Modern.az

ABŞ-la İran arasındakı gərginlik Azərbaycana nə vəd edir? - ŞƏRH

ABŞ-la İran arasındakı gərginlik Azərbaycana nə vəd edir? - ŞƏRH

14 May 2019, 16:50

Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur. “Nyu York Tayms”ın yazdığına görə, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır. Son zamanlar gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə “Avraam Linkoln” aviadaşıyıcısını və B-52 bombardumançılarını göndərməsi ilə nəticələnib. “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirməsi də Vaşinqtonun güc nümayiş etdirdiyinə dəlalət edir.


Amma bu addımlar İranı qorxutmur. “Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq”-deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib.  

Qərb mətbuatı hesab edir ki, istənilən halda ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi bütün regionda partlayış effekti yaradacaq.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin üzvləri iki nəhəng ölkə arasındakı münasibətlərin gərginləşməsinin regiona və Azərbaycana təsirinə toxunublar.

 

ABŞ və İran arasındakı gərginliyin uzun müddət davam etməyəcəyini vurğulayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə isə vəziyyətin kritik həddə çatması bardədə deyilənlərlə razılaşmır:

“Təəssüf ki, əvvəlki administrasiyaların apardığı siyasəti indiki Donald Tramp administrasiyası da davam etdirir. İran qədim dövlətçiliyi, güclü iqtisadiyyatı və regionda nüfuzu olan dövlətdir. Güclü dövlətlər bir-birləri mübarizə aparmaq əvəzinə, əməkdaşlıq etməli, dünyada və regionda sülhü bərqərar etmək üçün səylərini birləşdirməlidirlər. Ona görə, hər iki dövlət arasındakı gərginliyin aradan qaldırılmasının tərəfdarıyam. Hər iki tərəf dirəniş göstərir, məsələnin öz xeyrinə həll edilməsinə çalışır. Azərbaycan isə həm İranla, həm ABŞ-la dost, qardaşlıq münasibətindədir. ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. İranla isə qədimdən gələn tariximiz, bir-birinə yaxın mədəniyyətimiz var. Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

A.Mirzəzadə söyləyib ki, münasibətlərin gərginləşməsinin müəyyən qədər regiona da təsiri var:

“Bununla belə vəziyyətin kritik həddə gəlib çatmasını gözləmirəm. Tərəflər bu vəziyyətin dünyada gedən proseslərə və özlərinə ciddi ziyan vuracağının fərqindədirlər”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva vurğulayıb ki, sərhədlərimizdə baş verən hər hansı bir  qeyri-stabillik bizim diqqətimizdən kənar qala bilməz:


“Qonşu dövlətdə qərginliyin yaranması təbii ki, bizə də öz təsirini göstərir və bu kimi halların baş verməsinin əlehinəyik. Azərbaycan regionun aparıcı dövlətlərindən biridir, eyni zamanda,  qonşumuz İranla, eləcə də ABŞ-la möhkəm, qarşılıqlı əlaqələrimiz mövcuddur. Baş vermiş münaqişələrin həll olunması baxımından ölkəmizin etibarlı tərəfdaşlığı və nüfuzu böyük rol oynaya bilər. Azərbaycan bu gün gərginliklərin aradan qaldırılması məsələsində üçüncü tərəf olaraq, öz mövqeyi ilə bir çox problemlərin həlli istiqamətində önəmli vəzifəni üzərinə götürə bilər. Biz bütün səylərimizi yaranmış gərginliklərin sülh yolu ilə həll edilməsinə yönəltməyə hazırıq. Bu istiqamətdə bizim artıq kifayət gədər təcrübəmiz var. ABŞ və Rusiya baş qərargəhlarının rəhbərlərinin görüşləri 2 dəfə Bakıda keçirilib. Rusiya və Türkiya arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycan müstəsna rol oynadı.  Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bunların əsasında ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevin mükəmməl diplomatiyası, xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verməsi və uzaqgörənliyi durur.  Bunları nəzərə alaraq, Azərbaycandan sülhməramlı qüvvə kimi istifadə edilməsi çox faydalı olardı”.

Deputat fikrini bu cür əsaslandırıb:

“Çünki Azərbaycan bütün dünyaya artıq sübut edib ki, bizim daxili siyasətimizə söykənən xarici siyasətimizin əsasında sülh, xalqımızın və reqionun rifahı durur.  Müasir dövrdə ölkəmiz bir çox qlobal xarakterli məsələlərin həllində aktivlik göstərir və dünyaya yeni mütərəqqi dəyərlər təqdim edir. Regionda sabitliyə, inkişafa ,  təhlükəsizliyə daim öz addımları ilə töhfə verən ölkəmizin təcürübəsindən istifadə etməklə, bu məsələnin  həllində də müsbət nəticə əldə etmək olar. Tərəflər bu məqamı önəmsəməli, gərginliyin ardan qaldırılması üçün ölkəmizin köməyindən faydalanmalıdır”.

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Asim Mollazadənin fikrincə isə Azərbaycanı bu məqamda narahat edən yeganə məsələ bölgədə hansısa hərbi əməliyyatların həyata keçirilməsi ola bilər:


“Çünki bu zaman Azərbaycanın yeni qaçqın axınları ilə üzləşmək ehtimalı böyükdür.  Münasibətlərin daha da gərginləşməsinə gəlincə, İran hansısa təxribat törətməsə, hərbi əməliyyatlar olmayacaq. Amma ABŞ qüvvələri artıq bölgəyə yerləşdirilib. Rəsmi Tehran körfəzdə nəqliyyat maneçiliyi törədərsə, ona qarşı çox sərt cavab verilə bilər”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır