Modern.az

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək

18 May 2019, 17:01

Prezident İlham Əliyev Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

 

Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır