Modern.az

Bakı metrosunda qatarlarda ləngimənin səbəbləri AÇIQLANDI

Bakı metrosunda qatarlarda ləngimənin səbəbləri AÇIQLANDI

11 May 2019, 17:39

Bakı metropoliteninə gələn elektrik enerjisi xətlərindən birində gərginliyin itməsi səbəbilə "Nizami-20 Yanvar" sahəsi stansiyalarının yalnız işıqlanmasında qısamüddətli texniki problem yaşanıb.

 

Bu barədə Modern.az-a metroda işıqların sönməsinin səbəbi ilə bağlı danışarkən Bakı Metropoliteninin Mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, yaranmış vəziyyət qatarların hərəkətinə ciddi təsir etməyib:

“Qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub. Dörd stansiyanın işıqlanmasında yaranmış texniki problem səbəbilə həmin sahədə qatarların hərəkətində 2 dəqiqəyə qədər ləngimə baş verib.

Bakı metropoliteninin elektrik enerjisi ilə təminatı bir mənbədən olmadığından, elektrik enerjisi şəbəkəsinin sığortalı fəaliyyətini təmin edən sistem mövcuddur. Bu səbəbdən elektrik enerjisinin verildiyi hər hansısa xətt üzrə gərginliyin düşməsi və ya itməsinin Bakı metropoliteninin elektrik enerjisi ilə təminatına əsaslı təsir göstərməsi mümkün deyil. Yuxarıda qeyd etdiyimiz sahədə olduğu kimi, texniki problem yalnız qısamüddətli olur və əsasən, dərhal aradan qaldırılır”.

Xatırladaq ki, bu gün saat 15:20 radələrində Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasında işıqlar sönüb. Sərnişinlərlə dolu qatar Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edib.

 

Qatardan düşən sərnişinlər stansiyanın perronunda gözləməli olublar. 5 dəqiqədən çox davam edən gözləyişdən sonra elektrik enerjisinin verilişi bərpa olunub və qatar hərəkətini davam etdirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir