Modern.az

Din tiryəkdirmi?

Din tiryəkdirmi?

16 İyun 2019, 09:43

Bu gün Azərbaycanın demək olar ki, hər yerində məscidlərin minarələrinə taxılmış səsgücləndiricilərin ucbatından gecələr rahat yatmaq müşkül işə çevrilib. Müvafiq icra hakimiyyəti orqanları isə bu məsələdə özlərini karlığa və korluğa (hansı sərfəlidirsə ona) qoyublar. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında açıq-aydın yazılıb ki, hər kəsin istirahət hüququ var. Ancaq sübh tezdən, səhər saat 4 radələrində hamını yuxudan oyatmaq məqsədilə elektron cihazlar vasitəsilə həddindən artıq yüksək səslə azan verilirsə və bu səsin şiddəti, intensivliyi və tembri normadan qat-qat artıqdırsa, hansı istirahətdən danışmaq olar?


Hələ bir neçə il bundan qabaq Dini Ququmlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucov müsahibələrinin birində demişdi: “Digər dinlərdən humanistliyi ilə fərqlənən İslam heç bir halda din pərdəsi altında insanların rahatlığının pozulmasına haqq qazandırmır. ... Ölkə vətəndaşlarının rahatlığını təmin etmək və müqəddəs İslam dininin humanist mahiyyətinə kölgə salınmasının qarşısını almaq üçün respublika ərazisində azanın səsgücləndiricilər vasitəsilə verilməsindən tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır. Lakin bəzi “dindar” qruplar bu tövsiyəni azanın qadağan olunması kimi qələmə verməyə, hətta bundan hökumət qurumlarının, xüsusilə Dövlət Komitəsinin əleyhinə istifadə etməyə çalışır”.


Azanın verilməsində istifadə olunan elektron vasitələrin nə islamla, nə də Qurani-kərimlə heç bir əlaqəsi yoxdur. Onun bir çox hallarda xoşagəlməz səs-küy effekti yaratdığını və qulağa xoş gəlmədiyini dəfələrlə məscid rəhbərlərinin nəzərinə çatdırılsa da, onlar iradın məhz bu cihazlara qarşı deyil, azana qarşı yönəldiyini bəhanə edərək məsələdən yayınırlar. Məscidlərin axund və mollaları, əksər hacılar, kərbəlayılar, məşədilər iki ayaqlarını dirəyib bir başmağa deyirlər ki, namaz hər bir müsəlman üçün vacibdir və bu səbəbdən hamı lap səhər saat 4-də olsa belə, zəhmət çəkib durmalı və namazını qılmalıdır.


Bir-iki il əvvəl Kiprin müsəlmanlar yaşayan hissəsində Feza Güzeloğlu adlı bir xanım vəkil evinin yaxınlığındakı məsciddən azanın ruporlarla verilməsinə etiraz etmiş və iş məhkəməyə qədər gedib çıxmışdı. Nəticədə azanın səsgücləndirici cihazlarla deyil, canlı səslə, yəni müəzzin tərəfindən verilməsi barədə məhkəmə qərar çıxarmışdı. Görəsən bizdə, Azərbaycanda məhkəmələr belə qərarlar çıxara bilməzmi? Axı, Azərbaycan islam dövləti deyil, dünyəvi dövlətdir və bir qrup vətəndaşın dini etiqad azadlığı digər qrupların istirahət hüququna xələl gətirməməlidir.


Mən adətən fürsət düşəndə həmsöhbət olduğum din xadimlərinə və bəzi dindar insanlara azanın verilməsi üçün ruporlardan istifadənin vacib olmadığını deyir və fikrimi bununla əsaslandırıram ki, cəmi 20-30 il bundan qabaq bu texniki vasitələr yox idi, amma bu insanların namaz qılmalarına mane olmurdu. Onların ənənəvi cavabları belə olur: müasir dövrdə nəqliyyat vasitələrinin və hündür binaların çoxluğu möminlərin namaza qalxmaq üçün azan səsini eşitmələrinə mane olur, ona görə də bu cihazlardan istifadə zərurəti meydana çıxıb. O zaman mən onlara deyirəm: heç olmasa sübh azanını alçaqdan, imkan daxilində canlı səslə verin ki, yatanlar narahat olmasın. Bir də ki, səhər saat 4-5 radələrində hansı intensiv nəqliyyatdan söhbət gedə bilər? Bundan əlavə, əsl mömin müsəlman üçün bu hay-küy artıqdır, çünki onlar öz namaza nə vaxt durmaq lazım olduğunu yaxşı bilirlər, necə ki, mənim nənəm bunu bilirdi! Onlar isə deyirlər, sən bizdən mümkün olmayan iş tələb edirsən! Biz müsəlmanıq və azansız keçinmək olmaz (fikir verin: yenə də səsgücləndirici cihazlar mövzusu kənarda qalır!). Mən yenə də əl çəkməyərək soruşuram: arada olur ki, elektrik təchizatı kəsilir və azanın səsi eşidilməz olur. Amma hər şey qaydasında olur - namaz qılan namazını qılır, yatan da yatır. Deməli, ruporsuz keçinmək mümkün imiş. Onlar deyirlər: texniki nasazlıqdır də... arada olan şeydir. Mən deyirəm: bizdə əhalinin namaz qılan kəsimi təxminən onun birə nisbətindədir və əgər hamı namaz qılmırsa, nəyə görə namaz qılmayan, qılmaq imkanı olmayan və ya sadəcə qılmaq istəməyən, aralarında xəstələr və uşaqlar olan yüz nəfər beş-on nəfər namaz qılana görə əziyyət çəkməlidir?


Deyilənə görə, Məhəmməd peyğəmbər sutkanın 24 saatını aşağıdakı qaydada bölüb: səkkiz saat ticarət, səkkiz saat ibadət, səkkiz saat istirahət. Əgər peyğəmbər doğrudan da belə buyurubsa, o halda orta hesabla gecə saat 12-də yatıb 4-5 saatdan sonra sübh namazına dursaq, bu bölgünü pozmuş oluruq. Maraqlıdır, görəsən ərəblər özləri neçə saat yatır?


Bir dəfə mən Lənkəranın Böyükbazar məscidinin “dicey”i Araz Əlişah oğlundan azanın səsini həddindən artıq çox verdiyinə görə şikayət etdim və polis onu 150 manat cərimələdi. Ancaq o, nəinki cəriməni ödəmədi, əksinə öz bədnam əməllərindən əl çəkməyərək, sanki mənim acığıma səsi daha da yüksəkdən verməyə başladı və indinin özündə də o, bir çox şəhər sakinlərinin rahatlığını pozmaqda davam edir. Yeri gəlmişkən, bu adamın işi-gücü sutka ərzində üç vədə düymə basmaqdır, vəssalam. Görəsən eyni məntiqlə hüzür məclislərində yasin və duaları səsləndirmək, dini söhbətlərə qulaq asmaq üçün disk qoysaq, mollalarımız bizdən inciməzlər ki? Yadıma bir lətifə düşdü. Bir nəfər asan iş axtarır və nəhayət belə bir işi onun üçün tapırlar. Ona deyirlər ki, poçtda zərflərə marka yapışdıran lazımdır, gəl otur burda, dilini çıxar bayıra, kim istəsə gəlib markanı dilinə sürtüb zərfə yapışdıracaq. Bax, həmin bu Əlişah oğlunun işi də buna bənzəyir.


Məlum olduğu kimi, ətraf-mühit təkcə zəhərli tullantılarla deyil, həm də səs-küylə çirklənir. Normadan artıq səs-küy xoşagəlməz və ya arzuedilməz akustik hadisə olub, ümumi psixoz yaradan bioloji qıcıqlandırıcı kimi insan sağlamlığına mənfi təsir göstərir və əmək məhsuldarlığını 10-20 % aşağı salır. Bu baxımdan, əvvəla, Lənkəranda kifayət sayda məscid var və onların ara məsafəsi o qədər azdır ki, bir çoxlarında bu cihazları quraşdırmağa heç ehtiyac da yoxdur. İkincisi, sübh namazına vaxtında durmaq dindarlar üçün indi elə də çətin iş deyil, belə ki bunun üçün zəngli saat və ya digər vasitələr var. Üçüncüsü, minarə onun üçündür ki, azan canlı insan səsi ilə, yəni müəzzin vasitəsilə verilsin. Peyğəmbərimiz də belə buyurub. Bəs elə isə, özlərinin təbirincə desək, “şeytan əməli” olan bu cihazları ora niyə taxırlar?


Sübhün alatoranlığında, heç yazıq xoruzlar banlamağa macal tapmamış hər yanı vibrasiya dalğası bürüyür, ətrafa xoşagəlməz kakofoniya yayılır. Dil ərəbcə, şivə farsca, indi gəl bu anlaşılmaz sözləri ömür boyu sutkada 3 dəfə dinlə! Bu normal insanlar üçün, xüsusilə də uşaqlar və xəstələr üçün sitəm deyilmi? Din xadimləri sadə camaatın onlara namaz borcu varmış kimi davranırlar. Halbuki, bu dini ayinin icrası ayrı-ayrı fərdlərin mənəvi ehtiyacından doğur və könüllülük prinsipinə əsaslanır. Onun vacibat kimi boynumuza qoyulması müasir həyat tərzi ilə uyuşmur. Ona görə də namaz təbili çalanlardan soruşmaq istəyirəm: axı sizin nə borcunuza qalıb ki, kim namaza duracaq, kim durmayacaq? Məgər sizi Allahın vəkili seçiblər? Məgər biz dini dövlətdə yaşayırıq ki, hamının namaza durmaq kimi bir mükəlləfiyyəti olsun?


Heç şübhə yoxdur ki, din xadimləri azan verməkdən daha çox öz varlıqları barədə təbil çalırlar. Bunu Dini Qurumlarla İş Komitəsinin əvvəlki sədri H.Orucov da müsahibəsində qeyd etmişdi: “Təəssüf ki, bəzi şəxslərin “gücü” azanla ölçülür. Onlar eyiblərini azanı yüksək səslə verməklə gizlətməyə çalışırlar. Təsəvvür edin ki, bəzi məscidlərdə adam olmadığı üçün səhər namazı qılınmır. Amma həmin məsciddən verilən azan şəhərin kənarından eşidilir. Məncə, bunun izahı çox sadədir: onlar mövcudluqlarını bununla sübut etmək istəyirlər” Əgər əvvəllər onlar yasdan-yasa, əzadan-əzaya yada düşürdülərsə, indi hər gün camaatın yadında olmaq üçün dəridən-qabıqdan çıxır və buna görə səsgücləndirici cihazlardan heç cür əl çəkmək istəmirlər. Azanın ruporlarla verilməsi mürtəce din xadimlərinə bir neçə cəhətdən sərf edir: əvvəla, bu cihazlar azanın səsini kifayət qədər uzaqlara aparır və adamları hər yerdə – evdə, işdə, küçədə, məktəbdə, bağçada, parkda, xəstəxanada, bazarda, hətta ayaqyolunda belə yaxalayır. İkincisi, canlı azanda səs bu qədər gur olmur. Üçüncüsü, əgər canlı azana keçilərsə, hər məscidə bir müəzzin təyin etmək və onları aylıq maaşla təmin etmək lazım gələcək ki, bu da ya dövlətə, ya da Allahşükür Paşazadəyə sərf eləmir.


Hələ vaxtilə Yemelyan Yaroslavski dini cəhalətə qarşı mübarizə apararkən yazırdı: “«Религия там, где нет знания, религия против науки»” Yəni o yerdə ki elm yoxdur, orada din hökmrandır. Din – min illər öncə insanların təbiət qüvvələri qarşısında acizliyindən yaranmış, postulat mühakimələrə əsaslanan fəlsəfi, əxlaqi, etik və didaktik baxışlar sistemidir. Bu sistem əsrlər boyu insanların düşüncələrinə hakim kəsilmiş və həmişə də elmi-texniki tərəqqiyə qısqanclıqla yanaşmışdır. Son nəticədə din xüsusilə də qərbi Avropada tarixi inkişafın qarşısından geri çəkilərək öz yerini elmə vermək məcburiyyətində qalmış, lakin müsəlman ölkələrində insanlardan əl çəkməyərək, daim onları təqib etmiş, daban-dabana izləmişdir. Bu Azərbaycanda dinin cəmiyyət və dövlət həyatında oynadığı rolu məhz bu baxımdan səciyyələndirmək olar.


Din məsələsinə münasibətdə ateizmi təbliğ edən sovet hökuməti bu fanatizm carçılarının əl-ayağını yaxşıca yığışdırmışdı. Hətta deyilənə görə, bir vaxtlar Bakıda Ətağa kimi tanınan məşhur bir övliyanı da vergi verməyə məcbur etmişdilər. Yeri gəlmişkən, mən bir dəfə bu vergi təcrübəsinin pulgir axundların nəzarətində olan məscidlərə də tətbiq olunması, yəni məscidlərdə nəzarət-kassa aparatlarının qoyulması təklifi ilə ərazi vergilər departamentinə müraciət etmişdim.


Sovet hakimiyyətinin ilk illərində dinə qarşı mübarizə çərçivəsində, sonradan Avropada kilsələrə münasibətdə olduğu kimi, haqlı olaraq bir çox məscidlər mal-material anbarlarına, kitabxanalara, artellərə və s. çevrilmişdi. Sonradan Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar dövlət sadə xalqın rəğbətini qazanmaq üçün bu təzyiqi xeyli yumşaltdı və nəticədə insanların dini inanclarına hörmətlə yanaşılmağa başlanıldı. Beləliklə, xalqın düşüncəsində müasirliklə mühafizəkarlıq, cəmiyyətin həyatında isə dinlə elm dinc yanaşı yaşamağa başladı. Ən gözəl əsərlərimiz, mahnılarımız, şerlərimiz, kinofilmlərimiz də məhz onda yarandı və hamımız da bilirik ki, onların əksəriyyəti indi də öz aktuallığını qoruyub saxlamaqdadır. Amma indi, dövlət səviyyəsində dini konfessiyalara vaxtaşırı maddi dəstək göstərildiyi, əhalinin, xüsusilə də cavanlarımızın namaz qılmağa, oruc tutmağa, kütləvi saqqal saxlamağa təşviq edildiyi indiki vaxtda həmin möhtəşəm sənət abidələrini yaratmış xalq yeni nələr yarada bilər görəsən? Bu mənada mən elmimizin, incəsənətimizin, ədəbiyyatımızın və mədəniyyətimizin halına acıyıram.


Məscidlərin minarəsinə rupor qoymaq at arabasına siqnal qoşmaq kimi bir  şey deyilmi? Əgər azanın elektron vasitələrlə verilməsində heç bir qəbahət yoxdursa, onda gərək ki yas mərasimlərində də, bayaq yuxarıda dediyim kimi, canlı mollanın robot molla ilə əvəz olunmasında, yaxud fatihə və yasin surələrinin MP3 formatında elektron cihazlarla verilməsində də qəbahət olmasın. Yəqin internet istifadəçiləri youtube-da hansısa səfeh iranlının düzəltdiyi namaz qılan robotu görüblər. Məgər bütün bunlar İslamı ələ salmaq deyilmi?


Tarixin hər bir dönəmində yüksək rütbəli ruhanilər həmişə öz maraqlarını güdərək istismarçı sinfin mənafeyinə xidmət etmiş, heç vaxt xalqı öz azadlığı və ya hüquqları uğrunda mübarizəyə səsləməmişdir. Doğrudur, bu yerdə mənə T.Bağırzadəni misal gətirib etiraz edənlər ola bilər. Amma o öz siyasi çıxışlarını bir ruhani və ya imam Hüseyn aşiqi kimi yox, İslamın qara, yaxud yaşıl bayrağı altında yox, ilan-qurbağa hüsnxətti ilə yazılmış şüarlar altında yox, məhz sekulyar müstəvidən etsəydi, yəqin ki, mənim dediklərim ona şamil olunmazdı və mən buna görə çox təəssüf edirəm. Çünki din həmişə dövlət maşınında arabanın beşinci təkəri funksiyasını yerinə yetirib və əgər cəmiyyətdə T.Bağırzadənin arzuladığı bir silkələnmə baş vermiş olsaydı, ruhani olduğuna görə yəqin ki o da 1979-cu ildə İranda olduğu kimi milli dirçəliş hərəkatının bütün nailiyyətlərini öz dini baxışlarına qurban verənlərdən biri olardı.


Dini cəmiyyət hər cür inkişafa münasibətdə dünyəvi cəmiyyətdən həmişə geri qalıb. Ruhanilər hesab edirlər ki, insanlar dinə nə qədər çox bağlı olsalar, onların nüfuzu və müxtəlif maddi nemətlər əldə etmək imkanları bir o qədər çox olar. Dövlət maşını isə hesab edir ki, adamlar dini xurafata nə qədər çox qapılsalar, günlərini ibadətdə keçirsələr, siyasətdən bir o qədər uzaq olar, başları qarışar və ölkədaxili iqtisadi problemlərlə az maraqlanarlar. Bu mənada din bir institut olaraq, bir konfessiya olaraq həm də dövlətin lakeyidir. Maraqlıdır, görəsən müasir 21-ci əsrdə hansı cəmiyyətlərə dini maarifləndirmə lazım ola bilə? Ümumiyyətlə, belə bir maarifləndirmə nəyi özündə ehtiva edir? Mən bu sualların cavabını tapa bilmirəm, nə də bu səpkidə verilən izahatları, açıqlamaları başa düşmürəm. Amma mən bunu gözəl başa düşürəm ki, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün heç bir rol oynamayan dini maarifləndirmə səviyyəsinin, eləcə də dini tolerantlıq adı altında ibadət evlərinin sayının artırılması milli istismarçı zümrədən başqa, həm də inkişaf etmiş ABŞ və Qərb ölkələrinə sərfəlidir. Araşdırmalara görə, adətən din daha çox kasıb ölkələrdə populyardır və harada ki dindar çoxdur, orada savadsızlıq və iqtisadi gerilik hökm sürür. Təsadüfi deyil ki, varlı ölkələrdə din demək olar ki, öz aktuallığını itirib, təhsilin səviyyəsi isə, əksinə, yüksəlib. Onların bir çoxunda kilsə və monastırlar muzeylərə çevrildiyi, yaxud idman zallarına icarəyə verildiyi halda, müsəlman ölkələrində dinə maraq süni şəkildə təşviq edilir. Fikrimizcə, bu yanlış siyasət müsəlman ölkələrinin inkişafını istəməyən kapitalist ölkələrinin marağına uyğundur. Çünki dinlə məşğul olan, xüsusilə də islam dininə itaət edən şəxs gərək vaxtlı-vaxtında müəyyən ayinləri icra etsin ki, bu da onun faydalı elmlə məşğul olma tempini xeyli aşağı salır, belə olduqda, onlar başlarını yerə qoyub, inkişaf küləyinin haradan əsdiyini bilmirlər. Buna görə də müsəlmanlar beynəlxalq bazarlarda yalnız istehlakçı qismində çıxış edir, elmi-texniki tərəqqinin nailiyyətlərini (avtomobil, təyyarə, silah, mobil telefonlar, kompüterlər və s.) yalnız ala bilir, onları nə ixtira edə, nə də istehsal edə bilmirlər. Bax, budur uzaq perspektivə hesablanmış strategiya – bacardıqca çox sayda məscid inşa etmək, mədrəsələr açmaq! İş o yerə çatıb ki, dünənini əyyaşlıq və eyş-işrət içərisində keçirmiş biriləri bu gün varlanaraq məscid tikdirir! Amma fikirləşmirik ki, niyə müsəlman dünyası getdikcə iqtisadi cəhətdən günü-günə geriləyir, varlı qərb ölkələrində isə əksinə, ümumdaxili məhsulun həcmi ildən-ilə artır, əhalisinin güzəranı getdikcə yaxşılaşır və s. İnkişafdan geri qalan ölkələrin əmək ehtiyatları istismar olunur, təbii sərvətləri isə ucuz qiymətə daşınır. Bu gün müsəlman ölkələrində baş alıb gedən qarma-qarışıqlığın, bir-birini qıran dini təriqətlərin, müxtəlif terrorçu qruplaşmaların kökü niyə kəsilmir? Çünki müsəlman qövmlərinin daha çox məskunlaşdığı Yaxın Şərq və Orta Asiya regionlarında nəzarəti əldə saxlamaqdan ötrü belə kataklizmlərin mövcudluğu ənənəvi "parçala və hökm sür" siyasəti aparan beynəlxalq imperializmə sərfəlidir.


Azərbaycan da daxil olmaqla, bu vəziyyətdən ən yaxşı çıxış yolu yalnız və yalnız dini təbliğatı məhdudlaşdırıb, əvəzində elmə, təhsilə daha çox qucaq açmaq, ixtiraları təşviq etmək, elmi kəşfləri stimullaşdırmaqdır. Düşünürəm ki, “elektron azan” qadağası belə tədbirlərdən biri və ya birincisi ola bilər.


Namaza çağırış adı altında səsartıran cihazlara nəyi var “xod” verib bar-bar bağırmaq əxlaqi-etik baxımdan da heç bir çərçivəyə sığmır. Razılaşmaq lazımdır ki, səhərin alaqaranlığında həyatın sakitliyini pozan, ətrafı təyyarə meydanına döndərən, gündüzlər mənasız ağlaşmalar qurub zəhləmizi tökən, gənclər arasında “dini maarifləndirmə” adı ilə cəhalət yayan, özlərini gündəmdə saxlamaq üçün dəridən-qabıqdan çıxan bədniyyət mollalar ictimai asayişi pozmaqla yanaşı həqiqi azanın müqəddəsliyinə xələl gətirir, onun mənəvi gücünə zərbə vurur və nəticə etibarilə əsl islam prinsiplərinə xidmət etməyib, əksinə, onu daha da gözdən salırlar.


Qeyd edək ki, mövcud vəziyyət rayonun turizm potensialına da mənfi təsir göstərə bilər. Belə ki, sübh tezdən gurultu və uğultu səsindən narahat olan qonaq çətin ki, bir də bu yerlərə ayaq basa. Bəlkə elə səbəblərdən biri də budur ki, artıq bəzi yerlərdə, məsələn, Qırğızıstanın paytaxtı Bişkekdə azanın səsgücləndiricilərlə verilməsinə qadağa qoyulub. Görəsən bizdə bu qadağa nə vaxt qoyulacaq?


Bütün bunları bir daha saf-çürük edib belə bir qənaətə gəlmək olar ki, rəqəmsal texnologiyalarla “qardaşlaşan” dini xurafat keyfiyyətcə yeni pilləyə qədəm qoymaqdadır. Həmişə elmi-texniki tərəqqiyə düşməncəsinə münasibət bəsləmiş, hər hansı yeniliyi şeytan əməli saymış ruhanilər indi siyasəti dəyişərək elmin nailiyyətlərindən öz məqsədləri üçün gen-bol istifadə etməyə başlayıblar. Buna inkişafla geriliyin, materializmlə idealizmin, elmlə mövhumatın, mədəniyyətlə cəhalətin, sxolastika ilə reallığın əcaib vəhdəti də demək olar. Bu arada C.Məmmədquluzadənin felyetonlarından birini xatırlamaq yerinə düşər: şəhərə tramvay xətti çəkmək üçün dəvət olunmuş Avropalı mühəndislər yayın istisində pivə içdiklərinə görə yaxınlıqdakı məscidin axundu onları lənətləyir, ancaq bir müddət sonra tramvay xətti hazır olub istifadəyə verilən kimi bu axund hər gün piyada gəldiyi iki kilometrlik yolu həmin tramvayla beş dəqiqəyə gəlib çatırmış...


Bu baxımdan savab olardı ki, şeyx-üləmalarımız hər azan qabağı məscidlərin radioqovşağından fars dilində müxtəlif dualar səsləndirəndə, barı bu cihazları icad etmiş Tomas Edisonun və digərlərinin ruhlarına da bir salavat çevirəydilər...

 


Alim HÜSEYNOV

Tərcüməçi-filoloq, Lənkəran

16 iyun 2019-cı il

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər