Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – Günay Malikqızı, Ülviyyə Sabirqızı, Aqil Camal

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – Günay Malikqızı, Ülviyyə Sabirqızı, Aqil Camal

11 Yanvar 2012, 15:11

“İlk iş yeri və ilk iş günü necə yadda qalıb?” rubrikası bu həftə də davam edir. Modern.az saytının bu dəfəki müsahibləri jurnalist, “Park Bulvar”ın reklam meneceri Günay Malikqızı, “Gün.az” saytının redaktor müavini Ülviyyə Sabirqızı və “Türkistan” qəzetinin baş redaktoru Aqil Camaldır.  

Günay Malikqızı Naxcıvan Dövlət Universitetinin İngilis dili fakültəsininin məzunudur. İxtisasca jurnalist deyil, amma orta məktəb illərindən bu sahəyə xüsusi marağı olub. G.Malikqızı deyir ki, onun bu sahəyə marağının olmasında atasının böyük rolu olub.
“Atamın işini izləyirdim, bu mənim çox xoşuma gəlirdi. Yazmağı, jurnalistikanı sevirdim və qərar verdim ki, mən də jurnalist olacam”.
Müsahibimiz deyir ki, onu bu sahəyə həvəsləndirən digər bir səbəb isə bu peşə sahiblərinin fərqli həyat tərzi keçirmələridir.
“Jurnalitlər yalnız özləri üçün yox, həm də başqaları üçün yaşayan, onların yerinə düşünməyi bacaran insanlardır. Və bu xüsusiyyət də məni cəlb edirdi”.   
Günay Malikqızı eyni zamanda düşünür ki, jurnalist olmaq üçün jurnalist təhsili almaq vacib deyil: “Hər zaman demişəm ki, jurnalist anadan jurnalist doğulur. Bunun üçün xüsusi bacarıq tələb olunur, yəni ya jurnalist olursan, ya da olmursan”.  
Bu maraq və düşüncə onu birinci kursda oxuyan zaman jurnalist kimi çalışmağa vadar edir. Günay Malikqızı özünü jurnalist kimi ilk dəfə AzTV-nin nəzdində olan ”Virtouz” teleradio kompaniyasının “Azsayt+” verlişində müxbir kimi sınayıb. O, bura müsabiqə yolu ilə gəldiyini deyir. Və iki il burada çalışıb.
“Birinci dəfə müsabiqəyə anamla birlikdə gəlmişdim. Atam biləndə ki, jurnalist olamaq fikrim var, o, mənim bu istəyimə qarşı çıxdı. Anam isə məni ilk gündən dəstəkləyirdi. Ancaq sonradan “Space”də işləyən zaman mənim işimi atama tərifləyəndə bu, atamın da xoşuna gəldi. Və bundan sonra o da məni bu işdə dəstəkləməyə başladı. Ümumiyyətlə düşünürəm ki, valideynlənlər övladlarını dəstəkləyəndə övladlar öz yolunu düzgün tapırlar”.
G.Malikqızının ilk müsahibitanınmış şahmatçı, eks-deputat Aynur Sofiyeva olub. “Müsabiqədən keçdiyim ilk gün çəkilişə getdik. İlk çəkilişimiz Aynur Sofiyevanın evində oldu. Səhv etmirəmsə, o hansısa beynəlxalq yarışdan qayıtmışdı”.
Müsahibimiz deyir ki, ilk fəaliyyətə başlayanda ona Toğrul Bağırovun böyük köməkliyi dəyib. İlk müsahibəyə də Toğrul Bağırovla getdiyini deyən həmsöhbətimiz deyir ki, onun ilk işi hamının xoşuna gəlib. “İlk dəfə məni istiqamətləndirən Toğul olmuşdu, O Aynur Sofiyeva ilə görüşdü, söhbət etdilər, sonra mənə dedi ki, indi sən sual ver. Mən də müsahibimizdən yenilikləri ilə bağlı soruşdum. Səhəri gün redaktor məni yanına çağırdı və işə götürüldüyümü dedi”.
Günay Maliqızı deyir ki, o bəlkə də nadir jurnalistlərdən biridir ki, praktikası olmadığı halda təcrübə keçmədən işə götürülüb. Ancaq fəaliyyətə başladığı ilk vaxtlar bəyənilməyən işləri də olub.
Xanım jurnalist daha sonra “Space” telekanalında fəaliyyətini davam etdirib. G.Malikqızı bura da müsabiqə yolu ilə gəlib. “365 nəfərdən 5 nəfər seçilmişdi, onlardan biri də mən idim”.
Eyni zamanda müəllim kimi də fəaliyyət göstərən Günay Malikqızı deyir ki, bu gün televiziyalarda və mətbuatda çalışan çox sayda tələbəsinin uğuru onu sevindirir.
“Avrasiya Universitetində işlədiyim vaxt çox sayda yaxşı  tələbələrim olub. Bu gün onlardan da artıq jaxşı jurnalist kimi istifadə etmək olar. Və ümid edirəm ki, onlar da bir gün müsahibələrtinin bir hissəsində mənim adımı hallandıracaqlar”.  

“Gün.az” saytının redaktor müavini Ülviyyə Sabirqızı Azərbaycan Pedoqoji Universitetinin İbtidadi təhsilin metodikası fakültəsinin məzunudur. O, ixtisasca jurnalist olmasa da, jurnalistlərin qeyri-adi həyat tərzi Ülviyyə xanımı bu sahənin adamı olmağa məcbur edib. Ü.Sabirqızı düşünür ki, jurnalistlər digər insanlardan fəqli həyat tərzinə malikdirlər. Məsələn, öz şəxsi məsələlərini unudib gün boyu xəbər dalınca qacırlar,özlərini başqalarının yerinə qoyub fikirləşirlər, müxtəlif insanlarla ünsiyyətdə olub, onların problemləri ilə maraqlanırlar. Məhz bu qeyri-adilik onu jurnalist olmağa yönləndirib.
Ülviyyə Sabirqızı deyir ki, onun jurnalitikaya gəlməsi təsadüf nəticəsində olub.
“Yaxın bir rəfiqəm “Yeni Müsavat” qəzetində işləyirdi. Hər zaman qəzetin maraqlı ab-havasından danışırdı. Və onun danışıqları məni cəlb edirdi. Rəfiqəmdən xahiş etdim ki, məni də bu qəzetə işə düzəltsin”.
“Yeni Müsavat” qəzetinə operator kimi işə düzəldiyini deyən müsahibimiz qeyd edib ki, kiçik tərcümələr də edirmiş. Ü.Sabirqızının sözlərinə görə, tədricən jurnalist olmaq həvəsi daha da artıb. Və bir müddət sonra “Teleskop” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb.
Müsahibimizin bu qəzetdə ilk müsahibəsi onun yaddaşına maraqlı situasiya ilə həkk olunub. “Qəzetin redaktoru dedi ki, maraqlı müsahib tap və müsahibə götür. Mən də Balaoğlan Əşrəfovla müsahibəyə razılaşdım və “Qara Qarayev” metrostansiyasının yaxınlığında bir kafedə əyləşib, söhbətə başladıq. Çox maraqlı söhbət alındı. Ancaq müsahibənin sonunda gördüm ki, diktafonun batareyası yoxdur. Az qaldı dəli olum”.
Ü.Sabirqızını bu çətin vəziyyətdən yaddaşı xilas edib. Müsahibini diqqətlə dinlədiyi üçün həmsöhbətimiz çarəni yaddında qalanları yazmaqda görüb.
“Fikirləşdim ki, başqa çıxış yolu yoxdur, yadımda qalanları yazdım. Şükürlər olsun ki, bir səhvim olmadı. Sadəcə olaraq Baloğlan müəlim demişdi ki, orta məktəbdə dərs deyir, mən isə orta məktəb əvəzinə universitet yazmışdım”.
Ü.Sabirqızı deyir ki, onun bu müsahibəsini redaktor da bəyənib. Redaktorun tək iradı isə müsahibədə verilən sualların şablon olması ilə bağlı olub.
“Redaktor dedi ki, çalış sualların şablon olmasın. Müsahibəyə qeyri-adi, fərqli sualla başla. Onun bu sözləri o gündən qulağımda sırğa oldu”.
İlk iş gününün necə yadda qalmasına gəlincə, həmkarımız deyir ki, ilk günlər ona elə təsir bağışlayıb ki, sanki qeyri-adi aləmə düşüb. “Planlaşma olurdu, hər kəs öz fikirlərini səsləndirirdi. Mən də oturub qulaq asırdım, düşünürdüm ki, axır ki, arzuladığım mühitdəyəm”.
Ü.Sabirqızı sonradan bu sahənin çətinliklərini görməsinə baxmayaraq, düşünür ki, o, düzgün seçim edib.        

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal jurnalistikaya ictimai-siyasi fəaliyyətdən transfer olub. O, 1997-ci ildən “Turan” Gənclər Təşkilatı sədrinin 1-ci müavini vəzifəsində çalışıb. Təşkilatın bəyanat və müraciətlərini yazırmış: “Bundan əlavə, “Azadlıq” qəzetinin məşhur “Xaqani 33”dəki binasında toplaşmağımız, tanınmış imza sahibləri ilə təmaslar istər-istəməz mətbuata marağımı artırdı”.
A.Camal 1998-ci ilin sonunda dərc olunan “Türkün səsi” adlı həftəlik qəzetə redaktor vəzifəsinə təyin olunub.
1999-cu ilin sonunda fəaliyyətini bərpa edən “Press-Fakt” qəzetinin baş redaktoru Məqsəd Nur Aqil Camalı bu qəzetə müxbir olaraq işə götürüb. Beləliklə, Aqil Camal bir müddət bu qəzetdə çalışıb.
2000-ci ilin dekabrında Bahəddin Həziyev “Azadlıq”a baş redaktor gələrkən A.Camalı çalışmaq üşün bu qəzetə dəvət edir.
“Hardasa bir ay sonra Bahəddin bəy redaktorluqdan getdi, amma mən  “ilişdim” qaldım. 2006-cı ilin dekabrınadək  “Azadlıq”da çalışdım. O zamandan isə “Türküstan” qəzetinin baş redaktoruyam, həmçinin “Ekspress” qəzetində işləyirəm”.
A.Camal bildirb ki,  ilk iş gününü və ilk yazısını xatırlamır. “İlk yazım yəqin ki, xəbər və ya  reportaj olub”.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir