Modern.az

Dinlərin vahid məbədinə çevrilən ölkə - Bakı sammitinin  təhlükəsizlik MESAJLARI

Dinlərin vahid məbədinə çevrilən ölkə - Bakı sammitinin  təhlükəsizlik MESAJLARI

Hadisə

11 May 2019, 10:42

Məlum olduğu kimi,  14-15 noyabr tarixlərində Azərbaycanda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  bu mötəbər toplantının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov Təşkilat Komitəsinin sədri təyin olunub. İyirmi qədər rəsmi şəxsin yer aldığı siyahıda QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də var.

Allahşükür Paşazadə bu günlərdə AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirə olunacaq.

Sammitin Azərbaycan üçün böyük uğur olduğunu deyən QMİ sədri deyib ki, ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək.

A.Paşazadənin sözlərinə görə, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir.  Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən məqamlardan ən mühümü odur ki, ölkəmizdə din-dövlət münasibətləri düzgün qurulub: “Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi hiss edir, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edirlər. Düşünürəm ki, Azərbaycan öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində tanıda bilib”.

 

Bakının tolerantlıq siyasətinin regiona təsiri

Sonuncu dəfə dünyanın nufuzulu din xadimləri Bakıya 2010-cu ilin aprelində toplaşıblar. Birinci Bakı sammiti öz miqyasına və qəbul etdiyi qərarlara görə yaddaqalan olmuşdu.  

Ötən 10 ildə dəyişən dünyanın yeni çağırışları din xadimlərini ictimai-siyasi proseslərdə iştirakı zəruri edən problemlərə üz-üzə qoyub.  Qloballaşma, baş alıb gedən beynəlxalq terrorizm, insanların dini əqidələrinə görə təqib olunması çağdaş tariximizə gərgin dövrünü yaşatmaqdadır. 

Həssas geopolitik regionda yerləşən Azərbaycan bu baxımdan  belə beynəlxalq təhdidlərə qarşı mübarizəyə öz töhfələrini verərək, dünyanın üzləşdiyi bu problemlərə qarşı vahid cəbhəsində yer almağa çalışır.


Bakı sammiti bu baxımdan ölkəmizin dünyaya öz mesajını çatdırmasında ünikal imkan yarada bilər.  
Dini tolerantlıq ənənələri ilə seçilən Azərbaycan hazırda özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.  Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi və əməli işdə nümayiş etdirdiyi multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün yeni çağırışlarıdır. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu modelin uğuru artıq dünya tərəfindən etiraf olunur və vətəndaş cəmiyyətinin əsas  prinsipi kimi çıxış edir.  

Bu siyasətin mühüm detalı dini tolerantlıq və bu zəmində yürüdülən siyasətdir.  Dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilib.  Belə siyasət  Bakıya öz siyasətini qurmağa və əməkdaşlıq platformasını yaratmağa imkan verir.  Bu siyasət  əsasında çıxış edən QMİ və onun rəhbəri şeyxülislam Allahşükür Paşazadə öz fəaliyyəti  ilə bu dövlət siyasətinin aparıcı fiquruna çevirir.

Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din xadimlərinin beynəlxalq səviyyədəki nüfuzu, rəhbərlik etdikləri qurumların dinlərarası dialoq formatı ciddi gərginlik ocaqlarının söndürülməsi üçün öz yaxşı töhfələrini verə bilir.  

Azərbaycan xarici ölkələrdə tolerantlıq prinsiplərini təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə    qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Dövlət siyasəti nəyə hesablanıb?

Tolerantlıq və vətəndaş həmrəyliyi ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.  Ölkəmiz zaman-zaman müxtəlif  qüvvələrin dini təcrübə plantasiyasına çevirmək cəhdləri ilə üzləşib.

Araşdırmalar göstərir ki, dövlətlə  dini kəsimin əməkdaşlığı onlar bir-birinə dəstək verdikləri zaman daha uğurlu və effektli olurlar. Din və dövlət müxtəlif, amma paralel yollarla addımlayır.  Bu isə dövlət üçün hazırkı dövrdə çox vacib olan təhlükəsizlik məsələsini aktuallaşdırır. 

Bu məsələdə əsas olan ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılmasıdır. Bu sırada dini müstəvidə olan sabitlik ölkə üçün vacib məsələyə çevrilib. 

Bu gün dünyada dövlətlər üçün milli təhlükəsizliyin əsas elementlərindən biri dini faktordur. Bu baxımdan  ənənəvi dini konfessiyaların vətəndaş cəmiyyəti və dövlət tərəfindən dəstəklənməsi Azərbaycanda dini təhlükəsizliyin təmin olunmasında əsas mexanizmdir.

Ekspertlərin fikrincə, dini təhlükəsizlik fərdin, cəmiyyətin və dövlətin dini sahədə həyati əhəmiyyətli maraqlarını  xarici və daxili təhlükələrdən müdafiəsini təşkili deməkdir. 

Qeyd olunduğu kimi müasir dünya dövlətlərin dini təhlükəsizliyinə yeni təhdidlər doğurmaqdadır. Bu tendensiya belə təhdidlərin kompleks şəkildə neytrallaşdırılmasını tələb edir. Bu mənada dini təhlükəsizlik milli təhlükəsizliyin əsas elementlərindən biri sayılır. 

Aparılan araşdırmalar göstərir ki, ənənəvi dinlərin köməyi olmadan cəmiyyətin  dini təhlükəsizliyini təkbaşına təmin etmək dövlət üçün çətin olur. Məsələ bundadır ki, dövlət dini təhsil, ənənələr, dini bayramlar kimi məsələlərin tənzimlənməsində çətinlik çəkir. Məhz dini ənənələrə müdaxilə çox vaxt milli təhlükəsizliyə təhdid yaradır.

Odur ki, Azərbaycanın dini təhlükəsizliyi burada yaşayan bütün xalqların dinlərinin və ənənələrinin sabit inkişafı kimi başa düşülür. Bu şəraitdə dini ənənələrin və tolerantlıq prioritetlərin müdafiəsi vacib məsələlərdən biri kimi çıxış edir.  Odur ki, milli təhlükəsizlik sahəsində mütəxəssislər dövlətə bu sahədə əsas təminatçı kimi baxırlar.

Bu zaman dini qurumlar bu milli təhlükəsizlyin təmin olunmasında subyekt kimi çıxış edir.  Daxili siyasi həyatda bu qurumlar dövlət orqanları ilə əməkdaşlıq edərək milli və dinlərarası münasibətlərdə əməkdaşlıq formatını təmin edir.  Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti dövlətin bu sahədə apardığı siyasətin yürüdülməsində vacib detala çevrilir.  Bundan başqa, QMİ  dövlətin sosial və humanitar siyasətində iştirak edərək müxtəlif problemlərin həllində vasitəçi kimi rol oynayır.   

Dini liderlərin sammitinin əsas müzakirə mövzuları sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirini müzakirə etməkdir.  Belə beynəlxalq tədbirlər inanclı insanlara öz hüquqları və cəmiyyət münasibətlərini müəyyən etməyə imkan yaradır, dini liderlər isə dünyanın iqtisadi və sosial problemlərinin həllinə öz mühüm töhfələrini verə bilərlər. Hazırkı dövrdə ənənəvi dinlərin əməkdaşlığı heç vaxt olmadığı kimi mühüm əhəmiyyət kəsb edir. Dünyanın gələcəyi üçün bütün dini liderlərin üzərinə məsuliyyət qoyur və bu təhdidlərə qarşı birgə mübarizəni tələb edir.

Sammitin verəcəyi əsas mesajlar nədir?

Bu baxımdan Bakı sammiti Azərbaycanın tolerantlıq siyasətinin zəruri prioritetlərini dünyaya nümayiş etidrmək üçün mühüm platforma sayıla bilər.

Toplantıya qatılacaq  dini liderlərin çıxışları, bəyanatları xalqlar arasında sülhün təbliğinə, ölkəmizin üzləşdiyi işğal faktoruna münasibəti ortaya qoyacaq.  Xüsusən,  Qarabağ münaqişəsini dini faktor kimi rədd edən nufuzulu din xadimlərinin birgə mövqeyi  “əzabkeş xristian” obrazında maraqlı olan Ermənistan siyasi dairələri üçün ciddi əngəl sayıla bilər.  Sammitdə Qarabağ münaqişəsi ilə bağlı dini liderlərin  sülhə çağırış bəyanatları vacib məqamlardandır. 

Bundan başqa, dünyanın nüfuzlu din xadimlərinin Bakıya gəlməsi Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinin qəbul olunması və dəstək almasını göstərir. Bu isə çoxkonfesiyalı müsəlman ölkəsi olan Azərbyacanın müxtəlif dinlərə mənsub olan dövlətlər arasında hörmətinin  və səmavi dinlərə sayğısının bir subutu olacaq.

Bakı bir daha müxtəlif əqidəli ruhani liderlərin görüşünə sahiblik etməklə Azərbaycanı dinlərarası əməkdaşlığın mərkəzinə çevirəcək. Buradan bütün bəşəriyyətə səslənəcək sülh və birgəyaşayış çağırışları planetn hər bir güşəsində eşidiləcək.  Sammit eyni zamanda Azərbaycanın dünyanı bürümüş dini zəmində ayrıseçkilik cəhdlərinə və yalançı din şüarlarla  silahlanmış beynəlxalq terrorizmə etirazını ifadə edəcək tribunası olacaq.

Odur ki, Şərqlə Qərb arasında qapı sayılan Azərbaycanda keçiriləcək  bu mötəbər toplantı  - “Dünya dini liderlərinin II Bakı sammiti”  ölkəmizi  müxtəlif konfessiyaların vahid məbədinə çevirərək onun bir daha dünya çapında nufuzunu nümayiş  etdirəcək.


A.SƏFƏRLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi