Modern.az

Deputat Kamilə Əliyeva: “Kirli siyasət oynayanlar dərin kədərə qərq oldular”

Deputat Kamilə Əliyeva: “Kirli siyasət oynayanlar dərin kədərə qərq oldular”

Aktual

1 İyun 2019, 12:57

“Azərbaycan daha bir nüfuzlu beynəlxalq tədbirə, gözəl idman yarışına, UEFA Avropa Liqasının “Çelsi”-“Arsenal” final qarşılaşmasına uğurla və layiqincə ev sahibliyi etdi. Azərbaycanımız, paytaxtımız Bakı, xalqımız, dövlətimiz daha bir imtahandan, daha bir sınaqdan alnıaçıq, üzüağ çıxdı”.

 

Bunu Modern.az-a deputat, BDU-nun professoru Kamilə Əliyeva söyləyib.

 

O qeyd edib ki, mayın 29-dan 30-a keçən gecə dünya, Azərbaycanı istəyən və istəməyən dairələr, mərkəzlər bir daha Azərbaycan reallıqları, həqiqətləri, gerçəklikləri ilə qarşılaşdı, üz-üzə qaldı:

 

“Bütün dünya bir daha şahid və əmin oldu ki, Azərbaycan necə böyük mədəniyyətə malik sivil bir ölkədir, nə qədər böyük inkişafa, çiçəklənməyə, tərəqqiyə nail olunmuş dünyəvi, unitar, demokratik, modern bir məmləkətdir. Azərbaycan “Çelsi”-“Arsenal” qarşılaşmasını möhtəşəm şəkildə təşkil etməklə, keçirməklə, bütün hazırlıq işlərini və təhlükəsizlik tədbirlərini ən üst səviyyədə görməklə, həmin günlə bağlı məkrli ssenari cızanların, kirli plan planlayanların bütün çirkin və murdar arzularını, niyyətlərini gözlərində qoydu, onları növbəti dəfə xəyalqırıqlığına uğratdı, fiaskoya düçar etdi. Əksini gözləmək də qeyri-mümkün idi. Çünki Azərbaycan bu günə kimi, nəyi üzərinə götürübsə, nəyi reallaşdırmaq istəyibsə, hamısına da nail olub, hamısını da bir-bir layiqli şəkildə bacarıb. Bu dəfə də belə oldu, bu dəfə də nəyi necə etmək lazımdırsa, onu da etdi - özü də qat-qat layiqincə, çox-çox möhtəşəmcəsinə. Futbol gözəl, dünyanın böyük və mütləq əksəriyyətinin, bəlkə də planetin iki üzvündən birinin maraqla, həyəcanla, zövlə izlədiyi, həzz, ləzzət aldığı bir idman növü, idman yarışıdır. Eyni zamanda, siyasətdən uzaq olan bir yarışdır. İdmanın idman, futbolun futbol yeri, siyasətin siyasət, siyasətşünaslığın siyasətşünaslıq yeri var və olmalıdır. İdmanı, futbolu kirli, çirkin siyasi maraqlar naminə siyasətin alətinə və qurbanına çevirmək olmaz. Futbol, idman siyasətə alətə ediləndə, öz gözəlliyindən, möhtəşəmliyindən çıxmış olur və çox zaman da bunu edənlərin özlərinə qarşı çevrilir, bumeranqa dönüb, zərbəsi ilk öncə onların özlərinə dəyir. Bu dəfə də belə oldu”.

K.Əliyeva vurğulayıb ki, məlum erməni futbolçuya görə bütün dəyərləri yerə vuranlar, haqqı, ədaləti unudanlar, Azərbaycana şər-böhtan yağdıranlar mayın 29-dan 30-a keçən gecə öz layiqli cavablarını aldılar:

 

“Futbol oynamaq əvəzinə, kirli siyasət oynayanlar dərin kədərə və qüssəyə qərq oldular. “Çelsi”lilər möhtəşəm oyun göstərməklə, “Arsenalı” necə deyərlər, darmadağın etdilər və Avroliqanın kubokunu qazandılar. Buna ilahi ədalət də demək olar. Allah da həmin gün “Çelsi”nin, ən əsası haqqın, haqlının, Azərbaycanın tərəfində oldu. Erməni futbolçuya görə timsah göz yaşlarını tökənlər, indi gedib “Arsenal” və ermənilərlə birlikdə ağlasınlar və göz yaşları töksünlər. Atalar məsəlimizdə də deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına. Bəli, Azərbaycan yenə bacardı, həmişə bacardığı kimi. Bundan sonra da bacaracaq, bundan sonra da qarşısına çıxan bütün maneələri, sədləri, əngəlləri, haqsızlıqları bir-bir aşacaq, dəf edəcək, daha böyük əzmlə gələcəyə, zəfərlərə doğru yürüyəcək. Yürüşün, zəfərin mübarək, Azərbaycan!”

 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda AvroLiqanın final oyununda “Arsenal”-“Çelsi” qarşılaşması keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır