Arxiv
24 May 2019, 09:14 | MÜSAHİBƏ
Deputat: “Yeganə şəxsəm ki, Topxana hadisələri başlayanda ora tək getmişəm” - MÜSAHİBƏ

Sabir Hacıyev: “2003-ci ildən bəri Ayaz Mütəllibovla heç bir əlaqəm yoxdur”

“Mən də istəyirəm ki, yenidən ailə qurum, cavan oğlanam, hələ hər şey qabaqdadır”

Milli Məclisin 88 saylı Göyçay seçki dairəsindən deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Modern.az-a müsahibə verib.


- Sabir müəllim, Milli Məclisdə uzun illərdir ki, təmsil olunsanız da, mətbuatla geniş təmasınız yoxdur. Sanki jurnalistlərdən qaçırsınız...

- Bilirsiniz, mətbuatla iş prosesim bir qədər fərqlidir. Özüm təşəbbüs göstərməyi sevmirəm, ancaq mətbuat nə zaman müraciət edirsə, məmuniyyətlə cavab verirəm. Sadəcə olaraq, hansısa mətbuat orqanına müraciət edim və məndən müsahibə götürməsini istəyim.., bunu etmirəm. Ancaq yaxınlaşıb sual verən həmkarlarınızı cavabsız da qoymuram.


- Vətəndaş Birliyi Partiyasının sədrisiniz, açıq deyək ki, partiyanız da fəaliyyətsiz görünür. Bəzi iddialara görə, hətta partiyanız fəaliyyətini dayandırıb...

- Partiyanın gündəlik fəaliyyəti nəyə görə nəzərə çarpmalıdır ki?! Nizamnamə çərçivəsində fəaliyyət göstərir. Gözə çarpmaq məsələsini götürəndə əgər partiyanı müşahidə etsək, görərik ki, üzərlərinə düşən işin öhdəsindən gəlir.
Təbii ki, hakim partiyanın tədbirləri  daha çoxdur. Bu normal haldır. Digər partiyaları götürsək, deyə bilərəm ki, mən də mətbuatda onların rəhbərlərinin müsahibələrini oxuyuram. Yəni əsas gözə çarpan,  partiya funksionerlərinin mətbuatda çıxışlarıdır.


- “Partiyaların maliyyələşməsi haqqında” qanuna əsasən, Azərbaycanda partiyalara maliyyə vəsaiti ayrılır. Ancaq sizin partiya ayrılan məbləğdən bir neçə dəfə imtina edib. Bu nə ilə bağlıdır? Ayrılan vəsaitdən narazısınız?

- Bir neçə dəfə yox, heç vaxt ayrılan pulu götürməmişik. Parlamentdə təmsil olunan siyasi partiyalara ayrılan puldan keçən çağırışdan imtina etmişik.


- O zaman partiyanı təkbaşına ayaqda saxlamaq da çətin olar..

- Həmişə demişik ki, ayrılan vəsait büdcədə qalsın, büdcə bunu lazımi sosial məsələlərə xərcləsin. Hesab edirəm ki, siyasi partiyalar özləri öz imkanlarından istifadə etməlidirlər.
 


- Sirr deyilsə, hazırda partiyanızın nə qədər üzvü var?

- Bizdə partiya üzvləri ilə rayon təşkilatları məşğul olurlar. Üzvlük məsələsi canlı orqanizmdır. Partiya sıralarına daxil olanlar da, dünyasını dəyişənlər də olur. Partiya üzvlərinin bir hissəsi Seçki Məcəlləsinin bir hissəsinə uyğun  olaraq  Dairə və Məntəqə Seçki Komissiyalarında təmsil olunurlar.

- Hər halda, çox deyillər...

- Deyim ki, respublikanın müxtəlif yerlərində təmsil olunan fəallarımız var. Onların işi seçki ərəfəsində daha çox olur. Məsələn, bu il Azərbaycanda bələdiyyə seçkiləri ilidir.

- Hakim partiyadan başqa, yerdə qalan digər  partiyaları bir çox insanlar  müxalifət kimi görürlər. Bir vaxtlar parlamentdə müxalifət partiyalarının blok halında birləşməsi məsələsi də gündəmə gəlmişdi. Partiyaların blok halında birləşməsi nə dərəcədə doğrudur?

- Dediniz ki, müxalif partiyalar var. Əslində qanunvericiliyə görə, parlamentdə iqtidar-müxalifət termini yoxdur, ancaq siyasi səhnədə ola bilər. Sadəcə olaraq çoxluq və azlıq təşkil edən partiyalar var. Bu gün bizim təmsil olunduğumuz partiya  azlıq təşkil edən partiyadır. Ona görə də bu termini daha çox məqbul sayıram. Bu hüquqi cəhətdən də doğrudur. Hakim partiya çoxluq təşkil edən partiya sayılır. Müxalif anlayışı başqa şeydir.

- Yaxşı, dediklərinizi qəbul etdik. Ancaq parlamentdə müxalifətdən olan partiyalar da var. Onların blok halında birləşməsinə necə baxırsız?

- Milli Məclisin nizamnaməsinə uyğun olaraq ən azı 25 nəfər deputat olmalıdır ki, blok yaradılsın. Zənnimcə, azlıq təşkil edən partiyanın o sayda üzvləri yoxdur.

- Əgər partiyaların parlamentdə blok halında birləşməsi baş verərsə, bunun müsbət tərəfləri nə ola bilər?

- Bildiyiniz kimi, bizdə proporsional seçki sistemi deyil, majoritar seçki sistemidir. Adətən proporsional seçki sistemi olan ölkələrdə partiyalar blok şəklində fəaliyyət göstərirlər. Partiya öz namizədlərini irəli sürsə və qərarla təsdiq etsə, hər bir şəxs fərdi qaydada Dairə Seçki Komissiyasına müraciət edə bilər. Seçki Məcəlləsinə görə, partiya şəklində də olsa mütləq özü müraciət etməli, seçkiyə qatılmalıdır. Bildiyiniz kimi, partiyanın dəstəyi olur, amma majoritar qayda olduğuna görə, mütləq özü müraciət etməlidir. Hesab edirəm ki, əgər kiminsə təklifi, fikri varsa ya blok, ya da fərdi şəkildə bunu edə bilər. Qanunvericilik təşəbbüsü Milli Məclisin deputatına aiddir, bloka aid deyil. Milli Məclisin hər bir deputatı təşəbbüs göstərə və hansısa qanunverici təşəbbüs göstərməklə layihəni təqdim edə bilər. Burada heç bir problem yoxdur.


- Maraqlı məqama toxundunuz. Proporsional və majoritar seçki sistemi... Hazırda majoritar seçki sistemi qüvvədədir. Bəzi ölkələrdə proporsional seçki sistemidir. İddia kimi səslənir ki, bizdə də proporsional seçki sistemi ola bilər.

- Bu məsələdə fərqlilik var. Elə ölkələr var ki, həm proporsional, həm də majoritar seçki sistemidir. Elələri də var ki, tək seçki sistemidir. Azərbaycanda az müddətdə qarışıq  seçki sistemi olub. Yəni 2000-ci ilə qədər həm proporsional, həm də majoritar seçki sistemi olub. 2000-ci ildən bəri seçkilər majoritar qaydada keçirilir.

- 2020-ci ildə keçiriləcək parlament seçkiləri zamanı biz majoritar sistemindən proporsional sistemə keçə bilərikmi?

- Bilirsiz, heç vaxt nəyin olub-olmayacağını əminliklə söyləmək olmaz. Onu heç kim deyə bilməz. Hər halda, mövcud qayda belədir ki, ancaq majoritar qaydada seçkilər keçirilir.

- Sabir müəllim, parlamentdə təmsil olunan həmkarlarınızın bəziləri barədə “filankəsin adamıdır” deyirlər. Siz də bu məsələdən kənar deyilsiniz...


- Bu, heç bir qanunvericiliyə uyğun olan ifadə deyil.

- Vaxtilə eks-prezident Ayaz Mütəllibovla bir yerdə olmusunuz,  sonralar yollarınız ayrıldı...

- Bəli, partiyamız vaxtilə fəaliyyət göstərəndə o, rəhbərlikdə təmsil olunmuş şəxs idi. Sonradan Ayaz Mütəllibov başqa partiyada - Sosial Demokrat Partiyasında həmsədri kimi təmsil olunmuşdu. 2005-cü ildə rəsmi olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınanda həmin şəxs partiyamızın üzvü deyildi.

- Hazırda Ayaz Mütəllibovla münasibətləriniz necədir?

- 2003-ci ildən bəri heç bir əlaqəmiz yoxdur.

- Hər il 22 iyul ölkədə Milli Mətbuat günü kimi qeyd edilir. Bildiyimizə görə, 22 iyul tarixinin Milli Mətbuat günü kimi rəsmiləşdirilməsində sizin də dəstəyiniz olub...

- SSRİ vaxtı 5 may mətbuat günü sayılırdı. Biz onu iyulun 22-nə keçirdik. Müstəqillik haqqında Aktı qəbul etməzdən öncə bəzi müstəqil atributlara dair  qanunvericilikdə dəyişikliklər etmişdik. Milli bayraq haqqında qanunun  təsviri qəbul olunmuşdu. Azərbaycanda bu proseslər gedirdi. Müstəqilliyə doğru atılan addımlar, postsovet məkanına daxil olan ölkələrdə dəyişikliklər həyata keçirilirdi. Həmin vaxt jurnalistlər bizə dəstək verdilər və mətbuat gününün 22 iyulda keçirilməsi təklifini alqışladılar. O zamanlar yüksək vəzifədə çalışırdım və bu, mənim vəzifə borcum idi.


- 1989-cu ildə Nazirlər Sovetində hüquq şöbəsinin müdiri vəzifəsində  çalışmısınız. Onda hələ sovetlər dağılmamışdı. Sonra müstəqilliyik qazandıq. 1992-ci ildən isə indiki dillə desək qalmaqallarla dolu Xalq Cəbhəsi dövrü başladı. Cəbhə dövründə çalışdığınız vaxtları necə xatırlayırsız?


- Cəbhə hakimiyyətə gələndə istefa verdim. Onların tərkibində xeyli hüquqşünas vardı. Təklif etdim ki, mənim yerimə bir adam təyin etsinlər. Çünki mən Xalq Cəbhəsinin üzvü olmadığımdan hüquqşünas kimi orada çalışmağım doğru olmazdı. O ərəfədə Ali Sovetin axırıncı çağırış deputatı idim. O dövrdən 2000-ci ilə qədər qanunvericilik hansısa icra orqanında çalışmağından asılı olmayaraq, həm də deputat fəaliyyətinə icazə verirdi. Bu Sovet dövründən qalan ənənə idi. 1991-ci ildə Ali Sovetin tərkibində 50 nəfərdən ibarət Milli Şura yaradıldı.  Həmin vaxt 50 nəfərin içində təmsil olunmağımla bağlı irəli sürülən təklifdən də imtina etdim. Hesab edirdim ki, parlamentdə deputat kimi fəaliyyət göstərməklə yanaşı, Milli Şuranın da üzvü ola bilmərəm. Buna səbəb vardı. Əslində o vaxtlar nazir, yaxud da dövlət müşaviri işləyənlər Milli Şuranın üzvü ola bilirdilər. Mən isə hüquq siyasəti üzrə dövlət müşaviri vəzifəsində çalışırdım. Buna qanunvericilik icazə versə belə, hüquq nəzəriyyəsinə ziddir.

- Sovet quruluşunun dağılması ərəfəsində Azərbaycanda ard-arda təlatümlü siyasi proseslər cərəyan edirdi. 20 Yanvar faciəsi, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalı, əsrin ən dəhşətli Xocalı soyqırımı və sairə.  Bu hadisələrin həm də dövlət rəsmisi kimi  şahidi olmusuz.

- Bir az da əvvələ gedək. Topxana meşəsində baş verənlərlə bağlı fikirlərimi ətraflı danışmaq istəyirəm. Yeganə şəxsəm ki, Topxana hadisələri  başlayanda ora getmişəm.

- O zaman daha ətraflı danışmanızı xahiş edəcəm. Topxana hadisəsi bədnam qonşularımızın planının bir hissəsi idi. Niyə Topxanaya tək getmək məcburiyyətində qaldınız?

- Bir az vaxtınızı alacam. Lap əvvəldən başlayaq: 1988-ci ilin 17 noyabrında indiki Azadlıq meydanında mitinqlər başlamışdı. Topxana meşəsi gündəmə gəlmişdi. Orada hansısa aliminium zavodunun tikilməsinə və Topxana meşəsinin qırılmasına etiraz olaraq Bakıdakı Azadlıq meydanında mitinqlər keçirilirdi. O zaman Sovet hökuməti komissiya yaratmışdı. Həmin komisiyaya AMEA-dan, Dövlət Tikinti Komitəsindən, müxtəlif nazirliklərdən meşənin qırılmasına görə müraciətlər olmuşdu. O zaman Moskva tərəfindən Dağlıq  Qarabağda xüsusi idarəetmə qurumu yaradılmışdı. Onun da rəhbəri Moskvadan təyin olunmuş Arkadi Volski idi.  Bu məsələlərə o nəzarət edirdi. O vaxt bir dəstə şəxs Moskvadan Bakıya gəlib buradan Xankəndinə getməli idilər. Həmin ərazidə qanun pozuntusunun olub-olmadığını araşdıracaqdılar. Mən Ədliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində çalışırdım. Məni də həmin komissiyaya daxil elədilər və Xankəndinə gəldik. Qarşı tərəf heç bir zavodun  tikilmədiyini, meşələrə toxunmadıqlarını, eləcə, istirahət ocaqları tikdiklərini söylədilər. Bunun təbiətə heç bir ziyanının olmadığını bildirdilər. Bir sözlə, iradlarımızın əsassız olduğunu dilə gətirdilər.
Moskvadan gələn nümayəndə heyəti də erməniləri müdafiə edərək, iradlarımızın əsassız olduğunu söylədilər. Bu vaxt belə fikir ortaya atdılar. Cıdır düzündə də istirahət mərkəzi tikə biləcəklərini dedilər. Bunun necə baş verəcəyini soruşduqda, o vaxt xəritəni açdılar və xəritədə harda istirahət mərkəzi tikmək fikirlərinin olduğunu göstərdilər. Biz xəritədə  Topxana tərəfdə tikilən ərazilərin kənd təsərrüfatına yararlı olduğu gördük. Bu zaman bildirdim ki, Torpaq  Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatına yararlı torpaqlarda həm tikinti, həm də layihələşdirmə aparmaq üçün mütləq Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarını görmədik. Dedim ki, siz Azərbaycan Nazirlər Sovetinə müraciət etməmisiniz. Ona görə də bu qanun pozuntusudur.

Məsələyə etiraz etməyimə çaşdılar. Rusiyadan gələn nümayəndə heyəti bildirdi ki, bizdə bunu vilayətlər həyata keçirə bilir. Xatırlatdım ki, siz federativ, biz isə unitar dövlətik. Sizin Məcəllədə o qeyd olunub. Bizim Məcəllədə o məsələ kobud şəkildə pozulub. Ona görə də kobud pozuntuya görə insanlar etirazını bildirir. Digər bir məsələ onların iradı ilə bağlı idi. Biz Topxana meşələrini qoruq kimi elan etməmişdik. Rəsmi sənədlərdə bu məsələ tarixi qoruq kimi göstərilmirdi. Onlar bunu bizə irad tutdular. Müstəqillikdən sonra cənab prezident bir çox yerləri qoruq elan etdi. Bu çox yaxşı haldır. Həmin vaxt orada fövqəladə vəziyyət üzrə general vardı. Həmin general Məcəllənin kobud şəkildə pozulduğunu əsas gətirərək, tikintinin dayandırılması barədə əmr verdi. Bununla da Topxana meşəsində aparılan tikinti işləri dayandırıldı. Əslində ermənilər xəritəni açmasaydılar, pozuntuya yol verdiklərindən xəbərimiz olmayacaqdı. Bizə acıq vermək üçün o xəritəni açsalar da, sonda öz işlərini sona yetirdilər.

Topxana meşəsində aparılan tikinti dayandırıldıqdan sonra Moskvadan gələn nümayəndə heyəti Xankəndidə qaldı. Biz isə Şuşaya qayıtdıq. Şuşada olanda bir çox vəzifəli şəxslər də orada idi. Onlara bildirdim ki, bizim qələbəmiz bir-iki günlükdür. Ona görə ki, sabah Volski gələcək və məsələni ona məruzə edəcəklər. Bu zaman onlar Nazirlər Sovetinə müraciət edəcəklər. Nazirlər Sovetinə müraciət edəndə bizim onlara “yox” deməyə əsasımız olmalıdır. Qanunların hazırlanmasında peşəkar idim. Qanunu hazır edib Bakıya göndərdik. Tələb etdik ki, günün birinci yarısında Nazirlər Sovetinin qərarı ilə Topxana meşəsi qoruq elan olunsun. Xankəndində ermənilərə dedim ki, “Topxanada istirahət mərkəzi tikdiyinizi deyirsiniz, bəlkə heç istirahət mərkəzi tikmirsiz? Biz ora gedib baxmaq istəyirik”. Ərazinin xatalı olduğunu söylədilər. Uzun söhbətdən sonra ora getməyimlə bağlı razılıq aldım. Getmək günü gələndə təhlükəli olduğunu hiss etdim. Rəsmi maşından imtina edib yol maşını ilə tək getdim. Əraziyə gələndə yol boyu silahlanmış dəstələrlə rastlaşdım. Şahidi oldum ki, orada ikimərtəbəli istirahət mərkəziləri tikirmişlər. Ancaq bizim söhbətimizdən sonra tikinti işləri dayandırılmışdı.

- Sabir müəllim, siyasi karyeranızdan çox danışdıq. Keçək səmimi söhbətə. Necə alınacağını bilmirəm. Doğulduğunuz yerdən deputatsınız. Seçicilərinizlə tez-tez görüşə bilirsinizmi?

- Seçicilərimlə tez-tez görüşürəm. Göyçay həm də mənim doğma yurdumdu. Demək olar ki, 2-3 həftədən bir Göyçayda oluram. Ata-baba evim ordadır.


- Göyçaydan olan azərbaycanlı milyoner Fərhad Əhmədov Rusiyada məşhur iş adamıdır. Onu şəxsən tanıyırsınızmı? Göyçaylılar üçün nələrsə edirmi?

- Göyçayda 2 nömrəli məktəbi bitirib. Hətta oxuduğu məktəbi çox yaxşı təmir elətdirib. Təkcə Fərhad Əhmədovla deyil, əksər göyçaylılarla təmasdayam. Bir xeyriyyəçi kimi Fərhad Əhmədov doğulduğu yerdə bir çox işlər görür. Rayonumuza hər zaman dəstək verir.

- Parlamentdə Qənirə Paşayeva ilə eyni masa ərxasında yanaşı əyləşirsiniz. Bildiyiniz kimi, Qənirə xanım çox aktiv  jurnalist olub. Necə anlaşırsınız Qənirə xanımla?


- Çox əla, çox normal. Qənirə Paşayeva fəal xanımlarımızdandır. Qənirə xanımla təkcə Milli Məclisdə yox, AŞPA-da da fəaliyyət göstəririk. Aktiv deputatdır.

- Parlamentdə xanımların sayının çox olmasını necə qiymətləndirirsiniz?

- Parlamentdə xanımların təmsil olunmasını müsbət qarşılayıram. Bütün dünya parlamentində xanımlar təmsil olunur. Qadınların parlamentdə çoxluq təşkil etməsinə müsbət yanaşıram. Düşünürəm ki, çoxluq əsas şərt deyil. Əsas şərt çalışqanlıq, fəallıq nümayiş etdirə bilməkdir. Eyni zamanda, xanımlarımız cəmiyyətdə də çox aktiv rol oynayırlar. Məsələn, Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə həmkarımız olanda da çox fəal deputat idi. Həmçinin, Mehriban xanım bu gün Birinci vitse-prezident kimi də çox fəaldır. Onun cəmiyyətdəki fəallığı hər bir vətəndaş tərəfindən də müsbət qarşılanır. Həmişə vətəndaşlıq mövqeyini ortaya qoyub. Hesab edirəm ki, qadınların ictimai-siyasi proseslərdə aktiv olması müsbət haldır.

- Sabir müəllim, bildiyimizə görə, övladlarınızdan biri iş adamının qızı ilə ailə həyatı qurub. Bəzən deputatların məmurlarla, nazirlərlə quda olması mediada gündəmə gətirilir. Sanki kasıbla quda olmaq qəti qadağandır.

- Əvvəla, bir oğlum yox, hər iki oğlum iş adamlarının qızları  ilə ailə qurub.  Hər iki qudam cəmiyyətdə o qədər də tanınan şəxs deyil. Sadəcə, iş adamlarıdırlar. Bu məsələyə fərqli yanaşıram. Heç zaman övladlarıma tövsiyə etməmişəm ki, “gedin, filankəsin qızını alın”.

- Amma tövsiyə edənlər daha çoxdur.

- Bu barədə bir söz deyə bilmərəm. Hər halda, bizim ailədə belə hal olmayıb. Həmişə övladlarıma demişəm ki, hansı qızı bəyənirsinizsə, onunla da evlənin. Əsas məhəbbət və istəkdir. Qarşılıqlı məhəbbət və istək varsa, mütləq o qapıya getməyə dəyər. Oğlanlarım evlənməzdən öncə onlara xəbərdarlıq da etmişəm: Sevdiyiniz qızın qapısına gedib valideynlərindən  isətəyəndə bilin ki, qızın tərəfində olacam. Çünki mən sizi məcbur etmirəm ki, filan qızı alasınız. Siz məni məcbur edirsiniz ki, bu qızı bəyənmişik, sevirik. Əgər gedib qızı valideynlərindən istəyirəmsə, o gündən qızın tərəfindəyəm.

- İndi də gəlinlərinizin tərəfindəsiniz?

- Əlbəttə. Gəlinlərim də bilir ki, mən onlara cavabdehəm. Bilirlər ki, nə problem olsa, onların tərəfində olacam.

- Ancaq bir çox ailələrdə gəlinə yad qızı kimi baxırlar. Valideynlər  oğlanlarını müdafiə edirlər.

- Oğlanlarımız da ailə başçısıdırlar. Xanımlarını göz bəbəyi kimi qorumalı və daha çox sevməlidirlər. Ailədə böyüklər isə özlərini hər zaman böyük kimi aparmalıdırlar.

- Adətən gəlinlərə bu cür sevgi olanda qaynanalar qısqanır. Maraqlıdır, sizin yoldaşınız bu məsələlərə necə yanaşır? Ailədə qısqanclıq varmı?

- Bu gün övladlarımın anası ilə bir yerdə yaşamırıq. Uzun müddətdir ki, ayrılmışıq. Amma təbii ki, normal münasibətlərimiz qalır.

- Bəs onda ikinci dəfə ailə həyatı qurmusunuz?

- Hələ ki yox.

- Qadın üçün hardasa tək yaşamaq asandır. Ancaq bu təkliyi kişilər rahat və sağlam formada davam etdirə bilmirlər.

- Bunun nəyə görə çətin olduğunu düşünürsüz?

- Qadınlar kişilərlə nisbətdə ailədə daha fəaldırlar. İdarəçiliyi də yaxşı bacarırlar.

- Bir kişi olaraq özümü idarə edə bilirəm.

- Hər halda, bir kişi olaraq tək yaşamaq çətindir...

- Bilirsiniz, əgər məişət məsələsində kişiləri passiv hesab edirsizsə, mən belə düşünmürəm.

- Mənəvi təklik də insanı yorur...

- Təbii, heç zaman deməmişəm ki, tək yaşamaq evli olmaqdan yaxşıdır. Bu belə deyil. Bu məsələyə formal yanaşmaq da düzgün deyil. Təklik o demək deyil ki, sizi kimsə sevmir, təklik o deməkdir ki, siz kimisə sevmirsiniz.

- Sabir müəllim, belə hiss etdim ki, tək yaşamağınızdan məmnunsuz...

- Deməzdim. Həyat davam edir. Hər halda, mən də istəyirəm ki, yenidən ailə qurum. Sadəcə bəzi səbəblərə görə bu baş vermir.

- Ümid edək ki, bu baş verəcək...

- Cavan oğlanam. Hər şey qabaqdadır. Həyatda çox optimist insanam. Hesab edirəm ki, yaxşı günlər qabaqdadır.

- Mikayıl Müşfiqin məşhur şeiri var. “Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki! Böyük günlər, şanlı günlər, şən günlər, yoluna düşən günlər, Hələ qarşımızdadır”

- Bu təkcə mənə aid deyil. Bilavasitə Azərbaycan dövlətinin, xalqının ən parlaq günləri qarşıdadır. Bu gün ölkəmizdə hər sahədə islahatlar və inkişaf göz önündədir. Hər zaman optimist olmalıyıq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44