Modern.az

Xankəndindən olan jurnalist: “Erməni nökərlərimiz üzümüzə ağ oldular” - LAYİHƏ

Xankəndindən olan jurnalist: “Erməni nökərlərimiz üzümüzə ağ oldular” - LAYİHƏ

14 May 2019, 13:50

İlham Cəmiloğlu: “30 ildir ki, dogma şəhərimi 30 kilometrlik məsafədən seyr etmək məni yorub”

Bəzən insan ömrünün sonuna qədər doğulduğu, böyüyüb, boya-başa çatdığı yerlərdə qala bilmir, uzaqlaşır, fərqli kəndlərdə, fərqli şəhərlərdə, hətta fərqli ölkələrdə yaşamalı olur. Amma nə qədər uzaqlaşsa da, hər kəsin daxilində ilk addım atdığı torpaqların qoxusu, o yurdun sevgisi qalır.

Ata-baba yurdu düşmən tapdağında olanların isə vətən həsrəti daha ağır olur. Gözünü dünyaya açanda gördüyün yurduna yenidən gedə bilməməyin dərdi necə də dəhşətlidir...

Modern.az-da “Mənim kəndim” layihəsinin budəfəki müsafiri illərdir vətən nisgili ilə yaşayan tanınmış jurnalist İlham Cəmiloğludur. İlham müəllim Xankəndindən – ata yurdundan, ana torpağından uzaq yaşamağın iztirablarını dilə gətirib.

“Mənim kəndim” Xankəndi şəhəridir

- Mən Xankəndində anadan olmuşam. Əslində bilirəm ki, bu layihədə daha çox kənd həyatını yaşamış, keçmiş kənd mühitini kövrək xatirələrlə nəql edən müsahiblər qonaq olur. “Mənim kəndim” isə Xankəndi şəhəridir. Orada doğulmuşam, orada ilk dəfə məktəbə addım atmışam. Bəri başdan bir məsələni təəssüflə vurğulamaq istəyirəm. Xankəndi deyəndə çoxları elə düşünür ki, bu məkan kənd statutuslu kiçik bir yaşayış məntəqəsidir. Amma əsla belə deyil. Xankəndi böyük sənaye mərkəzi olub, şəhərdə zavodlar, fabriklər, istehsal obyektləri fəaliyyət göstərib.  Xankəndi digər rayonlarımızdan, şəhərlərimizdən fərqlənib. Təmiz havası, suyu, gözəl təbiəti öz yerində, amma bunlarla yanaşı,  Xankəndində sırf şəhər mühiti, şəhər səliqə-sahmanı var idi. Bəlkə də Xankəndi Azərbaycanda yeganə şəhər idi ki, bu şəhərdə küçə ticarəti yox idi. Bütün bu gözəlliklərin arxasında isə həmişə ermənilərin məkrli planları dayanıb. Xankəndi şəhəri həmişə kənardan çox sakit bir şəhər təəssüratı bağışlayıb. Əslində isə belə deyil.


Məlum olduğu kimi, sovet hökuməti qurulduqdan sonra -1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılıb. Xankəndi vilayətin mərkəzi elan olunub. Az sonra şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılıb. Elə həmin gündən də son məlum hadisələrə qədər Xankəndində gizli və ya aşkar şəkildə ermənilər gərginlik yaradıblar. Bütün cəhdlərlə ermənilər şəhərin əsl sahibləri olan azərbaycanlıları sıxışdırıblar.  Bu da aydın məsələdir ki, erməni millətçilərinin Qarabağ torpaqları ilə bağlı iddiaları tam yersiz və əsassızdır. Xankəndi 18-ci əsrin axırlarında Qarabağ xanlığının başçılarının təşəbbüsü ilə xanlığın paytaxtı Pənahabaddan, indiki Şuşadan 10 kilometr aralıda, nisbətən dağətəyi ərazidə xanların istirahət yeri məqsədi ilə salınıb. İlk gündən yeni salınmış bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Bu yaşayış məntəqəsinin salınmasında kənardan gələn ermənilərdən nökər kimi istifadə olunub. Və ən acınacaqlı fakt odur ki, illər keçdikdən, sovet hökuməti qurulduqdan sonar nökər erməni xan Pənahın şəhərinə göz dikib.

Mən özümü dərk edəndən Xankəndi şəhərində ermənilərin azərbaycanlılara qarşı məkr və hiylə dolu münasibətinin şahidi olmuşam. Bu şəhərdə ermənilərin sayı süni şəkildə artırılıb. Və təbii ki, Xankəndində gedən proseslər, ermənilərin həyata keçirdikləri planlar bir günün, bir ilin işi deyildi.


Erməniləri narahat edən 3 məkan

- Qeyd etdiyim kimi, Xankəndində, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarında azərbaycanlılara qarşı həmişə təzyiq və ögey münasibət olub. Təbii ki, onlar öz məkrli planlarını həyata keçirmək üçün ilk növbədə vilayətdə, o cümlədən Xankəndi şəhərində yaşayan azərbaycanlıları öz dogma yurdlarından uzaqlaşdırmağa cəhd edirdilər. Bu proses bütün təbəqələrdə olduğu kimi, yeniyetmələr və gənclər arasında da gedirdi. Məsələn, idman yarışları zamanı, məktəbdən üzüm yığımına gedəndə və digər bu kimi tədbirlərdə tez-tez mübahisələr olardı və bəzən də bu mübahisələrin sonu dava ilə bitərdi.

Xankəndində erməniləri narahat edən üç məkan var idi: onlardan birincisi azərbaycanlıların daha çox yaşadığı Kərkicahan qəsəbəsi, digəri şəhərdə yeganə azərbaycandilli orta təhsil ocağı olan 4 nömrəli orta məktəb və bir də Xankəndi Pedaqoji İnstitutu idi. Orada Azərbaycan bölməsi fəaliyyət göstərirdi, müəllimlər, tələbələr azərbaycanlılar idi. Bu üç yerdən şəhərin azərbaycanlaşması sürətlə gedirdi. Sözsüz ki, bu da erməniləri hədsiz dərəcədə narahat edirdi. Və elə millətçi ermənilər də məlum hadisələr başlayanda bu 3 məkanı ilk olaraq əsas hədəfə çevirmişdilər.



“Mənim məktəbim”

- Xankəndi şhərində cəmisi bir Azərbaycan məktəbi var idi, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb. Azğınlaşmış ermənilər üçün  bu təhsil ocağı birinci hədəf idi. Məktəb 1945-ci ildən fəaliyyət göstərsə də, əslində, bu təhsil ocağı XIX əsrin sonlarında yaradılıb, sovet rejiminin ilk illərində onun bazasında orta məktəb təşkil edilib və Xankəndi şəhərində yaşayan (məskunlaşan) ermənilər tərəfindən hər bir cəhdlə onun Azərbaycan məktəbi kimi fəaliyyət göstərməsinə maneələr törədilib. 1945-ci ildən müstəqil Azərbaycan məktəbi kimi fəaliyyət göstərən bu təhsil ocağı ağır, çətin və keşməkeşli yollar keçib, fəaliyyətini zirzəmi şəraitindən başlayıb, bir müddət keçdikdən sonra birmərtəbəli, heç bir şəraiti olmayan binaya köçürülüb. Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəllər yaratmaq üçün bütün vasitələrə əl atıblar. Böyük ürək ağrısı ilə qeyd edim ki, ermənilər bu məktəbin fəaliyyətinə son qoya bildilər. Bu məktəbin 100-dən artıq məzunu müharibədə şəhid olsa da, biz öz məktəbimizi qoruya bilmədik. Müqəddəs saydığımız təhsil ocağında bizdən sonra əvvəlcə girovlar saxlanıldı, sonra ordan-burdan qaçmış erməni yesirləri üçün yaşayış yerinə çevrildi, daha sonra məktəbdə erməni saqqallıları məskunlaşdı, silah-sursat anbarına çevrildi, hətta erməni fahişələrinə də yer tapıldı. Bilirsiniz, məktəbin fiziki cəhətdən dağıdılması o qədər də dəhşətli deyil, bu maharibədə baş verən adi bir hadisədir. Amma məktəb, təhsil ocağı cəbbəxanaya, fahişəxanaya, həyəti isə donuzxanaya çevriləndə mənəvi cəhətdən bu, insanın zorlanması deməkdir.


İşğal olunmuş auditoriya - yarımçıq qalmış tələbəlik…

- Mən Xankəndi Pedaqoji İnstitutunun məzunu deyiləm. Amma bu təhsil ocağının sonuncu tələbəsiyəm, auditoriyalar ermənilər tərəfindən işğal olunarkən institutu tərk edən sonuncu tələbəyəm. Qarabağ savaşı mənim tələbə həyatımı da beləcə yarımçıq qoyub. Sözsüz ki, bu acı həqiqət yaddaşımdan heç vaxt silinməyəcək. Onu da qeyd edim ki, Xankəndi Pedaqoji İnstitutunun fəaliyyətə başlamasının 50 illiyi ilə bağlı bu günlərdə yeni kitabım işıq üzü görəcək. Yuxarıda qeyd etdiyim kimi, bu təhsil ocağı da ermənilərin əsas hədəflərindən biri olub. Yarımçıq qalan tələbəlik illərimlə bağlı bir hadisəni xatırlamaq istəyirəm. Sonuncu dəfə Xankəndi şəhərində Azərbaycanın bayrağı  (o dövrdə Azərbaycan SSR) 1 may 1988-ci ildə dalğalanıb, özü də nümayişə çıxan minlərlə erməninin qarşısında…


Yaxın tariximizdən məlum olduğu kimi, sovet ənənələrinə görə hər il 1 may tarixində SSRİ-də bütün rayon və şəhərlərdə 1 May zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü münasibətilə bayram nümayişləri keçirilib. Bu nümayişlərdə ayrı-ayrı təşkilatlar, zavod və fabrik kollektivləri, təhsil və səhiyyə ocaqları kollektiv şəkildə əllərində şüarlar, bayraqlar meydandan keçərək tribunada dayanan yerli partiya və hökumət rəsmilərini salamlayıblar.

O cümlədən Xankəndi şəhərində də bayram nümayişləri həmişə tələb olunan səviyyədə keçirilib. 1988-ci ildə isə bayram nümayişinin keçirilməsinə fərqli bir “tələb” qoyulmuşdu. Erməni dilini az-çox bildiyimdən, eşitdiklərimdən mənə məlum idi ki, bayram nümayişindən sonra şəhərin baş meydanında ermənilər böyük mitinq keçirəcəklər. Tələbləri isə məlum idi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi. Belə mitinqlər artıq fevralın 13-dən başlamışdı. Mayın 1-də isə mitinqin daha kütləvi keçirilməsi nəzərdə tutulurdu. Və bu göstəriş Dağlıq Qarabağ Muxtar Vilayətinə iki ay əvvəl 1-ci katib təyin edilmiş Henrix Poqosyan tərəfindən verilmişdi.

Əvvəlcə 1 May nümayişinin keçirilməsi ilə bağlı kiçik bir xatırlatma verim. Adətən nümayiş günü artıq səhər saat 8-9 radələrində kollektivlər öz iş yerlərində toplaşırdılar. Hər təşkilatın nümayişlər üçün daimi saxladıqları şüarlar, bayraqlar olurdu. Onlar həmin şüar və bayraqları götürüb kollektiv şəkildə Xankəndinin baş meydanının Tumanyan küçəsi tərəfindən olan girişinə tərəf üz tuturdular. Meydana keçəndə hər bir kollektivin sıraları düzlənirdi, şüarlar və bayraqlar qaldırılırdı və şəhər rəhbərliyinin (həmçinin Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin) dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu.


Təbii ki, hər il olduğu kimi, nümayişdə Xankəndi Pedaqoji İnstitutunun çoxsaylı tələbə və müəllim heyəti də iştirak edirdi. Mən də həmin gün tələbə kimi səhər saat 8-də institutda idim. İnstitutun qarşısında kifayət qədər böyük sayda müəllim və tələbələr toplaşmışdı. Qeyd edim ki, institutun Azərbaycan bölməsində oxuyanların demək olar ki, (10-15 nəfəri çıxmaq şərtilə) hamısı ətraf rayonlardan gələn tələbələr idi. Həmin gün isə nümayişdə iştirak edəcək azərbaycanlı tələbələrin sayı 50-60 nəfərdən çox deyildi. Amma azərbaycanlı müəllimlərin əksəriyyəti orada idi. İnstitutun nümayişdən keçid qaydası isə belə idi: qarşıda birinci SSRİ-nin bayrağı tək, onun arxasınca isə müttəfiq respublikaların bayraqlarını qaldıran tələbələr keçir, onların arxasınca isə tələbə və müəllimlər addımlayırlar. Mən instituta çatanda bayraqlar artıq çöldə idi. Təkcə Azərbaycanın bayrağı yox idi. Elə həmin andaca Nəsib müəllim (Şəfiyev) yaxınlaşıb çox həyəcanlı şəkildə gedib institutun binasından bayrağımızı götümək üçün məni tələsdirdi. Vəziyyətin yetərincə gərgin olduğu hiss olunurdu. Mən bayrağı götürüb meydana tərəf üz tutmağa başlayan kollektivə qoşuldum. İnstitutdan meydana qədər olan məsafəni qət etmək üçün təxminən 20-25 dəqiqə vaxt tələb olunurdu. Mən bu müddət ərzində müttəfiq respublikaların bayraqlarını aparan tələbələrin arasında idim və onların hamısı erməni tələbələri idi. Yolboyu ermənilər mənim eşidəcəyim qədər planlarını açıqlayırdılar. Ermənilərin planı belə idi ki, meydana daxil olanda bütün bayraqlar aşağı salınmalıdır, yalnız Ermənistanın bayrağı qaldırılmalıdır. Və həm də açıq şəkildə bu tələbə əməl edilmədiyi halda fiziki təzyiqə məruz qalacağım da bəyan edilirdi. Bu hədələr təbii ki, məndə qorxu və həyəcan yaradırdı. Amma mənim üçün ən qorxulusu ermənilərin bayrağımıza əl ataraq cırmaq qorxusu idi. Ermənistanın bayrağını aparan düz yanımca gedirdi, tarix fakültəsinin tələbəsi Yura idi. Boyu məndən kiçik idi. Meydana daxil olanda ayaq pəncələrimi də qaldırıb bayrağı mümkün olan qədər yuxarı qaldırdım. Böyür-başımdan üstümə söyüşlər, təhqirlər, hədələr tökülürdü. Arxadan gələn, az sayda olsa da azərbaycanlı müəllim və tələbələrə güvənirdim. Elə bu məqamda Mirələm müəllimin (M.Vəliyev hazırda BDU-nun dosentidir) səsini eşidirdim: “Qorxma, bayrağı endirmə, arxanca gəlirik!”. Tribuna qarşısından keçəndə ən hündürdə dalğalanan Azərbaycanın bayrağı idi. Və tribunanın qarşısından keçəndə riyaziyyat fakültəsinin dekan müavini Nəsib Şəfiyev arxa tərəfdən çiyinlərimdən tutub məni ermənilərin zərbələrindən müdafiə edirdi. Bilirdim ki, meydandan çıxandan sonra dava düşəcək. Bunu azərbaycanlı tələbələr də hiss edirdilər. Keçid başa çatdıqdan sonra onlar məni mühasirəyə aldılar ki, bayrağımızı çırmasınlar, mən bu mühasirənin içində mərkəzi yolla deyil, stadionun arxa tərəfindən keçən torpaq yolla instututa tərəf üz tutdum, Azərbaycanın bayrağını institutun idman zalındakı geyinib-soyunma otağında olan şkafıma qoydum. Həmin bayraq Xankəndində sonuncu dəfə dalğalanan bayraq idi...



“Bizim ailə”

- Ailədə üç qardaş olmuşuq, evin kiçik oğlu isə mən olmuşam. Atam Dağlıq Qarabağın tanınmış ziyalılarından olub. Böyük Vətən müharibəsinin ən ağır çəbhələrindən keçib. İxtisasca tarixçi idi. Atam evdə mülayim olduğu qədər, çöldə də bir o qədər  sərt idi. Mən atamı 10 yaşında itirmişəm. Üz cizgilərini, səsini güclə xatırlayıram. Tez-tez erməni qonşularımızla mübahisəsi olurdu atamın. Təkcə onu xatırlayıram ki, sonda atam barmağını silkələyib onlara “daşnak” deyirdi. Belə mübahisə daha çox 3-cü mərtəbədə yaşayan Ermənistandan gəlmiş Mişa adlı bir erməni ilə baş verirdi. Mən onda bu mübahisələrin nədən yarandığını anlamırdım. Amma atam erməni xislətinin nə olduğunu yaxşı bilirdi.


Anam Dağlıq Qarabağ Muxtar Vilayətinin Təhsil İdarəsinin rəis müavini idi. O, həm də vilayət Radio Verlişləri Komitəsinin Azərbaycan şöbəsində diktor vəzifəsində çalışırdı.

Biz şəhərin mərkəzində bina evində yaşayırdıq. Eyvanımız vilayət partiya komitəsinin inzibati binasına və şəhərin baş meydanına açılırdı. Qarabağ müharibəsi də məhz elə həmin meydandan başlamışdı.

Ailəmizin ən sevimli əşyası kitab olub. İki otaqlı kiçik mənzilimizdə hara baxırdınsa kitab görürdün. Bəzən bu klassik səliqəsizliyə görə anamın danlağına da tuş gəlirdik.


Atamın vəfatından sonra anam bizim üçün çox əziyyət çəkib. Kifayər qədər imkanlı olan əmilər-dayılar o ağır, çətin günlərdə bizə kömək etməyiblər. Amma buna baxmayaraq biz ayaq üstə qala bildik, yaxşı oxuduq, ali təhsil aldıq. Mən həyatıma, yaşadığım illərin hər dəqiqəsinə görə anama borcluyam. Hər dəfə yeni yazımı, kitabımı görəndə, bu anam üçün ən böyük mükafat olur. Amma anamla münasibətlər heç də həmişə sülh şəraitində olmur. “Başına papaq qoy”, “filan yeməkləri də ye”, “vaxtında yat”, “kompüterin qarşısında az otur” kimi tələblər yerinə yetirilməyəndə aramızda “münaqişə” yaranır.


Sakit uşaqlıq, çılğın gənclik

- Uşaq vaxtı sakit olmuşam. Yəni “ağıllı uşaq” olmuşam, kötək yeməmişəm. Demək olar ki, heç vaxt oyuncaqlarım olmayıb. Ona görə yox ki, valideynlərim almayıb. Sadəcə istədiklərim başqa şeylər olub; rəsm albomu, rəngli karandaşlar, fiqurlar düzəltmək üçün plastilin, əlifba kitabı və bir də, o dövrdə çətin tapılan rus dilində rəngli uşaq jurnalları. Səhərlər atam, anam işə gedirdilər, qardaşlarım isə məktəbə, mən isə evdə tək qalırdım və heç bir problem yaratmırdım.


1-ci sinifə gedəndə əlifbanı bilirdim, sözləri sərbəst yazırdım, qısa cümlələr yazmağı bacarırdım, toplama çıxma misallarını həll edə bilirdim. Heç vaxt evdə böyük qardaşlarımdan fərqli olaraq mənə “dərs oxu” deməyiblər və heç vaxt oxumağa görə danlanmamışam. Qardaşlarımı danlayanda isə, biruzə verməsəm də bundan “ləzzət” alırdım.


Hamı kimi mənim də məktəb sevgilərim olub. O vaxtlar bu gündən fərqli olaraq qızlara məktub yazırdıq. Əgər bir-iki cümləni yazmağa iki-üç dəqiqə vaxt sərf edirdiksə, yazının altında ürək şəklini çəkməyə daha çox vaxt gedirdi. Mən də anamın qırmızı qələmini “oğurlayıb” ürək şəklini bu rənglə boyayırdım. Sonra isə bu ürəyə bir-iki ox şəkli də əlavə edirdim.


4-cü sinifdə oxuyanda ilk dəfə “Azərbaycan pioneri” qəzetində yazım çıxmışdı. Yazı Leonid İliç Brejnevin “Kiçik torpaq” əsərinin məktəbimizdə müzakirə olunmasına həsr olunmuşdu. İndi oxucularım da tez-tez Brejnevlə bağlı yazılarıma rast gəlirlər, yəni Brejnevə “böyük sevgim” o vaxtdan olub. İlk yazımdan sonra özümü məktəbdə necə apardığımı təsəvür edə bilmərsiniz. Özümü “dahi jurrnalist” sayırdım. Məktəbdə oxuduğum illərdə bu yazımdan  sonra da respublika mətbuatında mütəmadi olaraq kiçik məqalələrim dərc olunurdu.


Müəllimlərimin hamısına böyük hörmətlə, sevgi ilə yanaşmışam. Amma üç müəllimim olub ki, onları yaddaşıma əbədi həkk etmişəm: ibtidai sinif müəllimim Tahirə xanım, sinif rəhbərimiz və fizika müəllimim Telli xanım və kimya-biologiya müəllimim Nuridə xanım.


10-cu sinifdə oxuyanda birinci dərsimiz fizika fənnindən olurdu. Qeyd etdiyim kimi fizika fənnini də Telli müəllim tədris edirdi. Qış ayları idi, qar yağmışdı. Mən də pəncərənin yanında oturub, “quşbaşı” yağan qarı seyr edirdim. Bir də başımı qaldırdım ki, Telli müəllimə mənə yaxınlaşır. Dedi ürəyindən nə keçir, de görüm? Özümü saxlamadım, dedim belə havada adam dərsdə oturmaz. Həmin dəqiqə başını çevirdi, hamıya səsləndi ki, durun, paltolarınızı geyinin. Birlikdə həyətə düşdük, stadiona tərəf üz tutduq, yorulana qədər qartopu oynadıq. Necə başımız oynamağa qarışmışdısa, birinci dərs bitib, ikinci dərs başlayanda ayılmışıq. Məktəbə gələndə gördük ki, direktorumuz Sabir müəllim qapının ağzında dayanıb bizi axtarır. Nəticə olaraq çox geniş şəkildə “abırımız büküldü”, hamımız yaxşıca  danlandıq.


7-ci sinifdə oxuyanda məktəb komsomol təşkilatının katibi seçilmişdim. Məktəbdə ayrıca otağım da var idi. İctimai işləri çox sevirdim, divar qəzeti buraxırdım, tədbirlərin keşirilməsində yaxından iştirak edirdim. Dəcəl olmağa, nadinclik etməyə vaxtım qalmırdı. Həm də qarşıdan gənclik illərim gəlidi və bütün şıltaqlıqlarım, çılğınlığım, nadincliyim də məhz gənclik illərimdə olub.



Boz rəngə boyanmış xatirələrim

- Müharibə 23 illik Xankəndi xatirələrimi boz rəngə boyayıb. Mən o yerlərə qayıda bilmədiyim halda, o xatirələri da xatırlamaq istəmirəm. Mümkün qədər yaddaşımı pozmağa çalışıram. Sonuncu dəfə atamın Xankəndindəki məzarını ziyarət etməyimi unutmaq istəyirəm, gəzdiyim küçələri, oxuduğum məktəbi, böyüdüyüm evi birdəfəlik yaddaşımdan silmək istəyirəm. 30 ildir ki, dogma şəhərimi 30 kilometrlik məsafədən seyr etmək məni yorub. Mənə elə gəlir ki, 30 ildir  mühmanxanalarda yaşayıram və nə vaxtsa öz evimə dönməliyəm. Amma bu dönüş vaxtı uzandıqca uzanır. Bu uzunluqda, bu ölçüdə olan dərdi çəkməyin nə qədər ağır olduğunu hiss etmək yəqin ki, çətin deyil.

Müharibənin bütün mərhələlərini görmüşəm, söz davası, daş davası, əl davası, top-tüfəng davası və ən nəhayət iki ordunun üz-üzə dayandığı müharibənin şahidi və iştirakçısı olmuşam. Ən yaxın dostum şəhid Natiq Şahmuradovu əllərimlə dəfn etmişəm, bu müharibədə gəncliyimin bütün şirinliyini itirmişəm. Hərdən düşünürəm ki, bir ürəyə, bir ömrə bütün bunları necə sığışdırmışam? Əslində ürək yük götürməyi bacarandı, amma məğlubiyyət yükündən savayı...  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi