Modern.az

Sevinc Fətəliyeva: “Bu cür kampaniyalar ləkələmək məqsədi güdür”

Sevinc Fətəliyeva: “Bu cür kampaniyalar ləkələmək məqsədi güdür”

Aktual

13 May 2019, 17:44

“Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmiz demokratik inkişaf yolunda islahatları ardıcıl olaraq davam etdirir. Eləcə də Azərbaycan transmilli layihələr həyata keçirməklə beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar isə anti-Azərbaycan mərkəzləri narahat edir”.

Bunu Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib.

Deputat qeyd edib ki, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar:

“Budəfəki qarayaxma kampaniyasının hədəfi mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunudur. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər. Məqsəd isə beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdır. Amma bütün bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur. Eləcə də sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sıradadır. Azərbaycan sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Dünyada ən böyük tamaşaçı auditoriyası olan Formula 1 yarışları bir neçə ildir ki, Bakıda keçirilir. Beynəlxalq ictimaiyyət bunu yüksək dəyərləndirir. Eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada, UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək”.


S. Fətəliyevanın sözlərinə görə, aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar:


“Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar