Modern.az

Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı?

Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı?

25 May 2019, 11:34

Bakıda birgə yaşadığı qadına qarşı xüsusi qəddarlıqla zor tətbiq etməkdə, onu öldürməklə hədələməkdə, bıçaqla saçlarını kəsib işgəncə verməkdə və axırda da zorlamaqda günahlandırılan 31 yaşlı Roman İbrahimov məhkəmə qarşısına çıxarılıb. O, qadını döydüyünü, saçlarını kəsdiyini etiraf etsə də təkzə zorlama ittihamını boynuna almır.

 

Virtualaz.org-un xəbərinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. İş materiallarına əsasən Roman İbrahimov əvvəllər faktiki ər-arvad münasibətində olduğu Səmayə Bağırova (ad və soyad dəyişdirilib-red.) ilə “aralarında yaranmış narazılığa son qoymaq üçün” onu yaşadığı evə çağırıb. Cinsi əlaqədə olmaq istəyib, amma qadın etiraz edib. Qadının ona “yox” deməsindən əsəbləşən R.İbrahimov mənzilin qapısını arxadan bağlayıb, açarları gizlədib, Səmayənin mobil telefonunu sındırıb. Daha sonra onu döyüb, sürüyərək mətbəxə aparıb və saçlarını kəsib, zorla cinsi əlaqədə olub.

 

Törətdiyi cinayət əməlinə görə, R.İbrahimov barəsində Cinayət Məcəlləsinin 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxs və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə zorlama) maddələri ilə ittiham irəli sürülüb.

Qəzet köşkünün satıcısı kontur alan qadınla dostlaşır

Təqsirləndirilən Roman İbrahimov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, Səmayə Bağırova ilə 2017-ci ilin dekabrında – metronun “Əhmədli” stansiyasının yaxınlığındakı qəzet köşkündə satıcı işləyən vaxtlar tanış olmuşdu. Belə ki, Səmayə bir neçə dəfə Romandan kontur alıb, öz telefon nömrəsini ona verib, aralarında dostluq münasibəti yaranıb. Arabir zəngləşib görüşüblər.

Günlərin birində isə Səmayə Romana qalmağa yeri olmadığını deyib: “Tək yaşayırdım. Ona görə də təklif etdim ki, gəlib mənimlə qalsın. Razılaşdı, əşyalarını götürüb mənim yanıma köçdü. İlk dəfə anası ilə birgə bizə gəldi. Anasına dedim ki, Səmayəni sevirəm, onunla evlənmək niyyətindəyəm”.

“Rəfiqəsi onu yoldan çıxardı...”

Çox keçməyib ki, Roman sevdiyi qadını öz ailə üzvləri, yaxın qohumları ilə də tanış edib. Ümumi razılıq əsasında faktiki ər-arvad kimi bir yerdə yaşayıblar. Amma cütlüyün mehribançılığı o qədər də uzun sürməyib: “Rəfiqəsi onu yoldan çıxarırdı. Axşamlar evə gec gəlirdi, çox zaman heç gəlmirdi. Ondan həmin rəfiqəsi ilə münasibətlərini kəsməyi tələb etdim. Mənim sözümü eşitmədi. Buna görə əsəbləşib mənzilin açarlarını əlindən aldım. Sonradan özü zəng vurub mənimlə birgə yaşamaq istədiyini, binanın qarşısında olduğunu dedi. Səmayəni qarşıladım, yuxarı qalxdıq”.

 

Qapının gözlüyündən baxanda görüb ki...

R.İbrahimovun dediklərinə inansaq, Səmayənin telefonuna rəfiqəsi zəng vurub, ona indi gələcəyini deyib, paltarlarını geyinib evdən çıxmaq istədikdə mənzilin açarlarını tapmayıb: “Evin açarlarını gizlətdim, Səmayənin telefonunu sındırdım ki, rəfiqəsi ilə əlaqə saxlamasın. Bir qədər sonra qapı döyüldü. Gözlükdən baxanda gördüm ki, rəfiqəsi bir nəfər oğlanla qapıda dayanıb. Onları söydüm, çıxıb getmələrini tələb etdim. Səmayə mənə “özüm istədiyim kimi yaşayacağam” dedikdə onu döydüm, sürüyüb mətbəxə apardım. Qayçı tapmadım, saçlarını bıçaqla kəsdim. Sonra da qapını açıb dedim ki, çıx get. Bu vəziyyətdə heç yana gedə bilməyəcəyini deyib gecəni evdə qaldı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə zamanı Səmayəni döysə də, ona qarşı cinsi zorakılıq etməyib: “Özü gəlib peşman olduğunu dedi. Mən də dedim ki, sənə yeni telefon alacağam. Mən Səmayəni döymüşəm, saçlarını kəsmişəm, qapını bağlayıb getməsinə icazə verməmişəm, amma zorlamamışam. Bizim aramızda hər şey könüllü şəkildə olub. Onun boğazına bıçaq dirəyib öldürməklə hədələməmişəm”.

 

Roman allahsız imiş?

Zərərçəkmiş Səmayə Bağırova isə ifadəsində deyib ki, Roman onunla ailə qurmaq niyyətində olduğuna görə ər-arvad kimi yaşamağa başlayıb. Getdikcə münasibətləri ciddiləşib. Lakin evə gələn ateist dostlarının dininin əleyhinə danışması Səmayənin oradan uzaqlaşmasına səbəb olub.

“İslam dininin əleyhinə danışır, Allahın adına nalayiq ifadələr işlədir, ateist kitablar oxuyur, Allahın olmadığını deyirdilər. Romanın belə davranışını qəbul edə bilmədim və rəfiqəmin yanına köçdüm. Mənim rəfiqəm onun dediyi kimi heç də pis qız deyil, işləyib özünü dolandıran gənc qadındır”-zərərçəkmiş qadının versiyası belədir.

S.Bağırova deyir ki, Roman bir neçə dəfə onun iş yerinə gələrək barışmaq istəyib. Lakin qadın barışmaq istəməyib və mənzilin açarların onun özünə qaytarıb. Hadisədən bir gün öncə Roman zəng vurub anasının onu görmək, özünün isə barışmaq istədiyini deyib.

 

“Mənzildə Romanın anasını görməyib məni aldatdığını başa düşdüm. Qapıya doğru getdikdə əli ilə ağzımdan vurdu. Rəfiqəmə zəng vurmaq istədikdə telefonu əlimdən alıb divara çırpdı. Saçımdan tutub mətbəxə sürüyüb apardı, boğazıma bıçaq dirəyib öldürəcəyi ilə hədələdi. Dartıb yataq otağına apardı, mənimlə zorla yaxınlıq etdi. Gecəni səhərə kimi evdə saxladı. Səhər saat 6-da qapını açıb dedi ki, çıx get”-o, ifadəsində deyib.

Zərərçəkmiş ifadəsində hadisədən sonra polisə gedərək şikayət ərizəsi yazdığını deyib. Şikayət ərizəsində Roman tərəfindən zorlanıldığını göstərsə də istintaq dövründə fərqli ifadələr verib: “Romanın qohumları mənə təzyiq edirdilər ki, şikayətimi geri götürüm. Qardaşı vəkil tutmuşdu. Vəkil də mənim adımdan bütün instansiyalara ərizələr yazmışdı ki, guya Roman məni zorlamayıb, biz barışmışıq. Romanın ittiham olunduğu maddələrlə məsuliyyətə cəlb olunmasını tələb edirəm”.

Məhkəmə prosesi davam edir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi