Modern.az

Xınalıq - ən şirin sakinləri, 68 yaşlı “cavan” qadın – REPORTAJ

Xınalıq - ən şirin sakinləri, 68 yaşlı “cavan” qadın – REPORTAJ

21 May 2019, 15:22

Xınalıq turizm məqsədilə şimala üz tutanların bu istiqamətdə sonuncu dayanacağıdır. Onun ən ucqar yaşayış məskənlərindən biri adlandırılması da təsadüfi deyil. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə, dağların qoynunda özündə sirli, tarixi miras saxlayan etnoslar yaşayırlar.

 

Onlar özlərini Nuh peyğəmbərin nəslindən hesab edirlər. Əhalinin fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allahın qəzəbi ilə əlaqələndirilən dəhşətli tufan  nəticəsində orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi isə həlak olub.

 

Sağ qalanlar çayı keçərək, kiçik bir təpəyə qalxıb, beləliklə Xınalıq yaranıb. Xınalıq relyefinin xeyli dağınıq olması da burada zəlzələ olmasının təsdiqi kimi görünür.

 

“Xınalıq” adı kəndə oradakı dağın Günəş çıxanda aldığı rəngə uyğun olaraq verilib.

 

Tarixi araşdırmalara görə, kənd hələ eramızdan əvvəlki dövrdə salınıb. Onun tarixinin təxminən, 5000 il olduğunu ehtimal edənlər də az deyil.

 

“Xınalıq” dedikdə ağla öncə yaşıllıqlar qoynunda geniş sıra dağlar gəlir.

 

Modern.az-ın əməkdaşları Xınalıqda olublar. Xınaqlıdan hazırladığımız reportajı təqdim edirik.

 

Təndirləri qəlblərinin səmimiyyətinə isinən etnoslar...

 

Elə buna görədir ki, mərkəzlə əlaqəsi zəif olan, iqtisadiyyatındakı boşluqları aydın sezilən Xınalıqdan bərəkət əskik olmur.

 

İbrahim Xınalığın ən dəcəl uşağı hesab olunur. Ən azından kənd sakinləri belə deyirlər. Amma bəlkə də daxilindəki enerjisi dağlara sığmır...

 

Kəndə gələn turistlər buradakı bütün təamların tam fərqli daddığını söyləyirlər. Adi təmiz bulaq suyu belə onlara başqa təsir bağışlayır. Amma çoxları onun arxasındakı zəhmətdən xəbərsizdirlər.

 

Xınalığın uzun illik tarixinin şahidi olan Zərnişan nənə nəvələrini yanına alıb dağları seyr edir.

Gəlib keçən turistlərin diqqətini isə balaca nəvəsinin gözləri cəlb edir. Sanki gözləri buludlardan mavini oğurlayıb.

 

Kəndin ən şirin sakinləri

 

Nəzrin və Məryəm bacıları. Xarici görkəmləri çox səmimi olduğundan adətən turistlərin qucaqlarından yerə düşmürlər. Gün ərzində tanımadıqları adamlar dəfələrlə saçlarına sığal çəkir. Al yanaqlarını turistlər öpür.

 

Xınalıqda xeyli yaşlı sakinlə rastlaşsaq da, çoxları artıq əhalinin ömrünün gödəldiyini deyir.

Məsələn, 68 yaşlı bu xanım özünü Xınalığın keçmiş yaşlı sakinləri ilə müqayisədə xeyli gənc hesab edir.

 

Kəndin azyaşlıları belə kifayət qədər zəhmətkeşlik sərgiləyirlər. Balaca Zeynəb kəndə gələnləri gülər üzlə qarşılayıb işinə davam edir…

 

Baxışlarındakı kəskinlik, rəng fərqi dağların zirvəsini xatırladır

 

Balaca Nihat kəndə gələnlərin diqqətini çəkir. Yalnız Kətiş (Xınalıq) dilində danışa bildiyinə görə, onunla ünsiyyət qura bilmirik.

 

Əllərinin torpağı, üzündəki çillər qəlbinin məsumiyyətini tamamlayır. Günü atasının təmir etdiyi maşınların altında oynamaqla keçirir. Mavi gözləri kəndin mənzərəsinin əks olunduğu kadrlara rəng qatır.

 

 

Lamiyə SÜLEYMANLI

Fotolar: İsmət PAŞA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir