Modern.az

Komitə sədri: “Azərbaycanın beynəlxalq tədbirlər üçün böyük təcrübəsi var”

Komitə sədri: “Azərbaycanın beynəlxalq tədbirlər üçün böyük təcrübəsi var”

13 May 2019, 14:28

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakı şəhərində təşkil edilməsindən narazı qalıb.

Yurgen Klopp deyib ki, matçların harda keçiriləcəyi barədə qərar çıxaran UEFA rəsmiləri azarkeşlər barədə qətiyyən düşünməyiblər. “Liverpul”un baş məşqçisi Bakının Avropadan xeyli uzaq olduğunu qeyd edib:


"Bakı…Mən heç bilmirəm ora necə getmək olar, ora birbaşa uçuşlar varmı? Bu qərarları bir az ağılla qəbul etmək lazımdır. Amma bu məsuliyyətsizlik kimi görünür. Mən bilmirəm onlar işlərini necə görürlər?”.


Məlumat üçün bildirək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda  İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında keçiriləcək.
Çempionlar Liqasının “Liverpul” – “Tottenhem” finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda təşkil olunacaq.

Azərbaycan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Modern.az-a açıqlamasında Yurgen Kloppun fikirlərinə münasibət bildirib.

Ülvi Quliyev Yurgen Klopp kimi tanınmış bir futbol mütəxəssisinin bu cür açıqlama verməsindən təssüfləndiyini vurğulayıb:

“Yurgen Klopp kimi futbol mütəxəssisinin sözləri məni həm təəccübləndirdi, həm də bu açıqlamadan təssüfləndim .
Çünki idman sərhəd tanımır. Bu baxımdan onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm. Bu gün UEFA və FİFA-nın da əsas dəyərlərindən biri futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.
Bir də ki, Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və Yurgen Klopp da bunu bilməmiş olmaz. Digər tərəfdən də əsl futbol azarkeşləri üçün məsafə heç vaxt maneə ola bilməz”.

Ü.Quliyevin sözlərinə görə, Azərbaycanda futbol digər idman növləri ilə müqayisədə geridə qalsa da, bu, AvroLiqanın finalının Bakıda keçirilməməsi üçün əsas deyil:

“Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də  təsdiqləyir. Biz futbolda uğurlu nəticələrə nail olmasaq da, digər idman növlərində öz sözümüzü demişik. Bizim güləş, boks, cüdo, karate və digər idman növlərində Olimpiya, Dünya və Avropa çempionu olmuş çoxlu idmançılarımız var.
Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Bundan başqa, son illər ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının  keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 qran-pri yarışlarının Bakıda keçirilməsi dünyanın bütün idman təşkilatları tərəfindən çox yüksək səviyyədə dəyərləndirilib. Həmin yarışlara qatılan idmançılar, onları izləməyə gələn əcnəbi azarkeşlər, xarici turistlər, dövlət rəsmiləri də təşkilatçılıq işlərindən, azərbaycanlıların münasibətindən və digər məsələlərdən həmişə razılıq ediblər.
İnanıram ki, Avropa Liqasının finalının təşkili də həmin yarışlardan geri qalmayacaq və Bakının bir daha idman paytaxtı olduğu sübuta yetiriləcək.
Şübhəsiz ki, vaxt gələcək, bütün sahələrdə olduğu kimi, futbolumuzda da böyük irəliləyişlər olacaq. Biz bunu son illər Avropa miqyaslı yarışların qrup mərhələsində inamlı oyunlar göstərən “Qarabağ”ın timsalında da görürük.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, Avropa kuboku finalının iki qitənin qovuşduğu məkanda – Azərbaycanda keçirilməsi ölkəmizdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir. Və bu baxımdan UEFA-nın qərarını alqışlamaq lazımdır”.


Komitə sədri onu da qeyd edib ki, Avropa Liqasının finalının Bakıda keçirilməsi üçün heç bir təhlükə və ciddi problem yoxdur:

“Azərbaycan finala çox yaxşı hazırlaşıb. Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Restoran və digər iaşə obyektləri də idmançıları, turistləri qarşılamağa hazırdır. 
Bakıya viza məsələsi də asanlaşdırılıb. Final ərəfəsində “AZAL” aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. 

Təhlükəsizlik baxımından da hansısa maneələrin olmadığını vurğulaya bilərik. Belə olmasaydı, Bakı beynəlxalq səviyyəli siyasi, iqtisadi, sosial, dini tədbirlərə də ev sahibliyi edə bilməzdi. Qonaqların yerləşməsi və ölkədə qalmasının təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət tərəfindən diqqətlə nəzərdən keçirilib.

Bir daha qeyd edim ki, Bakı müdəmadi olaraq dünya ölkələri liderlərinin gəlib-getdiyi paytaxt şəhəridir. Ötən il keçirilən VI Qlobal Bakı Forumun, bu ilin əvvəlində təşkil olunan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısına müxtəlif ölkələrdən prezidentlər, nazirlər qatılmışdı. Bu ilin noyabrında “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.
Yəni, Bakının hansısa beynəlxalq tədbirə ev sahibliyi etməsində problem yoxdur. Qoy bundan narahat olanlar Azərbaycanın beynəlxalq tədbirlər üçün böyük təcrübəyə malik olduğunu bilsinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...