Bir sıra hallarda cəmiyyətdə baş verən proseslərə münasibət öyrənmək, hər hansı informasiyanı dəqiqləşdirmək, müzakirə olunan qanunlar və ya qanun layihələri barədə rəy öyrənmək, seçici problemlərinə münasibət almaq üçün millət vəkilləri ilə əlaqə saxlamaq lazım gəlir.
Lakin onlar hər zaman əlçatan olmurlar. Çünki deputatların heç də hamısı jurnalistlərə açıq deyil. Hətta elə millət vəkilləri var ki, onların əlaqə nömrələrini tapmaq belə çətindir.
Maraqlıdır, jurnalistlər hansı deputatlarla əlaqə saxlamaqda çətinlik çəkirlər? Modern.az saytının əməkdaşı parlament jurnalistlərindən suala cavab almağa çalışıb.
Son vaxtlar deputatlarla əlaqə yaratmaqda problemlə üzləşmədiyini deyən “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov bildirib ki, əvvəlki dövrlərə nisəbətən indi bu sahədə çətinliyi azdır. Buna baxmayaraq, jurnalist çətin əlaqə yaratdığı deputatların olduğunu qeyd edib. Bunların sırasında o, Abel Məhərrəmov, Şəmsəddin Hacıyev, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Fuad Muradov, Hadı Rəcəblinin adını çəkib.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, parlamentdə təmsil olunan millət vəkilləri arasında əsasən vəzifədə olanlar, xüsusilə universitet rektorları və qeyri-qanuni olsa da biznes fəaliyyəti ilə məşğul olan deputatlarla əlaqə saxlamaqda çətinlik çəkir.
“Universitet rektorlarından Abel Məhərrəmov istisna olmaqla, qalanları - Səməd Seyidov, Gülçöhrə Məmmədova, Əhməd Vəliyev, Aqiyə Naxçıvanlı ilə hər hansı informasiya üçün əlaqə yaratmaq çətindir”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı ən çətin əlaqə saxladığı deputatların Milli Məclisin rəhbərliyində əyləşənlər olduğunu deyir.
“Bundan əlavə, qocaman deputat Zeynəb Xanlarova, eyni zamanda Rövnəq Abdullayevlə də əlaqə saxlamaq çətindir. Hər halda onların danışığı cəmiyyət üçün də maraqlı olardı.
Mətbuata qapalı olanların siyahısına komitə sədri və universitet rektoru Səməd Seyidovu da qeyd etmək olar. O, əvvəllər mətbuat üçün açıq deputat olmasına baxmayaraq, son dövlər nədənsə jurnalistlərdən qaçır. Eyni zamanda Əli Hüseynli, Ağacan Abiyev, Arif Alişanov da jurnalistlərlə ünsiyyətdən uzaq duran millət vəkillərindəndir.
Amma Rəbiyyət Aslanova, Hadı Rəcəbli komitə sədri olmalarına baxmayaraq, hər zaman KİV üçün açıqdırlar, istər telefon, istərsə də parlamentdə üz-üzə gələrkən jurnalistlərin suallarını cavablandırırlar”.
E.Muradlı eyni zamanda bildirib ki, təzə seçilən deputatlar da jurnalsitlərlə ünsiyyətə fəallıq göstərmirlər.
“Təzə seçilən deputatlar içərisində nisbətən qadınlar fəallıq göstərirlər. Amma təzə seçilən kişi deputatların əksəriyyətini jurnalistlər tanımır. Buna baxmayaraq, onların içərisində Musa Qasımlı, Ceyhun Osmanlı, Çingiz Qənizadə daim jurnalistlərin çıxmaq imkanları olduğu millət vəkillərindədir”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də bir sıra millət vəkilləri ilə əlaqə saxlamaqda çətinlik çəkdiyini bildirib. Konkret ad çəkmək istəməyən jurnalist parlamentdə informasiya əldə etmək və ya vermək baxımından çox az sayda, təxminən 25-30 millət vəkilinə çıxış əldə etməyin mümkün olduğunu qeyd edib.
“Qalan deputatlara isə nəinki çıxmaq, heç telefonla əlaqə saxlamaq da mümkün deyil. Onsuz da jurnalistlər hansı deputatlarla işləmək və məlumat əldə etmək mümkün olduğunu yaxşı bilirlər”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə çıxış əldə etməkdə çətinlik çəkdiyi millət vəkillərinin əsasən rəsmi dövlət vəzifəsi daşıyanlar arasında olduğunu deyir. Onun sözlərinə görə bunlar o şəxslərdir ki, parlament iclaslarında passivlik nümayiş etdirir, qanunvericilik, eyni zamanda cari məsələlərin müzakirələrində hiss olunmurlar.
“Muxtar Babayev, Vasif Talıbov, Səttar Mehbalıyev, Əli Hüseynli bu deputatlar sırasındandır.
Ancaq həm qanunvericilik, həm cari məsələlərin müzakirələrində aktiv olan deputatlar hər zaman jurnalistlərlə ünsiyyətə maraqlı olur, onlara lazımi informasiyalar verirlər”.
APA-nın əməkdaşı Rəşad Süleymanovun da bu barədə fikirləri həmkarlarının söylədikləri ilə üst-üstə düşür. O da hesab edir ki, Milli Məclisdə aktivlik göstərən millət vəkilləri ilə telefon əlaqəsi yaratmaq heç vaxt çətin olmur.
“Amma parlamentdə passivlik nümayiş etdirən, nadir hallarda çıxış edən deputalarla əlaqə yaratmaq, hər hansı informasiya və ya suallara cavab almaq çətindir. Onlar ya telefonlarını vermək istəmir, ya da müxtəlif bəhanələrlə suallardan yayınmağa çalışırlar. Bu deputatları konkret desəm,o zaman gərək parlamentdə təmsil olunanların 50 faizinin adını çəkim”.
“Xəbərlər-Azərbaycan” İnormasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadovun cavabı isə belə olub: “Parlamentdə elə deputatlar var ki, onların çoxunu tanımırıq, hətta səslərini eşitməmişik. Bu kateqoriyaya yeni seçilənlərlə yanaşı, hətta 2-3 çağırışdır mandat daşıyan deputatlar da daxildir. Əgər həmin millət vəkilləri parlamentdə aktivlik nümayiş etdirmirlərsə, o zaman onlarla necə əlaqə yaratmaq olar. Bu millət vəkilləri əsasən jurnalistlərlə təmasdan ehtiyatlanırlar”.
“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy telefonla əlaqə saxlamaq çətin olan deputatlara misal olaraq Səməd Seyidov, Rövnəq Abdullayev, Hadı Rəcəblinin adını çəkib. Onun sözlərinə görə əksər millət vəkillərinə çıxışın çətin olması onların vaxtaşırı telefon nömrələrini dəyişməsi səbəbindəndir.
“Bilinmir ki, bu addımı seçicilərindən qaçmaq və ya mətbuatdan uzaq durmaq üçün atırlar, yoxsa yox. Bir çoxları telefon nömrələrini verməkdən imtina edirlər. Bunun əvəzinə isə bizə “sən jurnalistsən, axtarsan taparsan” deyə cavab verirlər”.
E.Paşasoy bu siyahıya eyni zamanda Oqtay Əsədəov və Ziyafət Əsgərovu da daxil edib. O bildirib ki, şəxsən onların hər ikisindən müsahibə götürmək istəsə də, hələlik buna nail ola bilməyib.
“Artıq bir neçə ildir bu istiqamətdə çalışıram, lakin bir uğur əldə etməmişəm. Parlamentin xanım vitse-prezidenti Bahar Muradova ilə əlaqə yaratmaq asandır. Yeni seçilən deputatlar da jurnalistlərlə ünsiyyətdən yayınırlar. Onların bəziləri hesab edirlər ki, danışmaq təhlükəlidir və mətbuatdan uzaq dururlar. Onlara sual verən jurnaslitlərə isə deyirlər ki, “get işinlə məşğul ol”. Hansı ki jurnalistin işi elə sual verməkdir. Yəni belələri də var”.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev bildirib ki, Valeh Ələsgərov, Hacı Salayev, Rövnəq Abdullayev, Ziyad Səmədzadə ilə əlaqə saxlamaq ümumiyyətlə mümkün deyil. Bundan başqa, parlamentdə təmsil olunan bir necə zavod direktoru, eyni zamanda iclaslara gəlməyən millət vəkilləri də bu siradandır.
“Həftə-içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı qeyd edib ki, Milli Məclisdə təmsil olunan deputatlardan Rövnəq Abdullayev, Zeynəb Xanlarova ilə əlaqə saxlamaq, onlara çıxış əldə etmək mümkün deyil. Bunlardan əlavə, bir neçə deputat da var ki, onlar səlahiyyətlərinin üstünü aşaraq jurnaslitlərlə təmasdan qaçırlar.
“Amma onların təmasda olmaları, gördüyü işlər, parlamentdəki fəaliyyəti və ya müxtəlif situasiyalara mövqeləri daim işıqlandırılmalıdır. Həmin millət vəkilləri jurnalist deyəndə elə fikirlərşirlər ki, asıb-kəsirlər, yəni danışmağa qorxurlar. Digərləri, yəni deputatların əksəriyyəti əlaqə saxlamaq mümkündür. Onların bizim zəngimizi açmaması və ya fikirlərimizi dinləyib cavab verməməsi halları olmayıb”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu da hesab edir ki, Milli Məclisdə deputatlardan və yaxud komitə sədrlərindən mətbuatla əlaqədən uzaq durmağa çalışanlar xeylidir.
“Məsələn, vitse-spiker Valeh Ələsgərov həm də parlamentdə Ekologiya, energetika və təbii ehtiyatlar komitəsinin sədridir. Ancaq 6 illik deputatlığı, komitə sədrliyi və vitse-spikerliyi dövründə o, bir dəfə olsa jurnalistlərlə əlaqə saxlamayıb. Komitə iclaslarına yalnız 3 media quruluşunun nümayəndələrini - “Azərbaycan” qəzeti, AzərTAc və AzTV-nin parlament müxbirlərindən başqa heç kəsi davət etməyib. Biz bununla maraqlananda deyiblər ki, “Valeh müəllim ancaq bu 3 nəfəri öz iclasında görmək istəyir””.
Vitse-spikerin nadir hallarda Milli Məclisin foyesində olduğunu deyən K.Həmzəoğlu orda da jurnalistlərdən uzaq dayandığını qeyd edib.
Bundan əlavə o, əlaqə yaratmaqda çətinlik çəkdiyi deputatlar sırasında Ziyafət Əsgərovun adını çəkib.
“Ziyafət Əsgərov əvvəllər Milli Məclisdə komitə sədrinin müavini, komitə sədri, eləcə də vitse-spiker olanda jurnalistlərlə təmasa çox maraqlı idi, ünsiyyətcil idi. Ancaq birinci vitse-spiker təyin olunduqdan sonra o da jurnalistlərlə öz arasında məsafə saxlamağa çalışır. Xüsusilə bu siyahıda müxalifət və müstəqil media nümayəndələri üstünlük təşkil edir”.
Ziyafət Əsgərovun Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri olduğunu deyən jurnalist onun da son 6 ildə komitə iclaslarına ancaq “Azərbaycan” qəzeti, AzərTAC, AZTV, ictimai televiziyanın, bəzən də ATV-nin parlament müxbirlərini dəvət etdiyini bildirib.
“Ümumiyyətlə, jurnalistlər əsasən Səməd Seyidov, İlham Əliyev, Ziyad Səmədzadə, Madər Musayev, İmamverdi İsmayılovla da əlaqə saxlamaqda çətinlik çəkirlər”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, dördüncü çağırış parlamentdə təmsil olunan yeni deputatlardan bir-ikisini çıxmaqla, qalanları jurnalistlər üçün qapalıdır. Buna baxmayaraq, E.Eyvazlı köhnə deputatların əksəriyyəti ilə əlaqə saxlamaq imkanlarının olduqlarını qeyd edib.
“Modern.az saytının fəaliyyəti dövründə əlaqə saxlaya bilmədiyimiz deputat Səməd Seyidovdur. O bir dəfə də olsun bizim zənglərimizə cavab verməyib. Bizim onunla tez-tez əlaqə saxlamağımızın səbəbi AŞPA-da təmsil olunan Azərbaycan nümayəndə heyətinin sədri olmasıdır. Orada maraqlı proseslər getdiyi üçün istərdik ki, Səməd Seyidovla əlaqə saxlayıb, məlumatlar əldə edək”.
Aytən ƏLİYEVA