Modern.az

Umud Rəhimoğlu: “Sayt açıb qadınlara vəsiqə verir, qapılara göndərirlər”

Umud Rəhimoğlu: “Sayt açıb qadınlara vəsiqə verir, qapılara göndərirlər”

Aktual

21 May 2019, 11:38

Son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir ki, bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə səbəb olacaq. Modern.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun proqram üzrə müşaviri Nərminə Məlikova media numayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqların artırılmasına dair praktik seminarda deyib.

O bildirib ki, kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, qız qaçırma, insan alverinin çoxalmasına səbəb olur:

"Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan höküməti tərəfindən müxtəlif layihələr həyata keçirilir. Layihələr çərçivəsində edilən müdaxilələrin uğurunu təmin etmək üçün KİV-in rolu vacibdir və önəmlidir. Son zamanlar qadınların sosial iqtisadi sferada rol almasına baxmayaraq, onlar mediada ənənəvi rollarda çıxış edirlər".

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev bildirib ki, mətbuatda utancverici halları bəzən daha çox qabardırlar, qadının üstünə çox gedirlər:

"Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu yolverilməzdir".

Ü.Mirzəyev qeyd edib ki, Mətbuat Şurasına ortalama 1000-ə yaxın rəsmi şikayət müzakirə edilir: "Bir o qədər də şikayətləri katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsində məlum olur ki, yazılarda kiminsə ailəsi, uşağı, həddi-buluğa çatmamış qız uşağı ilə bağlı xoşagəlməyən yazılar gedir. Bunu yazan müəlliflər arasında xanımlar heç də az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür hallarla jurnalistikaya, mətbuata aidiyyatı olmayan adamlar yoldan çıxarılır, onlar mətbuatın adına ləkə gətirirlər".

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar