Modern.az

“Bələdiyyələrə əlavə səlahiyyət veriləcək”

“Bələdiyyələrə əlavə səlahiyyət veriləcək”

Parlament

18 Dekabr 2009, 15:50

MİLLİ MƏCLİSİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ ARİF RƏHİMZADƏ MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIB 

- Arif müəllim, cəmi 6 gün sonra bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Necə hesab edirsiniz, bu seçkilər indiyədək tənqidlərə tuş gələn bələdiyyələrin fəaliyyətlərində müsbətə doğru dönüş mərhələsi olacaqmı?

- Əlbəttə, dönüş olacaq. Bələdiyyələr on ildir fəaliyyət göstərirlər və bu müddət ərzində insanlarda da yerli özünüidarəetmə orqanları haqqında təsəvvürlər yaranıb. Eyni zamanda, bu dövr ərzində bələdiyyələrin özləri də öz imkanları haqqında daha real təsəvvürlərə malik olublar. Açığını deyim, bəzən görürsən kiminsə evinin damı axır, o saat bələdiyyəyə deyir ki, gəl bunu düzəlt, bu sənin səlahiyyətinə aid məsələdir və sair. Ancaq indi camaat yavaş-yavaş başa düşməyə başlayır ki, bələdiyyələr əslində əhalinin dəstəyi olmadan heç bir şey edə bilməzlər, bələdiyyələrin büdcəsi əhalinin hesabına formalaşmalıdır. Bundan ötrü bəzi vergi növləri də müəyyənləşdirilib. Bax, bu məsələlər artıq camaata çatdırılır. Elə qarşıdan gələn növbəti bələdiyyə seçkiləri ərəfəsində də bu məsələlər ətrafında çox böyük müzakirələr gedir, seçicilərə lazımi izahatlar verilir. İndiyə kimi Azərbaycanda iki dəfə bələdiyyə seçkisi keçirilib,  düşünürəm ki, növbəti - üçüncü seçki o biri seçkilərdən daha üstün olacaq. Çünki dediyim kimi, insanlar da, seçicilər də bələdiyyələrin imkanları haqda daha real təssəvvürlərə, bilgilərə malikdirlər. Bələdiyyələr də bilir ki, nəyi bacarır, nəyi edə bilər, nəyi edə bilməz…

- Bu seçkilərdə demokratiklik və şəffaflıq təmin olunacaqmı? Qeyd edək ki, bununla bağlı bəzi dairələrdə ciddi şübhələr var. - Bunu seçkilər göstərəcək. Ancaq mən hesab edirəm ki, indiyə kimi gedən proseslər bələdiyyə seçkilərinin demokratik, aşkar şəraitdə aparılmasına imkan yaradıb. Mən bilmirəm, indi hansı müxalifət partiyaları nəzərdə tutulur. Xızı rayonundaydım. Bir nəfər mənə müraciət etdi, dedi ki, onu qeydiyyata götürməyiblər. Soruşdum ki, nəyə görə, qeydiyyata almayıblar. Bildirdi ki, şəxsiyyət vəsiqəsinin müddəti başa çatdığı üçün onu qeydiyyata almaqdan imtina ediblər. Cavab verdim ki, gərək vaxtında bu məsələni həll edəydin ki, sonradan da bu cür problemlə qarşılaşmayaydın. İndi iş-işdən keçib, nə etmək olar? Bilirsiniz, çox vaxt müxalifət partiyaları və təmsilçiləri qanuna zidd olan bir məsələni götürürlər, ona istinad etmədən deyirlər ki, daha doğrusu, hansı səbəbdən asılı olmayaraq bildirirlər ki, seçkilər prosesi demokrtik deyil, filan və sair. Qayda var da…

- Konkret olaraq Müsavat və Ümid partiyası seçkilər prosesindən öz ciddi narazılıqlarını ifadə edirlər. Xüsusilə də onların namizədlərinə təzyiqlərin olunması ilə bağlı…

- Mən indi bu haqda heç nə deyə bilmərəm, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi seçkiqabağı bir çox yerlərdə keçirilən tədbirlərdə iştirak etmişəm - bu cür məsələlər olmayıb, qalxmayıb...

- Yeri gəlmişkən, növbəti mərhələdə bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

- Ümumiyyətlə, bələdiyyələr gələcəkdə yerli məsələlərin hamısını özləri həll etməlidirlər. Niyə gələcəkdə deyirəm, çünki, bu proses tədricən olmalıdır, buna gərək əhali özü də hazır olsun. Ən başlıcası isə bələdiyyələr özləri hazır olsunlar. Mən elə düşünürəm ki, mərhələ-mərhələ bələdiyyələrə əlavə səlahiyyət veriləcək.

- Bəzi məlumatlara görə, Venesiya Komissiyası bələdiyyələrin statusu haqqında qanuna edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı öz rəyini verib və bu rəydə də əsasən tənqidi məqamlar yer alıb. Məsələn, bələdiyyələrin yerli icra hakimiyyəti orqanlarından asılı olması məsələsi ciddi narahatlıq doğuran məqam kimi vurğulanıb...

- Azərbaycanda müxtəlif cür fəaliyyət göstərən bələdiyyələr var. Bələdiyyə var ki, həqiqətən öz işini müstəqil aparır, qurur. Eyni zamanda, bu o demək deyil ki, həmin bələdiyyə yerli icra hakimiyyəti orqanı ilə qarşıdurmada olmalıdır, onunla düşmənçilik aparmalıdır, o dediyi məsələyə bu mütləq «yox» deməlidir və sair. Mən belə düşünmürəm. Bəzən görürsən bizim bəzi müxalifətçilər ən yaxşı işlərə də narazılıq bildirir, onunla razılaşmırlar… Elə bələdiyyələr də var ki, həqiqətən öz işlərinin öhdəsindən gələ bilmir, çətinlik çəkir və müəyyən qədər icra hakimiyyəti orqanlarının təsiri altına düşürlər. Mən desəm ki, bu dəqiqə bələdiyyələrin hamısı müstəqildir və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər, bu da düzgün olmazdı.  

"Modern.az"

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı