır. Eyni zamanda, ekspertlər deyirlər ki, Bakı 2016-cı ilin aprel döyüşlərindən sonra diplomatik danışıqlarda üstünlük qazanıb. Bu haqda sizin düşüncələriniz nədən ibarətdir?

- Mən dəfələrlə demişəm ki, Azərbaycan Ermənistanla müqayisədə güclənəcək. Buna görə də Ermənistan belə düşünür ki, Azərbaycan tezliklə münaqişənin həllinin öhdəsindən gələ bilər.

Eyni zamanda, bunu da deməliyik ki, münaqişənin hərb yolu ilə nizamlanması həll variantı deyil. Azərbaycanın hərbi vasitələrlə torpaqlarını geri alması qaçqın axınının güclənməsi üçün qığılcım olacaq. Bu isə çoxaylı ölümlə müşayiət oluna bilər, üstəgəl, Bakının beynəlxalq ictimaiyyətdən təcridinə gətirib çıxarar.

Daha pisi isə budur ki, Moskva Azərbaycana qələbə qazanmağa imkan verməz və hibrid vasitələrlə birbaşa müdaxilə edə bilər. Bu isə münaqişənin dondurulması və Azərbaycanın pis vəziyyətə düşməsi deməkdir.

 

- Jurnalist və ekspertlər “Lavrov planı”nın nədən ibarət olmasını öyrənməyə cəhd edirlər. Siz analitik kimi “Lavrov planı”nın nədən ibarət olduğunu detallı izah edə bilərsinizmi?

 - Moskva müntəzəm olaraq danışıqlar masasına yeni ideyalar gətirir. “Lavrov planı” da onlardan ən axırıncısıdır. Lakin fakt budur ki, “Lavrov planı” Azərbaycan daxilində erməni muxtariyyətinin yaradılmasından başqa bir şey deyil. Amma mən bunun reallaşacağını proqnazlaşdıra bilmirəm.

 

- Müharibə variantının həll yolu olmadığını dediniz. Amma fakt budur ki, cəbhədə toqquşmalar olur, bunun genişmiqyaslı əməliyyatlara gətirib çıxaracağı da istisna deyil. Dağlıq Qarabağda baş verə biləcək toqquşmalar barədə proqnozlarınız nədir?

 

- Dediyim kimi, müharibə çıxış yolu deyil. Müharibə xüsusilə də Azərbaycan üçün ziyandır. Hətta müharibənin birinci raundunda Moskva müdaxilə etməyəcəyi təqdirdə, Azərbaycan qələbə qazansa belə, nəticə Bakı üçün yaxşı olmayacaq.

Fikrimcə, bu zaman Moskva ilə Ermənistan arasında əlaqələr daha da möhkəmlənəcək, bu isə Azərbaycanı daha çox təcrid vəziyyətinə salar. Və gələcəkdə baş verə biləcək humanitar fəlakətə beynəlxalq reaksiya olmayacaq.

Rusiya müharibəyə birbaşa, ya da hibrid vasitələrlə müdaxilə edə bilər. Özü də Ermənistana dəstək verməklə və Azərbaycana müxalif olmaqla.

Ermənistan Cənubi Qafqazda Rusiyanın “pişik pəncəsi”dir.

 

Hansı ölkə Cənubi Qafqazda üstünlüyü ələ alıb – Amerika, yoxsa Rusiya?

- Hər iki ölkənin çoxlu üstünlükləri və dezavantajları var. Rusiyanın üstünlüyü bundan ibarətdir ki, Rusiya regiona yaxındır, bu bölgədə uzun müddətli təcrübəyə malikdir. Eyni zamanda, Cənubi Qafqazın öz milli müdafiəsi üçün mühüm əhəmiyyətə malik olduğunu düşünür.

Rusiyanın bu regionda dezavantajları isə odur ki, burada yaşayan xalqlara mənfi münasibət bəsləyir.

ABŞ-ın üstünlüyü isə tarixi amillərlə bağlı deyil və Vaşinqton özünün dezavantajlarını regiona fokuslamır. Əvəzində səmərəli siyasətin həyata keçirilməsini bazar, iqtisadiyyat baxımından nəzərdən keçirir. Bu isə effektiv siyasətin həyata keçirilməsi üçün yetərli deyil.

 

Amerika Azərbaycana qarşı “907-ci düzəliş”i nə zaman aradan qaldıracaq?

 - Mən düşünə bilərəm ki, Tramp administrasiyası gələn ildən “907-ci düzəliş”i aradan qaldıracaq.

 

- İran Qarabağ münaqişəsinin həllində həlledici rola malik deyil, amma regiona yaxın dövlətdir. Üstəgəl, Azərbaycanla da, Ermənistanla da yaxşı əlaqələrə malikdir. Bu kontekstdə İranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyini necə dəyərləndirirsiniz?

 - İran Cənubi Qafqazda sabitliyin olmasına diqqət yetirir. Çünki İran üçün Cənubi Qafqaz ticarətin əsas məkanlarından biridir. Bu isə status-kvonun saxlanılmasına dəstək verməkdir.

İran öz ərazisində yaşayan azərbaycanlılar və Ermənistanla mövcud olan tarixi əlaqələr tandemindən narahatlıq keçirir. Mənim düşüncəm budur ki, Tehranın ticarət əlaqələri istisna olmaqla, digər yanaşmaları öz qaynağını tarixdən götürür. Bu isə mürəkkəb və ziddiyyətlərlə doludur.

 

- Siz elə düşünmürsünüz ki, ATƏT-in Minsk Qrupunun həmsədri Fransa Qarabağ məsələsində passivlik nümayiş etdirir?

 - Fransa həmişə passiv olmayıb. Sadəcə olaraq, Fransanın Ermənistanla uzunmüddətli dostluq əlaqələri var. Lakin Fransa geopolitik hesablamalarını aparır, nəticədə isə Azərbaycana daha çox diqqət yetirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?