Modern.az

“Könüllülük üçün qızlar daha çox müraciət edirlər” - MÜSAHİBƏ

“Könüllülük üçün qızlar daha çox müraciət edirlər” - MÜSAHİBƏ

14 May 2019, 09:34

Təhsil Nazirliyinin “Bir tələbə” könüllü proqramının ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Axundova könüllü olmağın üstünlükləri, proqram haqqında ətraflı Modern.az-a danışıb. Onunla olan müsahibəni təqdim edirik:


- Ülviyyə xanım, proqram haqqında ilkin məlumat verərdiniz zəhmət olmasa...

-Bu proqram 2015-ci il dekabrın 14-ü yaradılıb. Layihə Təhsil Nazirliyi tərəfindən könüllülük fəaliyyətini stimullaşdırmaq və tələbələrin dərsdən kənar vaxtlarını maraqlı keçirmək üçün nəzərdə tutulub. Proqram çərçivəsində ölkədə keçirilən 450-dən çox tədbirə könüllü dəstəyi verilib. Proqramın 21000 üzvdən ibarət  saytı da fəaliyyət göstərir. Həmin sayt vasitəsilə paylaşılan tədbirlərə könüllülər asudə vaxtlarına uyğun olaraq müraciət edib, iştirak edirlər.


Könüllülərin adi işçilərdən fərqi nədir?

- Könüllü işçidən çox fərqlidir. Belə ki, könüllülük ürəkdən gələn bir hisdir. Kiməsə kömək etmək, nəyinsə bir parçası olmaq, könüllülüyün əsas meyarıdır. Ölkədə könüllülük fəaliyyəti geniş miqyasda yayılıb.


- Könüllülərdə məhsuldarlıq necədir? Öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirə bilirlər ?

- Əslində bu sahəyə maraq olduqca böyükdür. Dediyim kimi 21000 üzv aşağı göstərici deyil. Görürük ki, tələbələr boş vaxtlarını nəyəsə sərf etmək istəyirlər. Bu proqram ona şərait yaradır. Tələbələr özünü, həmçinin müəyyən dil biliklərini inkişaf etdirmək istəyi ilə əlaqədar da könüllülük proqramına müraciət edirlər. Bu həmçinin sonradan karyeralarında da onlara  kömək olur. Hər il ən aktiv könüllülər müəyyən edilir və nazirlik tərəfindən mükafatlandırılır.


- Karyera demişkən, könüllüllük müddətində işlə təmin olunan şəxslər olub ya özünüz hər hansı quruma istedadlı gəncləri məsləhət görmüsünüz?

- Bizdə aktiv olaraq fəaliyyət göstərən könüllülərə bir çox müəssisələr iş təklifi edirlər. Milli Olimpiya Komitəsi və əməkdaşlıq etdiyimiz bir sıra təşkilatlara istedadlı gəncləri tövsiyə edirik. Bir yerədək könüllü olduqdan sonar onlar öz karyeralarını inkişaf etdirir və növbəti mərhələdə qurumlarla əməkdaşlıq edirlər. Bəzən könüllər olur ki, bu proqram daxilində məzun olur. Həmin şəxslər üçün biz karyera imkanı yaradırıq. “Bir karyera” komitəsi var ki, burda da məzunların və bir sıra şirkətlərin iştirakı ilə görüşlər keçirilir. Görüşlər zamanı həmin şəxslər üçün iş imkanı yaradılır.

 


- Könüllü olmaq üçün hər hansı məhdudiyyət var?

- Əslində elə bir xüsusi məhdudiyyət yoxdur. “Bir tələbə” könüllü proqramında isə yalnız tələbə olmağınız kifayətdir. Bura ali təhsil müəssisənin tələbəsi həmçinin  orta ixtisas müəssisənin tələbəsi daxildir. Tələbəsənsə və könüllü olmaq istəyin varsa, müraciət edib üzv olursan. Tədbirlərdə əsasən könüllünün dil biliyinə, oxuduğu kursa üstünlük verilir. Yəni tədbirlərin kriteriyası nəzərə alınır. Lakin könüllü olmaq istəyən şəxsin qarşısına hər hansı məhdudiyyət qoyulmur. Ölkəmizdə keçiriliən əksər tədbirlər  üçün dil biliyinə çox vaxt ehtiyac olmur. Bəzən beynəlxalq tədbirlərdə  dil biliyinə üstünlük verilir. 

 

- Bildirdiniz ki, tələbələr müraciət edir. Daha çox hansı ixtisas və ya universitetlər üstünlük təşkil edir?

-Daha çox universitet tələbələri müraciət edir. 37 təhsil müəssisəsindən 21-i universitet, 16-ı kollecdir. Üstünlük daha çox Bakı Dövlət Universiteti, İqtisad Universiteti , Neft və Sənaye Universiteti, Memarlıq və İnşaaat Universitetində müşahidə olunur. Yalnız könüllülük yox, həmçinin tələbəlik həyatını necə maraqlı keçirmək olar bunu müəyyən edib onları istiqamətləndiririk.  Könüllülərin üstünlük təşkil etməsi tələbə sayı çox olan universitetlərdən aslıdır.


- Bəs elə hal olub ki, tələbə müraciət etsin, daha sonra könüllü olmaq maraqsız gəlsin və uzaqlaşsın?

- Tələbə könüllü olub  bir yerədək fəaliyyət göstərdikdən sonra uzaqlaşa bilər.Yəni tələbənin qarşısına hər hansı öhdəlik qoyulmur ki, mütləq gəlməlisən, bu tamamilə könüllü olan bir prosesdir. Bəzən tələbələr səhər olduqda məsələn, hava şəraitinə  görə tədbirə gələ bilmir, buna görə ehtiyat tədbir olaraq bir neçə könüllünün həmin tədbirdə iştirakı nəzərdə tutulur. Özümüzün uzaqlaşdırdığı könüllü demək olar ki, olmayıb. Nizam-intizam qaydası pozularsa proqram daxilində fəaliyətdən uzaqlaşdırılır. Hər hansı ciddi problem isə hələ ki, yaranmayıb.

 

- Könüllü kimi gün ərzində neçə saat fəaliyyət göstərmək zəruridir?

- Tədbirlər bəzən bir həftə olur, bəzən də 2-3 saatlıq davam edir.Yəni bu,  yarışlardan aslıdır. Tələbə əvvəlcədən fəaliyyət göstərə biləcəyi saatı bizə bildirir. Növbəti tədbir olduğu zaman qoşulmaq istəmirsə məcburiyyət olmur.Tədbirlər əvvəlcədən göndərilir, seçimi artıq onlar edirlər. “Formula” kimi dövlət əhəmiyyətli tədbirlərdə, böyük yarışlar zamanı  dərslərdə güzəştlər olunur. Əslində tələbə dərsdən ayrılmadan özünü inkişaf etdirməli, könüllülük fəaliyyəti ilə məşğul olmalıdır. Dərsdən icazələr yalnız ekstremal vəziyyətlərdə böyük tədbirlərdə alınır.



- Könüllü olmağın üstünlükləri nədir? Onlara hər hansı güzəşt edilirmi?

- Bu tədbirdən aslı olan bir şeydir. Adından göründüyü kimi, könüllülər ödənişsiz fəaliyyət göstərməlidir. Bəzi hallarda nəqliyyat, yemək xərcləri tədbirdən asılı olraq dövlət tərəfindən verilə bilər. Hər hansı praktikada nəzərdə tutulmayıb ki, könüllülər üçün ödəniş edilsin, bu fikrimcə doğru istiqamətdir.


- Könüllü olmağın tələbəyə qazancı nədir?

- İlk olaraq tələbə düşünməlidir ki, dərsdən əlavə də hər hansı işlə məşğul olmalıdır. Deyə bilmərəm ki, bütün könüllülük proqramına qoşulmalıdır. Artıq özü müəyyən etməlidir ki, hansı könüllülük proqramı ona qazanc gətirəcək.Yəni düşünməlidir ki, öz ixtisasıma uyğun bu sahədə biliklər əldə edəcəm, əhatəmi genişləndirəcəm. Könüllünün müraciət etdiyi yer onu maksimum inkişaf etdirməlidir. Proqram daxilində onlara dil kursları, təlimlər keçirilir. Könüllülər üçün həmçinin yay məktəbi təşkil olunur bu məktəb çərçivəsində yeni biliklər əldə edirlər. Mən özüm də fəaliyətə könüllü kimi başlamışam. Bir çox tədbirlərdə iştirak etdim, özümü inkişaf etdirdim daha sonra iş imkanı yarandı. Əsas odur ki, tələbə qarşısına məqsəd qoysun ki, könüllülük müddətində özünü inkişaf etdirsin.


- Könüllü olmağın cəmiyyət üçün xeyrindən danışa bilərsiniz?

- Könüllülərin  xüsusən  bir sıra sosial tədbirlərdə iştirakının əhəmiyyəti böyükdür. Cəmiyyətdə hər bir sahədə köməyə ehtiyac var. Məsələn, ağacəkmə aksiyası var ki, bu, ekologiyaya, eləcə də hər bir sakin üçün  üçün xeyirdir. Könüllülər bu aksiyada iştirak edirlər, yüzlərlə ağac əkirlər. Könüllülər bilirlər ki, onlara daim ehtiyacı olanlar var. Məsələ burasındadır ki, onlar bu işi ürəkdən edirlər. Bir tədbirdə iştirak  üçün minimal 400-500 könüllü müraciət edir.

 
- Könüllülüyün müddəti necədir ?

 - Bu artıq şəxsdən aslı bir şeydir. Tələbə var ki, birinci kursunu könüllü kimi keçirmək istəyir, daha sonra fəaliyyətini davam etdirmir. Elə könüllü var ki, tələbəlik müddəti bitdikdən sonra da fəaliyətini davam etdirir. Könüllülüyün dünyada yaşı yoxdur. Yaşlı könüllülər belə var. Hər tədbirdən sonra könüllülərə sertifikat verilir.Tədbirlərin hər birinin onlayn hesabı yaradılıb. Həmin profildə onlar şəxsi məlumtlarını yerləşdiriblər. İş imkanı yarandıqda biz həmin hesablara əsasən onları adiyyatı qurumlara tövsiyə edə bilirik. Hər tədbir  sonrası onlayn sertifikat onların hesabına yüklənir. Bizdə bir könüllü 60-dan çox tədbirdə iştirak edib. Tədbirlərin kriteriyaralarına uyğun tələbələr  seçilərək könüllü ola bilərlər. Könüllülüyə həvəsi olduğu təqdirdə həmin tələbəyə maksimum şərait yaradılır  ki, istənilən sayda tədbirdə iştirak etsin.

 


- Ötən ilə nisbətdə bu il könüllülüyə maraq necədir?

- Əslində say hər il daha da artır. Bir sıra təşkilatlarla əməkdaşlıq edirik. Bura Təhsil Nazirliyi ilə yanaşı, demək olar ki, bütün qurumlar daxildir. Könüllülüklə bağlı maarifləndirmə işi aparılır. Könüllülüyün qazancları, gənclərin stimullaşdırılması əsas götürülür. Layihə  və festivallar da tələbərdə könüllülüyə maraq yarqadır. Məsələn Formula kimi böyük yarışlar tələbənin marağına səbəb olur və könüllük üçün müraciət edir. Hər il birinci kurslar üçün universitetlərdə təbliğat işi aparılır. Hazırda 21000-dən çox könüllü var.7 bölgədə fəaliyyət göstəririk.  Bura Bakı,Sumqayıt, Mingeçevir, Şəki, Gəncə, Masallı və Lənkəran daxildir. Könüllülük üçün qızlar daha çox müraciət edirlər. Tədbirlərdə iştirak balansı isə qorunur.


- Bəzən könüllülük üçün müraciət edən tələbələr müsahibə mərhələsinə görə çəkinir. Ümumilikdə  müsahibə mərhəsələsi çətin olur?

- Müsahibə mərhələsində tələbənin sıxılacağı bir mühit yoxdur. İlk gələndə də tələbəyə bildiririk ki, bu sadəcə məlumat əldə etmək üçün olan bir mərhələdir.  Bəzən müsahibə mərhələsindən əvvəl  gənclər sıxılır. Lakin müsahibə zamanı yaradılan ortam onların həyəcanının qarşısını alır. Artıq bir dəfə müsahibədə iştirak edən tələbə sonrakı mərhələlərdə çox rahat və aktiv olur.


- Son olaraq könüllü olmaq istəyən gənclərə nə deyərdiniz?

- Könüllülük asudə vaxtın səmərəli keçirilməsidir. Konullu.edu.az saytında qeydiyyatdan keçib, bizə qoşula bilərlər. Daim bu proqram  könüllülər üçün yeni layihələr hazırlayır. Bizim məqsədimiz odur ki, tələbələr könüllü kimi daim bir olsun və birlikdə maraqlı vaxt keçirsinlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır