Modern.az

Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər

Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər

18 İyun 2019, 08:21


Ötən gecə Azərbaycan idmançıları Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, Azərbaycan bu yarışda 82 idmançı ilə təmsil olunacaq. 

II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.

Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş Nazirləri və yüksək vəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək.

Qeyd edək ki, iyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir