Modern.az

“Məktəbdə fars dilində, evdə Azərbaycan türkçəsində danışmışıq” - Təbrizli şairin uşaqlıq XATİRƏLƏRİ

“Məktəbdə fars dilində, evdə Azərbaycan türkçəsində danışmışıq” - Təbrizli şairin uşaqlıq XATİRƏLƏRİ

22 May 2019, 08:51

Çalğın Məhəmməd: “Bizim uşaqlığımızın Təbrizindən əsər-əlamət belə qalmayıb”

 
“Kənd” sözü türkdilli xalqların qədim leksikonunda şəhər mənasında işlənib. Bunu nəzərə alaraq, davam etdirdiyimiz “Mənim kəndim” layihəsinə şəhərli, uşaqlığı iri şəhərlərin dar məhəllələrində keçən qonaqların xatirələrinə də yer veririk. Həm də, axı layihəmizin adındakı “kənd” sözü təkcə inzibati ərazi vahidini əks etdirmir. Bu ifadə insanın mənəvi dünyasının vətəni rolunu oynayan bir termindir. Vətən isə ucqar dağ kəndi də ola bilər, uşaqlığın keçdiyi şəhərin (kəndin) dar məhəllələri də...

Bizə yaxından da yaxın olan kəndlər var. Necə ki, ölkəmizin sərhədləri daxilindədir bir avtobusa, qatara minməklə, qısa müddətə gedib çata bilərik. Amma uzaqda olan, əlimiz çatmasa da, ünümüz yetən kəndlərimizi, oralarda yaşayan soydaşlarımızı da unutmamalıyıq. Axı onlar da bizimdir, keçmişimizin izlərini daşıyan tariximizin keşikçiləridir…

Məsələn, Təbriz şəhəri sərhədlərimizdən kənarda, məsafəcə uzaq, mənəviyyatı yaxın bölgədir. Elə orada yaşayan soydaşlarımız da… Eynilə, təbrizli şair Çalğın Məhəmməd kimi… Təbrizin ününü Çalğın bəyin dilindən, elə onun şivəsi ilə Arazın bu tayındakılara çatdırırıq.


“Uşaqlığımız müharibənin içərisində keçib”

- 1977-ci ildə Novruz bayramı günü – martın 21-i Təbrizdə  anadan olmuşam. Bizim də ailəmiz əksəriyyət kimi çoxuşaqlı idi, 5 qardaş 2 bacıyıq. Mən qardaş-bacılarımın hamısından böyüyəm, evin ilk uşağıyam. Çətin keçib uşaqlığımız… Həm ailə üzvləri çox, evimiz kiçik, maddi çətinliklər də ki, hamıda necə, bizdə də elə idi. O zamanlar bir yandan da Təbrizin özü, hətta ümumilikdə İran o qədər də inkişaf etməmişdi. Çox evlərdə işiq belə yox idi. Bacı-qardaşlarım cəmi 1 yaş fasilə ilə ardıcıl dünyaya gəliblər. Ona görə, demək olar, hamımızın uşaqlığımız 1980-88-ci illərdə ölkənin viran qalmasına səbəb olan İran-İraq müharibəsinin ağuşunda keçib. Körpəliyimizdə döyüşdən, qorxudan, təlaşdan, “istires”dən başqa heç nə bilmədik.



“Anam nənəmin qorxusundan mənə bir söz deyəmməzdi”

- Bilmirəm, böyük olmağımdan idi, yoxsa çətinliklərdən qorxmamağımdan… çox tərs uşaq idim. Hətta yaxşı oxumağıma baxmayaraq, həmişə suyun tərsinə axmağını çox sevirdim. Evimizdə olan əşyaları, yeni alınanları söküb, xarab edərdim. Hələ bu azmış kimi, qonaq getdiyimiz evlərdə, qohum-qonşuda da gözümə nə görünürdürsə, söküb içinə keçməyə çalışırdım. Bu qədər azad olmağım, ərköyünlüyüm nənəmin himayəsində böyüməyimdən gəlirdi. Kimsə, hətta anam belə uşaq vaxtımda nənəmin qorxusundan mənə bir söz deyə bilməzdi. Nənəm çox hazırcavab qadın idi. Mənə nağıllar, şeirlər, dastanlar danışardı. Hərdən onun məhlədə qonşudakı yaşlı qadınlarla söhbətlərini də dinləyərdim. İndiyə qədər də onun dilindən eşitdiyim fərqli sözlər, maraqlı deyimlər mənim zehnimdədir. Bəlkə də, onun o söyüşlü deyimləri gözəl şeirləri idi. “Mən nə gəzirəm dadaş abadda”, “Qala daş altda”, “Arvad adamın arvadın…” və s. kimi mənasını belə bilmədiyim ifadələri nənəm deyərdi.  


Təbrizin “acı bağırsaq” kimi uzun və dolanbac küçələri…

- O zamanlar Təbrizin çox soyuq və sərt qışları olardı. Biz nə qədər soyuq olsa da, hər gün dərsə gedib-gələrdik. Şəhərin “acı bağırsaq” kimi uzun və dolanbac küçələri, məktəbə gedib-gəldiyimiz yollardakı tarixi evlər, məhəllələr indiyə qədər gözümün qarşısındadır. Amma təəssüf ki, son illərdə o tarixin çoxunu söküb, məhv eləyiblər. Bizim uşaqlığımızın Təbrizindən əsər-əlamət belə qalmayıb.

Məhəmmədhüseyn Şəhriyar demişkən,

"Bir uşaqlıqda xoş oldum 
O da yer, göy qaçaraq".

Nə qədər indi uşaqlığım keçən, böyüdüyüm yerləri, mühiti, o mənəvi paklığı indi tapa bilməsəm də, uşaqlığın bütün anları xoş xatirələrdən ibarətdir. Zira, uşaq çox kiçik şeylərlə şad olur, sevinir. Elə yadımdadır ki, mənə ilk dəfə “bayskıl” – velosiped almışdılar. Adi bir oyuncaq məni o qədər sevindirmişdi ki, həmin gecə gözümü belə qırpmamışdım.



Azərbaycanlıların farsdilli məktəbləri


- Biz hamımız fars dilində olan İran məktəblərini oxumuşuq. Hərdən o qədər qəribə gəlirdi ki… Evdə öz ana dilimizdə - Azərbaycan türkcəsində danışırdıq, məktəbdə isə farsca. Uşaqlıqdan fars dilini eşidib, qulağımız öyrəşmişdi deyə çətin deyildi.  

O zaman oxumaq indiki kimi deyildi. Məktəb çox ciddi, müəllimlər sərt idi. Onda uşaq müəllimin qorxusundan zağ-zağ əsərdi. Həm qorxurduq, həm də müəllimlərimizə dünyalar qədər hörmət edirdik. Müəllim nə tapşırıq verdisə, qayda-qanun idi, sabaha hazır olacaqdı. Əgər müəllim yaxşı oxumadığımıza görə vursa, döysə, ata-anamıza şikayət etməzdik.

Heç vaxt məktəbdən, dərsdən qaçmazdım. Nəyə olmasa da, dərsə qarşı məsuliyyətli idim və yaxşı oxuyurdum. Halbuki, müəllimlər öyrəncilərə çox cəza verirdilər. Hər adi məqama, kiçik səhvə görə müəllimin şilləsini, çubuğunu görə bilərdik. Üstəlik, kişi müəllimlər bizə dərs deyirdi və onların əlindən yaxşı qurtarmaq mümkün deyildi. Bir gün müəllim mənim gözümün üstündən vurmuşdu. Səbəb isə ev tapşırıqlarımı qara vərəqdə yazmağım idi. Halbuki, o zamanlar ağ vərəq tapılmırdı, çox nadir mağazalarda olardı və baha qiymətə. Gözümdə iri bir yara açılmışdı deyə, evə gələn kimi valideynlərim təlaşa düşdülər, qorxdular. Səhəri gün atam məktəbə gəldi, müəllimi elə döyürdü ki, güclə əlindən ala bilmişdilər. Həmin ilin sonuna qədər müəllim mənə dəyib-dolaşmadı.


İlk və nakam məhəbbət…

- Orta məktəbdə oxuduğum vaxt – kiçik yaşlarımda sevdiyim olmayıb. Mən ilk məhəbbətimi 17 yaşımda yaşadım. Avtobusda, məktəbə gedəndə qonşumuzun qızını görüb, vurulmuşdum. Amma evlənməyə icazə vermədilər, yaşımız az olduğuna görə valideynlərin razılığı olmadı. Həmin qız iki il sonra Tehrana ərə getdi. Mənim isə düz 11 il gecələrim o qızgilin küçəsində keçdi. Hiss edirdim ki, qayıdıb gələcək. Hələ də evlənməmişəm, bilmirəm, bəlkə də o qızı gözləyirəm. Bu yaşa doldum, Türk dünyasında hörmətli və şöhrətli şair də oldum, amma o qız gəlib çıxmadı. Yəqin indi uşaqlarının toyunu düşünür və məni bütünlüklə unudub.



“Sevdiyim qız kimi, uşaqlıq dostlarım da gəlib çıxmadı…”

- Uşaqlıqda dostlarım, məktəb yoldaşlarım çox olub. Amma əsas hər günümüzü birlikdə keçirdiyimiz iki dostum var idi. Məktəbi bitirəndən sonra onlar birdən yoxa çıxdılar. Birinin adı Bəhruz, digəri isə Əkbərdir. Mən hələ də onları axtarıram, ağlıma gələn hər kəsdən soruşuram ki, bəlkə bir iz tapdım. Onlar uşaqlığımın ən gözəl illərini bölüşdüyüm, xatirələrimin hər küncündə öz yeri olan dostlarımdır. Bəhruz və Əkbəri tapa bilmədiyimə görə, hələ də bir “itik” kimi gəzirəm. Başlarına nə gəldiyindən, hara getdiklərindən xəbərim yoxdur. Təbrizdə də, bütün İranda da tanınmış birisiyəm, mütləq ki, adım qarşılarına çıxmış olardı, istəsələr məni çox rahatca tapa bilərlər.  


Təbrizdə yaşayan azərbaycanlıların xarakteri

- Təbrizdə yaşayan azərbaycanlılar çox təəssübkeş, qeyrətli millət kimi hər zaman seçiliblər. Əhali zəhmətkeş, hər işdə çalışqan və ailəyə hörmətlidir. Xüsusilə, böyüklərə o qədər hörmət edilirdi ki, onların qarşısından söz demək, bir istəyini iki eləmək heç vaxt olmazdı. Elə sizə öz nənəmdən missal çəkdim. Atam, anam, uşaqlar və qohum-qonşuda hər kəs ona hörmət edirdi. Ailəmizdə biz uşaqlar ata-anamızın sözündən çıxmazdıq. Bunu özümüz üçün çox mənfi xüsusiyyət hesab edərdik.Təbrizdə heç kim böyüklərin yanında öz uşağını qucağına belə almazdı.

Az qala 200 ildir ki, Təbriz İranın ikinci paytaxtıdır. Amma bu qədər il keçməsinə baxmayaraq, oradakı azərbaycanlıların dili, adət-ənənələri, millətinə sevgisi dəyişməyib. Təbriz elə bir şəhərdir ki, yüzə-yüz türk, yəni azərbaycanlı yaşadır özündə. Bizim şəhərimizdə başqa millət olmayıb. Təbriz digər millətin nümayəndələrini özündə yaşatmır.

Sonralar İranın başqa şəhərlərində farslar,  digər millətlərdən olan insanlarla tanış olmuşam. Yaxşı insanlar qarşıma çox çıxıb. Hər millətə, hər insana qarşı həmişə hörmətim olub.



“Bayramlar gələndə, kiminsə evində toy olanda ən çox biz uşaqlar sevinərdik”

- Təbrizdə gözəl və möhtəşəm adət-ənənələr olub, yenə də onları yaşadırlar. Məsələn, uşaqların ən çox sevdiyi toy mərasimləri, bayramlar indi də əvvəlki kimi cah-cəlalla keçirilir.

Toylarda hər kəs yeni evlənən ailəyə yaxşı kömək olsun deyə, pul salardı. Çalıb-oxumaq, oynamaq, hamılıqla rəqs etmək toylarımızın ən maraqlı anları idi. Uşaq vaxtı, yadımdadır ki, əksər toy məclislərində aşıq gətirərdilər, saz çalıb, oxuyardı.  Onda uşaqlar, ağsaqqallar hamı bir yerdə oturur, məclisə tamaşa edirdi. Elə indi də bu belədir.

Bayramlarda isə uşaqlar üçün ikiqat bayram idi. Həmin günlərdə ən dadlı təamlar, evlərdə bişən yeməklər, şirnilər uşaqların idi. Hər bayramda dostlar, tanışlar, qohum-qonşular bir-birinin evinə gedərdi və uşaqlara pul və şirniyyat verərdilər. Ona görə, evə qonaq gələn kimi, ya da kiminsə evinə qonaq gedən kimi biz uşaqların “çiçəyi çırtlayırdı”. Ən maraqla, şadlıqla qeyd etdiyimiz isə axır çərşənbə günü idi. Evlərə şal sallayardıq, şalımıza ya pul, ya da bayram yeməklərindən bağlayırdılar. Bayramda uşaqların sevimli yarışları da yumurta döyüşdürmək idi. Uduzdunsa, sınan yumurtanı soyub, yeməli idin.


Karatedən şairliyə… 

- Bizim uşaqlıq və gənclik illərimiz bütün çətinliklərə rəğmən çox maraqlı keçib. Əslində gənclikdən belə danışmasaq yaxşıdır, çünki mən indi də gəncəm.  O zamanlar bizim kimi gənclərdə bir üsyan, aktivlik var idi. Amma eyni zamanda, böyüklərə sayğı və hörmətimizi də saxlayardıq. Ən çox idmanla məşğul olardıq. Mən özüm yaxşı karateçi idim. Bir müddət karate ilə məşğul oldum, lakin sonra anladım ki, məndən yalnız və yalnız şair çıxar.

Gənclik illərimizdə, elə indi də Təbrizdə gedib dincəldiyimiz yerlərdən ən maraqlısı “Günəş kafesi” idi. Ora şairlərin məkanı adlanırdı və ən çox ziyalı insanlar toplaşır, maraqlı söhbətlər edərdilər. Fərqli insanları tanımaq, bəzən isə şeirlərimi yazmaq üçün o kafeni ideal məkan bilirdim. Hətta düşünürəm ki, “Günəş kafesi” universitetdir, həmişə orada maraqlı nə isə öyrənmək olur. Təəssüf ki, indi adını çəkdiyim kafe dad-duzdan düşüb.



“Azərbaycanda ən çox adət-ənənələr mənə Təbrizi xatırladır”

- Mən indi də Təbrizdə yaşayıram. Çox ölkələr, çox şəhərlər gəzmişəm, amma həmişə qayıdıb, Təbrizə gəlirəm. Azərbaycanda da çox olmuşam. Bakıda kitablarım çap olunub, təqdimatım keçirilib. Tədbirlərdə, televiziyada çıxışlar etmişəm, indi də imkan olduqca gedib-gəlirəm. Quzeydə professional ədəbiyyatçılar məni tanıyır. Bütün halı ilə Bakı, Şimali Azərbaycan mənə çox doğmadır. Ora gələndə, ən çox toy məclislərini görəndə, insanların yaşatdığı ənənələri yaxından kəşf edəndə Təbrizi xatırlayıram. Ərazi eyni olmasa da, adətlərimiz, ənənələrimiz eynidir.

Bu gün Təbriz də çox böyüyüb və digər böyük şəhərlər kimi hündür binalar tikilib. Psixoloji baxımdan, insanlar da soyuqlaşıb,  sanki səmimiyət azalıb. İndi hər kəs ətrafındakıları yalnız pul görür. Əvvəllər isə madiyyat o qədər də önəmli deyildi və insanların mənəviyyatından önə keçməzdi. Mən müasir olmağa, modernləşməyə qarşı deyiləm. Sadəcə, təqliddən xoşum gəlmir. Hər millət və hər dövlət özü kimi müasirləşsə, gözəl olar

Təbrizdə, yaxud İranda və Türkiyədə modernləşmə Şimali Azərbaycandakından çox fərqlidir. Bizdə modernləşmə yuxarıdan aşağıya doğru inkişaf gedir. Dərbardan yəni hakim təbəqədən müasirləşmə başlayar. Müşahidə etdiyimə görə bilirəm ki, Azərbaycanda aşağıdan yuxarı – aydınlardan və ziyalılardan modernləşmə baş verir.


“Təbrizdə indi bütün körpələrə türk adları verilir”

- Təbriz həmişə məktəb və yol sahibi olub. Mən indi də görürəm, biz bu qədər basqı altında ola-ola yenə də çox fərqli və Azəbaycan şeirini dünya səviyəsinə çatdıran fikirlərlə çıxış edirik. Təbriz tarix boyu məktəb olub bütün insani elmlər baxımından. Bu şəhər fərqli, avanqard şəxsiyyətlər yetişdirib, tarix boyu hansı dona girsə də, hansı şəraitdə yaşasa da, həmişə öz fərqliliyini göstərə bilib. Şəhərimizdə bütün qruplardan ziyalılar olub, hələ də var. Onlar bizə hörməti olan, Azərbaycanı və Azərbaycanın mənfəətini düşünən ziyalılardır. Təbriz türkçülük açısından çox inkişaf edib. İndi Azərbaycansevərlik yüksək seviyədədir. Hətta dünyaya gələn bütün körpələrə Azərbaycan türkcəsində adlar verilir. Hər kəsdə Azərbaycana bağlılıq, sevgi hissi yaşayır və bunu ziyalılarımıza borcluyuq.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?