Modern.az

Deputat: “Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir”

Deputat: “Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir”

18 May 2019, 09:25

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın geosiyasi nüfuzu artıb. Respublikamız regional və qlobal miqyaslı proseslərə müsbət mənada təsir göstərə bilən dçevrilib".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

 

Onun sözlərinə görə, son illərdə ölkəmizin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.

 

Deputat qeyd edib ki, Azərbaycan xarici ölkə və təşkilatlarla əməkdaşlıqda bir qayda olaraq xoş məram nümayiş etdirir. Həmçinin özünü etibarlı, beynəlxalq hüquq və normalara yüksək səviyyədə əməl edən tərəfdaş kimi təsdiqləyib.

 

"Azərbaycanın son illərdə əlaqələrini daha da inkişaf etdirdiyi və qarşılıqlı münasibətlərdə yaxşı perspektivlər yarandığı beynəlxalq qurumlardan biri də Avropa İttifaqıdır. Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı maraqlara söykənən səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Tərəflər arasında mövcud olan münasibətlər çoxşaxəli olmaqla böyük əhəmiyyətə malikdir" - deyə S.Qafarova bildirib.

 

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə də bu əlaqələr yüksək qiymətləndirilib.

 

“Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Avropa İttifaqının yüksək səviyyəli təmsilçisi tərəfindən səsləndirilən bu fikir təbii ki, obyektiv reallıqlara əsaslanır. Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və respublikamızın beynəlxalq münasibətlər sistemində rolunu lazımınca qiymətləndirir. Bu isə təbii ki, ölkəmizin güclü iqtisadi potensialı və geniş tranzit imkanlara malik olması ilə bağlıdır. Son illərdə Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri bütövlükdə Avropanın enerji daşıyıcılarına istehlakının ödənilməsində mühüm rol oynayır. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində respublikamızın rolunun daha da artacağı proqnozlaşdırılır.

 

Həmçinin, ölkəmizin siyasi baxımdan əhəmiyyəti də münasibətlərin inkişafında vacib rol oynayır. Azərbaycanın daim nümayiş etdirdiyi konstruktiv mövqe beynəlxalq aləmdə ölkəmizə qarşı böyük inam yaradıb. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın dünyanın 155 ölkəsinin etimadını qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və bu müddətdə TŞ-yə iki dəfə uğurla sədrlik etməsi bunun təsdiqidir. Bütün bunların müqabilində digər beynəlxalq təşkilatlar kimi, Aİ də Azərbaycanın regional və qlobal miqyasda siyasi əhəmiyyətini yüksək qiymətləndirir".

 

S.Qafarova son dövrlərdə Azərbaycanla – Avropa İttifaqı ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin də genişləndiyini vurğulayıb. O deyib ki, hazırda Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları qismində çıxış edirlər.

 

“Ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələrlə aparılır və Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur”.

S.Qafarova Azərbaycanın da Avropa İttifaqı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

 

Milli Məclisin deputatı xatırladıb ki, mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu mövqeyini bir daha ifadə edib.  

 

"Beləliklə, sadalanan faktlar və səsləndirilən fikirlər bir daha Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini, tərəflərin bu münasibətlərə böyük əhəmiyyət verdiyini təsdiqləyir. O cümlədən, Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzərdən keçirilib".

 

Nuranə DAXİLQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir