Modern.az

Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR

Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR

23 May 2019, 16:13

Azərbaycanın qanunvericilik sistemi, müasir Konstitusiyamız inkişaf etmiş ölkələrinin təcrübəsi ilə müqayisə ediləcək dərəcədə yüksək səviyyədədir. Bütün məsələrlə bağlı mütəmadi yeni qanunlar qəbul olunur, əvvəlki qanunlardakı boşluqlar operativ müzakirə edilib, aradan qaldırılır. Bu işlər ölkənin  qanunverici orqanı olan Milli Məclisdə həyata keçirilir.

Lakin qanunvericiliyin icrası məsələsində bəzən fikir ayrılıqları da yaşanır. Rəsmi qanunlarda qeyd edilən məqamların reallıqda effektiv tətbiqi zamanı problemlər yaranır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a həmin məqamlardan danışıb. O qeyd edib ki, əvvəlki illərə nisbətdə, qanuvericiliyin reallıqla üst-üstə düşməməsi halları xeyli azalıb:

“Azərbaycan qanunvericiliyi kifayət qədər mükəmməldir. Dünyanın inkişaf etmiş ölkələrinin qanunvericilik sisteminə əsaslanmış hüquqi-normativ aktlar qəbul edilib. Azərbaycanın inkişafına xidmət edən qanunlar qüvvədədir. Qanunvericilik ardıcıl və sistemli xarakter daşıyır. Qanunvericilikdə cəmiyyətin yeni prinsiplərinə, çağırışlarına uyğun dəyişiklər edilir, yeni maddələr əlavə olunur, yaxud çıxarılır.

Ölkə başçısının qanunvericilik məsələsində Konstitusiyamızın verdiyi səlahiyyətlər çərçivəsində təşəbbüsləri diqqəti cəlb edir. Milli Məclisin komissiyaları da qanunvericilik sahəsində böyük işlər görür. Ancaq etiraf etmək lazımdır ki, Məclisdə müzakirəyə təqdim olunan qanunların əksəriyyəti prezidentin imzası ilə daxil olur. Komitələr qanunun müzakirəsini bitirir, Milli Məclisin plenar iclasında ümumi müzakirə üçün təqdim edirlər. Plenar yığıncaqda geniş müzakirə edilən qanun səs çoxluğu ilə qəbul edilir, qüvvəyə minir.

Əvvəlki illərlə müqayisədə hazırda qanunun tələblərinə ciddi itaətsizlik, əməl etməmək faktları yoxdur. Sadəcə, bəzi məmurların qanunlara məsuliyyətsiz yanaşması, fəaliyyətini qanunun tələblərinə uyğun  qurmaması hallarına rast gəlirik. Bu isə vətəndaşlar və məmurlar, strukturlar arasında anlaşılmazlıqla müşahidə olunur. Buna müdaxilə edilir, problem aradan qaldırılır. İlk növbədə prezidentin və birinci xanımın ünvanına edilən müraciətlərdə, ölkə başçısının əhali ilə görüşlərində bu məqamlar araşdırılır, nöqsanlar aradan qaldırılır”.

F.Ağamalı parlamentə ayrı-ayrı sahələr üzrə şikayət məktublarının daxil olduğunu da inkar etməyib:


“Milli Məclisə də məktublar daxil olur, qanun pozuntuları ilə bağlı, vətəndaşların bu və ya digər şəkildə mülkiyyətinə toxunma, bəzilərinin həbsi və s. haqqında şikayətlər olur. Sakinlər onlara qarşı haqsızlıq edən, ədalətsiz davranış sərgiləyən məmurları və qurumları şikayət edirlər. Məsələ araşdırılır, nəticə verilir. Artıq cəmiyyətimiz bütövlükdə qanunlarla idarə olunur. Ayrı-ayrı epizodlar da zamanlar həllini tapacaqdır”.


Komitənin digər üzvü Çingiz Qənizadə isə vurğulayıb ki, qanun varsa, qüvvədədirsə, bu qanuna uyğun hərəkət etmək məcburi xarakter daşıyır:

“Ola bilər, indi hansısa qanunun tətbiqində problemlər var, yaxud hansısa qanun tələblərə cavab vermir, sərtdir, yumşaqdır və s. Bu o demək deyil ki, qanun ola-ola cəmiyyətin tələblərinə uyğun addımlar atılsın. Bu zaman qanunda müəyyən dəyişikliklər edilir. Cəmiyyət inkişaf etdikcə, qanunlarda da müəyyən boşluqlar yaranır. Bəzən yetərincə sərt, yaxud yumşaq olmur. Qanun yenidən müzakirə edilir, boşluqlar, sonradan yaranan əskiklər yerinə qoyulur. Əlavə və dəyişikliklərdən sonra ölkə başçısı Milli Məclis  tərəfindən qəbul edilən qanunu təsdiq edir. Bundan sonra qanun qüvvəyə minmiş olur. Qanun varsa, onun tətbiqi məcburi xarakter daşıyır”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır