Modern.az

Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək

Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək

27 May 2019, 12:45

Avrasiya  materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının Azərbaycan keçirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər veirir ki, Heydər Əliyev Mərkəzində  keçirilən mətbuat konfransında festivalın sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcəyi bildirilib.

 

Mətbuat konfransında məlumat verilb ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etir. Təşkilat komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba, Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.

 

Bildirilib ki, festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir. Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, YUNİSEF-in dəstəyi ilə keçirilir. 


  
Qeyd edək ki, 2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin «LiFFt» festivallar festivalının qalibi 27 ölkənin 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.

 

Festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.

 

"LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Al çıxışında bildirib ki, Bakıda keçiriləcək  tədbirin festivalın tarixində ən parlaq səhifələrdən biri olacağına inanır. 

 

" Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə «Nəsimi ili» elan etməsi şərəfinə təşkilat komitəsi 4-cü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edilib".

 

Marqarita Al festival çərçivəsində ədəbiyyat forumu, dəyirmi masalar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlərin keçiriləcəyini qeyd edib.

Almaniyalı fotoqraf və rəssam Aleksandr Aleksander isə festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib, Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan "Perqamon qurbangahının ikinci həyatı" sərgisindən söz açıb.

 

"LiFFt" festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtləri barədə məlumat verib.

 

Qeyd edib ki, Bakı festivalında materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. O, seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək nüfuzlu dünya yazarlarının adlarını açıqlayıb.  Bunlar dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu,  tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey  Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, Dünya poeziyası almanaxının rəhbəri, Ümumdünya Sülh mükafatı laureatı Hadaa  Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləridir.

 

Festivalın Azərbaycan üzrə koordinatoru  Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb: Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud. O, festivalın proqramına daxil ediləcək Azərbaycanla bağlı təqdimatlardan, ölkəmizin populyar ədəbi layihələrindən olan "Söz" layihəsindən, eləcə də əcnəbi yazarlar üçün nəzərdə tutulan "Mən Azərbaycanı niyə sevdim" müsabiqəsindən söz açıb.

 

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin ədəbiyyatın təbliği istiqamətindəki layihələrindən danışıb. Həmçinin festival günlərində Bakı Kitab Mərkəzində həyata keçiriləcək layihələr haqqında məlumat verib.

 

Mətbuat konfransında 4-cü "LiFFt"  festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb. Vurğulanıb ki, festivalda materik ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir