Modern.az

Gözlər yoldan yığılarmı... - XIX YAZI

Gözlər yoldan yığılarmı... - XIX YAZI

Aktual

20 May 2019, 12:23

Nəzirməmməd Quliyev

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Sonuncu yazı


Vətənə və Vətəni yaşadanlara borcluyuq


Niyyətin hara, mənzilin də ora”.
Azərbaycan atalar sözü

 

Qarabağ savaşında - ermənilərin tarixi torpaqlarımıza, hər daş-qayasında keçmişimizin təkzibolunmaz nişanələrini yaşadan yurd yerlərimizə, maddi-mədəni abidələrimizə qarşı apardığı ədalətsiz müharibədə canını qoyan bir soydaşımızın həyat hekayətinin sonuna gəlib çatdıq. Araşdırmalarımızın, xatirə və diləklərin işığında yad etdiyimiz itkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovun qaranlıq taleyinə nə qədər aydınlıq gətirə bildiksə, bu yolda bizə yardımçı olan hər kəsə təşəkkür borcumuz var. İtkin-şəhidimizin portret cizgilərini nə qədər yaradıb sizlərə təqdim edə, gözləriniz önündə canlandıra bildimsə, buna görəsə daxilimdə bir o qədər də böyük mənəvi rahatlıq hiss edirəm. Uyğun auranı sizlərin də yaşadığı, hiss etdiyi qənaətini bölüşürəm. Ən azı yarım il mənəvi dəstəyinizi, vaxtaşırı müxtəlif reaksiyalarınızı görməyim bunu söyləməyə əsas verir, əziz oxucular!


Xəqani məqsəd-məramımızdan bixəbər olsa da, yazılarımızda sadalanan faktların, mental xüsusiyyətlərimizə işıq tutan fikirlərin qanadında öz yoxluğu ilə yenə doğma xalqının xidmətində dayanmış oldu. Qarabağ savaşı səbəbindən yaşanan bir çox problemlər, ayrı-ayrı döyüşçülərin bəzilərinin haqqında məlumatlar geniş ictimaiyyətə bəlli oldu, bəzilərinin heç yerdə yazılmayan acılı-şirinli xatirələri işıq üzü gördü. Araşdırmalarımız böyük bir həqiqəti də bütün çılpaqlığı ilə ortaya qoydu. Belə ki, əsgərlərimizin guya döyüşməməsi, ancaq torpaqları qoyub qaçmaları kimi yersiz ittihamların əksərən yalan, böhtandan başqa bir şey olmadığını faktların dili ilə sübuta yetirdi, erməni məkrinin, onlara havadarlıq edən “çyornaya koşkaların” faş edilməsində əhəmiyyətli rol oynadı. Həm Qarabağ savaşında baş verənlər az-çox analiz edildi, həm də yaddaşlarda, tarixdə qalacaq kitab vasitəsilə gələcək nəsillərimizə “ehtiyatlılıq, xəbərdarlıq” siqnalları göndərildi. Bir sözlə, bu kitab Xəqaninin xalqı, dövləti və doğmalarına hələlik sonuncu mükafatıdır desək, yəqin ki, yanılmayacağıq.   

Eyni zamanda mənim də həyat tarixçəmdə kitabın rolu müəyyən izlər buraxdı. Müxtəlif insanlarla təmaslarım oldu. Xəqaninin anası Telli xala başda olmaqla qardaşları, yaxınları, doğmaları, komandiri, döyüş yoldaşları, onu uşaqlıqdan şəxsən tanıyan eloğluları ilə görüşüb söhbətləşdim. Qarabağ savaşının bir çox iştirakçıları, hətta keçmiş əsirlərlə də əlaqə yaratdım. Sonunculardan Xəqanini gördüyünü, tanıdığını deyən olmadı. Xankəndidə onu gördüyünü söyləyən keçmiş əsir, paytaxtın Badamdar qəsəbəsinin sakini olduğu söylənilən Əhmədi də xatırlayıb tanımadılar. Amma axtarışlarım boyu məni narahat edən “Xəqani əgər əsirlikdədirsə, ermənilər onu niyə gizlətsinlər” sualıma onların təxəyyüllərinin hesabına qismən də olsa cavab tapa bildim: “Belə gizlətmə halları yalnız erməni vandallarının Qarabağda yaratdıqları qanunsuz bir rejimdə əsirlərin sayını dünyaya çox göstərməmək kimi məkrli niyyətləri səbəbindən baş verə bilər”. Yazılarımız boyu bir neçə əsirin qaçıb canını qurtardığından bəhs edən faktlar bu fikrin həqiqət olduğunu bir daha isbatlayır. Həmçinin, onların sözlərinə görə, əgər Əhməd tapılmış olsaydı, məhz onun dedikləri əsasında, elə onun özünün şahidliyi ilə Qırmızı Xaça müraciət etmək bu axtarışa xeyir verə bilərdi. Çünki Qırmızı Xaç adlı-ünvanlı axtaranda ermənilər həmin əsirləri gizlətməkdə çətinlik çəkirlər. Bu arqumentlərə əsaslanaraq yenə də Əhmədə müraciət edirik ki, o, özünün də taleyinə oxşar bu yazılarımız barədə məlumat ala bilibsə, gec də olsa, müvafiq dövlət qurumlarına və Xəqaninin doğmalarına mümkün yardımlarını əsirgəməsin.


Şəhidlik – ölümsüzlük iksiri


...Yollardan başlamışdım. Taleləri birləşdirən, ayıran, kəsişən, keçilməz, dalanlı, dolanbac, işıqlı, qaranlıq yollardan... Yarım ildə apardığım axtarışların boy sırasında bu az müddətdə nə qədər böyük daha bir YOLUN qət edildiyi qənaətinə gəlirəm. Bu yolun kəşfi AZƏRBAYCANÇILIQ dəyərlərini bütün varlığında daşımış Xəqani Əkbərov taleyinin çözülməsi yönündə vaxtaşırı ümidlənib-ümidsizləşən təşvişli anlarımın diqtəsi bahasına mümkün oldu. Təki bizi onun doğmalarına, döyüş yoldaşlarına qovuşduran bu yollar Xəqaninin qəflətən gəlişi, 25 ildir gözləri yollardan yığılmayan Telli ananın, doğmalarının müjdələnməsi ilə tamamlana, Eyvaz kişinin narahat ruhu sevinə, əbədiyyətdə rahatlıq tapa!.. Təki Xəqani tapılsın, qayıtsın, canından artıq sevdiyi Vətəninə qovuşsun, onun dünyamıza şəxsi baxışlarının, eləcə də həyat dramının bizə bəlli olmayan və sonrakı davamına da işıq tutaq, əziz oxucular! Ümidimizi üzmədən, onun doğmaları ilə birgə gözlərimiz yolda, qulağımız səsdə qalsın!..

...Şübhəsiz ki, hər bir insanın həyatında tale yolunun tuşladığı, cızdığı istiqamətlər var. Ancaq görünür, tale yolu da “hər kəsin niyyətinin axarına” , “pirin kəramətinə” görə cızılırmış. Gözlər ürəyin aynası olduğu kimi, yollar da ürəyin istəyinin mənzil başındakı dayanacaqlarının məskəni imiş. Əfsuslar olsun ki, yolların qət edilməsi ürəyin istəyindən doğulsa da, həmişə insanı xoşbəxt günlərə, xoş məramlarla əhatələnmiş mənzil başına çatdıra bilmirmiş... yolların “lokomotivliyi” də varmış, vəfasızlığı da... Hələ otuz bir il öncə tələbə yoldaşım, istedadlı şair-jurnalist İlham Zeynallının yazdığı bir şeir parçasında oxumuşdum:

- Yollar ürəyimdən asılı qalıb…

Yollar ürəyimdən başlayır demə.

Hər gülən görəndə xoşbəxt sanardım -

Çoxu taleyini daşlayır demə…

Taleyin, qədərin daşlamadığı - taleyin, qədərin sevərək qarşıladığı müqəddəs şəhidlik yolunun yolçuluğu da var dünyamızda. Bu hər kəsə nəsib olmur. 20 Yanvar şəhidləri - məhəbbət-sədaqət nümunələri İlhamla Fərizənin məzarları başında Seyid Camal Əzimbəylinin fatihə söylədikdən sonrakı fikirlərini xatırlayıram. Seyid Camal əlini qoşa məzara uzadaraq dedi ki, onların ruhlarını burda - qəbirlərinin içində düşünmək yersizdir. Onlar öz məqamları ilə çoxdan Böyük Yaradanın dərgahındadırlar. Şəhidliksə hər kəsə nəsib ola biləcək bir xoşbəxtlik deyil. Seyid Camal onu da söylədi ki, o, “şəxsən özünə şəhadətliyi arzulasa da, bu onun qismətinə düşməyib. Deməli, şəhidliyi seçmək də olmurmuş, şəhidlər yalnız Allahın seçdiyi bəndələridir”.

...Elə buna görə də tarixən fəxarətlə şəhidlərin ölü olmadığını dilə gətirib düşüncə adamlarımız. Şəhidlər vətən, xalq, torpaq, din, əqidə, amal yolunda mübarizliyin, mübarizənin başlanğıcı və tükənməzliyidir gerçəkdə. Onların ölümləri ölümü deyil, qəhrəmanlığı, ölümsüzlüyü yaşatmaq qərarından doğulur İlahinin. Bu qismətsə əbədiyaşar missiya olduğundan, şəhidlərin ölümsüzlüyünü dünya durduqca yaşadır.  


Mübariz oğullarımız sırasında Xəqani səhifəsi

Mən Az.TV-də hərbi proqramlar və salnamə redaksiyasında çalışarkən “O görünən Ağdamdı” adlı veriliş hazırlamışdım. Verilişin sonunu sözləri mərhum yazarımız Nahid Hacızadəyə, musiqisi bəstəkar Eldar Mənsurova məxsus, təkrarsız səsli müğənni Mübariz Tağıyevin ifasında “Qalx, qalx, ulu bayraq” marş tipli mahnısı ilə bitirmişdim. Verilişi bu ruhda, bu sonluqla ssenariləşdirməyimin səbəbi... bu ideyanı torpaqlarımızda müharibə getdiyi bir dönəmdə mübarizə ruhlu nəğmələrimizi vətənpərvərlik motivli müasir laylalarımıza çevirmək, onların ana laylalarımızı əvəz etməsinə nail olmaqdan ötrü düşünmüşdüm:


- Qalx, qalx ulu bayraq,

Qalx, qalx ulu torpaq,

Qalx, qalx, sən ey mərd xalq

Yer titrəsin məhvərindən.


Bu, Ağdamın işğal tarixindən üç il sonra - 1996-cı ildə baş vermişdi. Yəni sonradan tanıdığım qəhrəmanım Xəqaninin də Ağdamda itkin düşdüyü tarixdən üç il sonra... Düşünmüşdüm ki, qulaqlarda, yaddaşlarda daha çox finalı qalan belə verilişlərlə xalqımızın torpaqlarının müdafiəsinə, işğaldan azad edilməsinə köklənmiş mübarizə ruhunu qoruya bilərik. Fikirlərimdə yanılmadığımı  yaxın tariximizdəki “Aprel zəfəri” daha dərindən təsdiqləmiş oldu. Əlbəttə ki, xalq ancaq mərd, mübariz oğlanlarının çiynində ayağa qalxa, Vətənini qoruya, kimliyini dünyaya sübut edə bilər. Xəqani Əkbərov da müqəddəs missiyası ilə tariximizə adını bir vətənpərvər azərbaycanlı kimi yazmış oldu. 


Qəhrəmanlığın rüşeymi ürəklərdə yaşayır...


Xəqaninin taleyini araşdırmaq, oxumaq geniş düşüncəli, insanlığa, Vətən sevgisinə, ailə münasibətlərinə dəyər verməyi bacaran hər kəsi kədərli notlara qərq edir. Ancaq Xəqaninin həyat hekayətində, kədərlə yanaşı, çox qürurverici anlar da var. Bunları da unutmaq, arxa planda saxlamaq olmaz. Əslində məni bu yazıları qələmə almağa vadar edən həm də bu gəncin vətənpərvərlik hisslərinin qanadında döyüş yolunu şüurlu şəkildə seçməsi, könüllü orduya, od-alovun içinə getməsi, düşmənlə üz-üzə gələndə öz doğmalarını, gözü yolda qalan nişanlısını unudub bütün mümkünlü-mümkünsüz vasitələrlə ölkəmizin qələbəsinin təminatçılarından olmaq istəməsi, Vətən yolunda öldürməkdən-ölməkdən çəkinməməsi kimi parlaq bir nümunəyə çevrilməsidir. Yüngülvari bir müqayisəyə fikir verin. O zaman ordudan yayınıb dağlarda-dərələrdə gizlənməklə Vətən məhfumunun ucalığına kölgə salanlarla “mən yoldaşlarımı düşmən qabağında buraxıb sakitcə evdə otura bilmərəm” söyləyərək icazə günlərini də gözləməmək…bu, qəhrəmanlıq nümunəsi deyilmi?! Bu, Vətən sevgisinin ən ali mərtəbəsində dayanmaq istəyi, dayanmaq bacarığı deyilmi?! Yaxud qolu yaralı, özü yorğun-yuxusuz, kəşfiyyatdan qayıtdıqdan sonra döyüş yoldaşlarına qoşulub ermənilərin üstünə getməsi, lap elə görmədiyin, bələd olmadığın yerlərdə kəşfiyyatçılığı boynuna götürmək, bütün təkidlərə rəğmən “siz kəşfiyyata getməmisiz, yolu aza bilərsiz” bəhanəsilə döyüş yoldaşlarından ayrılmamaq…bunlar nə boyda bir ürəyə sahib olmağın açıq göstəricisidir. Bilirsiniz, qəhrəmanlıq döyüş anlarında doğulmur, qəhrəmanlıq döyüş anlarında üzə çıxır. Əlbəttə ki, bununçün uyğun şərait, imkan yarananda. Amma qəhrəmanlıq rüşeym halında ürəkdə olur, ürəkdə yaşayır, zəruri məqamlarda o ürəyin sahibinin gerçək kimliyini ortaya qoyub onu tanıdır.


Vətən bizə borclu deyil...

Bu devizi təəssüf ki, yalnız keçmiş döyüşçü, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun şüara çevirdiyinin şahidi olmuşam. Düşmənin bir addımlığında – Nərgiztəpə yüksəkliyində həkk etdirdiyi hərbi-vətənpərvərlik motivli kompozisiyanın üzərində. Kimliyindən asılı olmayaraq, düşmənlə üz-üzə dayanan əsgərlərə baş çəkməyə gələn hər kəsə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlara nümayiş etdirir bu şüarı Eyvaz müəllim. Çox istərdim ki, bu şüar, əlbəttə ki, məzmunundakı bütün təfsilatla bir yerdə küçə və prospektlərimizi, dərsliklərimizi bəzəsin. Fikrimcə, bu ideyanın dərinliyində VƏTƏN anlayışının əsl mahiyyəti öz əksini daha dolğun şəkildə tapır.  

...Qoruduğumuz, qoruyub-qoruya bilməyəcəyimiz Vətənə sədaqət hamımızın boyun borcudu. Vətənsə heç birimizə borclu deyil. Vətənin qoynunda şəhidlərimizin qanı bahasına firavan yaşayan, ümumiyyətlə yaşaya bilən soydaşlarımızsa dünya durduqca qəhrəman oğullarımıza - şəhidlərimizə, qazilərimizə borcludurlar. Əlbəttə ki, təkcə pafoslu, bəlağətli sözlərlə yox, onlara, onların yadigarlarına ən yüksək səviyyədə ehtiram, yeri gələndə maddi-mənəvi dəstək göstərməklə. Sözlərimi yalnız maddiyyat anlamında düşünüb əməl etməkdən vaz keçənlərə də səslənirəm: bu addımlarınız təkcə bir şəhidə, bir evə, bir ailəyə hörmət göstərməyinizlə bitməyəcək. Burada daha irimiqyaslı strateji hədəfləri düşünmək gərəkdir. O isə bütün xalqların tarix boyu ehtiyac hiss edib, üzərində qurduqları vətənpərvərlik hisslərinin təbliğatından ötrü ən önəmli addımlardır:



Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağolun” da bəsimdi, Vətən!

Bəsimdi, hər səhər salam yerinə

Bir səmum küləyin əsibdi, Vətən!

 

Qol verdin boynunu qucaqlamağa,

Göyünə baxmağa göz verdin, bəsim,

Kürək söykəyənin ana torpağa

Haqqı yox bir özgə təltif istəsin.

                                      (Məmməd Araz)


...Vətən nəhəng bir dünyadı, biz onun bütövlüyünün təminatçısı olan zərrəciklər. Vətən yurd yerlərimizdi. Vətən babalarımızın uyuduğu müqəddəs torpaqdı. Vətən, əvvəldə də qeyd etdiyim kimi, qeyrətli babalarımızın bizə əmanətidi:


Şimşəklər çinartək sancılıb yerə,

Düşmənin gözünə dirsəkdi hər dağ.

Babalar atını sürüb gedibdi,

Qalalar boylanıb qalıbdı ancaq.

                             (Sabir Rüstəmxanlı)


Vətən - tariximizi qoynunda yaşadan maddi-mədəniyyət abidələrimizin – daş kitabələrimizin məskənidi. Vətən - torpağın dərin qatlarına gedən rişələnmiş köklü, qollu-budaqlı ağacdı. Bu ağacın qol-budağında da, onu üzərində saxlayan torpağında da bizim yerimiz, bizim nəfəsimiz var. Əlbəttə ki, tariximizə, qürurverici salnamələrimizə, qəhrəmanlarımıza, şəhidlərimizə, qazilərimizə, ictimai-siyasi xadimlərimizə, elm, sənət fədailərimizə, bir sözlə, milli kimliyimizi qoruyub daha da yüksəklərə qaldıran hər kəsə borclu olduğumuzu anlayıb onu qoruya biləndə...  


Vətən bir budaqdır, yaşıl bir budaq,

Ümiddən asılan yarpağıq biz də.

Ayağımız altda yeriyir torpaq,

Yeriyən, düşünən torpağıq biz də.

                                     (Nüsrət Kəsəmənli)


Xalq yazıçısı Anarın ssenariləşdirdiyi, qədim tariximizin böyük bir parçasının ədəbi-bədii ifadəsi “Dədə Qorqud” filmində Turalın anasını – atasının namusunu düşməndən qorumaq üçün seçdiyi ölüm yolunu görmüsünüz. Sonradan düşmən caynağından xilas olmağına görə buna Allahın sınağı da demək olardı. Xəqani də Ana Vətənini qorumaqdan ötrü seçdi bu yolu. Vətən oğullarını Turalın harayına gətirən Allah bəlkə Xəqaniyə də belə bir yol saxlayıb, bəlkə də yox, bunu biz dəqiq söyləyə bilmərik... Bəlkə Xəqaninin bu dünyamızdakı həyat yolu elə Vətənin yaşaması naminə burdaca qırılıb?! Bəlkə onun müqəddəs şəhid ruhu zühur edərək “Aprel döyüşünün” qəhrəmanlarının yardımçısı, “kəşfiyyatçısı” olub?!.. Bəlkə də Xəqani sağ-salamat məkrli Qarabağ düyününün açılacağı günün təşnəsilə onu Gəraybəyliyə - Telli xalanın hüzuruna gətirəcək yolun həsrətilə yaşayır, dözür?!..onu Əkbərovlar ocağında üzlərini görmədiyi, yaşlarını bilmədiyi nə qədər nəvə-nəticələrin gözlədiyindən bixəbər…


Xəqani düyünündə cavabını gözləyən suallar çoxdu. Hansı suala cavab tapa biləcəyimizsə zamanın axarında qalır. İtkin-şəhidimizin doğmalarına, eləcə də bu taledən dolayı nigaran qalan hər bir azərbaycanlıya səbr diləməklə yazıları yekunlaşdırıram. Qarşılıqlı təskinliyimiz…təki Vətən sağ olsun!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir