Modern.az

Sözünü eşitdirə bilirsənsə... güclüsən

Sözünü eşitdirə bilirsənsə... güclüsən

15 May 2019, 11:03

Akif Cabbarlı

Prizma

 

Çağdaş dünyamızın qabarıq xüsusiyyətlərini xarakterizə edən cəhətlər, həyatın bütün sahələrində meydan sulayan müasir texnologiyalar və prinsiplər insanlar arasındakı münasibətlərə də geniş spektrli dəyişikliklər gətirib. El arasında deyildiyi kimi, indi “heç kimin kitabının oxunmaması”, kinonun, yazılı nəşrlərin, hətta getdikcə televiziya və radionun da arxa plana keçməsi adamların xasiyyətində, davranışında, başlıcası bir-biri ilə münasibətində yeni, arzuolunmaz çalarlarla müşayiət olunur. Dünyagörmüş insanlar bugünkü nəslin elmli, savadlı böyüməsindən, Qərbin və Şərqin tutarlı elmi-texniki nailiyyətlərindən xəbərdar olmalarından qürur duyduqları kimi, gənclərin getdikcə öz köklərindən, adət-ənənələrimizdən uzaq düşdüyünü də nigarançılıq hissilə dilə gətirirlər. İndinin bəzi cavanları nədənsə öz dədə-babalarının düşüncə və həyat tərzinə köhnəlmiş, saralmış arxiv sənədi kimi baxır, min illərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi lazımsız, arxaik hesab edirlər. Bu tendensiyanın hansı mənəvi-psixoloji deqradasiyalarla nəticələnəcəyini təssəvvür etmək isə o qədər də çətin deyil.

 

İndi hər kəsə bəllidir ki, hər hansı uğurun qazanılması, istənilən nəticənin əldə edilməsi insanlar arasındakı münasibətlərin necə qurulmasından, onların bir-birinə yanaşma texnologiyasına necə əməl etməsindən xeyli dərəcədə asılıdır. Təbii ki, bu fikri absurd hesab edənlərin çoxu söylənilənlərə çox vaxt əməl etmirlər. Burada da ənənənin, varislik qanunlarının gözlənilib-gözlənilməməsinin təsiri qaçılmazdır. Qan düşmənçiliyini öz sanballı, ağıryana hərəkətləri, söz-söhbətləri ilə aradan götürən, ən qəddar, yolagəlməz qız atasını elçilərə “hə” kəlməsi dedizdirən ata-babalarımızın bu günə miras qoyduqları mənəvi sərvətlərin yanından saymazyana ötüb keçməklə heç nə qazana bilməyəcəyimiz və çox şeyləri itirəcəyimiz gün kimi aydındır. Bugünkü nəslin bəzən hansısa məsələdə hövsələsizlik göstərməsi, gənclərin öz müsahiblərinin şəxsiyyətini, xarakterik keyfiyyətlərini düzgün qiymətləndirməməsi nəinki uğur gətirmir, hətta məsələləri elə qəlizləşdirir, keçilməz labirintə salır ki, sonralar mahiyyətindən asılı olmayaraq, həlli mümkün olmayan problemə çevrilir. Dostlarımdan birinin danışdığı əhvalat dediklərimin əyani ifadəsidir.

 

Paytaxtda yaxın rayonların birində yaşayan Sabir (ad şərtidir. A.C.) iri fermer təsərrüfatına başçılıq edir. İşlərini daha da genişləndirmək üçün böyük məbləğdə kredit götürmək zərurəti ortaya çıxır. Gərəkli olan sənədləri toplayıb günlərin birində Bakıya gəlir. Müəyyən instansiyalardan sözsüz-söhbətsiz keçsə də, bankda onu ləngidir, pulu vermək istəmirlər. Müdirlə görüşmək istəyir. Kabinetə girən Sabir bütün hirsini-hikkəsini bank şefinin üstünə tökür, heç müdiri ağzını açmağa da qoymur. Təbii ki, gərgin keçən dəqiqələr Sabirin xeyirinə işləmir. Bankdan əliboş çıxır və hirsi soyuyandan sonra öz həmyerlisinə, yəni mənim dostuma bu barədə məlumat verir. Dostum isə ona ilk dəfə xahiş edən eloğlusunun minnətçisi qismində banka yollanır. Yol boyu Allaha yalvarır ki, kaş iş düzələydi, həmyerlisinin yanında üzüqara qalmayaydı. Amma yaxşı bilirdi ki, bank müdiri Sabirin əlindən yanıqlıdır, məsələni çətin ki, yoluna qoya. Dostumun köməyinə isə yalnız Əlahəzrət Söz çata bilərdi.

 

Beləliklə, bank müdiri ilə salamlaşıb əyləşən dostum ötən günün əhvalatını yada salmadan tamamilə başqa məsələlərdən söz açır. Söhbətin mövzusu gah donuz qripinin, gah da dünyanı bürüyən daşqınların, təbii fəlakətlərin üstünə gəlir. İqtisadi böhrandan söz düşəndə dostum bütün bu maliyyə sıxıntılarına rəğmən indicə tanış olduğu, lakin haqqında çox eşitdiyi bank müdirinin yüksək peşəkarlığı, hadisələri qabaqlamaq bacarığı və uzaqgörənliyi hesabına vəziyyətdən necə ustalıqla çıxdığı barədə məlumatlı olduğunu və buna bir vətəndaş kimi ürəkdən sevindiyini dilə gətirir. Artıq ox hədəfə dəymişdi və müdirdə onun bacarığını, işgüzarlığını belə səxavətlə vurğulayan, qiymətləndirən adama qarşı bir ehtiram hissi oyanır. Bildirir ki, həmişə iş görən adama, xalqa, dövlətə xeyir vermək istəyən hər kəsə kömək etmək istəyində olub. Beləliklə, adamlarda ruh yüksəkliyi yaratmaq, insanın ləyaqətini, bacarığını və insanpərvərliyini etiraf etməyin köməkliyi ilə onda olan ən yaxşı nə varsa, üzə çıxarmaq, inkişaf etdirmək bacarığı öz bəhrəsini verir və hövsələsiz müsahibi ilə dil tapmaq, ünsiyyət yaratmaq duyğularından və qabiliyyətindən uzaq olan gənc fermerin kreditlə bağlı problemi asanlıqla yoluna qoyulur.

 

Dostum danışır ki, həmyerlisi işinin düzəlməyinə baxmayaraq, yenə də özünü haqlı sayırmış. Təbii ki, bu, həyatda yeganə fakt deyil. Çox təəssüf ki, hələ də mübahisə edənlərin onundan doqquzu özünün mütləq haqlılığına əvvəllər olduğundan daha çox inanır. Müdriklər isə məsələyə həmişə tamam özgə prizmadan baxıblar. Teodor Ruzvelt Ağ Evdə olduğu dövrdə bir dəfə etiraf etmişdi ki, yüz haldan yetmiş beşində haqlı olsaydı, bundan daha yaxşı heç nə istəməzdi. Dava-dalaşla, yerli-yersiz mübahisələrlə heç vaxt nəyəsə nail ola bilməməyin, lakin güzəştə getməklə gözlənildiyindən daha çox şey əldə etməyin bəsirəti barədə saysız-hesabsız misallar gətirmək olar. Hər şeyə irad tutan, dalaşqan, iddialı adamlar unudurlar ki, biz bilavasitə iradəmiz tərəfindən hərəkətlərimizi tənzim etməklə bu nəzarətə tabe olmayan ovqatımızı yaxşılaşdıra bilərik.

 

İnsanlar arasındakı münasibətlərdən danışarkən müsahibini dinləmək qabiliyyətinin xüsusi önəm daşıdığını vurğulamaq yerinə düşərdi. Ağıllı, öz yerini bilən insanlar həmişə davamlı şəkildə kiminsə sözünü kəsən, yerli-yersiz müdaxilə edən boşboğazlardan uzaq qaçırlar. Amerikalı professor Nikolas Batler yazırdı ki, yalnız özü haqqında danışan adam nə qədər yüksək təhsilli olursa-olsun, mədəniyyətsizdir. Hər birimiz gündəlik həyatımızda bu fikrin daşıyıcıları ilə qarşılaşırıq. Bu yaxınlarda Bilgəh sanatoriyasında istirahət edərkən belə adamların ən “nümunəvisi” ilə rastlaşdıq. Tanınmış şairlərin biri ilə keçirilən görüşdən alacağımız ləzzəti, necə deyərlər, “gözümüzdən tökən” birisi aparıcının və şairin sözünü tez-tez kəsir, özünün savadlı, dünyagörüşlü olmasını diktə etməyə çalışırdı. Görüşə toplaşanların iradlarına məhəl qoymayan bu adam arada bir ayağa qalxıb özünün cızma-qaralarını da oxuyur, sonra da hər misrasının şərhi ilə xeyli vaxt alırdı. Təsəvvür edirsinizmi, görüşün vaxtı başa çatmamış hörmətli şair nəyisə bəhanə edib getməyə məcbur oldu. Sonrakı günlər də bu naqqal adam yaxamızdan əl çəkmir, mənasız söz-söhbətləri ilə zəhləmizi tökürdü. Özünün nə vaxtsa Moskvada, Kislovodskda, Varşavada elədiyi “qəhrəmanlıqlar”dan, bu gün də hansısa qadının ona zəng etməsindən, tez-tez eşq məktubları yazmasından dəm vururdu. Qulaq asmaqdan bezənləri isə az qala danlayır, məzəmmət edirdi. Nəticə necə oldu? Hamını bezdirən bu insan meydanda tək qaldı. Sonradan onunla heç salamlaşmır, uzaq qaçırdılar. Bu adamın sanatoriyaya alver məqsədilə gələn çinlilərdən və qəzet satan qocaman kişidən başqa müsahibi qalmamışdı. O, sanatoriyada dincələnlərin hər biri haqqında şayiələr uydurur, lətifələr düzüb-qoşur, özünü isə saf bir insan kimi elə hey təriləyirdi.

 

Beləliklə, unutmamalıyıq ki, qol gücünə, silaha güvənməkdənsə savada, ləyaqətə və hikmətə söykənən sözümüzə arxayın olmalı, bəsirət gözümüzü həmişə açıq saxlamalıyıq. Buna nail olmağın yolu isə insanların qəlbini oxumaqdan, ürəyinə yol tapmaqdan və qarşındakı insanları özündən də güclü və hörmətli görmək qabiliyyətinə yiyələnməkdən keçir. Sözünü eşitdirə bilirsənsə, demək, güclüsən. Bu bir həyat həqiqətidir.

 

İnsan münasibətləri barədə qeydlərimi adıçəkilən problemin mahir araşdırıcılarından olan Deyl Karneginin bu sözləri ilə bitirmək istərdim: “Qiymət verməkdə ürəyiaçıq və tərifləməkdə səxavətli olun. Adamlar sözlərinizi yadda saxlayacaq, onları əziz tutacaq, bütün həyatları boyu – sizin yadınızdan çıxandan bir çox illər sonra da təkrar edəcəklər”.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!