Modern.az

Şəxsi maşını ilə ilk dəfə Gürcüstan və Türkiyəyə gedənlərə pulsuz MƏSLƏHƏT...

Şəxsi maşını ilə ilk dəfə Gürcüstan və Türkiyəyə gedənlərə pulsuz MƏSLƏHƏT...

22 May 2019, 10:04

Pərviz Rəhimoğlu          

 

Qarşıdan istirahət mövsümü gəlir. Hamının özünə görə planları var. Kimisi ölkə daxilində, kimisi də xarici ölkələrdə istirahət etməyi düşünür. Heç kimə sirr deyil ki, respublikamızın turizm sektorunda qiymətlərin kifayət qədər yüksək olması (aşağı xidmət səviyyəsinə rəğmən) son illər yaxın xaricə üz tutanların sayı sürətlə artır. Xüsusilə də qonşu Gürcüstanı və qardaş Türkiyəni seçənlər daha çoxdur. Çünki bu ölkələrdə gəzib istirahət etmək daha ucuz başa gəlir. Hətta Azərbaycanın özündən də ucuz...

Yəqin ki, bu il də yüzlərlə soydaşımız bu ölkələrdə istirahətə üz tutacaqlar. Bu yazını yazmaqda məqsədim Gürcüstan və Türkiyəyə öz avtomobili ilə ilk dəfə səfər edənlərə müəyyən mənada kömək etməkdir. Belə ki, “başına gələn başmaqçı olar” deyərək, sizlərin “düz yolla” getmənizə yardımçı olmağa çalışacam.


Əvvəla başlayaq Gürcüstanla sərhədə getməkdən. Yəqin deyəcəksiz ki, ora qədər hamı yolu tanıyır. Bəli elədir, amma ilk düzgün seçim elə burdan başlayır. Belə ki, hamımız Gürcüstanla sərhəd məntəqəsi kimi daha çox “Qırmızı Körpü”nü (başqa adı “Sınıq Körpü”) tanıyırıq. Lakin sərhədi keçməyin daha rahat yolu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən "Sadıxlı" gömrük-keçid məntəqəsidir. “Qırmızı Körpü”də azı 1-1,5 saat vaxt itirəcəyiniz halda, “Sadıxlı”da ən geci 15-20 dəqiqəyə sərhədi keçəcəksiniz.  Həmçinin, bu istiqamətdən sərhədi keçib Tiflis istiqamətində gedərkən azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonundan keçməli olacaqsınız ki, adam orada özünü evindəki kimi hiss edir.  Ətrafda əksər insanın azərbaycanca danışması qonaq olsanda, sənə ləzzət eləyir...


Yenə də hansısa səbəbdən “Qırmızı Körpü”dən keçməyə üstünlük verənlərə daha bir tövsiyəm odur ki, sərhəd məntəqəsini keçən kimi qarşınıza parklama ərazisi çıxacaq, lakin avtomobilinizi orada saxlamayın. Çünki bu ərazi keçid məntəqəsinə aiddir. Ona görə də gürcü polisi tərəfindən cərimələnə bilərsiz. Bizim pulnan təxminən 12-13 manat.  


Gürcü polisindən söz düşmüşkən, haşiyə çıxaraq bir sözü qoyub, o birinə keçim. Gürcüstanın magistral yollarında çox az polis avtomibilinə rast gəlinir. Yollarda radarlar isə Azərbaycanla müqayisədə yox səviyyəsindədir. Sərhəddən Tiflis şəhərinə qədər olan 100 km-lik yolda cəmi 3, ya 4 radara rast gəlmək olar. Onların da əsas funksiyası böyük ehtimalla sürət həddi ilə bağlı qayda pozuntularını qeydə almaq yox, ümumi nəzarətdir. Çünki sürət həddi 110 km olan magistralda əksər maşınlar 150-160 kmsaat  sürətlə hərəkər edir. Lakin Gürcustan ərazisindən çıxarkən sürət məsələsi ilə bağlı hər hansı irad bildirilmədi (bildiyimə görə, ölkə ərazisində kameralar vasitəsilə qayda pozuntusi qeydə alınıbsa, sərhədi keçəndə sistemdə görünür).
 Şəhərlərin içərisində isə ciddi qayda pozuntusuna yol verməsən yol polisi sizi saxlayan deyil, kiçik qayda pozuntularına, hətta kəmər taxmamağa belə çox əhəmiyyət vermirlər, təbii ki, gedib gözlərinə “girməsən”...


İndi isə qayıdaq sərhədə. Gürcüstan ərazisinə daxil olandan sonra ilk işiniz avtomobiliniz üçün 1 aylıq sığorta almaq olacaq. Mütləq yaxın bir yerdə belə bir sığorta məntəqəsi var. Harda olmasını taksi sürücülərindən öyrənə bilərsiniz. Sığorta məntəqəsinin yanında isə çox güman azərbaycanlı “makler”lər olacaq. Yəni gürcülərlə danışmaq üçün rus dilini bilmirsinizsə, dil məsələsində problem yaşamayacaqsınız. 1 aylıq sığortanın qiyməti təxminən 15 manatdır. Sığortadan söz düşmüşkən, onu da deyim ki, əgər Gürcüstandan sonra Türkiyəyə getmək fikriniz varsa, bunun üçün Bakıda olarkən Türkiyə ərazisində keçərli olan “yaşıl sığorta” deyilən “yaşıl kart” almanız vacibdir. Bu sığorta üçün avtomobilinizin mühərrikinin həcmindən asılı olaraq təxminən 20-30 manat xərciniz çıxacaq. Bu sığortasız sizi Türkiyə sərhədindən  buraxmayacaqlar. “Yaşıl sığorta”nı sərhəddə də almaq olar, amma bu, sizə təxminən 80-100 manata başa gələcək.


Avtomobildən danışarkən yanacaq məsələsinə də toxunmamaq olmaz. Təbii ki, Gürcüstanda və Türkiyəya yanacaq bizdəkindəmn baha olduğu üçün Azərbaycan sərhədini keçənə yaxın yanacaq çənini tam doldurmağı yaddan çıxarmayın. Lakin nəbadə bu qaydanı, yəni sərhədə yaxın ərazidə yerləşən YDM-dən yanacaq almağı Gürcüstan ərazisində edəsiniz. Misal üçün, Gürcüstan-Türkiyə sərhədinə çatana yaxın “Lukoil” YDM-də benzinə verdiyim pul hələ də məni “yandırır”. Orada 1,25-1,30 manata benzin əvəzinə nə satıldığı məlum deyil.  Yəni Gürcüstanda yanacağı ya öz “Azpetrol”umuzdan, ya da gürcülərin “Gulf” YDM-dən alın.


Türkiyəyə gedəsi olsanız, bu məqamda sizə bir “bahalı” məsləhətim olacaq. Əsl benzinin hansı keyfiyyətdə olmasını hiss etmək və avtomobilinizi “sevindirmək” istəyirsininizsə, yanacağı məhz Türkiyədən alın. Məsləhətin bahalı tərəfi isə odur ki, hər litrə təxminən 2-2,2 manat ödəməli olacaqsınız. Bu qiymət Avro 4 standartlarına cavab verən “Premium” markalı benzinə aiddir. Orada 92 markalı benzin axtarmayın.            


Və yenə gələk sərhəd keçmək məsələsinə. Bu dəfə Gürcüstan-Türkiyə sərhədinə. Bu iki ölkə arasında ənənəvi keçid məntəqəsi “Sarpi” keçididir. Hər iki tərəfin gömrük əməkdaşları işlərini  normal qaydada icra etdiklərindən hər hansı süni problem yaşamayacaqsınız . İstənilən halda Türklər “biz qardaşıq” deyərək sizə heç bir çətinlik yaratmayacaqlar. Gürcülərlə isə sizə verilən suallara səmimi cavab verməyiniz kifayət edər. Səmimiyyətinizə inandıqda heç maşındakı yükləri yoxlanış üçün yerə tökməyi tələb etməyə də bilərlər.


Lakin bu keçid məntəqəsində insanların çoxluğu və prosedurların bir az ləng getməsi xeyli vaxtınızı ala bilər. Yəni təxminən 2-4 saat. Lakin bunun da çarəsi Azərbaycan DYP-sinin sevimli ifadəsi olan “alternativ yol”dur. Belə ki, Türkiyənin Ardahan şəhərinin Gürcüstanla sərhədində olan “Türkgözü” keçid məntəqəsindən, belə demək olarsa, dayanmadan keçəcəksiniz. Bu yol həm maraqlı, həm də çətindir. Çünki Ağsu dolayları (“perevalları”) kimi yollarla dəniz səviyyəsindən 3000 metr yüksəkliyə qalxmaq bir qədər təhlükəli olsa da, möhtəşəm təbii mənzərəsini seyr etmək, göz oxşayan göllərin yanında dayanıb Allahın yaratdığı əsrarəngiz təbiət möcüzələrinə baxmağa dəyər. Lakin onu da deyim ki, yayın qızmar vaxtında həmin ərazidə avtomobilin şüşəsiləninin çatdırıb silə bilmədiyi yağış selinə və dolu yağışına düşsəniz təəccüblənməyin... 


Beləliklə, virtual olaraq Azərbaycan-Gürcüstan-Türkyə martrutu üzrə səfər edib qayıtdıq. İndi isə qarşıdan gələn aylarda bu marşrutu canlı olaraq səfər edəcək həmvətənlərimizə “Yaxşı yol, sağ-salamat gedib, gəlin” demək qalır. Gəzməyə qərib ölkə, sonda yenə hər şeyə görə Vətən yaxşı!!!

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı