Modern.az

Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?  

Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?  

Aktual

24 May 2019, 15:43

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş kütləvi informasiya vasitələrinin və müxtəlif ekspertlərin əsas müzakirə mövzularındandır. Danışıqlar artıq son mərhələsindədir, lakin tərəflər arasında bəzi məsələlər üzrə fikir ayrılığı Sazişin imzalanmasını uzanır.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

Birlik sədri deyib: "Kifayət qədər məlumatı olmayan bəzi ekspertlər bunu sazişin siyasi bloku, xüsusilə demokratiya və insan hüquqları üzrə hissəsi ilə əlaqələndirirlər. Amma müşahidələrimiz göstərir ki, saziş fikir ayrılığı iqtisadi bloka aiddir. Avropa İttifaqının digər ölkələrlə imzalanmış sazişlərindən də görmək olar ki, onlar geniş iqtisadi-ticarət əməkdaşlığı əhatə edir. Belə olan halda, təbiidir ki, Azərbaycan tərəfi danışıqlarda iqtisadiyyatın dayanıqlı inkişafı, sahibkarlığın gücləndirilməsi və əhalinin sosial müdafiəsinə yönəltmiş milli maraqlardan çıxış edir. KİV-lərdə artıq bir sıra önəmli məqamlar haqda məlumat verilib. Bir çox ekspertlər buna dair öz fikirlərini bildiriblər. Açıqlanan məlumatlarda bir məsələ diqqətimi çəkdi.

Avropa İttifaqı Azərbaycan bazarında öz maraqları üçün preferensiyaları əldə etmək istəyir. Bu, təbiidir. Amma eyni zamanda çalışır ki, ölkəmiz yerli sahibkarları, kiçik və orta müəssisələri, onların məhsul, iş və xidmətlərinin təşviqini məhdudlaşdırsın. Bu isə Azərbaycanda biznes mühitinin əlverişliyinin daha da artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kiçik və orta biznesin iqtisadiyyatda, xüsusilə ixracda payının artırılması, bunun üçün sahibkarlara müxtəlif stimullaşdırma mexanizmlərinin yaradılması, ümumilikdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatlarla uzlaşmır.

Etiraf etməliyik ki, son dövrlərdə bu sahədə önəmli işlər görülüb.

Məsələn, dövlət satınalmalarında kiçik və orta sahibkarların rolunu gücləndirmək məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunda ciddi dəyişikliklər edilib. Belə ki, mallara və xidmətlərə münasibətdə 3 milyon ABŞ dollarınadək dövlət satınalmaları yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulu tətbiq edilməklə elektron satınalma vasitəsilə keçirilməlidir.

Avropa İttifaqı isə tələb edir ki, bizim qanunvericilikdə dövlət satınalmalarında kiçik və orta sahibkarlar üçün üstünlük yaradan təşviqedici müddəa ya ləğv olunsun, ya da elə məhdudlaşdırılsın ki, onların dövlət satınalmalarında iştirakı minimuma ensin. Maraqlıdır ki, keçən ilin iyul ayında imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında tərəfdaşlıq sənədində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi yer ayrılır. İndi isə elə çıxır ki, Avropa İttifaqı danışıqlarda əks mövqe tutur.

Şübhəsiz ki, Avropa İttifaqının bu mövqeyi qəbul edilə bilməz və Azərbaycanın maraqları ilə uzlaşmır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!