Modern.az

Nazir İnam Kərimov: “82 tələbəyə əlavə təqaüd təyin edilib”

Nazir İnam Kərimov: “82 tələbəyə əlavə təqaüd təyin edilib”

20 May 2019, 15:59

Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, ADAU-nun əsas binasında keçirilən görüşdə çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.

 

Nazir bildirib ki, kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Məhz bu baxımdan zəngin tarix və ənənələrə malik, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektora diqqəti və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bu, universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb və abituriyentlər arasında universitetə maraq ildən-ilə artıb. Hazırda universitetin 4946 bakalavriat, 302 magistrant, 166 doktorant və dissertantına 554 professor-müəllim heyəti aqrar elmin dərinliklərini öyrədir.

 

Bildiyiniz kimi, 2018/2019-cu tədris ilində universitetə qəbul olan və kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat, qeyri-kənd təsərrüfatı ixtisasları üzrə tələbələrə müvafiq olaraq 120 manat və 80 manat məbləğində əlavə təqaüd verilir. Beləliklə, cari tədris ilində müvafiq olaraq 400-499 bal və 500-dən çox bal toplayan 82 tələbəyə əlavə təqaüd təyin edilib”.

 

Nazir qeyd edib ki, 2019/2020-ci tədris ilində isə tələbə qəbulu planı ümumilikdə 33 ixtisas olmaqla bakalavriat səviyyəsi üzrə 1560 yer, magistratura səviyyəsi üzrə 220 plan yeri təqdim edilib. Bundan başqa, yeni tədris ilindən “Mühasibat uçotu və audit” ixtisası üzrə ingilis dilli qrupun yaradılması planlaşdırılıb: “Növbəti tədris ili üçün qəbul planında ingilis dilli 6 qrup üzrə 90 yer ayrılıb. Hesab edirəm ki, növbəti tədris illərində imtahanlarda yüksək bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisaslarını seçmiş tələbələrin sayı daha da çox olacaq. Ölkədə aqrar sahəyə artan maraq, aqrar ixtisaslara tələbatın yüksəlməsi, dövlətin aqrar təhsilə göstərdiyi xüsusi diqqət və qayğı bunu söyləməyə əsas verir”.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb. İbrahim Cəfərov qeyd edib ki, ADAU-da təhsilin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir, təcrübə mübadiləsi aparılır, tələbələr mübadilə proqramları çərçivəsində xarici ali təhsil müəssisələrində təhsillərini artırırlar.

 

Görüşdə çıxış edən tələbələr beynəlxalq təcrübə proqramlarında iştirakın genişləndirilməsi, ADAU tələbələrinin yerli şirkətlərdə təcrübə keçməsi, könüllülük fəaliyyətinin genişləndirilməsi və s. ilə bağlı təkliflər irəli sürüblər. Təkliflər qeydiyyata götürülüb, mayın 31-də keçiriləcək Məzun Yarmarkasına Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrinin dəvət olunması qərara alınıb.  

Görüşdən sonra nazir ADAU-nun Mühəndislik Korpusunda fəaliyyət göstərən İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. ADAU tələbələri hazırladıqları startap layihələri ilə bağlı təqdimatlar ediblər. İnam Kərimov kənd təsərrüfatında innovasiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyib, nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb,  İnnovasiya Mərkəzində fəaliyyət göstərən tələbələrə uğurlar diləyib.

 

Daha sonra nazir İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının maddi-texniki bazasının təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı