Modern.az

Jurnalistlər niyə gözdən düşür...

Jurnalistlər niyə gözdən düşür...

3 İyun 2019, 15:50

Əvvəllər insanlar jurnalistikanı problemlərin həlli ünvanı kimi görürdülər. Hər hansı narazılığı, şikayəti olan şəxs birbaşa jurnalistə müraciət edirdi. Mətbuatda məsələnin işıqlandırılması kifayət edirdi ki, problem öz həllini tapsın.

Bəs indi vəziyyət necədir? Jurnalistikanı çıxış yolu kimi görənlər var, yoxsa problemin mətbuat vasitəsi ilə həll olunacağına  inam itib?


Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bu mövzuda danışıb:
 

“Sovet mətbuat sistemi birbaşa dövlətlə bağlı idi. Mətbuatda çıxan hər hansı yazı rəsmi hesab olunurdu.  Dərc olunmuş yazılara, yəni mövzuya  ciddi reaksiya gəlirdi. Hətta satirik jurnallarda belə,  məsələn “Kirpi”  jurnalında   bir müəssisənin adı hallanardısa, bu həmin təşkilat üçün əsl fəlakət hesab olunurdu. Dövlət orqanları həmin jurnalda haqqında məqalə çıxmış təşkilatları çox ciddi şəkildə cəzalandırırdı. Yalnız tənqid xarakterli yazılar yox, tərif xarakterli xəbərlər də mətbuatda dərc olunurdu. Tirajı çox olan qəzetlər vasitəsilə bütün respublika şəxs və ya qurum haqqında  məlumatlanırdı, ona rəğbət yaranırdı.  Çünki həmin vaxtlar mətbuatda çıxan sözün dəyəri çox böyük idi.  Əsas məsələ də o idi ki, o vaxtkar mətbuatda müxalifət və  iqtidar mövqeyi yox idi. İndi isə mətbuatda hər iki mövqe ilə rastlaşırıq. Müxalif mətbuata  dövlət məmurlarının bəziləri sərt reaksiya verir. Bəzi məmurlar da sözügedən problemə kömək etməkdən çəkinir ki, birdən müxalifyönlü mətbuatı dəstəklədiyini düşünərlər”.   

Sosioloq qeyd edib ki, əvvəllər jurnalistlər məsul şəxs hesab olunurdu, çalışırdılar ki, yazdıqları xəbərlər gerçəkliyə uyğun olsun:

“İndi sensasiya xatirinə nə gəldi yazırlar. Belə olanda da jurnalist gözdən düşür, ona qarşı inam azalır. Artıq oxucu da xəbəri əvvəlcədən qurulmuş oyun kimi səciyyələndirir və sonra da həmin şəxsə qarşı qeyri-ciddi münasibət yaranır. Struktur çox dəyişib, əvvələr sözün çəkisi var idi. İndi reket jurnalistlər çoxalıb ki,  onlar da mətbuatı gülünc hala salır. Pul qazanmaq üçün bəzi jurnlaistlər oyun qurur  bu da nüfuzlarının getməsi ilə nəticələnir. İstər fərdi şəxsin, istərsə də hər hansı qurumun mətbu orqanı ələ alması,  sifarişə uyğun xəbərlərin yazılması düzgün hal deyil”.


Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin rəhbəri Elçin Şıxlı
bildirib ki, indi problemi olan jurnalistə yox, sosial şəbəkəyə üz tutur:


“Bəzi jurnalistlər mətbuatı o hala salıblar ki, daha insanlarda jurnalistə qarşı inam qalmayıb. Belə olan halda da çıxış yolu kimi üz tuturlar sosial şəbəkələrə. İndi həmin vasitəni daha demokratik hesab edirlər. Əvvəllər,  məsələn, Sovet dövründə senzura olsa da, mətbuatda dərc olunan hər hansı məsələ öz həllini tezliklə tapırıdı, yəni yazının dərc olunması,  problemin işıqlandırılması təsirsiz  qalmırdı. İndi isə çox təəssüf olsun ki, jurnalistə qarşı inam qalmayıb. Belə bir düşüncə formalaşib ki, jurnalistlərin əksəriyyəti müəyyən sifariş əsasinda iş həyata keçirir.  Bu da ondan irəli gəlir ki, mətbuat müxalif və iqtidar mövqeyi tutur. Əslində isə jurnalist hər iki mövqenin fövqündə dayanıb, obyektivliyə xidmət etməlidir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi