Modern.az

Ədalət Partiyası bəyanat verdi

Ədalət Partiyası bəyanat verdi

Təhsil

11 Yanvar 2012, 16:33

Ədalət Partiyası “erməni soyqırımı” ilə bağlı məsələdə son vaxtlar Avropanın bir sıra ölkələrinin parlamentlərinin beynəlxalq standartalara zidd olaraq insan hüquq və azadlıqlarını məhdudlaşdıran qərarlar qəbul etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:


- Ədalət Partiyası beynəlxalq qurumları, xüsusilə Avropa Birliyini, ATƏT-i, Avropa Şurasını Avropanın bəzi ölkələrində son vaxtlar qəbul edilmiş qanunların bu beynəlxalq təşkilatlar tərəfindən elan olunmuş prinsiplərə zidd olduğunu nəzərə alaraq, onları müvafiq tədbirlər görməyə çağırır. Belə ki, bir sıra Avropa ölkələri hakimiyyətlərin siyasi ambisiyaları naminə vətəndaşlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunları parlamentlərində qəbul etməklə icraaya yönəltmişlər.

Belə ki, 2003-cü ildə İsveçrə paralmenti «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılması haqqında qərar qəbul edib və çox təəssüf ki, bununla bağlı məhkəmə təcrübəsi də vardır.

2011-ci il noyabrın 24-də isə Slovakiya parlamenti Osmanlı imperiyasında «erməni genosidi»nin inkar edilməsini cinayət hesab etmək haqqında qanun qəbul etmişdir. Bu qanuna görə, Osmanlı Türkiyəsində «erməni genosidi»nin olmasını inkar edən hər bir Slovakiya vətəndaşı, hansı ölkədə olmasından asılı olmayaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəkdir.

Bundan əlavə, 2011-ci il noyabrın 21-də Fransada «erməni genosidinin» inkar edilməsini cinayət elan edən qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunmuş və alt palatada qəbul edilmişdir. Bu qərar yanvarın 23-də Senatın gündəliyinə çıxaralacaq və hazırda Fransa hökuməti paralmenti «erməni genosidini» inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməyə sövq edir. Hətta Fransa prezidenti N.Sarkozi Avropa Birliyinin «Çərçivə qərarı»ndan istifadə edərək «erməni soyqırımı»nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqda qanun layihəsini Avropa Birliyi daxilində tətbiq etməklə bağlı təşəbbüslə çıxış edib.

Ədalət Partiyası bütün bunların 4 noyabr 1950-ci ildə Romada qəbul olunmuş «İnsan hüquqlarının müdafiəsi və əsas azadlıqları» haqqında Avropa Konvensiyasının 9 və 10-cu maddəsində göstərilən hər bir insanın düşüncə, vicdan və din azadlığı, öz fikrini azad şəkildə ifadə etmək hüququna malik olması prinsiplərinə zidd olduğunu bəyan edir. Eyni zamanda, bildirir ki, bu qərarlar həm də BMT-nin 10 dekabr 1948-ci ildə qəbul etdiyi «İnsan Hüquqları» haqqında Deklorasiyanın  18 və 19-cu maddələrində göstərilən hər bir insanın fikir, vicdan, din, əqidə azadlığı və onları azad şəkildə ifadə etmək hüququna malik olması prinsiplərinə ziddir.

Ədalət Partiyası keçmiş sovet respublikalarının qanunvericiliyini «avropa standartları»na uyğunlaşdırmağa çağıran və hətta bununla bağlı hökumətləri rəsmi öhdəliklər götürməyə məcbur edən avropa ölkələrinin özlərinin qəbul olunmuş ümumi dəyərlərə və prinsiplərə riayət etməyərək, insanların fikir və düşüncəsinə görə təqib olunmasını feodalizmə qayıdış hesab edir və bunun təəssüf doğurduğunu bildirir. Avropa mütəfəkkirləri Volter, Monteskye və s. əleyhinə çıxdığı orta əsr özbaşınalıqlarının - insanın fikir və düşüncəsinə görə təqib olunmasının XXI əsrə gətirilməsi səylərinin geriyə qayıdış olduğunu bəyan edir.

Ədalət Partiyası demokratik dəyərlərin, insan, vətəndaş hüquq və azadlıqlarının qorunması, inkişafı sayəsində əsas müddəaları işləyib hazırlayan və həyata keçirən Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları özünün nüvəsi hesab etdiyi üzv dövlətlərinin beynəlxalq sənədlərdə təsbit olunmuş və insanların fundamental hüquqlarına aid olan fərqli düşünmək azadlığını məhdudlaşdıran qərarlarının tezliklə ləğv olunması istiqamətində tədbirlər görməyə çağırır.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı