Modern.az

Mütəxəssis: “AvroLiqanın finalı hesabına ölkəyə turist cəlb etməyi bacarmalıyıq”

Mütəxəssis: “AvroLiqanın finalı hesabına ölkəyə turist cəlb etməyi bacarmalıyıq”

14 May 2019, 08:21

Mayın 29-da Bakıda Avropa Liqasının final oyunu keçiriləcək. Avropa Liqasının final oyunu Azərbaycanın turizminə necə təsir edəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, respublikada keçirilən beynəlxalq tədbirlər, eyni zamanda idman yarışları Azərbaycanda turizmin inkişafına böyük təkan verir:

“I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” və digər beynəlxalq yarışlar Azərbayacana gələn turist sayını artırır. İdman yarışları yüksək səviyyədə keçirildiyi üçün Azərbaycana maraq artacaq. Hazırda UEFA-nın final mərhələsinə hazırlıq işləri görülür. Futbol elədir ki, fanatlar məsafələri heçə sayaraq öz komandasına görə gəlirlər. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Hamı həyəcanla bu yarışı gözləyir. Dünyanın bir çox ölkələrindən Azərbaycana qonaqlar gələcək”.

 

Müzəffər Ağakərimov bildirib ki, belə yarışlar hesabına ölkəyə turist cəlb etməyi bacarmalıyıq.

 

“Yeni turizm növləri, yeni marşrutlar fikirləşməliyik. Daha maraqlı olması üçün çalışmalıyıq. Elə etməliyik ki, bura gələn turist yenə də gəlsin, gedib Azərbaycanı öz ölkəsində təbliğ etsin. Eyni zamanda, müxtəlif kütləvi tədbirlər keçirməliyik ki, turislərdə maraq oyansın, Azərbaycana gələndə darıxmasınlar. Turizm qurumları bununla bağlı ciddi hazırlıqlar görməlidirlər”.

 

O bildirib ki, Azərbaycanda xidməti yaxşılaşdırmağa çalışmaq lazımdır.

“Xidmətin daha yaxşı olması üçün rəqabət olmalıdır. Yeni tipli otellərin inşasına start verilməlidir. Yeni tipli otellər olduqda digər otellər də çalışacaqlar ki, xidməti yaxşılaşdırsınlar”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir