Modern.az

Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib

Aktual

22 May 2019, 20:30

Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib.

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən forumun əsas müzakirə mövzuları neft-qaz sektorunun inkişafı, həyata keçirilən layihələr, Azərbaycanın Böyük Britaniya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində görülən tədbirlərdən ibarət olub.

 

Forumda çıxış edən P.Şahbazov “Əsrin müqaviləsi”nin reallaşmasında iki ölkə arasında enerji əməkdaşlığının, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb: “Birləşmiş Krallıqla enerji sahəsində tərəfdaşlıq münasibətləri Azərbaycanın neft-qaz sektoruna yatırılmış 25 milyard ABŞ dollarından çox investisiyanın sektorun inkişafına töhfələri ilə məhdudlaşmır. Azərbaycanın beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında və diversifikasiya maraqlarını təmin etməsində məhz enerji sahəsində uğurlu əməkdaşlığın mühüm rolu vardır”.

 

Nazir Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində BP şirkətinin rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş məqsədyönlü enerji siyasəti və BP-nin iştirakı ilə qarşılıqlı etimad, qarşılıqlı faydalı əməkdaşlıq əsasında dünyanın enerji xəritəsini yenidən tərtib edirik.

 

“Yeni layihələr bu əməkdaşlığın, ən azı əsrin ortalarına qədər davam etdirilməsini təmin edəcəkdir”,- deyə P.Şahbazov əlavə edib.

 

Bildirilib ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində “Cənub Qaz Dəhlizi, “Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, “D 230” perspektiv bloku, “Dayazsulu Abşeron” və “Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpa olunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa oluna bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.

 

Forumda Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanda enerji islahatlarına dair, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə neft-qaz sektoru ilə bağlı, BP və SNC Lavalin-Atkins şirkətlərinin nümayəndələri bərpa olunan enerji sahəsinin inkişafı üzrə təqdimatlarla çıxış ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi