Modern.az

İnsanlığın faciəsi

İnsanlığın faciəsi

Aktual

25 May 2019, 16:56

“Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik”

    Fyodor Dostoyevski    

 

Uşaqlar gələcəyimizin təminatçıları, ailənin inkişaf sütunlarıdır. Onları qorumaq təkcə bir ailənin deyil, bütün cəmiyyətin ümdə borcudur. Bəlkə də görkəmli rus yazıçısı F.Dostoyevskinin dediyi kimi, insanlığı sevmə səbəbimiz də elə uşaqlardır. Parlaq gələcək naminə bu sevgiyə sadiq qalmaq insanlıq göstəricisidir.

 

Təəssüf ki, bəzən gələcəyimizi öz əllərimizlə məhv edirik. Uşaqların intiharı nəinki ayrı-ayrı fərdlərin, bütün insanlığın faciəsidir.  Bu gün hansısa körpə ona edilən təzyiqlər, hədə-qorxular, qısnamalar, “vəhşi daranışlar” ucbatından canına qəsd edirsə, bu hadisədə hamımız günahkarıq.

          XX əsr alman yazıçısı Erix Mariya Remark deyib: “Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır.”  Bu gün hər birimiz insan ölümünə biganə yanaşırıqsa, onu yalnız statistik göstərici kimi qəbul ediriksə artıq bu hal daxilimizdə insanlıq keyfiyyətlərinin yavaş-yavaş daşlaşdığından xəbər verir.

          Dünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə intihar statistikasına əsasən, dünyada il ərzində 800000 nəfər intihar səbəbilə həyatını itirir. Bu hər 40 saniyədə 1 nəfərin ölümü deməkdir. İntihar ömür boyu baş verə bilən haldır və 15-29 yaş arası insanların ölümünün ikinci əsas səbəbidir. Suisid halları bütün dünyada ölümlərin 1,4%-ni təşkil edir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanla bağlı rəsmi statistika açıqlamır.

          Son dövrlər Azərbaycanda azyaşlılar, xüsusən də məktəblilər arasında intihar hallarının artması məsələnin ciddiliyini bir daha gündəmə gətirir. Təhsil üzrə ekspert Kamran Əsədov mediaya açıqlamasında bildirib ki, 2019-cu ilədək ölkədə 11 məktəbli intiharı faktı qeydə alınıb.  2019-cu ilin 9 fevralında Biləsuvar rayonunda 2004-cü il təvəllüdlü, Çinarlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. 4 aprel tarixində Bakı şəhərində 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. E.Hacıyevanın vəfatından sonra məktəbli intiharları daha intensiv hal almağa başladı.

          İntihar hallarının baş verməsinin əsas səbəbləri, səbəblərin aradan qaldırılması yolları, eləcə də məktəbliləri intihara sövq edən amillər barədə ətraflı məlumat əldə etmək üçün ekspertlərin rəyini öyrənmək daha məqsədə uyğundur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bildirdi ki, tədqiqatçılar intiharların 800 səbəbini araşdırıb və belə qənaətə gəliblər ki, xüsusilə yetkinlik yaşına çatmayanlar arasında intiharın müxtəlif formalarına rast gəlmək mümkündür. Azərbaycan intihar statistikasına görə dünya ölkələri arasında 3-cü, yəni ən aşağı göstərici üzrə qərarlaşıb. Qeyd edək ki, dünyada intihar statistikasına görə ölkələr 3 yerə ayrılır: ən çox intihar olan ölkələr, orta intihar göstəricili və ən aşağı göstəriciyə sahib ölkələr.

          Ekspert bildirdi ki, şəxsiyyətin yetişkənliyi dövründə uşaqlarda iradə zəifliyi yaranır. Nəticədə müəyyən qədər psixoloji təsir belə uşaqlarda neqativ hallara gətirib çıxarır ki, ən dəhşətli halda bu intiharla nəticələnir. Uşaq intiharlarının bir sıra səbəbləri var: ailədə şiddət, ailədaxili münaqişələrin davamlı baş verməsi, atanın anaya qarşı aqressiv münasibəti, valideynin zərərli vərdişlərə meylliliyi, ailənin diqqət mərkəzindən kənarda qalmaq, ailədə radikal təriqətin formalaşması, uşaqlarda erkən sevgi hisslərinin yaranması, biganəlik, psixoloji sarsıntılara səbəb olan internet oyunları və s.

          A.Veysəlova qeyd edir ki, uşaqlara valideyn nəzarəti ən önəmli faktordur. Valideyn övladının kimlə dostluq etməsinə, hansı mühitdə təhsil almasına və s. daim diqqət etməlidir. Əgər övladınız həyətdə yoldaşları ilə vaxt keçirməyə deyil, evdə telefon və digər vasitələrə üstünlük verirsə, bu halda belə diqqətli olmaq lazımdır. Çünki uşaqlar telefonla daha çox təhlükə ilə qarşı-qarşıyadır, nəinki yoldaşları ilə münasibətdə. Müasir dövrdə texnologiyaların inkişafı, yeni-yeni internet oyunlarının yaranması uşaqlara təsir edən əsas psixoloji amillərdir. Son dövrlər azyaşlılar arasında “Mavi balina” və s. kimi internet oyunlarına həvəs təəssüf ki, onlarda intiharları intensivləşdirən əsas amillərdən biridir. Nəticədə uşaqlar potensial suisid hallarına meylli varlıqlara çevrilir.

          Biganəlik və laqeydlik uşaq intiharlarına səbəb ən aparıcı faktorlardır. Komitə rəsmisi deyir ki, bu gün Elina Hacıyevanın hamının gözü qarşısında özünü məktəbin pəncərəsindən atması, çox ağır məsələdir. Bu məsələdə hamının üzərinə məsuliyyət düşür: mənim, şagirdlərin, onların valideynlərinin, müəllimlərin və s. Orada təhsil alan bütün uşaqların hüquqları eynidir. Müəllim və şagirdlər elə şərait yaratmamalıdır ki, hər hansı bir şagird özünü sinifdə narahat hiss etsin.

          Bu kimi məsələlərin ictimaiyyətə çatdırılmasında əməli addımlar atılmalı, maarifləndirici tədbirlər görülməlidir. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda uşaq və ailələrə dəstək mərkəzi fəaliyyət göstərir. A.Veysəlovanın açıqlamasına görə, komitə beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməyə çalışır.

          Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Sosial və pedaqoji psixologiya” kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lalə Cabbarova yetkinlik yaşına çatmayanlar arasında intiharlara səbəb olan sosial-psixoloji amillərdən söz açdı: “Uşaqlarda mənlik şüurunun böhran dövrü olduqca həssas bir mərhələ kimi xarakterizə olunur. Mənlik şüurunun böhran dövrü 2 mərhələyə ayrılır: 3 yaşında mənlik şüurunun böhranı və yeniyetməlik dövrü böhranı. Uşaqlarda cinsi yetişkənlik dövründə mənlik şüurunun böhranı daha da kəskinləşir. Bu dövrdə onlara uşaq münasibəti ətraf-mühitlə həmin uşaqlar arasında konfliktlərin yaranmasına səbəb olur. Belə olan halda həmin uşaqlar onları böyük kimi qarşılayacaq insanları axtarmağa səy göstərir. Psixoloji cəhətdən bu dövr daha təhlükəli dövr hesab edilir, belə hallarda uşaqların müəyyən dairələrə qoşulmaq ehtimalı daha yüksək olur. Nəticədə özünü böyük kimi göstərmək üçün zərərli vərdişlərə də əl ata bilərlər. Ümumiyyətlə, hər intihara 100-200 cəhd düşür. Bəzən uşağın “özümü öldürəcəm” ifadəsinə valideynlərin laqeydliyi bağışlanılmazdır. Çünki bu ifadələr də intihara cəhd kimi qiymətləndirilir. 10-15% uşaqlar isə məqsədsiz olaraq sırf intihar etmək üçün intihara cəhd göstərir. Qalan 80-85% şəxslər isə kömək axtarmaq, diqqət çəkmək məqsədilə intihar edir. Ailədə və yaxın qohumlarda kimsə intihara təşəbbüs göstəribsə, uşaqlarda müəyyən qədər bu hadisədən yaranan intihara cəhd hallarına da rast gəlmək mümkündür.”

          BDU-nun Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” kafedrasının müdiri, professor Həmid Vəliyev intihar məsələlərinin işıqlandırılmasında KİV nümayəndələrinin məsələyə birmənalı yanaşmasının doğru olmadığını vurğuladı. H.Vəliyev deyir ki, KİV-də intihar məsələlərinin bütün detallarınadək işıqlandırılması qəbulolunmazdır. Çünki bu insanın psixoloji sarsıntılarından, məruz qaldığı neqativ hallardan doğan bir məsələdir. Hətta elə hallar da olur ki, insan intihara cəhd göstərərkən daha kəskin yollara əl atır. Məsələn, 3-cü mərtəbədə yaşamasına baxmayaraq özünü ən yüksək mərtəbədən ataraq intihar etməyə səy göstərir. Burada məqsəd birbaşa intiharın baş tutmasına təşəbbüs göstərməkdir, xəsarət alaraq kimdənsə asılı vəziyyətə düşmək yox. Hətta bəzən mediada qız uşaqları haqda yazılması lazım olmayan informasiyalar, cinsi istismara məruz qalmaq, zorakılıq və s.  yer alır. Lakin qeyd etmək lazımdır ki, bu hallara yol vermək beynəlxalq uşaq hüquqlarına ziddir. Belə halların qabardılması həmin uşaqlara psixoloji təsir edir, hətta onun özünə qəsd etməsinə də səbəb ola bilər.

          El dili ilə desək, məktəb şagirdlərin ikinci evidir. Ancaq bu evin qapıları zülmət qaranlığa açılmamalıdır. Uşaqların psixoloji durumuna amansızcasına təsir göstərənlər, onları mənəvi olaraq incidənlər təkcə hakimiyyət qarşısında deyil, bütün cəmiyyət qarşısında cavab verməli olacaqlar. İnsan həyatını təhlükədə qoymaq, onu intihara sürükləyəcək addımlar atmaq qanunvericilikdə müvafiq maddələr əsasında nizamlanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinə görə,  həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 314-cü maddəsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) bəndinə əsasən, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

          Suisid dövrün ən aktual və həssas problemidir. İşıqlı gözlərin bu faciənin qurbanına çevrilməməsi üçün sevinc və məhəbbət dolu dünyamızın kiçik sakinlərini bütün mənfiliklərdən qorumağa çalışaq. İnsanlığın faciəsinə körpə mələkləri qurban verməyək!

 

Mirzəyeva Zeynəb

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...