Modern.az

Azərbaycanda mitinq meydanlarını sosial şəbəkələr əvəzləyir

Azərbaycanda mitinq meydanlarını sosial şəbəkələr əvəzləyir

Media

10 İyun 2019, 15:32

Özümüz də fərqinə varmadan bu gün onun alüdəçisiyik. Gecə, gündüz, ev, küçə, avtobus, taksi, hətta yemək demədən, onu həyatımızın bir parçasına çevirmişik. Bir müddət onunla olmayanda, sanki dünyadan xəbərsiz hiss edirmiş kimi oluruq. Söhbət günümüzün fenomeninə çevirilən sosial şəbəkələrdən gedir. O sosial şəbəkələr ki, hətta bir vaxtlar meydanlarda, mitinqlərdə, etiraz aksiyalarında səsləndirilən fikirləri yaza, ictimailəşdirə bilirik. Bəzən sual olunur: niyə insanlar hansısa məsələ ilə bağlı mitinq eləmir?

Və belə bir cavab da veririk: bu gün sosial şəbəkələr mitinq meydanlarını əvəz edir.

 

Mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşən Milli Məclisin deputatı, aktiv sosial şəbəkə istifadəçisi Fazil Mustafa da elə bu qənaətdə olduğunu bildirb:


“Əvvəllər Avropada, Rusiyada bir tədbir, qərar qəbul etmək üçün Novqorod Veçesinə yığışırdılar. Universitetlər meydana gələndən, parlament yaranandan sonra müzakirə yerləri dəyişdi. Sosial şəbəkə bu fenomenin başqa bir formada texnoloji davamı və yeniliyidir. Burada həm də vaxt məsrəfi, fiziki rahatlıqdan, soyuqqanlı müzakirə mühitinin olamsından söhbət gedir. Meydanda yalnız iştirakçı, yaxud monoloq söyləyən biri kimi ola bilərsən, dialoq yoxdur. Sosial şəbəkələrdə isə yazılı, yaxud video formada da olsa, dialoq aparmaq imkanın var. Təbii ki, sosial şəbələrə meydan qışqırığını gətirən, cahillik etmək istəyən kifayət qədər üzvlər var. Onlar sosial şəbəkənin gəlişilə savadlana bilməzlər... Yaxud hər avtomobil sürən onun hissələri haqqında düşünmür. İçi mən qarışıq, bir çoxumuz onun hansı detalı necə,  hansı mexanizm üzərində işləyir, bunun fərqinə varmırıq. Sosial şəbəkənin mahiyyətinin fərqinə varmadan, sadəcə oradan özünün mövcudluğunu dəyişmədən, islah etmədən, yeniləşdirmədən var olan insanlar var. Ona görə də sosial şəbəkənin keyfiyyəti bəzən aşağı düşür. Ümumiyyətlə, sosial şəbəkələr müzakirə platforması olaraq bir nemətdir və bu neməti ağıllı dəyərləndirsək, yararlansaq, insanların maariflənməsində, onların çevik informasiya almasında böyük rol oynaya bilər”.

 

Sosial şəbəkənin aktiv istifadəçilərindən daha biri, iqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, əslində sosial şəbəkələrin gücü və təsir dairəsi ilbəil artır:


“Azərbaycanda televiziyalarla bağlı müəyyən problemlər var. Təəssüf ki, vətəndaşların əksəriyyətini dərindən narahat edən problemlərin bir çoxu televiziyalarda işıqlandırılmır. Dünya ölkələrində yayımlanan TV-lərin gördüyü işi Azərbaycanda sosial şəbəkələr həyata keçirir. Sosial şəbəkələrdə hər hansı məsələnin gündəm olması, etirazla qarşılanması hökumət dairələrinin də həmin paylaşımlara reaksiya verməsinə səbəb olur. Çünki getdikcə sosial şəbəkə istifadəçiləri artır, eyni zamanda alternativ informasiya mənbəyinə, məlumat mübadiələsi mənbəyinə çevrilir.

Bundan başqa, gənclərin getdikcə daha aktiv şəkildə sosial şəbəkələrə qoşulması onların informasiya daşıyıcısı rolunu oynamağına səbəb olur. Məsələn, 20-25 il əvvəl ailələrdə xəbər gətirənlər işləyən ata və analar idi. Onlar öz kollektivlərində qeyri-rəsmi diskussiyaların, söhbətlərin şahidi olurdular. O zaman media daha az əlçatan idi. Məhz o vaxt informasiyanı evlərə işləyən valideynlər gətirirdi. Mətbəxlərdə onların gətirdiyi “materiallar” müzakirə olunurdu. İndi isə nə atalar, nə də babalar bu funksiyanı yerinə yetirir. İndi məlumat daşıyıcıları əksərən gənclərdir. Hətta getdikcə yaşlı təbəqənin nümayəndələri də aktiv sosial şəbəkə istifadəçisinə çevrilir. Bu baxımdan hökumətin sosial şəbəkələrdə qaldırılan məsələlərə anında reaksiya verməsi çox yaxşı göstəricidir. Ən azından sosial şəbəkələr Azərbaycanda fikir formalaşdıran məkana çevrilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı