Modern.az

Bir şəklin tarixçəsi: Ayaz Mütəllibov niyə gəldi, necə getdi...

Bir şəklin tarixçəsi: Ayaz Mütəllibov niyə gəldi, necə getdi...

15 May 2019, 15:27

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 27 il öncənin bu gününə aiddir.

Zaman 15 may 1992-ci il... Məkan Ali Sovetin önü...

Azərbaycanın paytaxtı Bakı şəhərində baş verən təlatümlü hadisələr ölkəni şoka bürüyüb. Cəmi iki ay öncə - mart ayında Xocalı soyqırımı ilə əlaqədar davamlı istefa tələbləri qarşısında hakimiyyətdən getmiş Ayaz Mütəllibov heç kimin gözləmədiyi halda mayın 14-də parlamentin qərarı ilə yenidən prezident elan olunur.

Halbuki, A.Mütəllibov martın 6-da istefa vermiş, səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova keçmişdi.

Mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi qüvvələrin parlamenti mühasirəyə alması və ələ keçirilməsindən sonra Ayaz Mütəllibov Moskvaya qaçır.

O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya Konstitusiyanın müdafiəsi hərəkatı, ya da dövlət çevrilişi kimi qiymətləndirilib.

Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri olmuş, 15 may hadisələrinin fəal iştirakçılarından Tofiq Seyid isə deyir ki, A.Mütəllibovun yenidən hakimiyyət başına qayıtması Kremlin planı idi: 

“Bilirsiniz ki, mart ayında – Xocalı soyqırımından sonra Ayaz Mütəllibov öz ərizəsi ilə istefa verib getmişdi. Sonradan onun prezidentliyə qayıtmaq istəməsi əslində, Moskvanın planı idi və Mütəllibov buna məcbur edilmişdi. Məqsəd, Azərbaycanda 7 iyunda keçiriləcək prezident seçkisini pozmaq idi. Bilirsiniz, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etsə də, Rusiya Azərbaycana hələ də özünün “arxa bağça”sı kimi baxmaqda davam edirdi. Mart ayında Ayaz Mütəllibov istefa verib getdikdən sonra Rusiyanın bütün ümidləri puç oldu. Azərbaycanda prezident seçkisi elan olundu. Namizədlər verildi və normal şəkildə prezident seçkisi kampaniyası başladı. Moskva heç cür həzm edə bilmirdi ki, 200 il özünün əsarəti altında olan, hər zaman rəhbərini özü təyin etdiyi bir ölkədə normal, demokratik prezident seçkisi keçiriləcək və ilk dəfə xalqın seçdiyi şəxs prezident olacaq. Bunu pozmaq, ölkədə xaos yaratmaq üçün bir günün içində, heç bir hüquqi prosedur gözlənilmədən Ayaz Mütəllibov parlamentdə peyda oldu və yenidən prezident elan edildi. Açıq bildirdilər ki, diktatura elan olunur, siyasi fəaliyyət qadağan edilir”.

T.Seyidin sözlərinə görə, hakimiyyəti ələ almaq istəyən hərbi xuntanı rədd etmək üçün AXC-də ciddi müzakirələr zamanı müxtəlif fikirlər olub:

“Bir qisim insanlar deyirdilər ki, biz onların üzərinə getməyək, bu insan qırğınına səbəb ola bilər. Lakin Elçibəy başda olmaqla bizlərin mövqeyi ondan ibarət oldu ki, müstəqillik təhlükə altındadır, gərəkdirsə hamımız burada ölməliyik. Heç olmasa, gələcək nəsillər üçün örnək olar. Məhz bu fikir qalib gəldi, xalq demokratik qüvvələrin rəhbərliyi ilə antidövlət qüvvələrini parlamentdən qovdu, öz müstəqilliyini qorudu”.  

T.Seyid deyir ki, 15 may Azərbaycan tarixinin qızıl səhifələrindən biridir: “İndi həmin hadisələrin iştirakçıları sağ olduğu üçün subyektiv fikirlər səsləndirilir. Ancaq o günün dəyərini gələcək nəsillər verəcək. 15 may olmasaydı Azərbaycan ikinci 28 apreli yaşayacaqdı. Çünki  Ayaz Mütəllibov hakimiyyəti 1-2 gün saxlaya bilsəydi, Rusiyaya müraciət edəcəkdi və hərbi yardım istəyəcəkdi. Bununla da Azərbaycanda 1920-ci ildə yaşanmış 28 may istilası təkrarlanacaqdı. Bu baxımdan, tərəddüdsüz deyirəm ki, 15 may Azərbaycan tarixində Müstəqillik Aktı qədər önəmli bir hadisə oldu”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir