Modern.az

Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ

Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ

Media

23 May 2019, 08:53

“Aparıcı var bir gün efirə çıxır və könülləri fəth edir, aparıcı da var illərlə çıxır və heç bir könül qapısından daxil ola bilmir”

 

Modern.az-da “Bizimkilər” rubrikasına davam edirik. Saytımızın bu rubrikasında özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Azad Azərbaycan Televiziyasının (ATV) sevilən aparıcısı Lalə Azərtaşdı.

 

Lalə Azərtaş Qabil qızı 30 mart 1982-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1988-ci ildə orta məktəbə gedib. 1998-ci ildə məktəbi “əla” qiymətlərlə bitib, elə həmin ildə də ali təhsil ocağına ilk addımını atıb. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavr pilləsini qırmızı diplomla başa vurub. Həmin ildə magistraturaya qəbul olunan Lalə 2004-cu ildə bu təhsil pilləsini qırmızı diplomla bitirib.
2001-ci ildən ATV-də işə başlayıb. 2003-cü ildə isə AzTV-də fəaliyyət göstərib. Ailə həyatı ilə bağlı bir müddət işə fasilə verdikdən sonra yenidən ATV-də efirə qayıdıb. 2015-ci ildə Prezident İlham Əliyevin imzaladığı fəxri diplomla təltif olunub. Bir çox mükafatlara layiq görülüb. “Türkiyə-Azərbaycan Kardeşlik” mükafatlarına, “Azerbaycanın en iyi haber spikeri” adina layiq görülüb. YAP-ın üzvüdür. 2 qız övladı var... 

 

- İxtisasca tərcüməçisiniz, niyə tərcuməçi yox, aparıcı olmaq qərarına gəldiniz?

 

- Əvvəl, icazənizlə mən Modern.az saytının oxucularını salamlamaq istərdim. Yetərincə oxucu kütləniz var ki, onlardan da biri mənəm. Xüsusilə də yeni rubrikanız olan və vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirələrinə həsr etdiyiniz “Sonuncu zəng” təqdiqəlayiqdir.
Sualınızın cavabına gəlincə isə... İxtisasım fərqli olsa da... Mən 6-cı sinifdə oxuyurdum. Eyni zamanda, Nərimanov rayonu




Uşaq Yaradacılıq Mərkəzində dərnəklərə gedirdim. Qurban bayramına təxminən 1 həftə vaxt qalırdı. Umümmilli liderimiz Heydər Əliyev rayonumuzda sakinlərlə görüşəcəkdi, qurbanlar kəsiləcək və şeir demək lazım olacaqdı. Mərkəzin direktoru Fatma Təhməzova  bunun üçün “mənə səlis nitqi olan uşaq lazımdır” deyəndə dərhal “mən çox istəyirəm” dedim. Çünki Heydər Əliyevi görmək o zaman mənim üçün əlçatmaz arzu idi. Şeiri ilk dəfədən elə səsləndirdim ki, Fatma xanım “bundan sonra sən Heydər babanın qabagında şeir deyəcəksən, get hazırlaş”  dedi. Baxın, hər şey o gündən başladı. Və xəyalım gerçəkləşdi, Heydər babanın qarşısındaydım: ona xoş gəldiniz deyib, şeiri səsləndirirəm. Sözlə ifadə etmək çətindi, qəribə hisslər keçirirəm. Hədsiz-hüdudsuz sevinc və eyni zamanda məsuliyyət. Və bu dahi şəxsiyyətin bir dəfə “sağ ol mənim balam” deməsiylə bütün bu hisslər ən ali zirvəyə qalxır. Bir gün Böyükşor qəsəbəsində məktəb açılışı zaman 5 uşaq çıxış edirdik və hafizəsi mükəmməl olan Heydər Əliyev ilk olaraq məni öpür və başıma sığal çəkir. Hər axşam bu görüşlər televiziyada yayımlanır. Və “mən artıq TV-da işləyəcəm” deyirəm. Beləliklə də televiziyaya başlayan yola qədəm qoyuram. Şükürlər olsun ki, bu gün də sevdiyim işlə məşğul oluram.

 

- Hansı daha asandı, aparıcılıq yoxsa, tərçüməçilik?

 

- Asan peşə yoxdu. İstənilən peşə zəhmət, səbr və sevgi tələb edir. Mənim çox sevdiyim və məsləhətlərinə hər zaman qulaq asdıgım bir insan var. Mənə hər zaman “bir uğura imza atmaq üçün ilk olaraq seçdiyin peşəyə aşiq olacaqsan” deyir. Həqiqətən də, hansısa peşədə uğur qazanmaq üçün mütləq qaydada gördüyün işin aşiqi olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik. Təvəzokarlıqdan uzaq olmasın, düşünürəm ki, hansı peşəni seçsəydim, orda həmkarlarımdan mütləq ki, fərqlənəcəkdim. Uğurlu və ya uğursuz peşə olmadığı kimi, insanların uğurlu və uğursuz olması seçdikləri peşənin onların xarakterinə necə cavab verməsinin göstəricisidir.

 

- Özünüzü tamaşaçı kimi izləyirsiniz? Tamaşaçı olaraq Lalə Azərtaşı necə görürsünüz?

 

 - Özümü izləməkdən çox öz üzərimdə həmişə işləyirəm deyərdim. Bütün efirlərim canlı olur deyə, imkan tapdıqca təkrarını izləyir və səhvləri tapıb, bir daha təkrar etməməyə çalışıram. Bu mənada bəli izləyirəm. Bizim korifey diktorlarımızla mütəmadi əlaqə saxlayıram, məsləhətləri, təklif və tövsiyələri ilə maraqlanıram. Baxın, onlar məndən razı qalanda, özümü xoşbəxt sayıram. Şükür hələ ki, narazı deyillər. Tamaşaçı olaraq bunu deyə bilərəm:  pis aparmır xəbərləri, deyəsən özünəməxsus xəbər aparma tərzi var, geyimi və saç düzümü heç vaxt çərçivəni aşmır, xüsusilə də tamaşaçılarını çox sevməsini və onlara tez-tez dəyər verərək, hörmətlə müraciət etməsini sevirəm (Gülür).

 


- Ailəniz aparıcı olmaq istəyinizi biləndə necə reaksiya verdi?

 

- Adətən TV-də olan xanımlar istər müğənni olsun, istər aparıcı - valideynlərinin nə zamansa onların bu istəyinə mane olmasında danışırlar. Xüsusi ilə də atalar. Amma məndə tam əksi baş verdi. Atam mənim işimi məndən də çox sevir, deyə bilərəm. Ən sadiq və sözün düzünü deyən tamaşaçımdır. “Ata, xəbər aparıcısı olmaq istiyirəm” deyəndə isə, “təki sən kostyum geyin, sevdiyin işi gör, uğur olsun” söylədi. Mənim anam isə mənim ürəkdən istədiyim işlərdə birmənalı olaraq dəstəkləyir. Əgər orada onu narazı salacaq məqam varsa, mən onu əsla etmərəm, çünki onun həyat təcrübəsinə çox inanıram. Bir sözlə, valideynlərim və ata yarısı olan əmim, ümumiyyətlə bağlı oldugum bütün qohumlarım mənəvi tərəfdən hər zaman yanımdadılar. Bu sarıdan özümü xoşbəxt sayıram. Mən də övladlarıma sevdiyi işləri görmək istədikləri zaman eynisiylə davranacağımı düşünürəm.

 

- Yaxşı aparıcı olmaq üçün hansı məqamlara diqqət yetirmək lazımdı?..

 

- Sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır. Ona görə əvvəla düzgün qərar vermək lazımdır. Sonra isə hansı sahədə olursansa ol, özün olmalısan. Mütləq ki, hər kəsdən bəhrələnməyə çalışmalısan, bənzəyə də bilərsən. Amma eyni ilə o olmaq istəsən, alınmayacaq. Mümkün deyil. Bunu deməyə təcrübəm əsas verir. Mənim özüm də ideal hesab etdiyim qadınları izləyir və özümə lazım olanı götürürəm. Yaxşı aparıcı olmaq üçün təbii ki, səlis nitq, ədəbi-bədii dil normalarına riayət etmək, normal görünüşün və s. hər dəfə səsləndirilən fikirlərlə yanaşı,  səmimi olmalısan. Tamaşaçının gözü tərəzidi. Ələkdən çox gözəl keçirirlər. Onlarla düzgün ünsiyyət qurmağı bacarsan alınacaq, səni sevəcəklər. Aparıcı var bir gün çıxır və könülləri fəth edir, aparıcı var illərlə çıxır və heç bir könül qapısından daxil ola bilmir. Əsas məsələ tez-tez “mən, mən!” deməməlisən, “biz” deməlisən. Özüm də bəzi adamlara efirə çıxmaga yardımçı olmuşam, bacardığımı onlarla bölüşüb, irəli getmələri üçün əlimdən gələni etmişəm, onlar “mən” deyənə qədər. Ağac bar verdikcə, başını aşagı əyməlidir. Bunu unutmasalar, hər şey əla olacaq.

 

- Adətən qocaman diktorlar yeniləri bəyənmir, aparıcının geyiminin belə efirə uygun olmadığı fikirlərini irəli sürürlər. Bəs siz necə düçünürsünüz, aparıcı geyimi ilə diqqət çəkməlidir?

 

- Əvvəla deyim ki, qocaman diktorlar nə deyirlərsə, düz deyirlər. Onu onların bu sahəyə həsr etdiyi illərin təcrübəsi deyir. Mənə niyə heç nə demirlər? Hansısa xoş gündə nə istəyirsən geyin. Bir də görürsən, hansısa matəm tarixində, torpaqlarımızın işğal edildiyi bir gündə və ya şəhid xəbəri gələn günlərdə al-əlvan geyimlərdə və yüksək əhval-ruhiyyədə efir aparırlar. Bax bu məqamda mən də aparıcılara qıcıq oluram. Yox, söhbət açıq-saçıq geyimlərdən gedirsə, burda mənə söz düşməz.

 


- Yəqin ki, işləriniz çox olur. Mütaliəyə vaxt ayıra bilirsinizmi? Hansı janrda kitablar marağınızı cəlb edir?

 

- Mütaliəyə vaxt ayırmamaq olar ki? Mən kitab oxumayan adamla uzun yol gedə bilmərəm. Hansı janrda kitaba marağıma gəlincə, Frans Kafka deyir ki, oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, onda onu niyə oxumalıyıq? Əsər qanıma, mövzu ruhuma işləməlidir. Uşaq vaxtından, Azərbaycan nağıllarından başlamalıdı bu yol. Sənə nağıl kimi görünən həyata real baxışlarla baxa biləcəksən o zaman. Kitablar dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır. Biz tamaşaçılarımızla çox zaman sosial şəbəkələr vasitəsilə ünsiyyətdə oluruq. Onlar yaxşı bilir, mən getdiyim səfərlərdə çantama ilk olaraq kitab qoyuram. Bunun hansı kitab olduğunu və onun şah sətirlərini onlarla bölüşürəm. Yerli və dünya ədəbiyyatı ilə yanaşı, dini kitablarımızı da oxuyuram. Yeri gəlmişkən, beşikdən məzara qədər oxumalı olduğumuzu unutmayaq. Uğur yolu bu zaman Sizin yolla kəsişir.

 

- Bir xanım olaraq cəmiyyətimizdə qadınlara münasibəti necə dəyərləndirirsiniz?

 

- Qadınların cəmiyyətdə rolu olduqca əhəmiyyətli, çoxşaxəli və hətta əvəzedilməzdir deyərdim. Göz qabağındadır, bizim zərif xanımlarımız ölkəmizin aparıcı sahələrində fəaliyyət göstərir,  milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rol oynayırlar. Qadına bizdə həmişə hörmət olunub. Amma ümummilli liderimiz Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin məhz xanımlara göstərdiyi diqqət və qayğıdan sonra bu hisslər sanki, bir az daha artdı və xanımlarımız özlərinə daha da güvənməyə və böyük uğurlar əldə etməyə başladılar. Bir də burda Azərbaycan qadınının adını ən yüksək və layiqli formada  dünyanın bütün ölkələrində layiqincə təmsil edən və daha da ucalara qaldıran Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da xüsusi rolunu qeyd etmək istəyirəm. Mehriban xanım Əliyeva Azərbaycan qadınının öndə gedən nümunəsi olaraq, görmüş olduğu işlərlə, atmış olduğu addımlarla ən yüksək dəyərlərin tərənnümçüsünə çevrilib. Bundan öncəki sualda Sizə örnək bildiyim xanımlar deyəndə də birinci xanımımızı nəzərdə tuturdum. Bizim xanımlar dünyanın ən gözəl, ən qayğıkeş, ailəsinə bağlı, həm elm baxımından, həm də bir ziyalı kimi öz işinin öhdəsindən yüksək peşəkarlıqla gələn qadınlardır. Və ən əsası Azərbaycan xanımı övladını Vətəni üçün şərəflə böyüdən qadındır!

 

- Övladlarınızla münasibətiniz necədir? Qızlarınızın tərbiyəsində nələrə diqqət edirsiniz?

 

- Münasibətimiz çox yaxşıdır deyək. Daha doğrusu mən övladlarımla tərbiyədə anamın üsulundan istifadə edirəm. Anam vaxtı çatanda mənə “qızım, artıq səninlə dost olmağın zamanıdı” demişdi. Bu gün mənim böyük qızıma o sözü deməyin zamanı gəlib çatıb. Elə uşaqlarıma da nümunə mənəm. Anama-atama olan sonsuz sevgim və hörmətim onların gözləri qarşısındadır. Ümid edirəm ki, zamanında onlardan da eyni hissləri mən duyacam. Balacam isə ərköyünümdü. Amma qədərində. Mən onlara heç vaxt qadağa qoymuram. Amma bununla belə,  çərçivələri də aşmaq olmaz. Diqqət yetirdiyim əsas məqam isə sağlamlıqları və təhsilləridir. Həmişə deyirəm ki, oxumalı və Vətənə layiqli övlad olmalısınız. İki qızım var. Amma aslanın erkəyi-dişisi olmaz. Övlad valideynin şah əsəridir. Bu əsəri ərsəyə gətirərkən səhvə yol verməməyə çalışıram. Və nədənsə çətinlik çəksəm, dərhal valideynlərimə müraciət edirəm.

 


- Jurnalistkaya gəlsələr, reaksiyanız necə olar?

 

 - Hansı peşəni seçsələr dəstək olacam. Təbii ki, düşündüyüm ixtisas və yönləndirmək istədiyim peşələr var. Səmimi cavab verəcəm, bunların içində jurnalistika yoxdu. İstəsələr mane olmaram. Hələ tezdi, 1-2 ilə onlarla bu barədə daha dəqiq söhbətə başlayacağıq. Mən məsləhətimi verəcəm. Onları dinləyəcəm. Və sonda ortaq məxrəcə gələcəyik. Təbii ki, mənim düşündüklərim onların xoşbəxt gələcəyinə hesablanıb. Allahımın izniylə hər şey yaxşı olacaq.

 

- İşləyən xanımlar adətən zaman azlığından şikayət edir. Bəs Siz necə işlərinizdən vaxt ayırıb ev işlərinizi görə bilirsiniz?

- Deyirlər evdən işə, işdən evinə tələsən adamlar xoşbəxt olurlar. Mən bu sarıdan özümü xoşbəxt sayıram. Evdə sevimli ailəm, işdə sevimli kollektivimiz. ATV-də işləyənlər yaxşı bilir, oranın dadı-duzu tamam başqadı. Bir istirahət günümüz var – o da bazar günü... Amma elə ki, fürsət düşdü ailəmlə, qohumlarımla bir yerdə olmağa çalışıram. Və olmazsa olmazım, səfərlərim. Bir dəfə əmimə dedim ki, ad günümdə mənə xoş olacaq hədiyyə vermək istəyirsənsə bilet al. Düzdü,  çox da münasib hədiyyə deyil, amma ən sevdiyim hədiyyədi. Sag olsun əmim, odur budur hədiyyəsi biletdir. Axı çox eşidən deyil, çox gəzib, çox görən çox şeyi bilir.

 

- Tamaşaçılarınız Sizə sevgisini necə ifadə edir? Sizi yolda görüb yaxınlaşanda bunu necə qarşılayırsınız?

 

- Bunun qədər gözəl nə olsun ki? Əvvəl bu sözü deməzdim, amma indi əminliklə deyirəm ki, tamaşaçı məni sevir. Mənim bir şansım da onda gətirib ki, sadiq tamaşaçı kütləm var. 18 illik iş həyatında bir dəfə olub, istəmədən və gözləmədən fikrimi ifadə edərkən mexaniki səhvə yol verdim. Bunu yazıb, böyütmək istəyənlər oldu. Onları kim susdurdu, yazılanları kim cavablandırdı, bilirsiniz? Məni sevən tamaşaçılar. Sag olsunlar. Fürsətdən istifadə edib, hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Bir də onu deyim ki, ən çox da nənə-babaların məni sevməsini görürəm. Onların zövqünü oxşayıb, sevgilərini qazanmaq çətin məsələdir. Hələ bizim regionlarımızı demirəm. Onlardakı o sevgini sözlə izah etmək mümkün deyil.

 


- Gözəlliyin başa bəla oldugunu deyirlər…

 

- Onu gözəl xanımlardan soruşun, onlar daha dəqiqini deyərlər.

 

- Siz də gözəl xanımsınız. Bu gözəlliyiniz başınıza bəla olubmu?

 

- Gözəl qadından çox, təbii və səmimi qadın deyərdim özümə. Bəzən “burnun və ya digər bir yanın estetik əməliyyat olub” deyəndə “uşaqlıq şəkillərim sizə cavab verə bilər” söyləyirəm. Yanlış anlaşılmasın, ehtiyac varsa, mən buna pis baxmıram. Sadəcə ən gözəl rəssam Allahdır. Mən ona hər zaman Sonsuz şükürlər edirəm. Bir də ürəyin gözəldirsə, deməli sən gözəlsən. Çünki, gözlərin gözəl güləcək o zaman. Əbəs yerə deməyiblər ki, gözlər qəlbin aynasıdır. Məni də gözəl görürsünüzsə, təşəkkür edirəm. Gözəllik başıma bəla yox, səfadır. Hər zaman ətrafıma gözəllikləri çəkir. Yanımdakı gözəl qəlbli insanlar üçün hər zaman Tanrıma minnətdaram.

 

- Xasiyyətiniz necədir? Özünüzdə hansısa dəyişiklikləri etmək istəyərsiniz?

 

- Həm çox asan, həm də çox çətin adam. Vəfalı, sevdikləri üçün qurban verməyi bacaran.Və tam səmimi: çox sevdiyim insan “məni heç nə ilə yox, sadəcə səmimiyyətlə təəccübləndirə bilərsən” deyir. Bəlkə də düz etmirəm, çünki həddən artıq səmimi olmağım çətin məqamlara da salır məni.  Sizə bir şeyi də deyim: kiməsə salam verəndə, səninlə yol gedə bilərəm deyə, hiss elətdirirəm ona. Və yol çıxırıq. 20 ildən çox yol gəldiyim də var onlar arasında, aylarla gəldiyim və yollarımızı ayırdığım dostlarım da. Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım. Deyirəm yolumuz açıq olsun. Mən sadiq adamam. Amma sən mənim əlimi buraxsan və ya sancsan, mən o əli buraxacaq və bir daha da əsla tutmayacağam. Uzağı 1-2 dəfə bağışlamaq olar. Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır. Özümdə nəyi dəyişim ki? Heç kəsə pis heç nə arzu etmirəm. Hər şeyə ən gözəl tərəfindən baxıram. Həyatı doya-doya yaşamağa çalışıram. Şekspir yazırdı ki, hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə, günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa, bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki, hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki,  gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib "mən əlimdən gələni etdim" deyə biləsən.

 

- Əlavə etmək istədiyiniz məqam varmı?

 

- Sonda da yenə oxucularınıza təşəkkür etmək istəyirəm. Müsahibəmizi sona qədər oxuduqları üçün. Sizin hər birinizə saglamlıq, sevgi, səbir arzulayıram, bütün gözəlliklər Sizinlə olsun...



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar