Modern.az

“Mən, həyatın sərt tufanlı dənizində tək qayığam”

“Mən, həyatın sərt tufanlı dənizində tək qayığam”

11 İyun 2019, 08:33

 

"Saat əqrəbləri" tıqqıldaya-tıqqıldaya maskaları vaxtı çatanda çox rahatlıqla yırtıb, xeyirxah qiyafəsində olan zülmkarların əsl simasını hamıya çılpaqlığı ilə göstərir

 

Elə insanlar var ki, onlar öz ömürlərinə "beş günlük dünya" bucağından baxdıqlarından, onların bu dünyaya gəlişləri ilə gedişləri heç vaxt heç kimi maraqlandırmayır. Amma elələri də var ki, onlar həyata həqiqətən də əlavə rəng qatmağa, cəmiyyətin qaranlıq dolanbac yollarına işıq saçıb aydınlığa çıxarmağa, aləmi  düşünməyə vadar etməyə, bir sözlə öz ömürlərini müqəddəs amal uğrunda fəda etməyə gəliblər. Məhz, Bakı Slavyan universitetinin pedaqoji fakültəsinin dekanı, "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru, Əməkdar jurnalist, Filologiya elmləri doktoru, professor Flora Naciyeva da belə insanlardandır.

Flora xanım çalışdığı universitetdə geridə qoyduğu illər ərzində təhsilin bakalavriat    və magistr pillələrində təhsil alan yüzlərlə tələbənin, həmçinin onlarla doktorantın yetişdirilməsində gözünün nurunu verib. O, öz işində göstərdiyi yüksək peşəkarlığa görə dəfələrlə fəxri fərmanlarla təltif edilib və müxtəlif mükafatlara, həmçinin  "Azərbaycanda ən yaxşı rus-dili və ədəbiyyatı müəllimi" adına layiq görülüb.

Filologiya elmləri doktoru, professor Flora Naci elmi, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də çox incə və həssas qəlbə sahib olan yaxşı şairədir. Onun mənə hədiyyə etdiyi "Həyatın qəfəsi" adlı şeirlər kitabını vərəqlədikcə, doğrusu Flora xanımın elm adamı olmaqla, eyni zamanda, poetik fikir daşıyıcısı olması, mənə çox maraqlı gəldi və ona görə də bu, məni onun şeirlərindəki dərin qatlara baş vurmağa sövq etdi.

Flora Naci şeirlərini, əsasən, rus dilində yazsa da, amma onun həm də ana dilimizdə yazdığı çoxlu sayda gözəl şeirləri vardır. Bu şeirlərin əsas mövzusunu həyat haqqında fəlsəfi düşüncələr, insana özünü dərketmə ehtiyacı, bununla bağlı daxili yaşantılar və ülvi duyğularının poetik mənzərəsi təşkil edir. Onun özünəməxsus tərzdə ifadə etdiyi incə lirika və dərin fəlsəfə hər bir şeirsevəri dərin düşüncələrə qərq edir.


O, "Saat" şeirində:

 

"Gecə sakitliyində

Saatın səsi gəlir.

Ömrümüzdən qopub düşən

Anları sayır bir-bir.

Əqrəbin hər tərpənişi

Azaldaraq gələcəyi

Artırır bizim keçmişimizi..." - deyir.

      

Yox, Flora xanım, gəlin bu arada bir az nikbin olaq. Saatın əqrəbi təkcə ömrünüzdən düşən anları saymır, o həm də bu anları üst-üstə toplayıb Sizin gələcək xatirə xəzinənizi daha da zənginləşdirir. Bununla yanaşı, eyni zamanda Sizə bu hisslərlə yaşamaq və oxucularınızın qulağına asta-asta həyatın qəfəs olduğunu pıçıldamaq üçün poetik şərait yaradır. Ona görə də "Mən" şeirinizin əvvəlində "Mən, həyatın coşub-daşan, qasırğalı, burulğanlı, sərt tufanlı dənizində tək qayığam" deyərək, anlaşılmaz, müəmma dolu xain düşmən cəbhəsində ələ keçərək "əsir" düşməməlisiniz. Buna Sizin heç bir haqqınız yoxdur. Çünki içinizdəki azadlıq, mətinlik, dəyanət və mübarizlik ruhu bunu Sizdən tələb edir.

 

Məgər,

 

"Bu həyatla çarpışıram var gücümlə,

Xilas olub qurtulmağa min ümidlə.

Yol tapacam, qovuşacam,

Azadlığım, səninlə mən!

Azadlığım, səninləyəm!!!" - deyən şair, zamandan hansısa bir halda çəkinərmi? Yox! Əksinə, onun əqrəblərinin üstünə gedər və ona qarşı meydan oxuyar!

 

Siz həyata teatr deyənlərlə razılaşmayıb - "Maska geyinmiş insanların maskaradıdır həyat" - deyirsiniz. Doğrudur, bəzən əsl insanlar maskalanmış maskaradların kim olduğunu ömrünün sonunadək tanıya bilməsə də, amma "saat əqrəbləri" tıqqıldaya-tıqqıldaya həmin maskaları vaxtı çatanda çox rahatlıqla yırtıb, xeyirxah qiyafəsində olan zülmkarların əsl simasını hamıya çılpaqlığı ilə göstərir.

 

Ona gərə də, Siz:

 

"Mənasız sabahlar,

Qəmli gecələr,

Həyatım bulanıq

Bir suya bənzər.

Görəsən, həmişə belə olacaq?" - deyəndə, mən qətiyyətlə yox! - deyirəm! Çünki elə Sizin özünüzün dediyiniz kimi, "Darıxmaq əbəsdir, dözmək gərəkdir, Bunların hamısı gəldi-gedərdi..."

 

Bəli, məhz elə belə düşünmək lazımdır. Heç şübhəsiz ki, həyat öz axarı ilə davam edəcək, ən kəskin pislik də vaxt ötdükcə sozalacaq və əbədi ömür sürən xeyirxahlıq, həmçinin xeyixah insanlar bu dünyadan köçüb getmiş olsalar belə, dünya durduqca ürəklərdə yaşayacaqlar.

 

Bu gün Flora xanımın doğum günüdür. Yaşının neçə olmasını bilməsəm də, amma mənim üçün bu insanda olan daxili, ruhi gənclik eşqi həmişə önəmli olub. Onun çalışdığı kollektivdə yüksək hörməti, tələbələr arasında sevimli müəllimə olması düşünürəm ki, bu insan haqqında əlavə nə isə söz deməyə zərurət yaratmır. 

Hörmətli, Flora xanım, Sizi, incə və həssas qəlbə malik olan Azərbaycan xanımını, alimini, jurnalistini, şairini doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Qoy "həyatınız qəfəssiz", azad, günləriniz işıqlı, suyunuz duru olsun! Fikir, söz ümmanında üzən yaradıcılıq gəminiz isə, qoy açıq dənizdə bütün "tufanlardan" üzü ağ çıxsın, limana dönməyə tələsməsin!


Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir