Modern.az

Kim qırxıb başını, salıb bu kökə?

Kim qırxıb başını, salıb bu kökə?

11 Yanvar 2012, 11:24

Hər yerdə Koroğlu qalaları var, Heç yerdə Koroğlu məzarı yoxdur. - Zəlimxan Yaqub

İndi keçmişə, mənəvi zirvələrə daş atmaq dəb halını alıb. Millətin gəlmiş keçmiş dəyərləri ayaqlar altına atılır. Bir sonrakı özündən az öncə mövcud olanları inkar etmək yoluyla birinci, tək, yeganə olduğunu sübut etməyə çalışır…

Çağımızın dəyərləri azmış kimi biriləri artıq tarixə, lap qədim tarixə də əl uzatmağa başlayıblar. Artıq xalqın müqəddəs saydığı, hər zaman dəyər verdiyi qəhrəmanlar belə birilərinin gözünə girməkdədir.

Son günlər özlərinin nə olduğu şübhə doğuran biriləri ortaya çıxıb Azərbaycan xalqının qəhrəmanlıq və azadlıq rəmzi Babəki “sapıq” adlandırır. Özlərinin sapıqlığı göz önündəykən, həm də hər kəsin gözünün önündəykən min iki yüz il öncə yaşamış, millətin azadlığı uğrunda həqiqi mənada canını fəda etmiş, “Bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan yeydir” deyibən dünya malında gözünün olmadığını sübut etmək üçün qanından keçmiş igid Babəkə bu gün “bir gün azad yaşamaqdansa, qırx il qul kimi yaşamaq yaxşıdır” deyənlər daş atmaqdadır. Ey gidi dünya! Bu nə hal, bu nə halət? Kimlər kimə daş atar oldu…

Və Babəklə də qalmırlar. Sən demə şah babamız Şah İsmayıl Xətai də elə sapıq kimi bir şey imiş. Sən demə bugünkü İran adlanan ölkənin cəhalət içində qovrulmasının da səbəbkarı şah babamız imiş!

Adam, sənin ağzından çıxanı qulağın duyurmu heç? Axı sən və sənin kimilər, elə deyərdim ki, sənin Pensilvaniyadan idarə olunan dini tapınaqların Şah İsmayılın nəinki özünün, heç atının dırnağının tozu qədər dəyər kəsb etmirsiniz də, necə olur onu “tənqid” etmək cəsarətini göstərirsiniz?


Və Koroğlu! Koroğlu da, sən demə, yol kəsən imiş. Adi bir quldurmuş yəni. Bunu da iddia edənlər çıxıb ortaya. İndi gəl də bu adamlara anlat ki, Koroğlu mərdi-mərdanə, kişi kimi, üz-üzə, göz-gözə, təkə-tək düşmən önünə çıxma cəsarəti sərgiləyən bir ümumtürk xalq qəhrəmanıdır! Onun işi yol kəsmək, boşuna adam öldürmək deyil, ədalətsizlik üzərində ədalətin zəfəri üçün qılınc çalmaqdır! Məgər bunu ayırd etməyə də ağlınız yetmirmi?!

Yetmirsə, Koroğlunun öz dilindən anladaq ki, bəlkə anlayasınız.

“Tüfəng çıxdı, mərdlik getdi hay, haray!..
Mənmi qocalmışam, ya zəmanəmi?”

deyə sual edən Koroğlu “İndi namərd dünyası, bic əyyamıdır. Bundan sonra igidlik bir qara pula dəyməz. Mən bu gündən Koroğluluğu yerə qoyuram”, – söyləyərək yüz illər sonra onu aşağılayacaq kimsələrə öz şəxsiyyətinin daha yüksəkdə durduğunu xəbər vermirdimi?

Yaxud da qocalıb heydən düşdüyü vaxtlarda xəzinə oğrularını tutub əl-qollarını bağladıqdan sonra onlarla keçən mükaliməsi də məgər sizin kimilərə bu qəhrəmanın kimliyini açıqlamaq baxımından yetərli deyilmi? Axı Koroğlu xəzinə oğrularına öz diliylə deyir ki, “mənim elə birinci düşmənim sizin kimi oğru, haramzada adamlardır”. Oğru, haramzada adamları özünün birinci düşməni elan edən birisi oğru ola bilərdimi?!

Koroğlu, üzünü oğrulara tutaraq daha sonra deyir: “Mən hər nə eləmişəmsə açıq eləmişəm, mərd eləmişəm. Amma siz it kimi oğurluq eləyirsiniz. Siz namərdsiniz. Siz mərdlərin adını batırırsınız”.

Bu yerdə deyirlər ki, adı üstündə! Mərd adam yol kəsən, oğru, quldur ola bilməzdi! Onun davası ədalətsizliyə, haramzadalığa, oğurluğa qarşı idi. Və bu davada heç bir namərd yöntəminə yer yox idi. Elə ona görə də kol dibində gizlənən bir uşağın belə əlində dəhşətli silaha çevrilən “tüfəng çıxdı, mərdlik getdi” deyərək qılıncını yerə qoyur Koroğlu!

Babəki, Şah İsmayılı, Koroğlunu gözümçıxdıya salanlar məgər bunları bilmirmi? Heç şübhə etmirəm ki, bilirlər. Sadəcə bildiklərini öz xislətlərinə uyğun qələmə verməyə çalışırlar.

Onlara görə, Babək sapıqdır. Bizim anladığımıza görə, deməli, Babəki sapıq adlandıranların özləri sapıqdır.

Onlara görə, Şah İsmayıl cahildir. Bizim anlamımıza görə isə onların özləri cahildir.

Onlara görə, Koroğlu yolkəsən, oğru, quldurdur. Bizim anlamımıza görə isə onların özləri oğru, quldur, yolkəsən və haramzadadır!

Babək də, Şah İsmayıl da, Koroğlu da türklüyün gerçək, həm də əfsanəyə çevrilmiş ortaq qəhrəmanlarıdır. Bu insanların bizim tariximizdə varlığı hər zaman düşmənlərimizi rahatsız edib. Və görünən odur ki, onların hətta dastanlarda yaşaması indiki düşmənləri də rahatsız etməkdədir. Anlaşılan, milləti aşağılamaq, özünə güvənini sarsıtmaq üçün bu cür zirvələrimizə daş atırlar. Halbuki zirvələrə, göylərə atılan daşlar oralara yetməz, dönüb atanların başına düşər. Ramiz Rövşən demişkən,

“Durub göy üzünə daş atan oğlan,
Göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,
Kim qırxıb başını, salıb bu kökə?
Şalvarın, pencəyin özündən yekə,
Baxırsan, göy üzü gözündən yekə,
Durub göy üzünə daş atan oğlan.”

İndi bu göy üzünə daş atanların başlarını qırxıb bu günə qoyanların sifarişləridir Babəki, Şah İsmayılı, Koroğlunu aşağılamağın səbəbi. Halbuki həm sifarişçilər, həm də icraçılar anlamalıdırlar ki, “günəş palçıqla suvanmaz”. Və bir gün onların baş daşları elə göylərə atdıqları həmin daşlardan olacaq:

“Bir gün bu dünyada qəbrin qazılsa.
Bəlkə də, baş daşın göydən düşəcək.” – Ramiz Rövşən

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?